TEATR FƏALİYYƏTİNƏ GÖRƏ ƏDƏBİYYAT MÜKAFATI
Ədəbiyyat üzrə Nobel mükafatları veriləndən 1934-cü ilə qədər
İtaliyanın iki nümayəndəsi bu ali mükafata layiq görülmüşdü. Onlardan
birincisi bu ödülü 1906-cı ildə qazanmış görkəmli dramaturq Cozue Karduççi,
ikincisi isə 1926-cı ilin mükafatçısı xanım Qratasiya Deledda idi. Nəhayət,
1934-cü ildə Nobel Mükafatları Komitəsinin qərarı ilə İtaliya yazıçısı – şair,
nasir, dramaturq, teatr xadimi, ədəbiyyatşünas Luici Pirandello “səhnə və dram sənətinin
tərəqqisində göstərdiyi yaradıcılıq cəsarəti və bədii tapıntılara
görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.
İsveç Akademiyasının üzvü Per Halström müzakirə zamanı İtaliya yazıçısının namizədliyini müdafiə edərək onun “adi bir psixoanaliz cəhdi əsasında maraqlı pyeslər yaratmağı” bacardığını xüsusi vurğulamış, bu cəhətin onun yaradıcılığının əsas məziyyəti olduğunu bildirmişdi. Mükafatın italyan yazıçısına verilməsi barədə. Formulanın mətnindən də aydın göründüyü kimi, bu ödül ona, bəlkə də, yeganə hal olaraq iki sənət sahəsində qazandığı uğurlara görə verilirdi – teatrda və dramaturgiyada. Məsələ bundadır ki, L.Pirandello pyesləri fərqli dillərə tərcümə edilən, müxtəlif ölkələrin nüfuzlu teatrlarında tamaşaya qoyulan görkəmli dramaturq olmaqla bərabər, həm də bu pyeslərin çoxunu ilk olaraq özü tamaşaya hazırlayan, teatr sənətindəki novator əməlləri ilə bütün dünyaya səs salan böyük bir teatr rejissoru idi. Etiraf etmək lazımdır ki, onun teatrdakı uğurları ədəbiyyat sahəsindəkilərdən daha sanballı idi və sənətkar dünya şöhrətinin çox hissəsini məhz səhnə sənəti sayəsində qazanmışdı. Mütəxəssislərin qənaətinə görə, L.Pirandellonun teatr yaradıcılığı olmadan bu sənətin XX əsrdəki inkişaf və tərəqqisini ümumi şəkildə dəyərləndirmək mümkün olmazdı. Məhz onun teatr sənətinə gətirdiyi yeni prinsiplər sonralar bütün dünya incəsənətində bu sahədə aparıcı rol oynayan B.Brext teatrının meydana gəlməsi üçün ilk impulsları vermiş oldu.
Fikrimizi əyaniləşdirmək üçün belə bir müqayisə aparaq: L.Pirandellonun dram əsərləri dövrün ədəbi inciləri sırasında yer alsa da, onu müasirləri olan böyük dramaturqlarla – Nobel mükafatı qazanmış Moris Meterlink (Belçika) və Herhard Hauptmanla (Almaniya), daha artıq layiq olsalar da, bu mükafatı almamış Henrik İbsen (İsveç) və Anton Çexovla (Rusiya) yanaşı qoyanda rəqabətdə onların daha üstün olduğunu görürük. Digər sənət sahəsində – rejissorluqda isə belə bir müqayisə aparsaq, L.Pirandellonun adının dünya miqyaslı böyük teatr qurucuları Konstantin Stanislavski (Rusiya) və Bertolt Brextlə (Almaniya) bir sırada çəkildiyinin şahidi olarıq. Yəni teatrşünaslar bu sahədə L.Pirandello məktəbindən geniş bəhs etdikləri halda, ədəbiyyatşünaslar dramaturgiyada L.Pirandello məktəbindən söz aça bilmirlər. Həm də bir peşəkar kimi onun yaradıcılıq marağı, çoxlarından fərqli olaraq, dramaturgiyadan teatra doğru yox, məhz teatrdan dramaturgiyaya doğru inkişaf edib.
