AZƏRBAYCAN POEZİYASINDA KORONOVİRUS MÖVZUSU
Həyatın güzgüsü olan ədəbiyyat hər zaman – müharibələrdə, iğtişaşlarda, faciələrdə öndə olmuş, yaşantılarımızdan dərhal bəhs etmişdir. 2020-ci il də dünyada covid-19 pandemiyası ili kimi tarixə düşdü, insanların həyatında yaşananlar ədəbiyyat tarixində də dərin iz qoydu. Poeziya və publisistika daha tez münasibət bildirdi bu mövzuya. İlin əvvəlindən iqtisadiyyata, səhiyyəyə, dəyən zərbə eyni zamanda insan psixologiyasına, yaşantısına da dəydi. Təbii ki, bunlar ədəbiyyatımızda öz əksini tapmalıydı və tapdıda. İlk gözə dəyən şairlərimizin bu virus haqqında düşüncələrini əks etdirən şeirləri oldu. Bu şeirlərdə virusun törətdiyi ağrı-acı,ölüm-itim faciəsi ilə birgə insan mənəviyyatına vurduğu yaralar da poetikləşdirildi. İlk vaxtlar Azərbaycanda bu virusun aldığı canlardan daha çox bəhs olunduğu halda, sona doğru bu ifadə bir az yumor üzərində kökləndi. Statistikaya görə, dünyada koronavirus mövzusunda hələ üç ay öncə 200-dən artıq kitab yayımlanmışdı. Bunların arasında amerikan yazıçıların uşaqlar üçün, ingilisdilli yazıçıların isə böyüklər üçün yazdıqları daha məşhurdur.
Maraqlıdır ki,şeir bu sosial dəstək marafonunda geridə qalır. Azərbaycanda
isə bu sahədə şairlərin fəallığı, şeirlərin mənəvi dəstək gücü seçilir. Şairlərimiz koronavirusa yazdıqları şeirlərdə yaşanan ağrını,acını əks etdirməklə yanaşı, incə məqamlara da işıq tuturlar. Yüzlərlə şairimiz, yazarımız bu mövzuya üz tutdu. Hər bir şairin mövzusu eyni olsa da, yanaşma texnikası fərqli xarakterdədir. Bu mənada onların fikir və düşüncələri maraq doğurur. Əsasən internet səhifələrindən, “Ədəbiyyat qəzeti”ndən bu mövzuda şeirlər oxucular arasında diqqət çəkdi. Xüsusilə şeirləri sevilərək oxunan Qulu Ağsəs, Firuzə Məmmədli, İlham Qəhrəman, Şövkət Horovlu, Aybəniz Əliyar, Adilə Nəzər, Təranə Turan Rəhimli,
Səhər Əhməd, Rəsmiyyə Sabir, Nizami Muradoğlu, Təranə Məmməd, Lütfiyyə Əsgərzadə, Elza Məmmədova və adlarını çəkmədiyim onlarca şairin şeirləri mövzu baxımından aktual olduğu qədər də Azərbaycan şeirinin gözəlliklərini bütün tamlığı ilə özündə əks etdirdi. İlk öncə Qulu Ağsəsin koronavirus mövzusunda yazdığı şeirlər diqqətimizi çəkdi. Hər şeirində bədii lövhə, bədii portret, yüksək informativliyə malik müəllif təsəvvürü yaradan şairin bircə poetik nümunəsindəki, əslində, təfsilata ehtiyacı olmayan mənzərə yaratmaq bacarığına nəzər salaq:
Zivələrindən
yaş əllər asılan –
Bakım!
Pakım!
Bu dəmdə:
quşlar səkidə gəzir,
adamlar damda...
Çıxardı insanların bütün maskalarını,
eyni maska taxdı cahana virus:
ağac – virus,
maşın – virus,
bina – virus,
bir yandan koronavirus,
bir yandan karantinavirus...
İlahi, özün bax –
ya eyvandan şəhər sal,
ya da küçələrə qanad tax!..
Dünyanı cənginə alan, milyonlarla insanı qorxuya salan koronavirus pandemiyası dövründə sözün sadiq əsgəri yenə öz postundadır. Bədii portretin yaratdığı “süjetli film” gözlərimiz önündə yeni dünyanı canlandırır. Yenə ön planda İnsan, yenə istinad yeri Tanrı.
