Ədəbiyyatın və sənətin zirvəsi Anar
Çağdaş Azərbaycan ədəbiyyatının dünyaya açılan ən önəmli pəncərələrindən biri də, heç şübhəsiz, Azərbaycanın bu gün də yaşayıb yaradan ən böyük yazıçısı Anar və onun ölməz əsərləridir. Ədəbi şəxsiyyət kimi 1960-cı illərdə qədəm basdığı ədəbiyyat dünyasında keçdiyi mərhələlərə dərin izlər buraxaraq irəliləyən Anarın, atası Rəsul Rzanın deyimiylə, “çinar ömrü”nə sığdırdığı ədəbi irsi Azərbaycanın müxtəlif dövrlərinə işiq tutan qiymətli bir xəzinə olaraq qəbul edilməlidir. İsa Həbibbəylinin deyimiylə: “Anarın sadəcə zəngin ədəbi yaradıcılığı deyil, geniş mənada elmin, mədəniyyətin və ictimai düşüncənin bütün sahələrini əhatə edən çoxyönlü və uğurlu fəaliyyəti Azərbaycanın söz sənəti və çağdaş mədəniyyətinin inkişaf səviyyəsini göstərən əsas parametrlərdən biridir”. (“Qardaş qələmlər” dərgisi, yanvar, 2012, №61).
Azərbaycan ədəbiyyatının və sənətinin bayrağını aşılmaz zirvələrə ucaldan yazıçı, şair və sənətkarlar var. Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Bəxtiyar Vahabzadə, Cəfər Cabbarlı və Üzeyir Hacıbəyli bu görkəmli şəxsiyyətlərdən sadəcə bir neçəsidir. Bu zirvə şəxsiyyətlərdən irs olaraq aldığı sənət bayrağını fərqli bir zirvəyə sancan Anarın ən önəmli özəlliklərindən bir də yuxarıda sadaladığımız abidəvi şəxsiyyətlər ilə yeni nəsillər arasında sağlam bir körpü olmasıdır. Onun “Molla Nəsrəddin-66”, “Yaxşı padşahın nağılı”, “Anlamaq dərdi”, “Sizi deyib gəlmişəm” və s. əsərləri nəsillər arasında sosializm realizmi anlayışıyla qoparılan bağların və böyük ustad Mirzə Cəlil ənənəsinin yenidən bərpası yolunda atılmış böyük addımlardır.
Bir nasir kimi tanınsa da, əslində, çoxyönlü bir sənətçi olan Anarın nəsillər arasında körpü olma sahəsində əsas rolu sovet dönəmində uzun illər yasaq olan “Kitabi-Dədə Qorqud”u Azərbaycanda yenidən tanıtmasından və 1975-ci ildə ssenarisi əsasında “Dədə Qorqud” filmini çəkdirməsindən ibarətdir. 1923-cü ildən bu yana müstəqil olan Türkiyə Cümhuriyyətində “Dədə Qorqud” filmi çəkilmədiyi halda ilk filmin SSRİ tabeliyində olan Azərbaycanda Anar tərəfindən çəkilməsi diqqətəlayiq bir hadisədir. Mənə görə, Anarın “Dədə Qorqud” filmi minlərcə illik oğuz nəslini kinoda, “1500 ilin oğuz şeiri” əsəri isə misralarda birləşdirən böyük əsərlərdir. Onun “Gəl gör mənə eşq neylədi” məqaləsində dilə gətirdiyi “Azərbaycan ədəbiyyatı tarixi niyə Yunus Emredən başlanmasın” təəssüfü Azərbaycan və Türkiyə nəsilləri arasında körpülər qurmaq istəməsindən qaynaqlanmaqdadır. Bu səbəbdən onun “Dədə Qorqud” və “1500 ilin oğuz şeiri” adlı əsərlərini tamamilə milli qaynaqlardan çıxış edərək ortaya qoyduğunu söyləmək gərəkdir.
