Başlığa çıxardığım suala cavab verməmiş bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. "Ustad dərsləri" kimi düşünülmüş bu söhbətlərdə mən teatrşünas, teatrsevər tamaşaçı kimi yox, kifayət qədər zəngin praktikası olan dramaturq kimi danışacam. Deyim ki, xəyali dramaturq həmkarımla söhbət kimi keçəcəm bu dərsləri. Ona görə "siz" müraciətim heç kimi çaşdırmasın. Elə isə başlayaq!
Siz inadla və böyük həvəslə, istəklə, janrından asılı olmayaraq, pyeslər yazırsız. Zaman keçdikcə pyeslərin sayı artır. Əlbəttə, pyesi yazırsızsa, deməli, onu səhnədə görmək istəyirsiz, çünki ən gözəl pyes də səhnədə görünmürsə, onun üzərində rejissor, aktyor işləmirsə, tamaşaçı seyr edib alqışlamırsa, deməli, pyes tamaşa olmayacaq, elə pyesliyində də qalacaq. Odur ki siz, haqlı olaraq, üz tutursuz teatrlara. Əlbəttə, ilk növbədə Bakı teatrlarına, bəlkə də, bir vaxtlar mənim elədiyim kimi, özünüzdə cəsarət tapıb lap elə birbaşa "Azdrama" deyilən Akademik Milli Dram Teatrına. Əvəzində nə baş verir? Bəli, istehzalı baxışlar, susqunluq, biganə münasibət, türklər demiş, xəyal qırıqlığı. Mən bunları havadan demirəm, Azərbaycanda pyes yazan yaşlı, orta və gənc nəsil dramaturqların hamısını, demək olar ki, tanıyıram, yazdıqlarına bələdəm, çoxunun haqlı və haqsız gileylərindən, şikayətlərindən də xəbərdaram. Bəli, siz teatrlar tərəfindən biganəlik görürsüz və sual edirsiz, axı niyə teatrlar mənim dramaturgiyama, sevə-sevə yazdığım gözəl pyeslərimə bu qədər insafsız, qəddar yanaşırlar? Niyə filankəsin, uzağa getməyək, elə Əli Əmirlinin əsərləri belə asanlıqla tamaşaya qoyulur, premyeranı premyeranın oduna alışdırır, adı afişalardan düşmür, mənimkilər isə sükutla qarşılanır? Hətta hansı bir ikinci və ya üçüncü dərəcəli teatrda tamaşaya qoyulanda da səsi-sorağı çıxmır, rezonans yaratmır, biletlər satılmır, iki-üç dəfədən də çox oynanmır? Niyə onun dramaturgiyasına ehtiyac var, mənimkinə yox? Niyə mənim əsərlərimi başa düşmürlər və ya qəbul etmirlər? Səbəb nədir?
Doğrudan da, səbəb nədir? İstedad? Pis-yaxşı yazan hər bir adam istedadlıdır. Bəlkə, bəxt, indi deyilən kimi, şans? Bəlkə də! Amma...
Gəlin bu yerdə istedadı və bəxti, lap elə şansı qoyaq bir qırağa, çünki xeyli mübahisəli məsələlərdir: tamaşaçı uğuru qazanan hər bir əsər hələ istedadlı deyil, hər uğursuz əsər də istedadsız. Onda danışaq mövcud vəziyyətdən. Necə edək ki, yazdığımız pyeslərə tələbat olsun, teatrlar bu pyesləri məmnuniyyətlə qəbul edib tamaşaya qoysunlar? Tamaşaçılar bilet alıb zalı doldursunlar, anşlaq olsun? Burdaca yüzdən çox premyerası olmuş dramaturq kimi deyim ki, bunun konkret resepti həm var, həm də yoxdur. Bu da qalsın növbəti dərslərimizə. Elə isə keçək əsas suala:
Mən niyə və necə dramaturq oldum?
Mənə elə gəlir, bir dramaturq kimi keçdiyim yola kiçik bir ekskurs çox şeyi izah edə bilər.