Luici Pirandello 1867-ci il iyunun 28-də İtaliyanın Siciliya əyalətində, Aqricento şəhərində varlı sahibkar ailəsində dünyaya gəlmişdi. Atası Stefano kükürd mədəninin sahibi idi. Gələcək yazıçı ilk təhsilini ev şəraitində almışdı. Onun tanış olduğu ilk ədəbiyyat nümunələri qoca xidmətçi qadın Mariya Stellanın danışdığı nağıllar idi. 1880-ci ildə Stefanonun ailəsi Siciliyanın mərkəzi Palermo şəhərinə köçür və Luici burada gimnaziya təhsili alır. Gimnaziya illərində onun bədii ədəbiyyata marağı daha da güclənir, dil və ədəbiyyat fənlərini dərindən öyrənir, özü də ilk şeirlərini yazmağa başlayır. Bu şeirlərdə o, xalası qızı Lindaya bəslədiyi ilk məhəbbət duyğularını vəsf edirdi.
1886-cı ildə gimnaziyanı bitirdikdən sonra Luici Palermo Universitetinin hüquq fakültəsinə daxil olur. Atası oğlunun humanitar təhsil almasının əleyhinə idi. O, Luicini öz davamçısı kimi görür, texniki təhsil alaraq ailənin mədən işini davam etdirməsini istəyirdi. Həm bu amil, həm də ailə başçısının Luicinin xalası qızı ilə evlənmək istəyinin əleyhinə olması ata ilə oğul arasında münasibətlərin korlanmasına səbəb olur. Atanın ixtisasla bağlı təkidləri də əks effekt verir və 1887-ci ildə Luici həm Linda, həm də atası ilə əlaqəni kəsərək evdən gedir və Roma Universitetinin filologiya fakültəsinə daxil olur. Roma həyatı gəncin təsəvvür etdiyindən çox fərqli olduğuna görə gələcək yazıçını məyus edir. Onu razı salan isə şəhərin çox zəngin teatr mühitinin olması idi. Luici onun üçün yeni olan bu sənət növünə məftun olur və ürəkdən bağlanır. Demək olar, hər axşam Roma teatrlarının tamaşalarını seyr edən filoloq tələbə tədricən bu sənətin spesifikasını anlamağa başlayır və bu təsir altında ədəbi yaradıcılıq sahəsində dramaturgiyaya marağı da güclənir.
İki ildən sonra klassik filologiyanı daha dərindən öyrənmək niyyəti ilə təhsilini Almaniyanın Bonn Universitetində davam etdirməyə başlayır. Burada oxuduğu müddətdə alman dilini və klassik Avropa ədəbiyyatını dərindən öyrənir, almancadan italyan dilinə tərcümələr edir, fəal bədii yaradıcılığa başlayır. Təhsilini başa vurduqdan sonra atası ilə barışaraq vətənə qayıdan L.Pirandello, 1888-1890-cı illərdə Roma ədəbi mühitinə daxil olmağa, burada yaşayan yazıçı və jurnalistlərlə münasibət qurmağa çalışır. Bədii yaradıcılığını davam etdirməklə yanaşı, 1891-ci ildə italyan dilinin Siciliya dialekti mövzusunda dissertasiya müdafiə edərək filologiya doktoru elmi dərəcəsi alır və Roma humanitar kollecində müəllim işləməyə başlayır. 1898-ci ildə çalışdığı kollecin professoru seçilir və 25 il bu vəzifəni tutaraq elmi-pedaqoji yaradıcılığını da davam etdirir. Bu müddət ərzində tədris etdiyi fənlər üzrə bir neçə elmi əsər, dərslik və tədris vəsaiti nəşr etdirir. Bu əsərlər onun klassik və müasir ədəbiyyatın bədii-estetik problemləri üzrə elmi qənaətlərini əks etdirirdi. Demək lazımdır ki, yazıçının ədəbi və elmi yaradıcılığı bir-birini təbii şəkildə tamamlayır. L.Pirandello cəmiyyətin sosial, insanın psixoloji problemlərini ədəbi əsərlərində bədii obrazlar vasitəsilə əks etdirdiyi kimi, elmi məqalə və esselərində də onlara estetik cəhətdən yanaşaraq nəzəri şərhinə nail olur. Elmi əsərlərində yazıçı, təbii ki, ilk növbədə öz yaradıcılıq mövqeyini, konsepsiyasını ifadə edirdi.