Yeri gəlmişkən, Anarın Konstantin Simonovun başçılığı ilə sovet yazıçıları heyəti tərkibində Türkiyəyə ikinci səfərində yaşadığı bir xatirəni nəql etmək istəyirəm. Anar “Çağdaşlarım” adıyla Türkiyədə TÜRKSOY tərəfindən nəşr edilən kitabında bunları qeyd edir: “Konstantin Simonovun rəhbərlik etdiyi heyətin tərkibində Türkiyəni ziyarət etdiyimiz zaman SSRİ-nin İstanbul konsulluğundakı rəsmi ziyafətdə “Cümhuriyyət” qəzetinin iki gənc müxbiri mənə yaxınlaşıb “son zamanlar nəylə məşğulsunuz, nə yazırsınız” deyə soruşdular. “Dədə Qorqud barədə ssenari yazıram” dedim. Az qaldı ki, müxbirlərin gözləri hədəqəsindən çıxsın:
- Nəəə? Sovet yazıçısı Dədə Qorqud barədə ssenari yazarmı?
Mən bu sualdan çaşdım və suala sualla cavab verdim:
- Niyə yazmasın?
Onlar belə bir hökm verdilər:
- Çünki “Dədə Qorqud” faşistlərin maraqlandığı bir əsərdir!
Təəssüf ki, o illərdə Türkiyədəki ideoloji qütbləşmələr solçular arasında “Kitabi - Dədə Qorqud” barədə belə bir hökm verilməsinə şərait yaratmışdı. Lakin Türkiyədəki bəzi ziyalıların dərk etmədiyi və ya etmək istəmədiyi bir dövrdə, SSRİ-də türklükdən danışmağın yasaq edildiyi zaman Anar vurğulayaraq: “Dədə Qorqud” dastanı qədim oğuzların dili ilə yazılmışdır, yəni bizim dilimizdə yazılmış bir dastandır! Biz oğuzuq, yəni biz türkük” deyirdi! Ənənəyə söykənərək ədəbiyyat yaratmağı mənimsəyən Anarı ədəbiyyatın və sənətin zirvəsinə aparan özünü dərk etmə və özünə yönəlmə anlayışıdır.
Sovet cəmiyyətində yetişmiş bir yazıçı olaraq və 1990-cı illərə qədər istər Sovetlər Birliyində, istərsə də Türkiyədə sadəcə sovet quruluşunun icazə verdiyi sol ideologiyanı mənimsəmiş yazıçı və şairlərlə təmasda olan və o qruplara sənət anlayışı baxımından ciddi təsir edən Anarın müstəqillik dövründə milliyyətçi kəsimlərlə təmasından sonra onlara da fərqli təsir göstərməsini onun milli köklərə bağlılığı və bu təməllərdə yaratdığı əsərlərlə izah edilə bilər. Yavuz Bülənd Bakilərin “Azərbaycan ürəyimdə bir şah damardır” adlı şeirində “Bir dastan yazar kimi yaz məni, Anar”, Əli Ağbaşın “Göygöl” adlı şeirində “Çinar pıçıldaşır bulağa söylər, Bulaq da ustadım Anara söylər” misralarını yazmaları təsadüfi deyildir. Hər iki kəsimə eyni dostluq duyğularıyla yanaşan Anarın bu obyektiv münasibəti onun ədəbiyyat və sənət zirvəsindəki yerini daha da möhkəmləndirmişdir.
Mərhum prezidentimiz Süleyman Dəmirələ aid edilən bir söz var:
“Zirvədən o yana yalnız bir yol var - aşağıya doğru!”. Öz sahələrində zirvəyə ucalan ehtişamlı liderlərin, görkəmli idmançıların, yazıçıların, şairlərin, sənətçilərin də günəş kimi batmaq vaxtı gəlir. Bəlkə, özlərini yeniləyə bilmirlər, bəlkə də, özlərində o yenilənmə gücünü tapa bilmirlər və bəlkə, ictimai meydandan uzaqlaşaraq tarix səhifələrindəki yerlərini tuturlar. Lakin Anarın son 10-15 ildə ortaya qoyduğu “Kərəm kimi”, “Yaşamaq haqqı” , “Sizsiz”, “Çağdaşlar”, “Göz muncuğu” kimi əsərləri, iri həcmli məqalələri onun hələ də ədəbiyyat gündəmində olduğunu göstərən əsərlərdir. Bu durum onun zirvədə qaldığını, yeni zirvələr, yeni yollar axtardığını göstərməkdədir.
