SEVİNCİ OLMAZ
Kölgəsiz xatirəsən,
Ayaq səslərini
Bir kimsə eşitmir.
Geriyə dönməyə dəyməz,
Gəldiyin dar küçələrdə
Tənhaların göz yaşları
İlan-ilan sürünür...
İntihar qoxuyan pıçıltılar,
Ümidsiz əllər,
Yolçusuz yollar.
Bəlkə, bu alın yazın
Qurd-qurd ulayan ağrılardır.
Səni sükut sevmir,
Göz yaşların sənin necə
Talesiz olduğundan danışır.
Nə bir dostun,
Nə bir doğman tapılar.
Taleyin ümidinə yaşayanların
Sevinci olmaz.
BİR DƏ İTİRDİKLƏRİM
Qoynuna
Sığındığım arzular
Ürəyimə təsəllidir.
Hələ açılmayan səhərlər,
Uğurlu,
Uğursuz sabahlar.
Buludsuz göy üzü,
Yaz havası,
Səssiz-səmirsiz ötüşən vaxt,
İçimdəki sükut.
Bir də itirdiklərim...
UĞURSUZ TALE
Bu da boyuna biçilən
Uğursuz tale.
İçini göynədən,
Gerçəkləşməyən arzular,
Bir az da ümidsizlik.
Yağışın pıçıltısı
Qəlbinə ən böyük təsəllidir.
Bürün gecənin qaranlığına,
Göz yaşların
Payız qoxuyur.
Səni bir kimsə anlamaz,
Sən doğmalara
Yad olduğun kimi,
Doğmalar da sənə yaddır.
Bu da boyuna biçilən
Uğursuz tale...
KEÇİB GEDƏR ƏBƏDİ
Bu da dostumun dilindən
Süzülən “təsəlli” sözü.
Hopur yaddaşıma
Söz-söz,
Sətir-sətir…
Yaddaşım payız yağışı deyil,
Bir az bahar ətirli,
Bir az torpaq qoxuyur.
Qaranlıqlar düşmənim,
Sükutu sevmirəm mən.
Üstümə çökən bu duman da çəkilər.
Bir az dözüm,
Bir az tab.
Bir az da vaxt, səbir...
Keçib gedər bu ağrı,
Keçib gedər əbədi...
HƏVƏSİM DƏ QALMAYIB
Bu yağışın altında
Neçə səs öldü.
Gözlərimin
Qarasına bürünən xatirələri
Bir kimsə oxuya bilməz.
Birgə ötdük bu yolu,
Döydüyümüz qapılar
Üzümüzə açılmadı.
Zaman bir ağac deyil,
Dura yerində belə.
Vaxt da ötür, əzizim,
Daha güzgülənməyə
Həvəsim də qalmayıb.
AYAQ SƏSLƏRİM
Əlindən düşüb qırılan
Bu küçə,
Bir kimsəsizin son harayıdır.
Son ümidi də belə qırıldı,
Daha bu bahar əvvəlkitək olmayacaq.
Yağışı bol payızın da
Dadı itəcək...
Küləyi sevməyən yalqızların
İçində bir payız fəsli,
Xoş bir sözə həsrət qalan
Küçələr.
Və o küçələrdə,
Ümid-ümid can verən
Ayaq səslərim...
TALESİZ DOĞULANLARIQ
Dostum, dünyaya
Yorğun-yorğun baxan
O yol, o ağac,
Bəlkə də, taleyimizi oxuyur.
Yol ömrü,
Ağac taleyi yaşaya bilmədik,
Dəniz olmaq da mümkün deyilmiş.
Qulağımıza axan səslər
Keçmişi xatırladır.
Qarşıdakı o qapı
Kimə dost,
Kiməsə düşmən kimidir...
Sus, o qapı
Danışanları sevmir.
Gözümüzü yoran bu yuxusuzluq
Başımızın üstündə dayanan bulud kimidir –
Dərdi olmayanlar bizi duymaz,
Biz bəxtsiz,
Talesiz doğulanlarıq...
ALIN YAZIMIZDIR
Kimi bu yolu sonacan
Yeriyib gedər.
Kimi yarıda yorular,
İçində son ümid də qırılar...
Səssiz-səmirsiz...
Döyməyə bir qapı da olmayacaq.
Ünvansız tənha insan,
İtirdiklərin torpağa qarışıb.
Yaddaşında bir səs titrəyir –
Alnı qırışmış,
Saçları bəmbəyaz bir səs.
Bir az doğma,
Bir az da yad qoxuyur.
Yalqızların içində
Xatirələr ulayır.
Sus!
Bu yer üzü danışanları sevmir.
Sükut bayraq- bayraq dalğalanır,
Kölgəsində
Hönkür-hönkür ağlayan
Alın yazımızdır.
QURTULMAQ OLMUR
Hardasa dənizi xatırladır
Göy üzü –
Buludlar dalğalar kimi…
Axır bir fikir gəmisi.
Xəyalımda sən…
Və bir-bir yadıma düşən
Xatirələr.
Sükutu sevməmişdin.
Bu təklik,
Bu tənhalıq
Alın yazın imiş.
Taledən qurtulmaq olmur.
Bu səs hələ zaman-zaman
Qulağından getməyəcək.
Bir az torpaq,
Bir az da qan qoxuyur.
Yaxama sarılan tənhalığımdır,
Bir addım bəri gəl,
Qızınaq bu sevincə;
Gecə uzun,
Sükutdan qurtulmaq olmur...
TƏNHA İNSANLAR KİMİ
Ardımca
Göz yaşları süzülən,
Üzümə
Açılmayan qapı...
Hardasa peşmansan.
Taleyinə uduzmuş,
Ümidi hər şeydən üzülən
Tənha insanlar kimi...
Nə üzünə gülən var,
Nə halını soruşan.
Kiri sən də,
Axıtma göz yaşını,
Vaxtından tez
Yarpaqları tökülən ağac,
Ümidim kimi kölgəsizsən.
Daha budağına
Bir quş da qonmaz.
Unudularsan
Taleyinə uduzmuş,
Ümidi hər şeydən üzülən
Tənha insanlar kimi...
ANLAMAZ
BİR KİMSƏ MƏNİ
Kölgəsində
Dincəldiyim o ağac
Sənə bənzəyirdi.
Bir az kövrək,
Bir az naxoş,
Bir az da payızın küləyindən
Bezikmiş kimi...
Ötən çağları xatırladıqca
Qəhərdən boğulurdu.
Ağacdı deyə, bir kimsə duymurdu,
Səni də bir kimsə duymaz.
Kiri, ağac-ağac,
Yarpaq-yarpaq...
Göy üzündə
Buludlar qoy dağılmasın.
Özünü itirmiş bir səs
Bir ömür arxanca yüyürər.
Xatirələr məzar qoxuyar,
Anlamaz bir kimsə səni...