Ötən əsrin 80-ci illərində ümumazərbaycan ədəbiyyatında özünüdərk, özünəqayıdış, özünüifadə yönümlü əsərlər meydana çıxdı. Müəyyən "yumşalmalar"la hələ əsrin ortalarından rast gəlinən bu yeniləşmə ruhu 80-ci illərdə "üsyankar" bir nəsr formalaşdırdı ki, burada da torpağa, xalqa, onun adət-ənənəsinə bağlılıq, özünü xalqın zərrəsi hesab etmək, lazım gələndə varlığını unudaraq onun yolunda fəda etmək və s. kimi keyfiyyətlər xüsusi yer tuturdu.
Belə keyfiyyətləri hələ 60-cı illərdən yaradıcılığında əks etdirən görkəmli Xalq yazıçısı İsmayıl Şıxlı ədəbi – mədəni həyatımızda, ictimai bədii fikir tariximizdə özünəməxsus mövqeyi, orijinal dəst-xətti ilə seçilir.
Nəsrin ən müxtəlif janrlarında yazıb-yaradan, Azərbaycan ədəbiyyatını ən yeni bədii keyfiyyətlər, təkrarsız milli obrazlar və xarakterlərlə zənginləşdirən İsmayıl Şıxlı, tədqiqatçılara görə də, "sənətkarlıqla yazılmış gözəl və dolğun romanlar müəllifi olduğu kimi, kiçik bədii formanın da mahir ustası sayılır" (Y. İsmayılov).
Yaratdığı xarakter qəhrəmanlarla vəhdətləşən, obrazlarında əriyərək heykəlləşən ölməz sənətkarın ümumi yaradıcılığında müasirlik ruhu, təbii süjeti, sadə kompozisiyası, rəvan dili, aydın və şirin təhkiyəsi ilə seçilən hekayələr həmişə rəğbətlə qarşılanıb. Onların içərisində isə mərdlik, kişilik, haqq-salam təəssübü, düşmənçilikdə ağayanalıq, elin-obanın namusunu uca tutmaq, mərdlik-mərdanəlik qanunları ilə yaşamaq kimi keyfiyyətlərlə süslənmiş hekayələr ədəbiyyatımızda özünəməxsus yeri ilə seçilir.
Ədibin bütün bu xüsusiyyətləri özündə əks etdirən, obrazları, hadisələri milli-mənəvi-psixoloji aspektdə canlandıran bitkin hekayələrindən biri "Namus qaçağı"dır. İ. Şıxlı qələminin sehrini, təbii möcüzəsini əks etdirən "Namus qaçağı" müasir Azərbaycan ədəbiyyatının hekayəçilik tarixində milli özünüdərk yönümlü ən güclü hekayələrdəndir.
Hekayə kəndin epik təsviri ilə başlayır. Qısa bir təqdimatda ilmə-ilmə, naxış-naxış toxunub, bir rəssam fırçası ilə rənglənən kənd tablosu gözüm üz önündə canlanır. Sanki qar altında qalmış yastı-yapalaq evləri görür, yol-izi tutan bəyaz qarın soyuğunu duyur, havada laylanaraq şəffaf maviyə çalan tüstünü seyr edirik. Kəndin dolğun təsəvvür verən epik təsvirindən sonra təhkiyə xüsusi ustalıqla toy mağarına keçirilir.
Süpürülüb, ot döşənib, üstünə kilim sərilmiş samanlıq – mağar, buradakı otuzluq lampadan tutmuş, zurnaçılara qədər hər şey halal bir toydan xəbər verir. Yazıçı burada etnoqrafik planı önə çəkir: qız-gəlinlər boğçadakı paltarlarını çıxarıb ora-burasını sığallayır, donlarının, qoftalarının qırışlarını açır, bəzənib-düzənir, qaşlarına-gözlərinə sığal verib tellərini bururlar. Oxucu bu zaman bir kəndin simasında bir bölgənin, bir regionun toy adətləri ilə üz-üzr qalır. Məlum olur ki, səhərəcən toyda qoşa oynamaq, fişəng atıb, lopa işığında gəlin gətirmək bu yerlərin qədim adətlərindəndir.
Folklor poetikasından bəllidir ki, iki cavanın bir ailədə birləşmə aktı olan toy birdən-birə baş vermir. Bunun üçün müəyyən başlanğıc mərhələləri vardır. Qəhrəmanı İlyası bu mərhələlərdən birər-birər keçirən yazıçı, həm də həmin mərhələlərin spesifik xüsusiyyətlərini xalqın dünya-görüşü, məişət tarixi, milli adət-ənənələri, həmçinin etik-etnoqrafik baxımdan hərtərəfli işləmişdir.