1894-cü ildə atasının tanıdığı zəngin bir ailədən olan Antonietta adlı qızla evlənir. Bu evlilikdən onların iki oğlu, bir qızı dünyaya gəlir. Lakin xanımın ərinə son dərəcə inamsız yanaşması, psixoloji pozuntu həddinə çatan qısqanclığı ailənin xoşbəxt şəraitdə yaşamasına mane olur. Bununla belə, L.Pirandello ailə qurandan sonra da, heç nəyə baxmadan, məhsuldar yaradıcılıq fəaliyyətini dayandırmır, jurnalistika ilə məşğul olur. 1897-ci ildə italyan dili kursu açır, 1898-ci ildə “Ariel” adlı jurnalın nəşrinə başlayır və bundan sonra yeni əsərlərini əsasən həmin jurnalda dərc etdirir.
Qeyd etdiyimiz kimi, bədii yaradıcılığa poeziya ilə başlayan L.Pirandellonun “Fərəhli ağrı” adlı ilk şeir kitabı 1889-cu ildə nəşr olunur. Buradakı şeirlərdə Nobel mükafatçısı C.Karduççinin təsiri aydın duyulur. Bundan sonra daha çox nəsr yaradıcılığına bağlanan yazıçının “Sevgisiz məhəbbət” adlı ilk hekayələr toplusu beş ildən sonra – 1894-cü ildə çap edilir. Yazıçının nəsr və dramaturgiya yaradıcılığının bu mərhələsi XIX əsrin sonları – XX əsrin əvvəllərində İtaliya incəsənətində – ədəbiyyat, rəssamlıq, teatr və musiqi sahələrində aparıcı rol oynayan verizm cərəyanının təsiri altında keçmişdir.
Verizm – dünyaya daha çox fransız mədəniyyəti vasitəsilə tanış olan naturalizm cərəyanının italyan versiyası kimi dəyərləndirilir. Bu yaradıcılıq məktəbləri estetik prinsipləri və ifadə tərzlərinə görə tam eyni olmasalar da, bir-birinə çox yaxındırlar. Hər ikisində başlıca yaradıcılıq tələbi həyat hadisələrini, xüsusən sosial və psixoloji məqamları həqiqətə maksimal dərəcədə uyğun şəkildə əks etdirməkdir. (Sözün terminoloji mənası “düz”, “doğru”, “həqiqi” semantikasını bildirən latın mənşəli “vero” kökündən götürülüb. Rus dilindən bizə tanış olan “вера”, “верить”, “верно”, “верность”, “верный” sözləri də bu kökdəndir.)
L.Pirandello realizmi həyat həqiqətini əks etdirməyin yeganə mümkün (və əlverişli) yolu saymırdı. O, sənətkar üçün ətrafdakı real aləmi əks etdirməkdənsə, ətrafda yeni aləm, yeni reallıq yaratmağı üstün tuturdu. Buna görə də onun əsərlərində müəyyən mistika elementlərinə də təsadüf olunur. Bu cür yanaşma onun dram yaradıcılığının ən yaxşı nümunələrindən sayılan “Müəllif axtaran altı personaj” pyesində xüsusilə qabarıq müşahidə edilir. Onu da demək lazımdır ki, bu “yeni” – təxəyyül reallığını səhnədə canlandırmaq real aləmi əks etdirməkdən daha çətindir və rejissordan öz sənətinin qüdrətinə xüsusi inam tələb edir. L.Pirandello real dünya ilə “teatr dünyası” arasındakı bu kontrastı heç zaman yaddan çıxarmır, hətta pyeslərinin remarkalarında belə nəzərə alırdı. Məhz bu cəhətlərə görə, o, dünya miqyasında avanqard teatr cərəyanının yaradıcılarından biri sayılır.
