1
Susmaq ağac kimi.
Qoy qoparsınlar qolunu,
budağını pöhrә-pöhrә,
yaşıl-yaşıl.
Heç kim,
heç zaman kәsә bilmәz
üsyan edәn sükutun sözünü!
2
Sükut röya kimi
adamı ancaq
yaşıllıqlarla dolu küçәlәrin
xoşbәxt sәhәrlәrinә aparır.
3
Dünya qәfil sükuta dala,
hәr şey ilkinliyindә ola.
әvvәlkitәk tәbiәt vәhşi gözәlliyindә.
Tәkcә quşlar,
tәkcә ağaclar
anlasa, könüldәn anlar...
4
Qar yağır xumar-xumar, yuxulu-yuxulu,
qaranlıqların sükutu xoflu.
Divar saatı da
susur bu gecә,
ürkәk-ürkәk, gizlicә-gizlicә
qapım döyülәcәk indicә...
* * *
Şәr qarışınca
evlәrin işıqları
qız yanağıtәk
pәncәrә şüşәsindәn asılır...
* * *
Bәdirlәnmiş Ay doğdu,
qarşıdakı pәncәrәdәn
havalandı sәs:
“nә bu sevda, nә ayrılıq olaydı?!”
* * *
Mәcnun söyüd:
әl dәymәyәn,
sığal görmәyәn saçları dağınıq.
Külәk öpә-öpә, oxşaya-oxşaya darayır.
yuvadakı quşcığaz
uçur budaqdan-budağa, yarpaqdan-yarpağa.
sәn hara atlandın, dәli könlüm?
bizim uçmağa qanadımız yox!
* * *
Qarışqa azadlığı!
nә gözәl şeydi
gecә-gündüz,
gözdәn-könüldәn uzaq
yuvaya ruzi daşımaq:
İri ölçülü çәkmәlәrә rast gәlәnәcәn
Yaşamaq!!!
* * *
Döyürәm qapıları,
döyürәm gecә-gündüz.
bütün qapılar sәssiz,
bütün qapılar kimsәsiz.
Yer üzündәkitәk
göy üzünün dә qapıları cәftәsizdi
- mәni yox eşidәn!
* * *
Ulduzlar elә bil say çöplәridi
sәhәr görülәcәk işlәri
baxa-baxa hesablayırsan.
Sonra xәyalları üstünә gәlirsәn,
qayğılara bölürsәn.
Qәfil baş qaldıran ağrılar
sәnә xatırladır:
ayaqları yorğana görә uzatmalı!
Xәyallar sәni qoymaz yatmağa...
gözlәrimi ovxalaya-ovxalaya
bir zamanlar mәn dә cәhd etdim
ulduzları saymağa,
gedib, gedib sonsuzluğa düşdüm.
Qonşu qadının üzünü göyә tutub
sәrxoş әrini qarğımağından bilirәm
biz Sәma adamıyıq!
demәk, Günәşә daha yaxınıq.
Nә qәdәr yaxın olsaq da,
ağlıma gәlmәdi
qış gecәlәri,
kirayә evlәrdә
Günәşi üstümә çәkib yatmaq.
* * *
Ax, o uzaq illәr,
әlçatmaz illәr
Sizin hәyәtinizdәki
yellәncәyi xatırladır;
külәk әsdikcә yellәnәn
xaraba evin qapısını...
* * *
Yumruq boyda ürәyin
bitib-tükәnmir sualları:
Ay doğanda gecә yarı,
xәyalların qanadları
nәdәn sarı?!
* * *
Qarışıq yuxular kimidi
böyük şәhәrlәrin yaddaşı.
günlәrin bir günü
adicә әşya kimi,
üzünә gülә-gülә
sәni elә unudarlar ki.
Ha sәslә, ha harayla:
axı bu, sәnsәn,
- ay tanıdılar ha!
Küçәlәrin birindә
sözlәrdә dolaşardilininucunda
yanından ötәn xanımdan soruşanda:
- Bağışlayın
bu yuxudan necә çıxmaq olar?!
Payız sәmasıtәk
tutqun gözlәrlә baxar sәnә,
bilәrsәn o da
qarışıq yuxulardan ayılmayıb hәlә.
Fәqәt, elә çıxıb qaçmaq,
uzaqlaşmaq istәyәr ki, -
şәhәr yuxularından
hәlә heç kimin
ayılmadığını bilә-bilә...
* * *
Kor qadındı,
gümüşü saçları,
ala gözlәri vardı.
Tәk-tәnha yaşayardı,
tayqulaq pişiyi
damlarda siçan tutmaqdan
qır qoxuyardı...
Küçәmizdәn keçirәm:
nә evlәr әski evlәrdi,
nә dә damlar qır qoxuyur.
Kor qadın kimi
qoluma girәn külәk
ürәyimdәn keçәnlәri oxuyur.
* * *
Qranit qaya parçası:
gecә-gündüz külәklәr sığal çәkir
bu kәlә-kötür daşa.
Köhnә kişilәrә oxşayır, -
daha çox,
uzun illәr öncә
çiynindә oturub qucaqladığım başa...
* * *
Zalımlar,
zalım inşaatçılar,
belәmi tikilir ev?!
Qapım payıza açılır,
Pәncәrәm bahara.
* * *
Yanıqlı-yanıqlı oxuyur Bülbül,
Uzaq nöqtәlәri birlәşdirәn düz xәtt kimi
yaşadığım illәr
gәlib keçir gözlәrimin qarşısından:
sönür içimdәki hayqırtı...
* * *
Gözlәrim yaşaranadәk gülürdüm
gecә fanarlarının işığına uçub gәlәn
işıldaquşların rәqsinә.
İndi dә baxdıqca gözlәrim yaşarır
dibçәkdәki bәnövşәmin
solğun tәbәssümünә...