Yazıçı, bəyin – İlyasın barəsində bir söz deməzdən əvvəl onun psixoloji durumunu nəzərə çatdırır: "O sevinirdi". Və dərhal da sulamağa apardığı atın da altında oyur-oyur oynadığını, sahibinin yüyənini çəkməsinə baxmayaraq, yelini saxlamayıb özünü buzlu suya salmasını təsvir edən yazıçı psixoloji paralelizm yaratmaqla yanaşı, qədim Oğuz tayfalarından gələn "At igidin qardaşıdır", "At işlər, ər öyünər", "At qanaddır" fikirlərini qabardır. İlyasın atının adam kimi dil bilməsi Cahandar ağanın Qəmərini xatırladır. Düşməni uzaqdan tanıyan Qəmər kimi, bu at da təhlükəni hiss edir. İlyasın koxaların Rəşidi ilə üzbəüz qaldığı epizodda bu anlama, həmin dramatik vəziyyətə xüsusi hal verir:
"... – Deyəsən, toy eləyirsən?
– Bəli.
– Mənim qabağıma keçirsən?
İlyas diksindi. Elə bil güllə kimi açılan bu sərt sözdən at da diksindi. Başını qaldırıb fınxırdı. Onun burnundan fışqıran nəfəs zolaqlanıb havanı yardı..."
Dilsiz-ağızsız bir heyvanın bu qədər duyumu, qarşısındakının pis niyyətliliyini hiss etməsi oxucunu təsirləndirməyə bilmir.
Hekayədəki əsas hadisələr İlyasın ətrafında cərəyan edir. O, bir yay axşamı bulaq üstə görüb, ürəyi tutduğu Zöhrə ilə ömür həmdəmi olmaq istəyir. Lakin toy günü "bişirili aşına soyuq su qatmaq" istəyənlər tapılır.
Hər şey də burdan başlayır.
Toy günü "nişanlının öz nişanlısının əlindən alınması" faktı dünya folklorunda rast gəlinən süjetlərdəndir. Belə bir problemin "Namus qaçağı" hekayəsində milli xüsusiyyətlərin əhatəsində, dramatik inkişaf və uğurlu sonluqla işlənməsi oxucunu əsərin psixoloji ovqatı ilə yaşamağa məcbur edir. Mentalitetdən köklənən: "Rəşidin arvadı vardı. O, belə bir fikrə düşsə, qan su yerinə axardı. Namusu itə veriblər, it də yeməyib" – təfəkkürünə işıq salan yazıçı, əxlaqi-mənəvi naqisliyə qarşı çıxır, mənəviyyatsızlığı pisləyir.
"Namus qaçağı" hekayəsində milli xarakter, milli özünü ifadə baxımından diqqəti cəlb edən kamil bədii obraz Qaçaq Süleymandır. Hekayənin əsas qəhrəmanı Qaçaq Süleyman fiziki güc ilə yanaşı, milli əxlaq tərzinə sadiq, mənəvi zənginliyə malik obrazlardandır. O, mərdlik-mərdanəlik qanunları ilə yaşamağı "it kimi sürünmək"dən üstün tutur.
Görkəmli ədəbiyyatşünas X.Əlimirzəyev yazırdı: "Bədii əsərə yaşamaq hüququnu böyük problemlər deyil, daha çox yüksək sənətkarlıq nümunəsi olan insan obrazları, xarakterləri verir".
Bütövlüyü, kamilliyi ilə Cahandar ağa, Qaçaq Kərəm, Niftalı koxa xarakterlər silsiləsində özünəməxsus yer tutan Qaçaq Süleyman, həqiqət əndər, yazıçının bu hekayəsinin ölümsüzlüyünü təmin etmişdir.
Ümumiyyətlə, İsmayıl Şıxlı sovet ideologiya maşınını sındıran, ədəbi ab-havanı dəyişməyə, dövrün məhdud siyasi ölçü və qəlibini təzələməyə ilk cəhd edən yazarlardandır. Sovet xarakteri əvəzinə milli xarakter, sovet əxlaq tərzi əvəzinə milli əxlaq tərzini ədəbiyyata gətirən ədibin "Namus qaçağı"nda da bu problemdən yan keçməməsi onun, Y. İsmayılovun sözləri ilə desək, "tarixə bir- dəfəlik və məhdudluqdan uzaq olan ayıq və sağlam baxışını əks etdirirdi". Hekayədə "ideal sovetlər" – el namusunu, qeyrətini itirən Molla Sadığın, Kəlbi Kəhərin mənəvi varisi olan, nümayəndələri Keçəl Xondulunun simasında ifşa edilir, naqislik, mənəvi çürüklük qamçılanır.