Dramaturgiyaya mən gec gəldim, ilk əsərim tamaşaya qoyulanda 42 yaşım vardı, amma bu ana qədər deyim ki, mənim çox zəngin teatr həyatım olmuşdu. Yeddi yaşımdan başlayaraq mən teatr mühitində böyümüşdüm, hələ məktəb illərində Azərbaycan dramaturqlarının çap olunmuş bütün pyeslərini oxumuşdum, baxmayaraq ki, dram əsərlərini, demək olar ki, oxuyan olmur, çünki pyes oxunmaq üçün yox, tamaşaya qoyulmaq üçün yazılır. Ağdamda altıncı sinifdən başlayaraq məktəblinin pyes oxuması isə, nonsens olmasa da, ən azı təəccüb doğurur. Elə ki ilk dəfə Ağdam mədəniyyət evində Azdramanın qastrol tamaşalarını gördüm, teatra sevgim yaxşı mənada ömürlük mərəzə çevrildi. Onu da deyim ki, dramaturgiyaya gələndə mənim iyirmi illik nasir stajım vardı, hekayələrim, povestlərim, romanlarım çap olunurdu, özü də yaxşı çap olunurdu, şikayətə, giley-güzara yer yox idi, amma bu, özgə mövzunun söhbətidir. Qayıdaq mənim teatr yaradıcılığıma. Bir az əvvəldən dediyim kimi, mən ilk dram əsərimi məhz Azdramaya apardım. "İldırımötürən" adlı povestim əsasında səhnələşdirdiyim pyesə "Açıq söz" adını vermişdim. O vaxtlar Ağdam teatrının direktoru olan atam Məmməd Əmirovun "Ə, gətir, verim, bizdə oynasınlar dayna, niyə qarnın ağrıyır?" təklifinə "Papa, mən Azdramadan başlayacam" demişdim. Papam da "Ə, bunun bu yekəxanalığı öldürdü dayna bizi" – deyib siqaretinə dərin bir qullab vurmuşdu. Bu söhbətdən düz on il keçəndən sonra Azdrama ağırtaxtalı pərdələrini üzümə açdı. Qayıdım sözün yarımçıq qalmış yerinə. İlk pyesimi teatrın direktoru Əli İsmayılov ədəbi hissə müdiri Qeybulla Rəsulova, sonra rejissor Əşrəf Quliyevə ötürdü. İnsaf xatirinə deyim ki, hər iki adam pyes haqqında müsbət fikir deyəndən sonra, nəhayət, direktor çox qayğılı şəkildə: "Niyə bu adamlar sənin yanında pyesi bəyəndiklərini deyirlər, sən olmayanda ağız büzürlər?" sualı ilə üzümə baxıb hiyləgər təbəssümlə gülümsədi. Mən də tıncıxmış, incimiş, rəncidə olmuş bir əda ilə səsimin qalın yerinə saldım: "Siz bu sualı o adamlara verin" deyib pyesi onun masasının üstündən hikkə ilə götürdüm, sağollaşmadan teatrdan çıxdım və öz-özümə "Mən bura mütləq qayıdacam" dedim. Necə qayıdacağımı, əlbəttə, bilmirdim, amma qayıdacağıma inanırdım. Beləliklə, Azdramadan, bakılılar demiş, yaxşı bir "atqoz" alandan sonra reallıqla hesablaşmaq qərarına gəldim: "Ərizə" adlı ikinci pyesimi russayağı TYUZ deyilən Gənc Tamaşaçılar Teatrına apardım. Fikrimcə, burda "atqoz" ola bilməzdi. Mövzu da teatrın profilinə tam uyğundu, məktəb həyatı. Teatrın baş rejissoru pyesi, mənə elə gəlir ki, oxumamış dedi, şedevr də olsa, tamaşaya qoya bilmərik, imkanımız yoxdur. Doğrudan da, teatr onda təmirdə idi, kollektiv müvəqqəti olaraq Aktyorlar Evində yerləşmişdi. Elə bu vaxt (mən yuxarıda bir şans, bəxt sözü işlətmişdim) Mədəniyyət Nazirliyi məktəb həyatından bəhs edən ən yaxşı pyes üçün müsabiqə elan etdi, teatrın üstümə atdığı həmin pyesi böyük ümidlə müsabiqəyə göndərdim və... bəli, birinci yeri tutdum. Şərtə görə mükafata layiq görülən əsər məhz Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmalı idi. Qoyuldu da! Buna deyərlər: "Ирония судьбы!"