Qulu Ağsəsin bu mövzuda yazdığı hər üç (hələlik) şeir ədəbi ictimaiyyətdə müsbət reaksiyalar yaratmış, onun şeirlərinin təsirilə müxtəlif müəlliflərin yeni nəzm nümunələri ortaya çıxmışdır. Bu onu göstərir ki, bizim şüurumuz artıq apokalipsis mövzusuna hazır vəziyyətdədir:
– Əgər doğrudan sevirsənsə,
şərtim budur:
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur...
Sabun köpüyü partlatsın
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın
on barmağı...
Apokalipsis mövzusunda qorxulu süjetli yazanlardan fərqli olaraq, Q.Ağsəs
oxucuya sevgi aşılayır. “Daha kimdən, kimdən yazaq, uzaq, aman Allah
Çölə çıxma!
Telefona baxma!
Darıxma!
...Başqa şərtlərin də olaydı kaş:
Maskasız olmazsa,
maska da olmasın,
yas olmazsa,
ölüm də olmasın,
toy olmazsa,
sevgi də …olsun! –
sözləri çıxsaydı dodağından…
Asacam özümü! –
şərt cümləsinin budağından…
Və yaxud;
Sizə kimdən danışım –
tək qadından.
Gül ağzını açmırdı
dişlərinin ucbatından.
Çoxundan kəsdi,
azından kəsdi,
bir əliydi, bir boğazı.
Boğazından kəsdi,
dişlərini düzəltdirdı –
elə ki əlinə maya düşdü,
aylarla gördüyü röya çin oldu,
qəfildən pandemiya düşdü,
bütün dünya Çin oldu...
Dözmədi,
gül ağzını açıb çıxdı evdən –
bir o idi yer üzündə,
bir də taclı mələkdi!
Baxışdılar,
ikisi də qəhqəhə çəkdi...
Pandemiya qurbanlarının xatirəsinə həsr olunan bu şeir coğrafiya tanımır –
COVİD-19 sərhəd tanımayan kimi…
İlham Qəhrəmanın isə bu mövzuya müraciəti yenə də, çox hallarda olduğu
kimi, folklorumuza köklənir, bayatı janrına müraciət edərək koronavirus
qorxusunun insanları evə yığmasını poetikləşdirir:
Karvançı dəvə yığdı,
Dəvəni səfə yığdı.
Qorxunun ağzı yansın,
Hamını evə yığdı.
Sənətkarlıq baxımından da diqqət çəkən bu bir bəndlik nümunədə şair koronavirusun hökmünü, gücünü çox mahir şəkildə ifadə edir. Şair ölkədə olan iqtisadi çətinliklərə də göz yummur, gənclərin, xüsusilə işsiz insanların maddi dəstəyə olan ehtiyaclarını da dilə gətirməyə bilmir. Ona görə ki, İlham Qəhrəman xalqını, Vətənini sevən, onların dərdini öz dərdi bilən şairlərdəndir. Yeri gəlmişkən, müstəqillik dövründə Vətənin dərdini, ağrısını onlarca kitaba sığdırıb. Torpaq itkisi mövzusunda yüzlərcə şeiri müasir poeziyamızın incilərindən sayılır. Onun “Oğul” adlı şeiri də gənclərimizin korona dövründə yaşadığı çətinlikləri əks etdirir. Dövlətin işsiz gənclərə ayırdığı pulun acgöz məmurlar tərəfindən mənimsənilməsi şairi dilə gətirib. İşsiz oğlunun simasında gənclərə ağsaqqal
öyüdü kimi səslənən misralar yerinə düşür:
Yoxsul qazana gön qoyar,
Ha qaynayar, bişməz, oğul.
Körpələr yuxu tutunca
Qazan oddan düşməz ,oğul.
Axırıncı bənddə şairin bir az da alın yazısından gileyi şeirin təsir gücünü artırır. Halal adamın boğazından keçməyən haram tikə şairin gəncliyə nəsihəti kimi qarşılanır:
Nə qandın alın yazından? –
Ya çəkicsən, ya da zindan.
Halal adam boğazından
Haram tikə keçməz, oğul.