Yazıçının verizm prinsiplərinə uyğun yazılmış hekayələri təxminən iki onilliyi əhatə edir. Onların çoxunu müəllif 1922-ci ildə nəşr olunmuş, bu dövrün yekunu kimi nəzərdə tutduğu “Bir illik novellalar” kitabına daxıl etmişdi. Bu əsərlərdə yazıçı müasiri olan insanların məişətini, sosial qayğılarını əks etdirməyə çalışır, cəmiyyətin mənəvi prinsiplərdən uzaqlaşan nümayəndələrini tənqid edirdi. Məsələn, “Bəxtəvərlər”, “Xeyir-dua” kimi hekayələrində yazıçı öz məkrli niyyətlərini zahiri mərhəmət görüntüsü arxasında pərdələyən din xadimlərini satirik qələmlə ifşa edir. “Qara örpək” hekayəsində köhnə fikirli kənd adamlarının qurbanı olan qarımış qızın acı taleyini, “Dar frak” hekayəsində maddi qazanc xatirinə bütün mənəvi dəyərləri tapdalayan tamahkarları, eyni zamanda onların mövcudluğunu təmin edən ictimai reallığı tünd boyalarla təsvir edir. Məsələn, “Qatar fiti” hekayəsinin qəhrəmanı cəmiyyətin insanları saxtalığa, yalana sövq edən qayda-qanunlarına uyğunlaşmaq xatirinə öz normal, sağlam düşüncəsini itirir. “Əlahəzrət” və “Axmaq” hekayələrində isə siyasi oyunlara qoşularaq normal yaşayışlarını itirib özlərini gülünc vəziyyətə salan insanların dramatik həyatı təsvir olunur. “Mehmanxanada ölüm” hekayəsində müəllif ümumən dünyanı insanların gəlib, bir müddət qalıb, sonra çıxıb getdikləri qonaq evi kimi dəyərləndirir. L.Pirandellonun hekayə yaradıcılığı üçün ümumən pessimist əhval-ruhiyyə səciyyəvi olsa da, o, humanist ideyalardan uzaqlaşmır, insan duyğularını təbii həyat reallıqları zəminində əks etdirməyi üstün tutur. Buna görə də onun hekayələrində insanın psixoloji aləminin təsviri dərinləşdikcə sosial mühitin tənqidi də güclənir.
Yazıçının nəsr yaradıcılığı çoxsaylı hekayələrdən əlavə, altı romanı da əhatə edir. Onun romanları içərisində ən çox oxucu marağı qazananı avtobioqrafik detallarla zəngin olan “Qocalar və cavanlar” (1909) əsəridir. Peşəkar ədəbi tənqid isə ədibin “Mərhum Mattia Paskal” (1904) romanını sənətkarlıq baxımından daha yüksək qiymətləndirir. Bu əsərdə müasir cəmiyyətdə insanların “sosial maska”sı ilə əsl siması arasındakı ziddiyyətli fərqlər bədii araşdırma hədəfi kimi götürülmüşdür. Romanın süjet xətti L.Tolstoyun “Canlı meyit” pyesini xatırladır. Əsərin qəhrəmanı özünü ölmüş kimi qələmə verərək başqa ad altında “həyata qayıdır” və həqiqətən, başqa bir şəxs kimi həyatı yenidən başlamağa, yeni bir ömür yaşamağa çalışır. Böyük sələfi kimi, L.Pirandello da belə bir qənaətə gəlir ki, taleyi aldatmaq, alın yazısından qaçmaq olmaz.
XX əsr Pirandellolar nəsli üçün son dərəcə uğursuz başladı. 1903-cü ildə ailənin, demək olar, bütün maddi gəlirini təmin edən kükürd mədəni təbii fəlakət nəticəsində dağılır. Bununla da L.Pirandellonun atasından aldığı maliyyə dəstəyi tamam kəsilir. O, ailəsinin dolanışığını təmin etmək üçün ikiqat qüvvə ilə işləməli, pedaqoji fəaliyyətini genişəndirməli olur. Bunlardan əlavə, yaradıcılıq və nəşriyyat işlərini də gücləndirməyə çalışır. Elə həmin il həyat yoldaşının səhhəti kəskin şəkildə pisləşir, ağır psixi sarsıntı keçirərək ruhi xəstəliyə tutulur. Ev şəraitində bir neçə illik müalicənin fayda vermədiyini görüncə onu psixiatrik xəstəxanaya qoyurlar və zavallı qadın bütün qalan həyatını xəstə yatağında keçirməli olur.