İdeologiyalar və Anarın Nazim Hikməti
İdeologiyalar öncədən hazırlanmış suallara cavab verirlər.
İdeologiyaların həyatlarını davam etdirməsi və kütlələri arxasında apara bilməsi üçün onların veriləcək bütün sualları öncədən görüb bu suallara məntiqli cavab hazırlanmaları gərəkdir. Bu səbəbdən ideologiyalar öncədən görmədikləri və cavab verə bilməyəcəkləri sualları şiddətlə yasaqlayırlar!
Mənə görə, Anar gənclik illərindən öz içində olsa da rejimə cavab verə bilməyəcəyi suallar yönəltmiş və cavab almadığı üçün öz içində sovet rejimini yıxmış bir yazıçıdır. “Çağdaşlarım” adlı əsərində sosializmə və kommunizmə səmimiyyətlə inanmış türkiyəli dostu Ataol Bəhramoğlu ilə bağlı xatirələri mənim bu düşüncələrimi təsdiq edir. Anar “Çağdaşlarım” adlı əsərindəki “Ataol Bəhramoğlunun ümidləri” başlıqlı yazısında bu xatirəni nəql edir: “... Dediyim kimi, Ataolla ilk görüşdən etibarən dost olduq. Amma haradasa ilk görüşümüzdən etibarən də qızğın mübahisələrimiz başladı. Bu mübahisələrimizin əsas səbəbi sovet cəmiyyətinə baxışlarımızdakı fikir ayrılıqları idi.
Ataol Moskvaya o dövr Türkiyəsinin sosial və siyasi həyatındakı mənfi hallara etiraz edən bir ziyalı kimi, amma eyni zamanda, çox gənc olduğu üçün hər şeyi dəyişdirmək, yenidən qurmaq, yaratmaq eşqiylə gəlmişdi. O zaman Ataol kapitalist dünyasının rəzilliklərinin alternativinin sovet rejimi olduğunu zənn edirdi. Mən isə bu rejimin içində yetişmişdim və rejimin bütün bəlalarını, sözüylə əməli arasındakı uçurumu daha doğru təhlil və dərk edə bilirdim”.
Böyük fikir adamı Cəmil Meriç “ideologiyalar idrakımıza geydirilmiş köynəkləridir” deyir. Cünki Cəmil Meriç ideologiyaların insan zehnini işğal edərək dəli insanın həqiqəti görməsini əngəllədiyini başa düşür. Anar da eləcə...
İkinci Dünya Müharibəsindən sonra meydana çıxan ideoloji qütbləşmə dövlətləri, sərhədləri, düşüncələri, insanları, hətta ədəbiyyatı və sənəti də böldü. Türkiyədəki bu ideoloji qovğalar içində insanların çoxu həqiqətləri dərk etmədi, bir yazıçı, şair və sənətçi də layiq olduğu dəyəri görmədi.
Solçuların zirvəyə çıxardığı yazıçı və şairləri sağ görüşlülər “kommunist”damğasıyla yerin dibinə batırırkən, sağçıların müqəddəsləşdirdiyi yazıçı və şairləri də sol görüşlər “faşist” damğasıyla yox sayırdılar. Əlbəttə, sovet cəmiyyətində də fərqli siyasi görüşü olanların həyat haqqı tanınırdı.