Şairin koronavirus mövzusunda yazdığı “Faraş ölümlər” şeiri də diqqət
çəkir. Bildiyimiz kimi, “faraş” sözü dilimizdə mövsümündən, vaxtından əvvəl yetişmiş meyvə-tərəvəzə aid edilir. Hətta eldə-obada tez böyüyən cücələrə də faraş deyirlər. İlham Qəhrəmanın bu şeirdə ölümü dəyərdən düşmüş kağız pula bənzətməsi, ölümün kağız pul kimi gözdən düşməsi fikri yaşantımızın real təsviri kimi çox dəyərlidir. Əslində, şeirdə covid-19-un qurbanı olan körpələrdən bəhs edilir – yəni vaxtsız, faraş gələn ölümlərdən. Şairin bu mövzuya həsr olunan başqa bir maraqlı şeiri isə “Üzrümüz yoxdur” adlanır. Şeirdə dünyanı pis niyyətlə sınaq meydanına çevirənlərə, onu pis günə qoyanlara, gələcək nəsillərin yaşamaq hüququnu düşünməyənlərə bir üsyan var:
Bizdən olanların qarşısında
üzümüz yoxdur...
Bənd olmadıq, məhəl qoymadıq
tabulara, yasaqlara,
dünyanın yaxşısını yaşadıq,
pisini saxladıq uşaqlara.
Firuzə Məmmədlinin “Get” başlıqlı şeirində isə üç saatlıq icazə ilə evdən çıxmaq məsələsinə münasibət bildirilir. Qəhrəmanın fikrinin saat əqrəbində qalması, görmək istədiyi işi görə bilməməsi bir az da yumoristik dillə verilsə
də, əslində, yaşanan bir həqiqətdir.
Belə getsə, hər gediş bir dərd olur,
Gedişində, gəlişində şərt olur.
Üç saatlıq yol ölçüsü sərt olur,
Qalsın elə Smsdə gözün, get,
“Evdəqal”ın söz-sovundan üzül, get…
Bir az da modern üslubda yazılan bu şeirdə həyatın reallığı əks olunub. Şeirin digər bəndlərində də müəllif dilimizdə işlənən yeni sözlərdən məqamında istifadə edərək şeiri daha da oxunaqlı edir.
Aybəniz Əliyarın da bu mövzuda beş şeiri maraq doğurur. “Evdə qal” başlıqlı bu şeirlərdə evdə qalmağa və koronavirusa münasibət bir az da fərqli məqamlarla oxucuya çatdırılır. Bu şeirlərdə bu şəhərdən digər şəhərə getməyə həsrət çəkənlər də var, sevgilisi üçün darıxanlar da var, bu çətin günləri taleyin işi kimi dəyərləndirənlər də var, bu adamsız küçələrdə Allahla üz-üzə qalmaq istəyənlər də var. Onun yaratdığı qəhrəman bəzən də düşünür ki:
Saat 11-i keçib,
Sən yatırsan, bəlkə də...
Biz görüşməyək deyə,
Karantin var ölkədə.
Əslində, təhlilə sığmır bu misrar. Bəlkə də, elə ipə-sapa yatmayan karantin
dövrünün insan ruhunu sığallayan misralarıdır bu şeirlər:
Bir az xəyal atın çap,
Nə qədər sağdı dünya.
İndi bir koronoya
Dayanacaqdı dünya.
Şairin arzuları karantin dərdindən daha yüksəkdə dayanır. Nə baharın gələcəyini bilir, nə də ki bu həsrətin bitəcəyini. Amma arzuları üçün yaşayan qəhrəman sonda ölümün adiliyini vurğulayır. Nədənsə bu qədər yaşananlara təccüb etməyən qəhrəman son zamanların ən real obrazıdır, əslində.
Nədənsə təəccüb etmirəm daha,
Bu bahar ya gələ, ya da gəlməyə...
Bir yanar od ola, bir də daş kaha,
Arzular olmaya... Nə var ölməyə...
Bu şeirlərdə çörəyi daşdan çıxan insanların dərdi də boylanır. Bu insanların əllərinin qabarında göyərirdi arzuları. Evinə bir parça yavan çörək gətirən bu insanların evdə qalması, onların evlərinin dirəyinin çökməsidi, əslində, yeri gəlmişkən, bugünkü şeirimizin əsas mövzusu da elə bu insanlardır:
Nə qədər adam var idi,
Daşdan çıxırdı çörəyi.
İndi heç tapmır onu da,
Çöküb evinin dirəyi.
Günümüzün reallıqlarını bütün tamlığı ilə bir bəndə yerləşdirən şair vəziyyətdən çıxış yolu kimi sanki dövlət məmurlarına səslənir.
Şövkət Horovlunun da şeirlərində “Zindan olub” misraları ilə oxucuya müraciət olunur. Altı aylıq karantin günlərində hər zaman insanlarla ünsiyyətin vacib olduğunu vurğulayan ailəyə gəliş-gediş olmayan ev zindan olur.