"Ərizə"nin premyerasında iştirak edən Həsənağa Turabov məni çox hərarətlə təbrik edib Azdramaya çağırdı. Ertəsi gün Turabov çox iri, möhtəşəm direktor kabinetində məni xüsusi mehribanlıqla qarşılayıb çay gətirtdi, dünənki tamaşa haqqında xeyli xoş sözlər dedi və bundan sonra məhz Azdrama üçün yazmağı təklif elədi. Bir neçə konkret mövzu da verdi. Zamana diqqət edin, bu o zamanlardı ki, Azdramanın səhnəsində İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin əsərləri hegemonluq edirdi. Sevinmək tez idi, teatrın direktoru, bədii rəhbəri olan adam da bəzən "svita" qarşısında aciz qalır. Odur ki, dalbadal yazdığım pyeslər ölkənin baş teatrına vəsiqə ala bilmirdi. Mən şikayətlənmir, gileylənmir, səbir və hövsələ ilə dözürdüm, amma bu teatrdakı uğursuzluq mənə başqa teatrlarla əməkdaşlıq etməyə mane olmurdu. Elə 92-ci ildə 3 premyeram olmuşdu. Nəhayət, Turabovun təklifindən düz 5 il sonra o zamanlar çox gənc olan rejissor Bəhram Osmanovun quruluşunda "Ağqoyunlular və Qaraqoyunlular"la (1995) Azdramanın bir az əvvəl dediyim ağırtaxtalı məxmər pərdələri üzümə açıldı. Mən həm də öz rejissorumu tapdım, bu barədə başqa bir vaxt ətraflı danışacam. Daha sonra "Köhnə ev" tamaşaya qoyuldu. Hər iki əsər böyük uğur qazandı, "Köhnə ev"in yaratdığı rezonans isə teatr yaradıcılığımda həlledici oldu. Onu da deyim ki, Azərbaycanda tanınan dramaturq olmaq istəyirsənsə, əsərlərin mütləq Azdramanın səhnəsində görünməlidir, çünki azərbaycanlı tamaşaçı teatr deyəndə məhz Azdramanı düşünür.
"Köhnə ev"in müzakirəsi vaxtı dəbdəbəli, pafoslu sözlərdən qaçan, tərifə xəsis Turabovun dediyi bir cümlə yaddaşımda dərin iz buraxdı: "İyirmi ildir mən teatrdan ləzzət almırdım". Turabov Eldəniz Zeynalovun oyununu da xüsusi bəyənmişdi, hətta onu tərifləyəndə gözləri yaşardı. Bu da təsadüfi deyildi, Eldəniz Zeynalov iyirmi ildən çox idi səhnəyə çıxmırdı. Aktyor "Köhnə ev"dəki tragikomik rolunu xüsusi şövqlə, ləzzətlə oynayırdı. Premyeradan sonra, bəlkə də, teatr tarixində ilk dəfə idi ki, müəllif yox, teatrın direktoru, yəni Həsənağa Turabov bütün yaradıcı heyət üçün öz hesabına yaxşı bir banket verdi. Rüstəm İbrahimbəyov isə "Mən tamaşaya baxandan 5 dəqiqə sonra bildim ki, bu əsl dramaturgiyadır" sözləri ilə məni təbrik etdi. Mətbuata verdiyi müsahibələrin birində fikrini daha geniş və əsaslı bildirdi. Əlbəttə, bu xatirələr indi də məni təsirləndirir, onda isə... Amma söhbətin məğzi bu deyil, məsələ bu əsərlərin və paralel olaraq Gənc Tamaşaçılar Teatrında, Hüseynağa Atakişiyevin Gənclər Teatrında başqa əsərlərimin də oynanmasının səbəblərinə diqqəti yönəltməkdir. Doğrudan da, səbəb nə idi, axı mənim teatrlara təsir etmək imkanlarım yox səviyyəsində idi? Bəlkə, o vaxt deməzdim, indi isə deyə bilərəm, bu əsərlərə