Uşaq olanda izlədiyimiz qorxu filmlərində qaranlıqdan əcaib bir varlıq çıxardı və “vöö” deyib bizi qorxudardı. Ya da maşınla uzaq yola çıxan bir qrup gənc yolunu itirər, cinəşəyatinə rast gələr, hamısı da ölərdi. Sonda bir nəfər sağ qalıb qeyri-adi varlığın axırına çıxardı. İndi bu cür ucuz, şablon və kütləvi filmlər bizi ancaq güldürür.
Amma indi sizə elə bir qorxu filmindən danışacam ki, film kultluğu, estetikası ilə qorxu filmi anlayışınızı alt-üst edəcək. Qorxu bir nəfəs qədər, pıçıltıya çevrilərək bizə toxunacaq. Necə ki, həyatda bəzən qaranlıqdakı heçlikdən qorxarıq, bu film də qaranlıqdakı yoxluqları var edəcək. Bununla kifayətlənməyib, film xəttindən çıxıb, dini, Tanrı anlayışını, cənnətcəhənnəmin varlığını, müharibənin amansız psixoloji sarsıntılarını sorğuya çəkəcək. Ya da acı həqiqətdən qaçmaq, qurtulmaq istəyənin, nə orada, nə də burada olanların hekayəsinə çevriləcək. Özgələrinin hekayəsinə. Özgəsi olmağın ağırlığını hər yerdə daşıyanların hekayəsinə.
İspaniyalı rejissor Alexandro Amenabarın 2001-ci ildə çəkdiyi, ssenarisini yazdığı və musiqisini bəstələdiyi son filmi “The others” (Başqaları) dır. Onu da qeyd edim ki, rejissorun cəmi-cümlətanı altıca filmi var. Çoxu da ciddi mükafatlara layiq görülüb.
Film baş rolu Nicol Kidmanın canlandırdığı “Greys” obrazının tam üzərində qurulub. Greysin daşıdığı özəllik onun qatı inanclı olmağıdı. O həm də bir anadı. İntizamlı, güclü, həyata qarşı sərt duruşlu və işığa, səs sizliyə aşırı dərəcədə həssas, miqrenli, çiyinlərində iki uşağa baxmağın yükünü daşıyan bir ana...
Yoldaşını İkinci Dünya müharibəsində itirib, ya itkin düşüb, bilinmir. Amma onun yolunu gözləyir. İşığa qarşı bu qədər həssaslığının səbəbi odur ki, uşaqlarının günəşə allergiyası var, gün işığı onların dərilərində qəribə yaralar yaradır. Ona görə də pəncərələr qalın pərdələrlə örtülüdü. Sanki qorxularını pərdələyir, üstünü örtür. Hətta evdə elektrik belə yoxdu. Ev çıraqla xəfif işıqlandırılır. Uşaqlar işığa çıxa bilməsə də, anası ürəklərində inanc işığının yanması üçün hər gün “İncil”i oxutdurur onlara.
İlk baxışda klassik səhnələr, üslublar, görüntü qotik filmə bənzəsə də, əslində bitmiş bir müharibənin acılarını, qorxularını yaşayan, bu qorxularla savaşan bir qadından bəhs edir film. Bəlkə də, elə buna görə qadın evə qapanıb, dünya ilə əlaqəsini kəsib. Greysin keçməyən miqren ağrıları və bu səbəbdən də səssizliyb duyduğu ehtiyac da zamanında bomba və tüfəng səsləri ilə tikan üstündə yaşamış bütün insanların ehtiyacıdı əslində. Evin içində qurduğu bu qatı düzən də, ətraf aləmə olan qorxu da savaşdan sonra ayaqda durmağa çalışan bir insanın çarəsizliyidi.
Greysin dinə bu qədər qatı inanclı olmasının psixoloji dərinliyinə ensək, anlayarıq ki, o, müharibənin ümidsizliyi və heçliyi içində özünü bütünlüklə dinə həsr edir.
İnsan oğlu bir inanc üzərində illərdi yaşayır, dini inancı belə müharibələrə təsir etmir, bununla belə, o yenə dinə sığınır, cənnətə gedəcəklbrini uşaqlarına da aşılayaraq bir təskinlik tapır.
Müharibələr nəinki dini, hətta bir zamanlar mədəniyyəti də məhv etmişdi. “Aləm dağılırsa, deməli, heç də düşüncə hər şeyi həll etmir”. Düşüncəyə də inam hopmuşdu. Və beləliklə, modernizm, irrasionalizm və başqa cərəyanların yaranmasına gətirib çıxarmışdı. Xatırlayın, İsa da çarmıxda “Niyə məni tərk etdin, Tanrım?” – deyə təzadlı sual vermişdi. Bu, ayrı mövzunun yazısıdı,.. nəysə...
Film hələ ki, sakit tonlarla davam edir, sona qədər də bu sakit qorxu olacaq. Gərginlik dolu atmosferdə psixoloji travmaların sayaqlamalarını görəcəyik bir azdan...