Gələnə-gedənə açılmır qapım,
Öz evim özümə bir zindan olub.
deyən şair bəzən öz-özünə, bəlkə, Allahın yanında üzümüz qaradır, bir günah işlətdik ki, bu qədər ağrı-acı çəkirik deyə, düşünür.
Hələ sağalmayan neçə cür yaram,
Sinəmi yandıran ahım durursa,
Üzümə üz tutub gəlirəm, Allah,
Bağışla, yanında günahım varsa!
Yaşanan reallıqlar şairə əzab verir. Ölkədə olan kasıbçılıq, varlıların laqeydliyi, məmurların nəfslərinin artması, belə zamanlarda aşağı təbəqədən olan insanların, hər zaman olduğu kimi, koronavirus zamanı da maddi vəziyyətlərinin aşağı olması günün görüntüsünü yaradır:
Toxun da aclardan xəbəri yoxdur,
Solğun baxışlardan ehtiyac yağır.
İnsan öz nəfsindən kənara çıxıb,
Tanrım, beləsini insafa çağır.
Əslində, bu mövzulu şeirlər bugününmüzün mənzərəsi baxımından da əhəmiyyətli rol oynayır. Şövkət xanım bir tərəfdən də publisistik yazılarında insanları ayıq olmağa, ailə üzvlərini qorumağa çağırır. Müəllif həyatında iki müharibə yaşamış biri kimi bu gün koronavirusu da müharibə ilə eyniləşdirir. Bu bəladan qurtara bilmənin yolunu birlikdə mübarizə aparıb qalib gəlməkdə görür.
Koronavirus mövzusu Adilə Nəzərin yaradıcılığında da çoxluq təşkil edir. Bu mövzuda ona qədər şeiri mətbuat səhifələrində işıqlandırılıb. Məqalədə üç şeiri üzərində dayanmaq daha məqsədəuyğundur. “Ona deyin ki” şeirindəki qəhrəman özünəməxsusluğu ilə yadda qalır. Qəhrəman virusun gətirdiyi bəlaları görür. Bir az hökmlü olan qəhrəman virusa törətdiyi oyundan bəhs edir. Maraqlı odur ki, demək istədiklərini özü söyləmir, söylətdirir. “Ona deyin” deyə müraciət edir. Ədəbiyyatdakı qəhrəmanların çoxu bu taclı bəlanın dünyadan uzaq olmasını adi qaydada diləsələr də, Adilə xanımın qəhrəmanı bu arzunu belə poetikləşdirir:
Ona deyin ki, –
Yuva qurmaq həvəsində olan var –
Xanım qızlar, bəy oğlanlar...
Gülü burnunda solanlar...
Ona deyin, –
Doru sınmış gəmilər var sularda,
İlişib qalmışam mən də qarışıq duyğularda.
Ona deyin, –
Bilən varmı indiyədək kim nə əkdi – nə dərdi...
Bütün sevinclərin sonu kədərdi...
Günəşin də sultanlığı gün batana qədərdi…
Koronavirusa meydan oxuyan şairə “Ona deyinki” şeirində çox faciələri, həyatın bütün yaşantılarını xatırladır. Sanki bununla insanın ən ali məqamda dayandığını yada salır. Və ən əsası da insanın Tanrıya güvəndiyini, Allahından güc aldığını xatırladır. “Hayqıraram, Tanrı duyar, fırtına qopararam, tərs dönər fələyin çarxı, qurudar hər çayı, arxı”. Bu misralar isə insanla Tanrının birliyi və gücünün insanın yaratdığı koronavirusa qalib gələcəyi anlamını verir. Əslində, buradakı qəhrəman hər zaman qalib gələn ədalətdir.
Müəllifin koronavirusa (zarafatyana) yazdığı şeir, əslində, daha realdır. Virusun haradan gəlib çıxdığını düşünən qəhrəman yenə də ona meydan oxuyur. Amma şikayət yalnız taclı virusdan deyil, bir az da yaşadıqlarımızdandır. Bu günümüzdəndir.
Farsmı atdı səni, gürcü, yoxsa rus,
Gömrükdənmi keçdin, koronavirus?!
Kim sənə səs verdi, qutudan çıxdın?!
Yazdın, gəlişinlə hamını yıxdın...
Başları “hörmətə” qarışdı, yəqin,
Bizim əli təmiz gömrükçülərin.
Dəyişibdi çoxdan həci hacılar
Sarımsaq iyinə gülab qoxusun.
