Yazıçımızın kitabı Qızıl meydanda təqdim olundu
Iyun ayının 1-dən 6-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, məşhur Qızıl meydanda 5-ci kitab festivalı keçirilmişdir. 6 gün, 74 saat, 327 nəşriyyat, 1560 metr uzunluğunda kitab rəfləri, 100 000 kitab satışı, 12 meydança, 12 səyyar muzey, 748 hadisə, 134 sevimli müəlliflə görüş – bütün bunlar festivalın çox nəhəng əhatə dairəsindən xəbər verir.
Festivalda Azərbaycan yazıçısı Varis Yolçiyevin Moskvada “Qızıl LiFFt” seriyasından nəşr edilən “Metamorfoz. Bir gecənin əhvalatı” kitabı da oxuculara təqdim olunmuşdur. 15-ci pavilyonda təşkil edilən təqdimatda yazıçımız romanından, yaradıcılığından danışmış, oxucuların suallarını cavablandırmışdır. Sonra oxucular satışdan əldə etdikləri kitabları yazarımıza imzalatmışlar.
Xatırladaq ki, Varisə 2018-ci ildə Avrasiya materikinin ədəbiyyatı üzrə LiFFt festivallar festivalında qalibiyyət gətirən, 2019-cu ildə London Mükafatı qısa siyahısına namizəd olan "Metamorfoz” romanı indiyədək Azərbaycandan savayı Rusiya və Amerika da nəşriyyat hesabına çap olunmuşdur.
Hazırda roman Böyük Britaniyada nəşrə hazırlanır.