Türkiyədə bu ideoloji qütbləşmələr çərçivəsində haqqında ən çox danışılan, solçular və sağçılar tərəfindən haqqında ifrat dərəcəyə varan dəyərləndirmələr aparılan şair Nazim Hikmətdi. Türkiyənin bir yarısının Nazim Hikməti “vətən xaini”, digər yarısının isə “vətənsevər” olaraq görməsi ideologiyaların insan zehninə yerləşdirdiyi dar qəliblərin nəticəsiydi. İnsan eyni zamanda həm vətənsevər, həm də vətən xaini ola bilərmi? Anar ilk dəfə Türkiyədə nəşr edilən, Nazim Hikmətin həyatını və əsərlərini incələdiyi “Kərəm kimi” adlı əsərində şairə ideoloji münasibətləri bir kənara qoyaraq “insan Nazim”, “şair Nazim” pəncərəsindən baxan Anar Nazimin şəxsində bir büt yaradaraq onu müqəddəsləşdirən və dar ideoloji qəliblər arasına sıxışdıran sol görüşlü intellektualları da, pis bildiyi hər şeyin Nazimdə də olduğuna inanaraq onun şair kimliyini və başdan-başa sovrulan həyatını görməzdən gələn sağ görüşlü intellektualları da “insan Nazim”i tanımağa dəvət edirdi. Ancaq Sovetlər Birliyi dağılmış, ideologiyalar bitmiş olsa da onların əsir etdiyi zehinlər yox olmamışdı, olmayacaqdı. Bu səbəbdən Anar da Nazimin taleyini yaşamış, üstəlik də Nazimdən fərqli olaraq hər iki tərəfin hücumuna uğramışdı.
Necmiye Alpay 12.11.2009-cu il tarixli “Radikal qazetesi”ndə nəşr etdirdiyi “Nazimi özlərinə mal edənlər” başlıqlı məqaləsində deyir: “Türk respublikaları ilə əlaqə qurmaq və ya inkişaf etdirmək istəyən “Türk-islam mədəniyyəti” tərəfdarları özlərini Nazimin heyranı elan etməkdən daha çəkinmirlər.
Deyəsən, bunu ilk başa düşən Alpaslan Türkeş olmuşdur. İndi də görünür ki, azərbaycanlı yazıçı Anarın “Nazim Hikmət: Kərəm kimi” adlı kitabı eyni məqsədlə yazılmışdır”. O, kitabın tərcüməçisi olan bəndənizi imla xətalarına görə tənqid etdikdən sonra davam edir: “Yaxşı, kitabın müəllifi Anar nə deyir? Anara görə, Nazim 1950-ci illərdə Sovetlər Birliyinə getdikdə bu
ölkənin mütərəqqi, sərbəst düşüncəli ziyalıları onu zindandan qurtulan bir məhbus kimi deyil, dəmir pərdə arxasından gələn azad dünyanın bir elçisi kimi qarşılayıb qəbul etmişdilər”.
Nazim! Azad dünyanın elçisi! Anar bu sözləri ilə Nazimi tam mənası ilə inkar edir! “Azad dünya” sözü tarixən Qərb kapitalizminin özü-özünə verdiyi addır və Nazimin, elçisi olduğunu bir yana qoyaq, içində yer aldığı bir dünyadır.
Türkiyənin məşhur şair və yazıçılarından biri və Anarın dostu Yavuz Bülənd Bakilər 31 mart - 5 aprel 2009-cu il tarixlərində İstanbül Maltəpə Universitetində keçirilən “Türk ləhcələri arasında aktarıma (çevirmə) çalışmaları” simpoziumunda Anarı tənqid etmiş, mənə də belə əsərlərin tərcüməsinə deyil, öz əsərlərimə vaxt sərf etməyi məsləhət görmüşdü. Bütün bunlar ideologiyaların insan zehnində yaratdığı təsəvvürün asanlıqla keçib getməyəcəyini göstərirdi.
2010-cu ildə gənc və istedadlı azərbaycanlı yazıçı Pərvinə verdiyim və Anarın “Kərəm kimi” adlı əsəri barədə də danışdığımız müsahibədə demişdim: “Anar “Kərəm kimi” ilə Türkiyədəki Nazim barədə təsəvvürləri alt-üst etdi”.
İşin əsli budur ki, Anarın bu əsərinin köməyi ilə Türkiyənin həm sağçı, həm də solçu ziyalıları bu həqiqəti qəbul etməsələr də Sovetlər Birliyindəki türklərin Nazim barədə təsəvvürləriylə Türkiyədəki Nazim barədə təsəvvürlərin daban-dabana zidd olduğunu anladılar.