Köçdükləri köhnə qotik malikanə dumanlı və sisli Nyu-Cersi yaxınlığında yerləşir. Uşaqlarına və ev işlərinə baxan köməkçilər, qulluqçular nədənsə heç bir söz demədən davam gətirə bilməyib evi tərk edirlər. Greys evə qulluqçu tapmaq üçün elan verir. Yeni gələn qulluqçular yaşlı qadın, yaşlı kişi və bir dilsiz qızdır. Film də elə tam olaraq burdan yola çıxır. Greysin qulluqçulara qanı qaynamasa da, onları işə qəbul edir. Üçü də sakit, az danışan, həm də qəribə adamlardı.
Greysin qızı Enni evdə başqa adamların var olduğunu və Viktor adlı xəyali dostu olduğunu qardaşı Nikolasa deyəndə qardaşı çox qorxur. Ruh deyil, ruhlar ağ geyimli və zəncirli olur. Qardaşı anasına xəbər verir. Greys çarə olaraq uşaqlara “İncil”i daha çox və yüksək səslə oxutdurur. Qızına yalan danışanlar ərafa gedəcək deyir. Qızı isə bunu inkar edərək ərafa vaftiz olunmayan (günahlardan təmizlənmək üçün alının və ya bədənin isladılması) uşaqlar gedir, deyir. Qulluqçuya da “İncil”dəki qanunlara inanmadığı barədə danışır.
Greys qızının sözünə inanmır. Əksinə qızını cəzalandırır. Amma qısa zaman içində evdə qəribə şeylər baş verdiyini duyur. Digər otaqda qıfıllanaraq çalınması qadağan olunan bir pianino var. Ancaq evdən piano səsləri gəlir. Greys qorxmağa başlayır. Bu hadisəni qulluqçu qadın sakit şəkildə qarşılayır. Həm də bu ev satılmamışdan əvvəl qulluqçular burda işləyib və evi yaxşı tanıyırlar. Greysin qızı Enni vərəqdə gördüyü adamların rəsmini çəkir. Onların içində Viktor adlı uşaq, ana, ata və ilana bənzər saçı olan kor bir qadın var. Əslində o qədər də qorxunc deyil. Qadın gecəni yatmır, əlində tüfəng keşik çəkir. Köhnə ev sahibinin istifadə olunmayan əşyaları yığılmış otağa girir. Burada hər şey ağ çarşala örtülüdü. Qəribə bir fotoalbom tapır. İçindəki fotoşəkillərin hamısı sanki yatır. Keçmiş illərə aiddir bu şəkillər. Sanki ölüyə bənzəyirlər həm də. Greys qulluqçu qadından “Bu fotoalbomdakı adamlar niyə yatır?” deyə soruşduqda qadın cavab verir ki, onlar yatmır, onlar ölüdü. Bu, ölülər albomudu. Ötən yüzillikdə olan bir inanca görə, ölülərin fotolarını çəkərək ölümsüzləşdirirdilər. Sevdiklərinin ölümü insana ən qəribə şeyləri etdirə bilər. Və Greys foto-albomu yandırtdırır. Greys qulluqçu qadına evdə özgə biri olduğunu deyir.
O, insan deyildi sanki. Evdə çox qəribə hüzur verməyən bir şey var. “Mənə inanmırsan, yəqin ki, çünki mən də belə şeyə inanmırdım” deyir Greys. Ancaq qulluqçu qadın mən belə şeylərə hər zaman inandım, deyir. Bəzən ölülərin dünyası yaşayanların dünyası ilə qarışa bilər. Hər zaman hər şeyin cavabı yoxdu.
Greys qorxuya düşür və qərara gəlir ki, rahiblə görüşsün. Dumanlı havada evdən çıxır. Və dumana qarışıb yolunu itirir. Qulluqçular həyətdə xəzəlləri qəbir daşlarının üstünə toplayırlar. Zamanı gələndə açarıq qəbri, deyirlər. Elə bu səhnədə qulluqçuların bir iş çevirdiyi hiss olunur. Amma nə? Yenə müəmmalıdı.
Qəribədir, təsadüfdən, ya zərurətdən Greys duman çökmüş meşədə həyat yoldaşına rast gəlir. Durduğu yerdə yoldaşına sis dumanın içində niyə rastlaşsın ki, bəlkə, o da bir ölüdü, yaşayanların dünyasına qarışıb. Onun gözlərinə bir baxın. Müharibənin dəhşətlərini, aldığı sarsıntıları baxışlarında necə əks elətdirib. Aktyor oyunu, rejissor işi bax budu, deyirəm. Sanki müharibədəki adamlar onun gözlərində, baxışlarında ölüb. Dəhşətdi, ölü baxışlardı. Bu baxışı ifadə etməyə cümlə tapa bilmirəm.
...Və duman çəkilir, onlar öz malikanələrinə qayıdırlar. Yox, elə bilməyin ki, film bitdi.