Nəsr sahəsinə aid hekayə və romanları ilə ciddi yaradıcılıq uğurları və şan-şöhrət qazanmasına baxmayaraq, L.Pirandello bir yazıçı kimi ilk növbədə dramaturq idi. Onun düşüncə tərzi də, yazı manerası da, yaradıcı təxəyyülü də öz yerini hər şeydən əvvəl dramaturgiya zəminində tapır, burada daha “rahat nəfəs ala” bilirdi. Digər tərəfdən, zəka və ruhən daha çox bağlı olduğu teatr sənəti də onu məhz dram yaradıcılığına sövq edirdi. Bir neçə gənclik təcrübəsini nəzərə almasaq, peşəkar yazıçı kimi L.Pirandello “Əgər belə deyilsə” adlı ilk pyesini 1910-cu ildə qələmə almış, bundan sonra yaradıcılıq fəaliyyətini əsasən bu ədəbi növə həsr edərək bütövlükdə 44 dram əsəri yazmışdı. Onun bir çox pyesləri daha əvvəl yazılmış hekayələrin məzmunu əsasında qurulub. Dramaturgiyasının ilk dövründə məişət mövzusunda yazılmış komediyalar üstünlük təşkil edir. Lakin o, ustad dramaturq ad-sanını yalnız öz teatrının prinsiplərinə uyğun psixoloji dramlar yazmağa başlayandan sonra qazana bildi. Bu əsərlərdə ailə-məişət problemləri öz yerini fəlsəfi-psixoloji düşüncələrin əks etdirilməsinə verir. Məzmun baxımından isə bu əsərlər insanın sosial maskası ilə onun real (həqiqi) siması arasındakı paradoksal ziddiyyətlərin təhlilinə həsr olunmuşdu.
Bu əsərlərin möhtəşəm uğurunu təmin edən başlıca amil onların məhz teatr üçün yazılmasında, məhz canlı tamaşa formasında təqdimat üçün nəzərdə tutulmasında idi. Teatrla ədəbiyyatın bu cür üzvi vəhdəti L.Pirandello sənətinin mahiyyətini təmin edən və üzə çıxaran əsas faktordur. L.Pirandellonun dram əsərlərinin bədii gücü, estetik dəyəri özünü kağız və kitabdan daha artıq tamaşa və teatrda göstərir. Bu əsərlərin başqa dramaturqlara nəsib olmayan əsas məziyyəti də müəllifin onları bir yazıçı kimi qələmə alarkən həm də bir rejissor kimi səhnədə “görməsi”, teatr sənətinin şərtlərini, tələblərini əvvəlcədən nəzərə alması idi. Dramaturgiya ilə teatrın bir-birini bu cür təbii şəkildə tamamlamasını başqa heç kimin yaradıcılığında müşahidə etmək mümkün deyil. Bu cəhətlər bir daha təsdiq edir ki, L.Pirandellonun yaradıcılığında dram sənəti teatr sənətinə borclu idi. Ümumiyyətlə, onun yaradıcılığı belə bir yazılmamış qanunu bir daha təsdiq edir ki, yaxşı dram əsərini yalnız teatrı yaxşı bilən müəllif yarada bilər. Dramaturgiyanın bir ədəbi növ kimi lirika və eposla müqayisədə spesifikliyi və mürəkkəbliyi də məhz bundadır.
