Ölümə gedirəm
Nələr çəkdiyimi bir Tanrı bilir,
Durmuş başımızın oyaq üstündə.
Köksümdə bir qəlb var, qəlbimdə min dərd,
Dayanıb bircə cüt dayaq üstündə.
Mənliyi, qüruru qoru həyatda,
Əfəli, acizi sevmir həyat da.
Yad qızıl axtarır yurdumun altda,
Biz də günümüzü sayaq üstündə.
Ay Namiq, bu dünya gəlməz amana,
Meydan vermə, meydan oxu yamana,
Sürünə-sürünə gəldim cahana,
Ölümə gedirəm ayaq üstündə.
Tikəmizin duzu yox
Tikəmizin duzu yox,
Şitlikdən yorulmuruq.
Çalxalandıq yüz kərə,
Arınıb-durulmuruq.
Ömür yolumuz ağ qar,
Həyatımız lal axar.
Döyməli başımız var,
Başımıza vurmuruq.
Namiq, söz demək artıq,
Söz kara gəlmir artıq.
Yatsaydıq, oyanardıq,
Ölmüşük ki, durmuruq.
Gedirəm
Cənnətlə cəhənnəm fərqi bilmədən,
Tanrı sevgisində uyub gedirəm.
Dağ boyda yığılan günahlarımı,
Dəryaca qəmimlə yuyub gedirəm.
Acından ölənə çörək deyiləm,
Cahanda heç kəsə dirək deyiləm.
Daha bir kimsəyə gərək deyiləm.
Bu acı dəhşəti duyub gedirəm.
Cahana sığmayan bir susmaz ünəm,
Elə yanmadım ki, mən bir də sönəm,
Azadlıq eşqilə alışır sinəm,
Dünyanı bir məhbəs sayıb gedirəm.
Dərd-kədər alsa da dörd bir yanımı,
Təslim eyləmədim şərə canımı,
Vermədim yellərə bircə anımı,
İzimi, sözümü qoyub gedirəm.
Tanrıya düz oldum, sevgimə sadiq,
Yaşadım ömrümü, yaşıma layiq,
Deməyin dünyadan tez getdi Namiq,
Dünyadan, insandan doyub gedirəm.
Sizi
Verin dərdi dərd üstündən,
Gülüb yandıracam sizi.
Qanlı yaşı gözlərimdən,
Silib yandıracam sizi.
Həm savab, həm suçum ilə,
Gedirəm qəm köçüm ilə,
Dərdimi öz içim ilə,
Bölüb yandıracam sizi.
Şər işləri nə danmadız,
Nə pislikdən usanmadız.
Yaşadım, mənə yanmadız,
Ölüb yandıracam sizi.
“Azərbaycan “ jurnalı