Anar “Kərəm kimi” kitabının “Şair və üsyankar Nazimə öygu” adlı ilk məqaləsində belə deyir: “O illərdə Nazim Türkiyədə bir çoxları üçün “Moskvanın adamı”, “türk düşməni” idisə də azərbaycanlılar üçün Türkiyənin, türklüyün, türk dilinin rəmzi idi. Nazimi bitib-tükənməyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər onun şəxsində kommunizm təbliğatçısını deyil, bizə uzun illər həsrətini çəkdiyimiz Türkiyənin qoxusunu, ruhunu gətirən, canımız qədər yaxın olan türk dilində danışan, ölümsüz şeirlərini türkcə oxuyan bir türk şairini alqışlayırdı. O illərdə Sovetlər Birliyinin bölgələrində, əlbəttə ki, xüsusilə Azərbaycanda heç kim türklük ruhunu, türkçülük şüurunu Nazim Hikmət qədər yüksəldə bilməmişdi. “Türk” sözü Azərbaycanda xalqımızın, dilimizin adı kimi yasaqlandığı, Türkiyə ilə tarix, ədəbiyyat, folklor, soy, adət və ənənə birliyimiz haqqında hər hansı bir fikrin cinayət sayıldığı, bizi bağlayan bütün
iplərin qoparıldığı, Türkiyəni sevənlərin görə və ya Türkiyədə qohumlarının olduğunu söyləyənlərin qətl edildiyi illərdə Nazim Hikmət kütlələrə toplantılarda, üstəlik ən yüksək kürsülərdən belə deyirdi:
“Mən türkəm, siz də türksünüz, ruhumuz, ənənələrimiz bir, xalqlarımız, dillərimiz qardaşdır”
(Anar. Nazim Hikmət: Kərəm kimi. Ankara, Bengü yayınları, s.17). Anarın “röyalarının məmləkəti” Sovetlər Birliyində dərin xəyal qırıqlıqları yaşayan “gizli Nazim”i ortaya çıxarmasından və dediyi yuxarıdakı sözləri bir tarixi sənəd olaraq yazıya almasından sonra “bütləri devirən” sol görüşlü yazıçıların Anara hücumu normal qarşılana bilər.
Ancaq bizim türkçü-milliyyətçi dünyagörüşünün sahibi kimi tanıdığımız Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı kimi şairlərin Nazimə şeir ithaf etmələrinin səbəbini anlamayanların Anarın yuxarıdakı yozumunu bir daha oxumaları gərəkdir.
Anar həmin əsərdə ideologiyaların və sovet təbliğatının onu necə aldatdığını bu sözlərlə etiraf edir: “Türkiyədə yalnız Nazimin həbsə atıldığını zənn edirdik. Təəssüf ki, bizə ancaq son iyirmi-iyirmi beş ildə məlum oldu ki, Türkiyədə kommunistlərə, solçulara qarşı edilənlərin eynisi sağçılara, milliyyətçilərə, ülküçülərə, turançılara da rəva görülmüşdü” (Anar. Nazim Hikmət: Kərəm kimi. Ankara, Bengü yayınları, s.47).
Anar “Mütləq görüşəcəyik” adlı əsərində ideoloji baxış bucaqlarını ironik, satirik bir dillə qələmə alır. Türkiyədəki müxtəlif ideologiyaların Azərbaycanın Qarabağ məsələsinə hansı pəncərədən baxdığını və ideoloji qrupların məsələlərə real gerçəklikdən uzaq yanaşımını möhtəşəm şəkildə ortaya qoyur. “Ağ qoç, qara qoç” adlı əsərində gələcəyi düşünərək ideoloji təməldə üç yerə bölünmüş Bakını anladır. Bütün bunlar Anarın məsələlərə və şəxsiyyətlərə ideoloji yanaşmaları qəbul etmədiyinin göstəricisidir.
Sözü uzatmadan məsələnin mahiyyətinə dönək. Anar, heç sübhəsiz, Nazim Hikməti çox sevir. Ancaq bu durum onun obyektiv münasibətinə təsir etmir. Bu səbəbdən Anar həm “bütləri yıxmaq” üçün yola çıxan Nazimi bütləşdirənlərin, həm də Nazimi sürəkli hədəf taxtasına qoyanların əksinə, günahları və savablarıyla, aldanışları və aldatmalarıyla, xəyalları və xəyal
qırıqlıqlarıyla, eşqləri və şeirləriylə birlikdə “insan Nazim”in, “şair Nazim”in portretini çəkdi. O portretdəki şair nə sağçıların, nə də solçularındır, o şair sadəcə Anarın Nazim Hikmətidir.