Uşaqlar da atalarını qucaqlayır. Müharibədən suallar verir, adam öldürüb-öldürmədiyini soruşurlar.
Yuxarıda demişdim axı, bu dinlə bağlı filmdi həm də. Bir neçə səhnədə hiss etsək də, indi yazacağım səhnədə bu, tam açıq bəlli olur. Masada Greys və uşaqları yemək yeyirlər. Enni anasına sual verir ki, savaşda ölənlər bəs hara gedir? Cənnətə? Anası cavab verir ki, yaxşı və pis tərəfdə düşmən olduqlarına görə dəyişir. Atanız İngiltərənin azadlığı üçün yaxşı tərəf sayılır. Enni o möhtəşəm sualını verir: “Yaxşı və pis tərəfi hardan bilirsən?” Ana cavab verə bilmir. Siz savaşa getmiyəcəksiniz. (gün işığı məsələsi) Nikolas deyir, biz heç bir yerə gedə bilməyəcəyik. Çox detallara varmayım ki, filmə də baxa biləsiniz.
Bir səhər ana uşaqlarının qışqırıq səslərinə tərəf qaçır. Görür ki, evin bütün pərdələri açılıb. Uşaqlarını qorumaq üçün onlara qaranlıq bir ortam yaradır. Pərdələri axtarmağa başlayır. Qulluqçulara əsəbiləşir ki, sizdən başqa kim aça bilər axı pərdələri. Qulluqçu qadın deyir ki, uşaqları işığa çıxartmasan, onların sağalıbsağalmadığını necə biləcəksən. Amma pərdələri biz götürməmişik, evdə yaşayan başqaları götürüb. Qadın əsəbiləşir, qulluqçuları qovur. Evi ələk-vələk edir. Tapa bilmir. Burda qeyd edim ki, rejissor işinin möhtəşəmliyi, ucuz qorxuducu kadrların olmadığı estetik bir mənzərə ilə qarşılaşırıq. Qaranlıq otaqda bir insan görürük, elə bilirik, axır ki, əcaib varlığı görə biləciyik, amma lampa yananda görürük ki, tablodakı adamın simasıdı. Necə də estetik bir səhnədir. Greysin, nəhayət, axtarmadığı bir otaq qalır. Pərdələr qulluqçunun otağında ola bilər. Qulluqçunun otağını axtarmağa başlayanda foto tapır. Yatmış üç adam. Dilsiz qız, qoca kişi və qulluqçu qadın. Aman Allah, onlar da bir ölü imiş! Düyümlər çözüldü, sanırıq, amma yox, siz hələ sürpriz sona baxın.
Uşaqlar həyətdəki qəbirlərin qulluqçuya aid olduqlarını görürlər... Qapını bağlayırlar. Qulluqçular qapı arxasından sakit şəkildə danışırlar, evə keçmək istəyirlər, çünki evdə başqa ölülər də var. Onlara zərər yetirə bilərlər. Onu da qeyd edim ki, qulluqçular vərəmdən ölüblər. Uşaqlar şkafda gizləniblər. İlansaçlı kor qadının nəfəsi qaranlıq şkafdan uşaqların qulağını qıdıqlayır. Anası qışqırıq səsinə gəlir. Otaqda bir neçə adam yumru masanın ətrafına yığışıb. Kor qadın vərəqə nəsə çəkərək trans halında olanları çözməyə çalışır. Enniyə deyir ki, siz ölüsüz. Uşaqlar qışqırır ki, yox, biz ölü deyilik! Kor qadın trans halında olduğu zaman özü belə hürkür. Bu necə ola bilər? Digər ölü qadın deyir ki, biz bu evdə yaşaya bilmərik. Qeybə çəkilirlər. Viktor da ailəsi ilə birgə bu malikanəni tərk edir. Hər şey indi aydın olur: Greys nə vaxtsa dəli olub, öz uşaqlarını boğub.
Greys uşaqlarını qucaqlayır və deyir: “Öncə anlamadım yastığın mənim əlimdə olduğunu, niyə tərpənmədiniz? Uşaqlarımı öldürmüşdüm. “İncil”i götürdüm və oxumağa başladım. Sonra tətiyi çəkdim. Sonra sizin gülüş səslərinizi eşitdim. Sanki heç bir şey olmamış kimi yastıqla oynayırdınız. Düşündüm ki, bu, Tanrının bir lütfüdü. Mənə ikinci bir şans verib. Güclü ol, sən anasan, deyirdi Tanrı. Necə oldu? Biz, biz... hardayıq? Nikolas deyir, atam savaşda öldü? Onu yenə görəcəyik? Enni deyir, əgər ölmüşüksə, bəs əraf hanı? Bura ərafdısa, cənnət-cəhənnəm hanı? Anası deyir, sizi sevməkdən başqa heç nə bilmirəm. Və bu ev bizimdi. Təkrarlayın. Bu ev bizimdi. Bu ev bizimdi. Bu ev bizimdi.