Qaçaq Süleyman üçün el namusu əsas kredodur. Elə buna görədir ki, rahat qulluğu, yeni dövlət quruculuğunda xüsusi vəzifəsi olsa da, Xondulunu etdiyi rəzilliyə – Əbdürrəhman bəyin abırlı, həyalı qızına göz yetirməyinə görə bağışlamır. Heç fikirləşmədən "naqanı çıxartmağı ilə tətiyi çəkməyi bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə..."
Hadisələrin sonrakı inkişafı prosesində Qaçaq Süleymanın güclü insan xarakteri üzə çıxır. "Toy gecəsi qızı onun əlindən alacam, sonra istəsə, özünə qaytararam" deyən, daha çox ona arxalanıb, belə ədəb-ərkandan kənar fikrə düşən koxalıların Rəşidini müdrik babalardan qalma bir təmkinlə qarşılayan Namus qaçağı Nemezidaya çevrilir.
Namus qaçağının Ədalət divanı qurulur. Mənəvi zənginliklə mənəvi müflislik üz-üzə dayanır. Bu divanın çıxardığı hökm, verdiyi qərar qətidir.
"... – Çimməklə aran necədir?
– Bu soyuqda?
– Bəli. Deyirlər, soyuq su adamın belini bərkidir".
Bu zaman "Camaat, – dedi, – yadınızda saxlayın ki, məni çöllərə salan elin namusudur" –sözləri bir daha göy kimi guruldayır, şimşək kimi çaxır. Namusdan kükrəyib-daşan bu od, ildırım günahı arı, xəyanətkarı cəzalandırmadan ötmür. Ədalət divanı növbəti dəfə öz missiyasını yerinə yetirir.
Qaçaq Süleyman təmsil etdiyi xalqın ləyaqətli övladıdır. Ədalət, vicdan, fədakarlıq, mənəvi cəngavərlik onu səciyyələndirən əsas xüsusiyyətlərdir. Buna görə də dara düşəndə, divan-dərəyə əli çatmayanda xalq, camaat onun üstünə gedir. Ədalət divanının köməyinə arxalanır, haqqın qələbəsinə inanır.
Heç bir tərəddüdsüz və mübahisəsiz onu da demək olar ki, "Namus qaçağı", olmuş faktların, hadisələrin ən tipik olanlarının zaman çərçivəsində yazıçı ideyasına bürünmüş bir görünüşü olaraq, həm də portret hekayəsidir. Burada nəinki ayrı-ayrı obrazların zahiri və psixoloji portretləri, eləcə də dövrün, mühitin, hadisələrin konkret portretləşməsi diqqət çəkir.
Folklorda, klassik və müasir yazarların yaradıcılığında zaman-zaman inkişaf edən portret yaradıcılığı İ. Şıxlı yaradıcılığında bənzərsizliyi ilə seçilir. Onun portretlərində güclü psixologizm, davranış, xüsusilə, geyim, sifət cizgiləri, məişət detalları daha qabarıq nəzərə çarpır. "Namus qaçağı"nda hələ hekayənin adında bir portretləşmə yaradan görkəmli yazıçı, burada istər qadın zərifliyinin mücəssəməsi olan Zöhrəni təsvir edəndə, "istər kişinin birinci sifətini namus" sayan hərəkətləri ilə əzəmətləşən Qaçaq Süleymanı təqdim edəndə, istərsə də düşmənləri belə üzbəüz gətirəndə onların bədii portretini bir rəssam həssaslığıyla bütün ştrixləri ilə rəsm etməyi unutmur.
İ. Şıxlı verdiyi müsahibələrin birində qeyd etmişdi ki, "Mənim rəqibim", "Qızıl ilan", "Görüş", "Namus qaçağı", "Təyyarə gecikir" kimi hekayələr öz həyatı ilə bağlıdır.
Yazıçının yaradıcılığında adı çəkilən hekayələrin sənətkarlıq xüsusiyyətlərinə baxsaq, onların aktuallığı, həyatla səsləşmə, hadisələrin real təsviri baxımından seçildikləri aydın görünür. Bu ondan irəli gəlir ki, yazıçı özünü ifadə edəndə, özünü işləyəndə qüdrətli olur, təkrarolunmazlığı ilə ölçü və mizanı təzələyirdi.
Vaxtilə M. Qorki yazırdı: "Xalqı xalqa hər şeydən asan və hər şeydən yaxşı ədəbiyyat tanıdır".
Böyük fəxr və qürurla deyə bilərik ki, İsmayıl Şıxlı təkcə yenilməz, sarsılmaz xarakterli qəhrəmanlar yaradan, ibrətamiz əfsanə və rəvayətləri ilə folklorlaşan sadəcə yazıçı deyil, milli dünya-görüşü, milli adət-ənənələri, milli ruh və psixologiyası, milli xarakterləri, məişət tarixi, milli mental qanunları və s. İlə xalqı xalqa tanıdan qüdrətli sənətkarlardandır.