Rami MEİR
İsrail şairi və yazıçısı, rəssam, sənət əsərləri və zərgərlik məmulatları üzrə oymaçı sənətkar, dizayner. Azərbaycanda doğulub. Əslən dağ yəhudisidir. Hal-hazırda Moskvada yaşayır və işləyir. Rusiya Dağ Yəhudiləri Rəssamlar Birliyinin sədri, İsrail Dağ Yəhudiləri Rəssamlar Birliyinin və İsrail Dağ Yəhudiləri Yazıçılar Birliyinin üzvüdür.
Uşaqlıqdan qədim yəhudi xalqının müdrikliyilə, Süleyman şah və digər ulu şəxsiyyətlər haqqında rəvayətlərlə tərbiyə olub. 15 yaşında ikən öz dinini və digər dünya dinlərini öyrənməyə başlayıb, bütün bunlar gələcək yazıçının yaradıcılığına və üslubuna böyük təsir göstərib. Bu gün o, dünya, həyat, insanın kainatdakı yeri və rolu haqda zəngin, bənzərsiz biliyini oxucularla bölüşməkdədir.
ANA
İsti göz yaşınla ovudub məni,
Əcəli sevginlə uzaq etmisən.
Ovunur əlinlə saçımın dəni...
Anacan, beşikdən mənimləsən sən.
Yüzlərlə ruh vardır köksündə sanki,
Dərd də həsəd çəkər sənə, ay ana.
Səni sevməyən də sevər, inan ki,
Bu sevgi ölümü yenər, ay ana.
Bizi isidərsən atəşinlə sən
Səmada sayrışan ulduz misalı.
O ulduz heç zaman enməz ki göydən!
Hər şeydən, hamıdan uca durmalı!
Gəlib döşənərəm ayaqlarına,
Saçımı əlinlə hey darayarsan...
Ağaran telimi oxşayıb, ana,
Məni anlayarsan, bağışlayarsan...
YARADANA MÜRACİƏT
Ünümüz yetmir Sənə,
Çatmır sənə səsimiz.
Çox çətindir, İlahi!
Günahkar bəndənik biz.
Sənə necə yalvarım,
Necə? – duyasan məni?
Şəfəq saç ürəyimə,
Əsirgəmə kölgəni.
Yetirmi dərgahına
Qulun yalvarışları?
İtaətdəyəm, Allah,
Bağışla günahları!
Sən məni tərk etmədin,
Tək olmadım bir an da.
Gözəl övladlarım var
Belə çətin zamanda.
Ətrafımda sağ-salim,
Xoşbəxtdir əzizlərim.
Sənin əmanətindir
Xoş keçəcək illərim!
Səmaların sevinci
Nur saçsın üzümüzə!
Həqiqətin yolunu,
Ədalətin yolunu
Daim açıq et bizə!
İTİRİLMİŞ UŞAQLIQ
O mavi səmanı, tut ağacını,
Şaqraq gülüşləri istəyirəm mən...
Ömrümün qayğısız, əziz çağına
Qayıda biləydim bir də yenidən...
O ilk məhəbbəti istəyir ürək,
O təmiz günlərdə süd qoxusu var.
İstərəm, bu andan ta sonsuzadək
Könül cənnətimə toxunmasınlar.
Xoşbəxtlik istərəm hamı üçün mən,
İlahidən gələn duyğular dərin...
Əlimi üzmərəm ötən günlərdən,
Qədrini bilərəm qalan günlərin.
UYU, ATA!
Yatmısanmı, ata? Yuxudurmu bu?
Əbədi bir hüzur, sonsuz rahatlıq.
Sənli günlərimin gəlibdir sonu,
Atasız qalmağa məhkumam artıq.
Qəlbimdə boşluqla savaşmaqdayam,
Bir ağrı içimi yaxıb qovurur...
Hələ yük altında mən ayaqdayam,
Demək ki, bir günə qocalmaq budur.
Nə uşaq olarıq yanında daha,
Nə də qucağında isinərik biz.
