İlisu sirlər yurdudur. Bu yurdda tariximizin hələ nə qədər oxunmamış səhifələri var. İlisu kəndinin dili, onun fonetik, morfoloji və semantik özəllikləri, dilin lüğət tərkibində neçə minillik tariximizi yaşadan sözlər, toponimlər, tarixi yerlər və s. hələ də öz araşdırıcılarını gözləyir.
Tarixin minillik sirlərini varlığında yaşadan Qaradolaq məhəlləsi, Quşlar məhəlləsi, Yezli dağı, Əltürgən dağı, Başarmax, Vidir, İnisi, Kura, Xatınşı, Ağlaq, Quşqun kimi orijinal toponimlər keçmişimizlə bağlı onlarla qaranlıq məqama aydınlıq gətirə bilər.
Bu yazıda haqqında nə qədər yazılsa da, öz gözəlliyi və adındakı gizlinləri ilə böyük maraq doğuran Ram Ramay şəlaləsi haqqında qısaca söhbət açmaq istəyirəm.
Ram Ramay hidronimi ən azı 3 minillik sirri daşıyır. Bu şəlalənin sirrinin açılması tariximizlə bağlı bir sıra qaranlıq məqamlara və suallara aydınlıq gətirə bilər.
Yay uzunu İlisuya gələn minlərlə qonaq Ram Ramay şəlaləsini görmədən geri dönməz. Kənddən başlayaraq, şəlaləyə doğru bir dərə uzanır. Şəlalə bu dərənin sonundadı. Yerli əhali şəlaləyə doğru uzanan dərəni Qoma, şəlalədən başlanğıc götürüb kəndə doğru axan suyu isə “Qomanın suyu” adlandırır.
Şəlalənin adında ən əsas diqqət çəkən Ram və Ramay sözləridir.
Azərbaycanda Ra və ya Rama sözündən törəyən bir toponim örnəyi var. Bu, Ramana kəndidir. Bu söz haqqında isə elmi ədəbiyyatda dərin araşdırma aparılmadan 3 variantda izahat verilir:
1.Rama – fars dilindəki “xalq qoşunu”, “qeyri-nizami qoşun” sözü olub – na şəkilçisini artırmaqla “qoşun yeri” mənası verir.
2. Rəmə – “kələ-kötür yer”, “çala-çuxur” sözündən əmələ gəlib.
3. Roma kəndi anlamında işlənə bilər. I yüzillikdə burada romalıların hərbi düşərgəsi olub.
Bundan başqa, əski sanskrit dilində yaranmış mətnlərdə Ram və Ramay sözünə rast gəlinir.
Məsələn, qədim sanskrit eposu Ramayanada, hind mifologiyasında populyar şahzadə Rama adını örnək göstərmək olar. Diqqət çəkən məqamlardan biri də odur ki, hinduizmdə, buddizmdə və caynizmdə populyar olan müqəddəs mahnılardan – mantralardan birinin adı Om Ram Ramayadır. Krişnaçı inancında olanların min illərdir ki, Krişnanın şəfinə sevə-sevə oxuduğu nəğmə “Rama-Rama” sözüylə başlayır.
İnanclara görə isə, Rama sözü ilə başlayan mətnlər gizli enerji mənbəyi olaraq qəbul edilir.
Bundan başqa, dünyanın bir çox yerlərində Ram toponimi mövcuddur: İsraildə Ram gölü və Ram dağı, Şotlandiyada Ram adası və s.
Eni zamanda maraqlı məqamlardan biri də budur ki, ən əski Tibet xalqlarından birinin adı Ra idi. Ra həm də Volqa çayının əski adlarından biri olub.
Daha maraqlı məqam isə əski Misirdə Ra adlı Günəş allahının olmasıdır. Ram Ramay şəlaləsinin adının anlamını və kökünü də Ra allahıyla bağlı olan əski inanclarda axtarmaq daha doğru olar.
Ra əski Misir mifologiyasında Günəş allahıdır. Bir qayda olaraq, şahin başlı insan formasında təsvir edilir. Təsvirlərdə başının üzərində disk formasında olan Günəşlə birgə təqdim olunur. Əski inanclarda Radan sonra Osirusun adı çəkilir. Eyni zamanda əski qaynaqlarda Osirusun oğlu Horusun da adı çəkilir. Maraqlı məqam budur ki, Osirus adı təkcə əski Misirdə deyil, bir çox şərq xalqlarında qutsal sayılırdı. Bakıda hamımızın yaxşı tanıdığımız Qız qalasının əvvəlki adının Hunzar qalası olduğunu iddia edən araşdırmaçılar var. Hunzar sözü isə Osirus sözü ilə eyni kökdən gəlir. Bu söz əski şərq xalqlarında qutsal sayılırdı. Osirus sözünün “Azər allahı” sözünün təhrifə uğramış forması olduğunu düşünənlər var. Fikrimizcə, Ram Ramay sözünün açması da əski dönəmlərdə bir çox şərq xalqlarında geniş yayılmış Ra allahının adında aranmalıdır.
Miladdan 2İ00 il əvvələ qədər Ra adlanan allah, bu zamandan etibarən Amonla birləşib Ra Amon olur. Ra Amon baş allah idi. Bütün allahlar onun əmrinə tabe idi.
Hələ 50-70 min il əvvəl sivilizasiyanın mövcud olduğu itmiş Mu qitəsində Ra Günəş demək idi. Bu səbəbdən Mu imperatoruna Ra Mu deyilirdi. Bu söz, “Munun Günəşi” demək idi. Ra həm də həyatın, var olmanın qaynağı idi.
Rama sözü isə əski zamanlarda hinduizm də qutsal anlayış idi və Tanrını simvolizə edirdi. Həm də hind mifologiyası və əfsanələrinin qəhrəmanı idi.
Bütün bunlardan çıxış edərək söyləmək olar ki, İlisudakı Ram Ramay şəlaləsinin adı, ən azı, 3 min illik tarixin yadigarıdır. Bu söz Ra(ma)nın verdiyi həyat, bir qədər də sadələşdirsək, “Tanrının həyat payı”, “Tanrının verdiyi yaşam qaynağı” anlamında ola bilər. Hər səhər doğan Günəş İlisu ərazisində ilk olaraq Ram Ramay şəlaləsini işıqlandırır. Obrazlı dillə desək, iki həyat qaynağı Tanrının payı kimi birləşərək insanlara yaşamaq üçün enerji verir, yaşam qaynağına çevrilir.
Bütün hallarda Ram Ramay şəlaləsi, hələ ki özünün 3-İ min illik sirrini tam şəkildə açmayıb. Səbirlə onun adında yaşatdığı sirri tam şəkildə çözəcək araşdırmaçılarını gözləyir.