Azərbaycan ədəbiyyatını beynəlxalq miqyasda layiqincə təmsil edən yazıçı Varis növbəti uğura imza atmışdır. O, Rusiyanın nüfuzlu "Rossiyskiy kolokol" ədəbiyyat jurnalının versiyası üzrə "İlin yazıçısı" elan olunaraq 2018 -ci il Rusiya ədəbi mükafatına layiq görülmüşdür.
Qeyd edək ki, "Rossiyskiy kolokol" hazırda Rusiyanın ən yüksək tirajla çıxan ədəbiyyat jurnalıdır (20000 nüsxə), il ərzində onun bir neçə kağız və elektron almanaxları da işıq üzü görür. Jurnal Rusiya ilə yanaşı Almaniya, Fransa, İsrail, İspaniya, Bolqarıstan, Serbiya və s. ölkələrdə yayılır, Böyük Britaniyada isə ingilisdilli variantı çap olunur.
"Rossiyskiy kolokol"un baş redaktoru həm də "Literaturnaya qazeta"nın baş redaktoru Mixail Zamşevdir.
Yazıçımız Diplomla və laureat medalı ilə təltif olunmuşdur. Üzümüzə gələn il onun romanlarından biri yüksək tirajla "Rossiyskiy kolokolun kitabxanası" seriyasından çap olunacaqdır.