Dostluğun zirvəsi və şair Anar
“Anarın adını ilk dəfə eşitdiyim zaman universitetdə təzə oxuyurdum. Yəni, 32 il bundan əvvəl idi... O illərə qədər bizim üçün yox kimiydi bu yazıçı. Yaxşı, Anar kimdir? Yavuz Bülənt Bakilər “... Bir dastan yazar kimi yaz məni, Anar” deyə səslənərək onu Bəxtiyar Vahabzadə ilə birlikdə
anırsa və Əli Ağbaş “Bulaq da ustadım Anara söylər” deyirsə, deməli, Anar da bir şairdir...
O illərdə əlimə keçən “Çağdaş Azərbaycan povesti” adlı kiril əlifbasıyla nəşr edilmiş kitabı oxuya bilmək üçün günlərlə əlifba öyrənmişdim. O hekayələr toplusunda Anarın “Dantenin yubileyi” adlı əsəri vardı. Anarla və onun yaratdığı Feyzulla Kəbirlinski ilə tanış oldum. Sonralar Anarın yaratdığı əsərləri bir-bir oxumağa başladım. “Bayram həsrətində” hekayəsində bir gənc qızın yıxılan duyğu dünyasına, “Keçən ilin son gecəsi”ndə bir qadının ruhumdakı təlatümlərə, “Mən, sən, o və telefon”da bir insanın qurduğu dünyasında özü ilə mübarizəsinə və özünə amansız bir rəqib olmasına, “Taksi və vaxt”da axıb gedən zamanın sağalmayacaq xəyal qırıqlıqlarına səbəb olmasına, “Hekayə”də sovet sistemindəki ədəbiyyatın başına bəla olan senzuraya, “O gecənin sabahı” və “İztirabın vicdanı”nda türk ziyalılarının 1937-ci ildə yaşadıqları dəhşətə, “Qaragilə”də Təbrizlə Bakının arasına hörülən divarlara, bunun divarların iki yanındakı insanlarda yaratdığı duyğulara, “Dörd çahar”, “Ləyaqət”, “Dağ dağa qovuşmaz” və “Yaxşı padşahın nağılı” kimi əsərlərində sovetlər sisteminin iç üzünə, sistem kimi onun tənqidinə, “Vahimə”də Azərbaycan insanının içinə düşdüyü Qarabağ psixozuna, “Mütləq görüşəcəyik”də Azərbaycan və Türkiyə ziyalılarının tragikomik əlaqələrinə, “Ağ qoç, qara qoç”da müasir Azərbaycanı gözləyən problemlərə şahid oldum, bunları dərindən hiss etdim, yaşadım, gördüm, yandım, üzüldüm... Onun bu əsərlərini oxuduqda öz-özümə gülərək: “Yanılmısınız, İmdat Avşar! Anar şair deyilmiş...” dedim. Anar ilə 2009-cu ildə tanış oldum. Mənim üçün sonsuz bir xoşbəxtlikdi.
Əlindən buraxmadığı qəlyan və qalın şüşəli gözlükləriylə həyata “qəm pəncərə”sindən baxan Anarın bəzi əsərlərinin və Rəsul Rzanın, Nigar Rəfibəylinin, Günel Anarqızının əsərlərinin tərcüməçisi də oldum. Birlikdə Hollandiyaya, Trabzona, Gümüşhanəyə, Gəncəyə, Göyçaya, Şəkiyə getdik, Kayseridə, Kırşehirdə, Ankarada, İstanbulda, Nevşehirdə, Kapadokiyada müxtəlif işlərə qatıldıq. Brüsseldə, Amsterdamda, Ankarada, İstanbulda, Kayseridə... “gecənin susqun nəğməsi” Rəsul Rzanı anlatdıq, onun şeirlərindən örnəklər dedik.