“Əgər belə deyilsə” pyesi əsasında ilk teatr tamaşası 1915-ci ildə hazırlanan L.Pirandello bununla da öz yaradıcılığının əsas magistral yoluna qədəm qoymuş oldu. Bundan sonra əsas yaradıcılıq enerjisini dramaturgiyaya yönəldən yazıçı 1915-ci ildən başlayaraq cəmi altı il ərzində hər biri səhnədə böyük uğur qazanan 16 dram əsəri yazır. İlk pyeslərinin tamaşaya hazırlanması prosesində teatr sənətinin incəliklərini daha dərindən öyrənən L.Pirandello çox keçmir ki, özünü rejissorluq sənətində də sınamaq qərarına gəlir və hazırladığı ilk tamaşalar onun bu sahədə də böyük istedad sahibi olduğunu təsdiq edir. Həmin illər həm dramaturq, həm də rejissor kimi L.Pirandellonun yaradıcılığında ilk zəfər dövrü idi. Bu əsərlər müəllifin adının təkcə öz ölkəsində deyil, onun hüdudlarından kənarda da tanınmasına imkan yaratdı. Məsələn, dünya miqyasında modern dramaturgiyanın incilərindən sayılan “Müəllif axtaran altı personaj” pyesi 1921-ci ildə Londonda və Nyu-Yorkda böyük uğurla tamaşaya qoyulur. 1922-ci ildə onun dramaturji yaradıcılığının zirvəsi sayılan “IV Henrix” tarixi dramının ilk tamaşası fenomenal müvəffəqiyyətlə baş tutur.
1923-cü ildə İtaliyada hakimiyyətdə olan faşist partiyasına üzv yazılan L.Pirandello 1924-cü ildə partiyanın rəhbəri, ölkənin baş naziri B.Mussolininin köməyi ilə yaratdığı İtaliya Milli Bədaye Teatrının bədii rəhbəri təyin olunur. 1925-ci ildə Avropa, 1927-ci ildə Cənubi Amerika ölkələrinə təşkil olunan qastrol səfərlərində həm öz, həm də çağdaş İtaliya və dünya dramaturqlarının əsərləri əsasında hazırlanmış tamaşalarla böyük uğurlar qazanılsa da, faşistlərin ideoloji tələblərinə cavab vermədiyinə görə həmin ilin axırında teatrın fəaliyyəti dayandırılır. 1928-ci ildə L.Pirandello faşist partiyasının sıralarını tərk edərək siyasi mənsubluqdan imtina etdiyini bildirir. Hətta ölkəni tərk edərək bir müddət Parisdə, sonra Berlində yaşayır. Yalnız 1932-ci ildə B.Mussolininin şəxsi xahişi ilə İtaliyaya qayıdır. Bir neçə il faşist partiyasının üzvü olmasına görə böyük sənətkarı qınamağa, ittiham etməyə tələsməyək. O illərdə faşizmin nə olduğunu bu gün bizim bildiyimiz mənada anlamaq asan deyildi. Əslində, insanlar faşizmin əsl irticaçı, anti-humanist mahiyyətini yalnız Almaniyada nasistlər hakimiyyətə gələndən sonra başa düşdülər. 20-ci illərdə isə, xüsusən İtaliyada bu partiya sosial ədalət və milli qürur şüarları ilə ortalığa atılmış avantürist bir təşkilat kimi qavranılırdı. Digər tərəfdən, daha çox yaradıcı ziyalılar arasında öz işinin, planlarının reallaşması xatirinə hakim partiya ilə müəyyən həddə qədər yaxınlaşmaq taktikası hər yerdə və həmişə müşahidə olunan bir haldır. Tədqiqatçılar da onun faşistlərə yaxınlaşmasını əqidə, amal bağlılığı kimi yox, taktiki gediş kimi qiymətləndirirlər.
Faşizmin hökmran olduğu bir cəmiyyətdə L.Pirandello yaradıcılıq azadlığını qorumaq, əsərlərini rejimin ideoloji basqısından xilas etmək üçün sətiraltı mənalar əsasında qurulmuş ədəbi priyomlardan daha geniş istifadə etməli olurdu. O vaxta qədər “sosial maska” priyomundan geniş bəhrələnən yazıçı “Bir, heç neçə və yüz min” adlı fəlsəfi romanında belə bir ideyanı təlqin edir ki, çağdaş cəmiyyətdə insanın yeganə real siması, ümumiyyətlə, yoxdur, hər şey onun özünü digər insanlara necə göstərməsindən, necə tanıtmasından asılıdır. Bu cəhət yazıçının həmin dövrdə yazılmış “IV Henrix”, “Hər kəs özü üçün”, “Bu gün improvizə edirik” kimi dram əsərlərində də açıq müşahidə olunur.
