Dərbənd Azərbaycan teatrı 20-ci əsrin əvvəllərində yaradılıb. Hələ ondan da irəli – yəni 19-cu əsrin 80-ci illərində. O vaxt Dərbənddə həvəskarların türk Dram dərnəyi təşkil olunmuşdu. Belə bir dərnək onda Dərbənddə yaşayan ziyalıların, o cümlədən müəllim və şagirdlərin qüvvəsi ilə ərsəyə gəlmişdi. Burda musiqiçilər və xanəndələr də öz məharətini göstərir, muğam və xalq mahnıları oxuyurdular. Bakıda olduğu kimi o vaxt Dərbənddə də müsəlman qadınlarının səhnəyə çıxmağı yasaqdı. Bu səbəbdən qadın rollarını da elə kişilər oynayırdı. Həvəskarlar Dərbəndin klub və kinoteatrlarında, o cümlədən «Mulen» və «Miraj» kinoteatrlarında Azərbaycan dram əsərlərini səhnəyə çıxarırdı.
1904-cü ilin fevralında şəhər ziyalıları Rus imperiya Daxili İşlər Nazirliyinə müraciət etdi ki, Dərbənd-Türk Dram Teatrının Nizamnaməsinə baxıb təsdiq etsinlər. Nizamnamə ondan bir neçə ay sonra – 1904-cü ilin sentyabrında Sankt-Peterburqda həqiqətən də təsdiq olundu. Dərbənddə peşəkar Dram Teatrının yaranma tarixi də elə o çağdan başlayır. Əlbəttə, teatr peşəkar sayılsa da, Dərbənd Dram Teatrında səhnəyə çıxan aktyorların demək olar ki, hamısı xüsusi peşə təhsili keçməmişdi. Onlar fitri səhnə qabiliyyəti olan və teatra bir könüldən min könülə vurğun insanlardı: Dürək Abbasqulu, Hüseynqulu, Ərşadoğlu, Hüseyn Xankişi oğlu, Fətullah Hacı-Səlim, Hacı Tağı oğlu, Miqdar, Hacı Ağa oğlu və başqaları. Onların hər birinin adı yəqin ki, Azərbaycan səhnə tarixinə həmişəlik həkk olunubdur.
1910-cu ildə Dərbənd şəhər ictimai klubunun səhnəsində Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasının Dərbənddə ilk tamaşası göstərildi. Böyük uğurla keçən bu tamaşadan Bakıda çıxan «Kaspi», Tiflisin «Qafqaz», Vladiqafqazdakı «Terek» qəzetləri heyranlıqla bəhs etdilər. Elə həmən il həmin səhnədə Üzeyir Hacıbəyovun daha məşhur bir əsəri – «O olmasın, bu olsun», eləcə də Mirzə Fətəli Axundovun «Hacı Qara», «Vəziri-xani Lənkəran» və Əbdürrəhim bəy Haqverdiyevin «Pəri cadu» əsərləri oynanıldı...
1920-ci ildə Şura hökuməti qurulandan sonra Dərbəndin Proletar Gənclər klubunda Azərbaycan Həvəskar Dram Teatrı işə başladı. O vaxt həmin teatra gənc istedadlar axışdı – Məmmədkazım Ələkbərli, Əbdül-cəlil Əsgərov, Süleyman Ələkbərov, Müzəffər Əliyev, Fazil Seyidov, İsabəy Mirzəbəyov, İzmaylov Əbülfəz, Seyfulla Quluyev və başqaları.
1927-ci ildə həmin həvəskar truppaya «peşəkar» statusu verildi və həmin teatr elə Proletar gənclər klubunda özünə sığınacaq tapdı. Sözsüz ki, Azərbaycan teatrına təzə bina ayrılmalı idi və o vaxt Şəhər İctimai klubu adlanan həmin bina dərbəndli memar Mustafa Qasımovun rəhbərliyi ilə əsaslı şəkildə təmir olundu. Tamaşa zalı isə yapma və qızıl suyuna çəkilmiş naxışlarla bəzədildi. Amma teatr açılmazdan bir gecə əvvəl məlum olmayan səbəblər ucbatından binaya od düşdü və bina başdan-ayağa yanıb kül oldu… Səbəbi bu günə qədər məlum deyil.