teatrların həvəslə maraq göstərməsi, hər şeydən əvvəl, dramaturji materialda qaldırılan və bədii həllini tapan dərin ictimai-siyasi, mənəvi problemlər idi: Sovetlərin çökməsi, 20 Yanvar faciəsi, Qarabağ uğrunda uğursuz savaş və torpaqların biabırcasına itirilməsi, qaçqınlıq sindromu, ən vacibi, yeni iqtisadi münasibətlərin yaratdığı uğursuz, aciz, hətta zavallı azərbaycanlı tipinin səhnəyə çıxması, bazar münasibətləri fonunda insan ləyaqətinin təhqirlərə uğraması, talelərin qırılması, şikəst olması və sair, və sair... Ən vacib olan – insanlar özlərini, dramatik talelərini səhnədə görür, gülür və ağlayırdılar. Əgər "Ağqoyunlular və Qaraqoyunlular"da ailə, tayfa partiyalarının komik-dramatik, hətta karikatur mübarizəsindən bəhs edilirdisə, "Köhnə ev"də yeni yaranan iqtisadi münasibətlərdən başını itirmiş adamların, xüsusilə sənət adamlarının, zavallı ziyalıların dramasından söhbət gedirdi. Əlbəttə, mövzu, problem çox aktual ola bilər, bu çox vacibdir, amma ən vacib olan bütün bunların bədii məzmununun tapılması idi. Əgər 90-cı illərin iqtisadi tənəzzülü, cəmiyyətdə baş verən mənəvi deqradasiya şəraitində insanlar bu tamaşalara maraq göstərirdilərsə, bu ancaq bədii məziyyət məsələsi, gülüşlə dramın üzvi şəkildə birləşdirilməsi ilə bağlı idi. Bir az əvvəl qəhərdən boğulan tamaşaçı qəfil bir səhnədən, replikadan və ya gözlənilməz dönüşdən qəhqəhə ilə gülürsə, deməli, dramaturq hədəfi düzgün nişan alıb, söz, mesaj ünvanına çatıb.
Tamaşaların uğuru, publikanın sürəkli alqışları dramaturqa yazmaq üçün güclü stimul verir. Bəlkə, bunların nəticəsi idi ki, 1990-2000-ci illər mənim dramaturji yaradıcılığımın ən məhsuldar dövrü idi. Bakının üç əsas teatrı, əksər rayon teatrları bir-birinin ardınca əsərlərimə təkrar-təkrar səhnə həyatı verirdilər. Teatr direktorları dəyişir, rəhbərliyə yeni adamlar gəlir, amma bütün bunlar mənim əsərlərimin taleyinə zərrə qədər xələl gətirmirdi. Tək Azdramada Həsənağa Turabov, Əlabbas Qədirov, Maqbet Bünyadov, İsrafil İsrafilov, Azər Paşa Nemətov kimi direktorlarla dramaturq - direktor münasibətlərim yüksək səviyyədə olub. Hər birinin vaxtında əsərlərim üçün teatrın qapıları, pərdələri açıq olub. Odur ki, demişəm, deyirəm də, hər bir teatr yaxşı əsər sorağındadır, heç bir teatr ona uğur və gəlir gətirəcək əsərdən imtina etməz, etmir də. İstisnalar sizi çaşdırmasın, mən qanunauyğunluqdan danışıram. Onu da deyim ki, heç vaxt heç bir əsərimin sponsoru olmayıb, əsərlərimin tamaşaya qoyulması üçün heç bir teatrdan təmənnalı münasibət görməmişəm.
Əlbəttə, birinci söhbət daha çox tanışlıq məqsədi daşıyırdı, giriş idi əsas dərslərə, amma "Mən niyə və necə dramaturq oldum?" sualının cavabı hələ bitməyib, bitən də deyil. Elə isə gələn dərsimizdə görüşənə qədər!