Dünyada böyük şöhrət qazanmış ədəbiyyat üzrə Nobel mükafatçılarının çoxu kimi, L.Pirandellonun da əsərləri sovet dövründə Azərbaycan dilinə tərcümə edilməmişdi. Yalnız ölkəmiz siyasi müstəqillik qazanandan sonra nəşr sahəsində aparılan siyasətə uyğun olaraq, “Nobel mükafatı laureatları” seriyasından çap olunan kitablar sayəsində Azərbaycan oxucusu bu görkəmli ədəbiyyat xadimlərinin bədii irsi ilə tanış ola bilib. Təəssüf ki, L.Pirandellonun adı hələ də bu siyahıya düşməyib. Onun romanlarından, dünyaya səs salmış pyeslərindən heç biri dilimizə tərcümə edilməyib, dram əsərlərindən heç biri Azərbaycan teatrlarının səhnəsində tamaşaya qoyulmayıb. Yalnız son onillikdə onun hekayə yaradıcılığından bəzi nümunələr tərcümə edilərək ədəbi nəşrlərimizin səhifələrində dərc olunub. Tanınmış tərcüməçi Seyfəddin Hüseynli 2013-cü ildən başlayaraq ədibin “Qozbel qızın üç fikri”, “Bəzi öhdəliklər”, “Qatar fit verdi”, “Tələ”, “Göy çəməndə ayaqyalın” adlı hekayələrini ana dilimizə tərcümə edib. Bu hekayələr “Azadlıq” radiosunun efirində səsləndirilib, onlardan bəzilərini (məsələn, 24. 01.2013.-də “Tələ” hekayəsini) “525-ci qəzet” oxuculara təqdim edib. “Ədəbiyyat qəzeti”nin 21 may 2016-cı il tarixli sayında oxucuları ədəbiyyat üzrə Nobel mükafatçıları ilə tanış edən silsilə yazıların müəllifi Əyyub Qiyas öz tərcüməsində L.Pirandellonun “Mehmanxanada ölən var” hekayəsini oxucuların mühakiməsinə verib. Gördüyümüz kimi, əsərləri dünyanın onlarla dilinə tərcümə edilmiş görkəmli İtaliya yazıçısının Azərbaycan dilinə sistemli tərcüməsi barədə danışmaq hələ mümkün deyil.
L.Pirandello Nobel mükafatının təqdimat mərasimində iştirak etsə də, ənənəvi Nobel nitqi söyləmədi, yalnız banketdə onun şərəfinə səslənmiş tostdan sonra qısaca cavab çıxışı etdi. Bu çıxış əsasən yaradıcılıq məsələlərinə həsr olunmuşdu və yeni mükafatçının sənət kredosunu ifadə edirdi. “Həyatda sevgi və hörmət olmasa, bizim yaşam təcrübəmizə dəyər və məna verən acı məyusluqlara, taleyin vurduğu ağır yaralara, yol verdiyimiz dözülməz səhvlərə dözmək mümkün olmazdı”. Nitq söyləməməsinin səbəbini onunla izah edirlər ki, geniş danışsaydı, ölkəsində hökm sürən faşist rejiminə də münasibət bildirməli – onu ya tərifləməli, ya da tənqid etməli idi. Birincini istəmirdi, çünki bu, humanist yazıçının sənətkar və vətəndaş mövqeyinə zidd olardı, ikinci isə çox riskli idi...
Mükafatın təqdimatından sonra Luici Pirandello daha heç nə yazmadan iki il də yaşadı və 1936-cı il dekabrın 10-da öz evində, kimsəsiz şəkildə vəfat etdi. Vəsiyyətinə uyğun olaraq, onu Siciliyada – ata-anasının yanında dəfn etdilər.