Sənətin bütün sahələrində əsərlər verən Azərbaycanın ədəbiyyatında əvəzsiz rol oynayan Anarla aramızdakı yaş fərqinə baxmayaraq, yaxın dost olduq. Bu dostluğun möhkəmlənməsində xüsusi yeri olan əziz dostlarım Rəşad Məcid və Pərvini də yad etməyi borc bilirəm. Bu dostluq sayəsində onun həyatı necə dərindən qavradığına, milli məsələlərdəki aydınmünasibətinə, dil və ədəbiyyat dünyamızdakı problemlərə baxış bucağına şahid oldum. Ən önəmlisi də onun dostlarına qarşı vəfasının, əhdə vəfalı dostlarıyla məzara qədər dost olduğunun, dostlarını əsla satmadığının şahidi oldum. Anarın “çağdaşım” deyərək məqalə həsr etdiyi böyük mütəfəkkir Mövlana “Qüsursuz dost axtaran dostsuz qalar” deyir. İnsan olaraq hamımızın qüsurumuz vardır, ancaq qüsursuz dost deyil, qüsursuz dostluq axtaranların Anar ilə dost olmaları gərəkdir! Çünki o, dostluğun da zirvəsidir!
* * *
Şimali Kipr Türk Respublikasında keçirilən “IV Türk dünyası ədəbiyyat dərgiləri” konfransında Anarın “2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı” elan edilməsi üçün təklifi mən vermişdim. Anarın adı çəkildikdə bütün digər təkliflər sükutla qarşılanmış və yekdilliklə Anar seçilmişdi. Sonra “Qardaş qələmlər” dərgisinin 2012-ci ilin yanvar ayında buraxılacaq 61-ci sayının “Özəl Anar sayı” olmasını qərarlaşdırmışdıq. Bu özəl sayı hazırlamaq vəzifəsini üzərimə götürəndə Anara telefon edib ona aid bəzi kitabları mənə göndərməsini rica etmişdim.
Təxminən bir ay sonra Bakıdan böyük bir bağlama gəldi. Anarın göndərdiyi kitabların üzərində bir də zərf vardı, içində də ustadın əl yazısıyla bir məktub...
“Əziz qardaşım İmdat bəy!
Mənə aid olan iki cildlik kitabı və “Odlar yurdu” kitabımı sizə yollayıram. Əlavə olaraq şeir kitabımı və əsərlərimin üçüncü cildini də göndərirəm. “Qardaş qələmlər”in özəl sayında üçüncü cilddəki “Gecə düşüncələri”mdən parçaları və şeir kitabımdan bir neçə şeiri də dərgidə vermək olar. Sayğılarım və sevgilərimlə...
Məktubu oxuyub bağlamadakı kitabları çıxartdıqda bir az çaşdım. “Yanılmışam, Anar şair deyilmiş!” demişdim. Halbuki yanıldığımı zənn etməklə yanılmışdım. Çünki Anar eyni zamanda bir şairmiş! Sən demə, Anar Nizamiylə, Nəsimiylə, Yunus Emreylə, Şah İsmayıl Xətai ilə, Aşıq Qəriblə, Qaracaoğlan ilə bizdən gizli söhbət edirmiş.
Anarın “Şair Əziz Nesin” adlı bir məqaləsi var. Mən onun məktubunu oxuduğum və onun şeir kitabını əlimə aldığım gün Əziz Nesinin şeir kitabını gördükdə çaşan Anar ilə eyni duyğuları yaşadım...
Bu il Anarın 80 yaşı tamam olur. Anar 80 yaşın əngin üfüqlərinə yelkən açdı. Bu münasibətlə Anarı təbrik edir, türk dünyasının müdrik ağsaqqalına uzun ömürlər, sağlamlıq, yaradıcılıq uğurları arzulayır və sözlərimi şair Anarın Yunus Emre ilə dərdləşdiyi şeiriylə bitirmək istəyirəm.
Yunus Emreyə
Keçib getdi ömrüm mənim
Yellər əsib keçmiş kimi.
Ömrün sonu qaçılmazdır
Fələk kəfən biçmiş kimi.
İstədim dəryadan üzəm,
Qartal kimi göydə süzəm,
Elə bildim ölümsüzəm,
Abi-həyat içmiş kimi.
Heç bilmirəm hara gedim,
Dünyanı hardan seyr edim.
Sözümü göydəmi dedim
Qanad açıb uçmuş kimi.