Hər şeydən qiymətli bu idi, Ata,
“Oğul” kəlməsini eşitməyimiz.
Ata oğul üçün bu dünyada tək!
İndi də bir sual incidir məni:
İlahi bizə də çoxmu görəcək,
Görəsən, bir ata vəsiyyətini?
Uyu, əziz ata! Susubdur hamı,
Ruhumuz duayla edir pərvəriş.
Səni yola salan bu izdihamın
Durmuşam önündə, əlimdə Kadiş.[1]
QARDAŞIMA
Bir kənarda dayanmaq ağrılıdır.
Görüb toxunmaq daha ağrılıdır.
Görüb toxunandan sonra itirmək – hamısından ağrılıdır.
Bir ömür yaşadım bu acıyla mən,
Sükut dəlib keçir bağrımı mənim.
Nədən uzaq düşdü qardaşım bizdən,
Nədən hiss etmədi ağrımı mənim?
...İllər ötüb keçdi, bitmədi kədər,
Sənin boşluğunu doldurmadı heç!
Bu qədər yolunu gözlədik, yetər,
İnan sevgimizə, inadından keç!
Bunca əzizlərin büküldü dizi,
Həsrət qocalmaqdan daha yamandır.
İndi gəl, qoruyaq bir-birimizi,
Sevgi toxumları əkək, zamandır!
Anacan, bir anda ağardı saçın,
Bağışla oğlunun günahlarını.
Dünəndə qalsın qoy hər ağrı-acın,
Allah xeyir etsin sabahlarını!
CƏFƏNGİYAT!
Mən şair deyiləm ki!
Aldatmaram heç kəsi.
O – ilahi vergisi!
Yoxdur bir ixtiyarım
Vərəqlərə qıymağa,
Onlar yetirlər dada –
Bu əzazil həyatdan heyfimi çıxmağa.
Dözməkmi üzür sizi?
Qıyıb gözlərinizi
Oxusanız,
Bilirəm, zamanınız itəcək.
Sinəmdən qopan ahla yazılan cəfəngiyat
Kimi xilas edəcək?
Qınamayın,
Açıram sətirlərə qəlbimi,
İncitmədən heç kimi.
Qələm götürün siz də...
Qoyun mən də oxuyum
Nə var ürəyinizdə.
YƏNİ BU OLMUŞDUMU?!
Dağ, adama yaxın gəlmir. Adam onu öz əllərilə yaradıb düzəldir.
Sonra da arxayın olub, əllərini yanına salır.
Sən mənim qəlbimi sındırıb, sonra deyirsən: “Hər şeyi başla yenidən”. Sağalmaz açdığın bu dərin yara,
sənin sözlərini dinləmərəm mən.
Bu qutlu kitablar – ruhun qidası,
əzəli və sonu anlamaq gərək.
Fanidir dünyanın qanı-davası,
səni müqəddəstək sevirdi ürək.
Mən də mələk olub uçurdum göyə,
bəxtəvərdim səni sevirəm deyə.
Nədir istədiyin? Soruşma heç nə.
Dərdim bir başqadır, anlamazsan sən:
qayıda bilsən də ömrümə yenə,
ruhumu oxşaya bilməyəcəksən!
KÖZ TEZ YANIB QURTARIR…
Köz tez yanıb qurtarır, bir neçə an içində...
Nəsə olmalıydımı sevinc vermək üçün də?!
Götürüb əlimizə körpə qığılcımları,
Biz də yanıb-sönürük – anlamaqçün onları.
İçimizin atəşi göylərdən paydır bizə.
Gərək rəva görməyək fanini özümüzə.
Nəyə qadirik axı? Biz bilirik, Xudamı?
Biz də yanıb-sönürük, biz də – bir köz adamı...
Köz tez yanıb qurtarır...
Bu da bir əlvidamı?..
Tərcümə edən Afaq ŞIXLI
[1] Yəhudilərdə vəfat edən valideyn və ya qohum üçün oxunan dua. Bu, övladın və ya qohumun mərhuma edə biləcəyi son xeyir iş sayılır.