Bu misralardan bir millətin yaşayışı boylanır. Bu qədər real təsvirlər dövrümüzü çox mükəmməl şəkildə əks etdirə bilib, əslində, bu yaşadıqlarımız koronavirusdan daha güclü faciədir. Ölkədə aşağıların yaşadığı pulsuzluq şeirin koronavirusa müraciətlə açıq, çılpaq, bütün tamlığı ilə oxucuya çatdırılır.
Gəlibsən, kəsibsən qapını, arsız,
Onsuz da ölürdük pulsuz-parasız.
Hardan tutacaqsan, koronavirus,
Canda yer qalmayıb ki, can da yararsız.
Koronavirus mövzusu Səhər Əhmədin yaradıcılığında da diqqət çəkir. Onun həm şeirlərində, həm də köşə yazılarında bu faciənin fərqli məqamları görünür. Səhərin əvvəl şeirlərinə müraciət etmək yerinə düşər, zamanı gələndə köşə yazılarına müraciət edəcəyik. “Həyatın təntənəsi” şeiri ilə müəllif “Koronavirusun bizlərə nə verdi?” sualına sanki cavab verir.
Torpaqda mina kimi partlamağa hazır olan koronavirusun nə verdiyi bəlli
olur:
Gündəmdə ölüm xəbəri,
Təqvimdə bayram günü.
Havada “Koronavirus” –
Torpaqda mina kimi...
“Dışarıda sren səsi”,
Evdə bayram süfrəsi.
Ölümün vahiməsinə
Həyatın təntənəsi.
Şeirdə ölkəmizə virusun gəlişinin əsas ilaxır çərşənbəsinə təsadüf edilməsi, həyatın isə davam etməsi, təbiətin xəbərsiz çiçək açması məqamı da bir dirçəlişə, ümidə olan işarədir, daha sonrakı bənddə də günəş həyatımızın və ədəbiyyatımızın oyanış simvolu kimi koronavirus dövründə də insanlara bir ümid verir:
Bir də gülümsəyən Günəş,
Təsəlli təbəssümü.
Qaranlığın üzərində
Qələbə təcəssümü...
Təranə Turan Rəhimli isə insanları özünə gəlməyə səsləyir. “Dünya can verir” – deyə haray salan şair yaşadıqlarımızda insanı da günahlandırır. Müəllif savaşlarda tökülən qanların bu kimi fəlakətlərə yol açmasını səbəb kimi vurğulayır. Yaşadığımız faciəni sevgi yetməzliyində görür müəllif. “Sevgi yetməzliyi kəsir nəfəsin, elə dərdə düşüb qurtula bilimir” ifadəsi ilə yaşadığımız bir çox məqamlara işiq tutur. Mərhəmət hissinin yoxluğu yaşantılarımıza yol açan əsas amil kimi diqqət çəkir.
Mərhəmət daş olub, heyrət donuxub,
Körpə gözlərində yaş güllələnir.
Fəsillər ömrünü yaşaya bilmir,
Payız vərəmləyir, qış güllələnir.
Hər kəs təbiətə min bir don verir,
Özünə gəl, insan, dünya can verir…
Savaşları, qırğınları bu yaşananlara səbəb bilən şair, “Şəhid qanlarından
insan göyərmir” deyə, insanın aliliyini əsas qəbul edir. Bir insan ömrü heç
nəylə əvəzolunmaz ideyası şeirin əsas ana xəttini təşkil edir:
Savaşlar fitnəkar, qırğınlar nahaq,
Şəhid qanlarından insan göyərmir.
Torpağın üstünü viran qoyanlar
Torpağa əkilən canlara dəymir.
Tarix yaradana imtahan verir,
Özünə gəl, insan, dünya can verir...
Şeirdə insanın yaratdığına qənim kəsilməsi, dünyanı viran edərək, yaratdığını məhv etməsi ideyası insanı düşündürür. İnsanın həm yaradıcı olması, həm yer üzünü məhvə aparması təsiredicidir. Qiyamət hər məqamda insana çağırış etsə də, insan özünə gəlmir.Və insanın insana və yer üzünə tutduğu divan zaman-zaman onun faciəsinə çevrilir. Bu gün yaşadığımız koronavirus facəsi də məhz elə insanın yaratdığı fəsaddır. Şeirin son bəndi onun məğzinin daha dərindən açılmasına imkan yaradır:
Allah silkələyir düşüncələri,
Tərpədir altını-üstünü yerin,
Bəşər yada salmır haqqın cəzasın
Könüllü köləsi olduqca şərin.