1930-cu ildə Dərbənddə İnşaatçılar klubu tikilib qurtardı və 1931-ci ildə elə həmin klubda Dağıstanda ilk peşəkar teatr sayılan Türk (Azərbaycan) Dram Teatrı yenidən öz pərdələrini açdı. Özü əslən dərbəndli olub Bakıda yaşayan, gələcəkdə Azərbaycanın və SSRİ-nin xalq artisti olacaq, gənc və istedadlı aktyor İsmayıl Dağıstanlı təzə açılan Dərbənd Dram teatrına rejissor dəvət edildi. Ondan iki il sonra, 1934-cü ildənsə bu teatr Dərbənd Dövlət Azərbaycan Musiqili-Dram teatrı kimi tanındı. Sonradan təkcə Dərbənddə deyil, bütün Qafqazda ad-san qazanmış bir çox aktyorlar elə o səhnədə yetişdilər. Əlbəttə, Dərbənd teatrının o vaxtkı repertuarı da buna imkan yaradırdı: Cəfər Cabbarlının «Od gəlini», «Sevil», «Almas», Səməd Vurğunun «Fərhad və Şirin», Mirzə İbrahimovun «Həyat», Ostrovskinin «Günahsız müqəssirlər», Molyerin «Skapenin kələkləri», Puşkinin «Qaraçılar», Üzeyir Hacıbəyovun «Leyli və Məcnun», «Məşədi İbad» bu qəbildəndi. İkinci Dünya savaşında cəbhədəki əsgərlərə xidmət göstərən kollektivlər arasında Dərbənd Azərbaycan teatrının aktyorları da çox idi.
1949-cu ildə guya maliyyə çatışmazlığı ucbatından Dərbənd Azərbaycan teatrı bağlandı və yalnız «kolxozlar arası özfəaliyyət teatrı kimi» fəaliyyətinə icazə verildi. Amma yenə də Dərbənd teatrının əli işdən soyumadı, kollektivdə səhnədən üz döndərən də olmadı. Əksinə, – Dərbənd teatrı öz fəaliyyətini əvvəlkindən daha artıq davam etdirmək əzmindəydi. 10 il ərzində Dərbənd Azərbaycan teatrı, sonradan fəxri adlara layiq görülmüş sənət-səhnə fədailərinin inadı sayəsində ömrünün üstünə ömür gətirmiş oldu.
1967-ci ildə Dərbənd Azərbaycan Dövlət Dram teatrı elə bil keçib gəldiyi yolun başlanğıcına qayıtdı, nə üçünsə yenidən… xalq teatrına çevrildi. Amma, bu «qayıdış» teatrı yaradıcılıq yolundan sapdıra bilmədi. O vaxtkı rejissor Nəsir Həşim oğlunun mətinliyi və istedadı sayəsində teatr, əksinə daha irəli getdi. 30 ilə qədər müddətdə Nəsir Həşim oğlunun rejissorluğu ilə istər Dövlət, istər Xalq teatrında Azərbaycan dramaturqlarının ən yaxşı əsərləri Dərbənd səhnəsində öz təcəssümünü tapdı. Azərbaycan Teatr İnstitutunun bir çox məzunları bu günün özünəcən həmin teatrda Dərbənd sənət mühitinin keşiyindədir – Bənövşə Əhmədova, Şövkət Abbasova, Yaqut Xandadaşova, Leyla Əsədova, Əsəd Əsədov, Seyfulla Xanmirzəyev, Vaqif Mehdiyev, Məhərrəm Ömərov, Rəhilə Ömərova və başqaları. 50-ci illərdə artıq Azərbaycanda bir müğənni kimi tanınan Dürriyyə Rəhimova Dərbənd Azərbaycan teatrına gəldi və ömrünün axırınacan bu teatrdan ayrılmadı. Dürriyyə Rəhimova «Rusiya Federasiyasının xalq artisti» adına layiq görüldü və Nəsir Həşim oğlunun rejissorluğu ilə bir çox tamaşalarda baş rolları oynadı. Lazım gələndə Dürriyyə xanım özü də neçə əsərə quruluş verdi.
1993-cü ildə Azərbaycan və Tat xalq teatrları Dərbənddə birləşdirildi (Xalq teatrları müdiriyyəti adıyla). Sonradan bu «birləşmə teatr» üçün bir kinoteatr binası da ayrıldı. Fəqət həmin bina yarıtmaz, qəzalı vəziyyətdəydi. Düzdü, şəhər rəhbərliyi təmir üçün guya vəsait də ayırdı. Teatrın damı dəmirlə örtüldü, səhnə təzədən quruldu. Eyni zamanda teatrın bədii heyəti də dəyişməliydi. Bu məqsədlə Bakıdan rejissorlar dəvət edildi…
1998-ci ilin 27 aprelində Azərbaycan Xalq teatrına yenidən «Dövlət» statusu qaytarıldı. Müxtəlif vaxtlarda rejissor kimi dəvət olunan Vaqif Əsədov, Nazir Rüstəmov, Yaqut Xandadaşova, Ağaxan Salmanlı, Laləzar Hüseynova, İsgəndərbəy Sultanov, Əlisultan Batırov və başqaları Dərbənd Azərbaycan Dram teatrında rejissor kimi fəaliyyət göstəriblər və onlardan bəziləri indinin özündə də Teatrın yaradıcıları sırasındadır.
Əfsuslar olsun ki, Dərbənddəki Azərbaycan Dövlət Dram teatrının indinin özünə qədər ayrıca binası yoxdur ki, yoxdur…