Nobel mükafatının təqdimatına həsr olunmuş banketdə
L.Pirandellonun çıxışı
Əlahəzrət! Lütf göstərib bu məclisdə iştirak etməyinizlə bizi yüksək dərəcədə şərəfləndirdiyinizə görə Sizə ürəkdən gələn minnətdarlığımı bildirmək mənim üçün xoşdur. İcazə verin, həmçinin mənə göstərilən lütfkarlıq və Nobel mükafatının təqdimatını təntənə ilə tamamlayan bu qəbul üçün səmimi təşəkkürümü bildirim. Mən həmçinin çoxillik ədəbi fəaliyyətimi layiqincə tamamlayan yüksək qiymətə görə şanlı İsveç Kral Akademiyasına dərin minnətdarlığımı bildirməkdən məmnunluq duyuram.
Əsərlərimdə ifadə olunmuş fikirləri əks etdirmək imkanı qazanmaq üçün mən heç də asan olmayan həyat məktəbi keçməli olmuşam. Bir çox parlaq zəkaların ehtiyac duymadığı bu məktəb mənim kimi həssas, itaətkar, səbirli, sadədil adamlar üçün zəruri bir ehtiyacdır. Bu ehtiyacı lap əzəldən təbiət mənim ürəyiaçıqlığımın bir əlaməti kimi qəlbimin dərinliyinə qoyub. Mən əsla tərəddüd etmədən həyatın bütün zahiri görüntülərinə inanmaq ehtiyacı duyuram.
Mən öz öyrənmək borcumu ciddi bir məsuliyyətlə qəbul edirəm, bu, mənim həyata hörmətimə, onun qarşısında mütiliyimə, onu sevməyimə dəlalət edir. Həyatda sevgi və hörmət olmasa, bizim yaşam təcrübəmizə dəyər və məna verən acı məyusluqlara, taleyin vurduğu ağır yaralara, yol verdiyimiz dözülməz səhvlərə dözmək mümkün olmazdı.
Keçmişin bu acı məktəb təcrübəsi mənim ücün çox baha başa gəlib, lakin əvəzində daxili “mən”imi qorumağa, özüm olaraq qalmağa imkan qazanmışam. Yaratmaq qabiliyyətim inkişaf etdikcə məni yaşamaq qabiliyyətindən məhrum edib, ancaq əvəzində əsl sənətkar kimi, yəni düşünən və başqalarının düşüncələrini anlayan bir insan kimi formalaşdırıb. Mən yaradıcılıqda yalnız xəyalən özümü ifadə etmişəm, əslində isə, təkcə duyğularımla dərk etdiyimi və özümün də inandığımı əks etdirmişəm.
Lütf edib yaradıcılığımı şərəfli mükafata layiq görməyiniz mənim qəlbimdə hədsiz minnətdarlıq, sevinc və qürur hissləri doğurur. İnanmaq istərdim ki, bu mükafatla Siz mənim yazıçılıq ustalığımdan daha çox yazdıqlarımın insani səmimiliyini qeyd etmisiniz.
– Xoşbəxt adamlar heç zaman özlərini əsassız ümidlərlə aldatmırlar.
– Özümüzü kim hiss ediriksə, elə oyuq.
– Təbiət özünün yaradıcı fəaliyyətində insan təxəyyülündən bacarıqla istifadə edir.
– Həyatda insanın törətdiyi şər əməllərin çoxu xeyir niyyətlərin nəticəsi kimi meydana çıxır.
– Həyatda hər bir alovlu ehtiras səhnəsi hazır teatr tamaşası kimi qavranıla bilər.
– Hər bir insan öz bədbəxtlik və uğursuzluqlarında başqa birisini günahlandırmağa həmişə hazırdır.
– İstənilən şəkildə qəhrəmanlıq göstərmək, sadəcə namuslu adam kimi yaşamaqdan asandır.
– Qadın da röya kimidir – heç zaman görmək istədiyin kimi olmur.
– Həyatın mürəkkəb və anlaşılmaz olduğunu ancaq bədbəxtlər deyir, xoşbəxtlər üçün həyat həmişə sadə və anlaşılandır.
İlham Abbasov