Qiyamət özünü hey nişan verir,
Özünə gəl, insan, dünya can verir…
Yaşantılarımızı bütün tamlığı ilə xatırladan bu poeziya nümunəsi, əslində,
dəyərli bir xəzinədir.
Təranə Məmmədin yaradıcılığında da koronavirus mövzusu maraq doğurur. İnsanın səbəb olduğu təbiət hadisələri “insanın törətdiyi faciələrdi” ideyasını verir. Yalnız çətin günündə Tanrıdan imdad diləyən insanların haqqa-ədalətə münasibəti yaşadığımız faciələrə yol açır. İnsanların bu qədər qəddarlaşması Tanrı tərəfindən qəbul edilmir.
Deyir, mən yaratdım səni, dedim: ol!
Demədim, iblisə gedib qardaş ol.
Bu “taclı vahimə” günahlarındır,
Özün qazanmısan, özün xilas ol!
Deyə fəryad edən şair insanları haqqa-ədalətə çağırır. Nizami Muradın isə “Evdə qal”, “Ay virus” şeirləri satirik üslubda yazılıb. Evdə qalmaq əladı deyən şair millətin yaşantılarını diqqətə çatdırmaqla, yaşanan çətinlikləri də yumorlu ifadələrlə dilə gətirir:
Dövlət verir maaşını,
Gözdən çıxart daş-başını,
Al önünə yoldaşını,
Otur, kişi, evdə qal.
Var yeməyin-içməyin,
Əksik deyil heç nəyin.
Rəsmiyyə Sabirin mahnı sözləri üzərində kökləmiş misraları bir az koronavirus faciəsini, belə demək mümkünsə, yumşaltmağa, birlikdə bu faciəni aşmağa səsləyir. Virtual aləmin bu işdə insana köməklik edə bilməsində çarə görən şair evdə qalmaqla mübarizə aparmaq kimi fikirləri dəstəkləyir. “Korona” adlı şeirindən:
Evdə qal, xilas eylə –
Başqasını, özünü.
Sən virtual aləmdən
Söylə ürək sözünü.
Biz birlikdə güclüyük!
Biz hər zaman həmrəyik!
Bu tipli şeirlərin də çətin zamanlarda böyük əhəmiyyəti var. Təbii ki, uzun zaman ərzində ev şəraitində psixoloji durumları zəifləyən insanlarda bir az da olsun əhval-ruhiyyəni qaldırmaq ədəbiyyatın və incəsənətin üzərinə düşən vəzifələrdən biridir.
Elza Məmməd isə “Koronavirus” şeirində yaşadığımız faciənin adət-ənənəmiz olan xeyir və şər məclislərinə təsirindən bəhs edir. Hər zaman toy məclisi ilə seçilən xalqımızn son aylarda az qala unudulan adətlərinin gözəlliyi vurğulanır. Şair çox təssüf hissi ilə o günlərin daha yaşana bilməməsini poetikləşdirir. Misralarada toy adətlərimizin ən gözəli sayılan “Toy qapısında qırmızı xaranın asılması” xatırlanır:
Obada nə düyün, nə də ki toy var,
Qırmızı xaraya həsrət qapılar,
Sevənlər nə qədər ayrı qaldılar,
Bumuydu niyyətin, təzəcə virus?
Xeyir adətlərimizin unudulmağa doğru getməsindən narahatlıq keçirən şair hüzr günlərimizin qeyd edilməməsinə də eyni dərəcədə üzülür və ən çox da itki verən insanın bir-birinə olan ehtiyacını dilə gətirir. Müəllif toy mərasimində toy qapısı obrazını xatırlatdığı kimi, cənazə qapısının da bağlı qalmasını ürək ağrısı ilə diqqətə çatdırır:
Cənazə qapısı bağlı qalıbdır,
Qurana, fatihəyə həsrət olubdur,
Analar saçını gizlin yolubdur,
Bu qədər iztirab olarmı,virus?
Dünyada tüğyan edən bu virusun böyük bəlaya çevrilməsi mövzusu ədəbiyyatda hələ də davam edir. Çox təbii ki, bu faciə ədəbi nümunələrlə aradan qalxmır, amma insan psixologiyasına və mənəvi zərbələrə bu nümunələr az da olsa, təsir göstərir. Mübarizəyə və mənəvi qalibiyyətə aparan yollara işıq salan poeziya bu çətin aylarda öz köməyini əsirgəmir.