ŞUŞADA AZAN SƏSİ
Tarixin ibrət dərsi həm də bu oldu ki, biz 28 il cismən uzaq salındığımız Qarabağımızdan ruhən heç ayrılmadığımızı dünyaya bəyan etdik. Düşmənlər isə oralarda xarabazarlıq yaratmaqla öz müvəqqəti mövcudluqlarına, bəlkə də, hamıdan çox özlərini inandırmışdılar. Heç Eşq olan ürəkdə xarabalığa, viranəliyə yer olarmı?! Əsla! Biz Qarabağı ona görə geri ala bildik ki, içimizdəki İlahi eşq, haqqın qələbəsinə inam oralara qayıdış yollarımızı işıqlandırmışdı. Qarabağı bu eşqlə xilas etdik, fəth etdik. Əsgərlərimiz bu eşqə tapındıqlarına görə şəxsiyyət və fərd kimi türk oğlu türk olaraq qaldılar. İnsanlığa və humanist dəyərlərə xidmətdən bir an belə olsun, vaz keçmədikləri üçün. Tanrı və əbədiyyət sevgisinə ucalmaq hər müharibə aparan xalqın mükafatı ola bilməyib.
Soljenitsın yazırdı ki, əgər bir millətin mənəvi qüdrəti tükənibsə, onu heç bir hökumət xilas edə bilməz. Doğru fikirdir, bütün müharibələri qalib edən xalqın içindəki milli intibah ruhudur. Bu gün az qala yuxu kimi görünən, cəmi 44 günə qazanılan zəfərlərimizi göz önümüzə gətirəndə heyrət etməmək olmur. Əlbəttə, bu misilsiz savaş əzminin səsi tarixin çox-çox sonralarından eşidilib daha aydın, daha uca vurğu ilə əməl cizgisi kəsb edəcək. Amma bu gün də baş verənləri sağlam zəka və şüur ilə analiz edəndə görmək çətin olmur. Bu müharibə bizə düşüncədə, ovqatda millət kimi qürurlu olmağın bütün səviyyələrini yaşatdı. Biz ölkə, ordu və xalq miqyasında vahid mənəvi məkan yarada bildik. Ötən əsrin 90-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ savaşını Vətən və xalq müharibəsinə çevirə bilməmişdik. Ali Baş Komandan İlham Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə aldı, milləti milli-diplomatik səriştə, peşəkar və ali mənəvi-əxlaqi təməllər üzərində savaş hərəkatına hazırladı. Məsələnin ümumilli hərəkat kimi sabit, qlobal səciyyəsini axıra qədər ona görə saxlaya bildi ki, siyasi orientiri düzgün müəyyənləşdirməklə yanaşı, milli enerji və təlatümün, güclənən emosiyaların hərarətini də orduya yönəldə bildi. Ona görə ön cəbhədə düşməni, rəqiblərimizi belə heyrətdə qoyan kütləvi fədailik və şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi texnikadan öncədən alt qatdan püskürən milli enerjinin əzəməti uddu.
Bütün xalq Azərbaycan əsgəri ilə bir yola çıxdı. Əsgərimiz o məkanları, heç vaxt o torpaqlarda olmayanlara belə qarış-qarış sevdirdi. Çünki ən əvvəl özü belə heç vaxt olmadığı, üzünü görmədiyi torpaqlar üçün canını göz qırpmadan fəda etməyə hazır idi. Bəlkə, özünə də maraqlı idi, uşaqlığında perik salındığı o yurd yerləri indi necədir? Görüb bilmək marağı içindəki qorxu mülkünü çoxdan söküb atmışdı. Bəlkə də, 30 il qətrə-qətrə varlığına yığılan, yumruğuna sıxıb saxladığı hirsi, qəzəbi idi, orda, döyüş meydanında od olub düşmənin başına yağdı. Bu 44 gündə elə bir dərs verdi ki... Qələmi hamının əlindən alıb tarixi başdan yazdı. Təqvimdəki bütün işğalları fəthlə əvəzləyib millətin üzərindəki qara ləkəni yox etdi.
Şuşada ilk azanı da Azərbaycan əsgəri verdi. Ayasofya məscidində uzun fasilədən sonra eşidilən ilk azandan sonra ona cavab sədası Şuşamızdan gəldi. Həm islamın, həm də türklüyün birgəlik təntənəsi ruh birliyimizin əsası oldu. Yəsəvi demiş, “iman Allahın insana lütfüdür”. Biz Vətənin ilahi paklığına iman gətirdik. Bu həm də dünyaya bəyan edilən türkün gücü idi. Səmaya və zirvəyə canatım türkün fitrətində var. Xalq olaraq, məhz bu anda özümüzə döndük. Sükut, bəlkə də, bu anda pozuldu, yalan, böhtan və haramdan qurulmuş bir sistemi dağıdıb əzəli-əbədi əxlaq səltənətimizə çağırış etdik. Axar sular duruldu, o müqəddəs məkanlar yad izlərin kəsafətindən təmizləndi. Şəhid ruhları dinclik tapdı. Bu gün artıq ayağını yerə möhkəm dayayan, başını göyün yeddinci qatına söykəyib ərazi bütövlüyünü təmin etmiş məğrur, azad Azərbaycan var.
Bu məğrur, bu azad Azərbaycanı bizə qazandıran həm də sən oldun, şəhid qardaşım! İndi Qarabağ sənin misilsiz şücaətinə tək şahidlik edən yaddaş şəhri, mistik-ilahi məkanı əhatə edən yeni ərazi kimi daha müqəddəsdir bizim üçün. Sənin məqamını, indi olduğun o ucalıqları tərif etmək bizə düşməz. Məhmət Akif demiş, “Tüllenen magribi, akşamları sarsam yarana.../Yine bir şey yapabildim diyemem hatırana”. İndən belə, sadəcə, sənə layiq olmaq gərək. Qanın axan hər qarış torpağın üstündə gül yarpağı kimi əsərək onu qorumağı övladlarımıza əmanət buraxaq.