Neçə gündür ki, eyni otaqda, eyni çarpayıda yatıram. Amma nədənsə yatdığım çarpayının ayaq tərəfində divardan asılan metal parçasına gecdən-gec gözüm sataşır. Neçə gündür bunun niyə fərqinə varmamışam?! Yəqin ki, görmüşəm, amma buna adi dəmir parçası kimi yanaşıb fikir verməmişəm.
Metalın üzərində bir qız təsvir olunub. Dalğalı saçları, yumulu gözləri, qalın, enli qaşları var. Üzündən hüzn oxunur. Bu lövhə mənə nələrisə xatırladır. Birdən bu “dəmir qız”ı harada gördüyümü xatırlayıram.
Onda hələ uşaq idim. Müharibə dövründə doğulduğum üçün uşaqlığımdan “düşmən”, “qaçqın” kimi anlayışları dərk edə bilirdim. Biz silahlar içində böyüyən əfqanlar kimi “müharibə uşaqları” olmasaq da, heç “sülh uşaqları” da deyildik.
Binamızın önündə bir bağça var idi, orada qaçqınlar məskunlaşmışdılar. Arada bağçanın həyətinə gedib qaçqın uşaqlarla oynayardıq. Dilrub adında 6-7 yaşlı bir dostum vardı. Mənimlə yaşıd olan Dilrub Xocalıdan qaçqın düşəndə bir yaşı tamam olmamışdı. Onun qıvrım, qara saçları vardı. Sanki bu ailənin bütün dərd-səri bu qızın saçlarına yüklənmişdi. Dərdlər bu qızın hər teli kimi burulmuşdu ki, ailə bu yükü gəzdirə bilsin. Dilrubun oynamağa dəmir qapaqlardan, lazımsız əyri-üyrü çəngəl-bıçaqdan başqa heç nəyi yox idi. Bir də gözəl gəlinciyi vardı. Bu gəlincik ona sanki Allahın payı idi. Onu bağçanın həyətindəki skamyanın üstündən tapmışdı. Yiyəsi də çıxmamışdı. Bütün uşaqlar bu oyuncağa həsədlə baxırdılar, elə mən də, evdə hər cür oyuncağım olsa da, o uşaqlardan geri qalmırdım. Gəlinciyə görə tərbiyə görməyən uşaqlar onu incidirdilər. Bu gəlinciklə başlamışdı “dəmir qız”ın hekayəsi...
Evdən “qab-qacaqlarımı” bir zənbilə yığdım, öz gəlinciyimi qoltuğuma vurdum, yeni fikirlərlə Dilrubgilə yola düşdüm. Düşünürdüm ki, bu günlük Dilrubla gəlinciklərimizi dəyişək. Heç olmasa, bir gün o gözəl gəlinciyin “ana”sı olum. Bu xəyalı axşam yatmamışdan qurmuşdum, fikirlərimin sevincindən gözümə də yuxu getməmişdi. Səhər açılmışdı, sonra da günün batmağını gözləmişdim. Nəhayət, vaxt yetişmiş, həyəcanım da artmışdı ki, görəsən, Dilrub bu təklifimi necə qarşılayacaq.
Bağçaya yaxınlaşanda Dilrubun ağlaması qulaqlarımda əks-səda verdi. Dilrubun yanına qaçdım. Onun hıçqırığı öskürəyinə, göz yaşı burnunun suyuna qatışmışdı. Məni görüb dodağının altında danışmağa başladı. Bircə cümlə başa düşdüm: “Kuklamı oğurladılar!” Bu cümlə məni sillə kimi tutdu. Mən də yazıq qızcığaza qoşulub ağlamağa başladım. Dilrub mənim ağladığımı görüb susdu və təəccüblə baxdı, sonra yenə ağladı. Xeyli belə davam elədi. Sonda mən “matəm”dən sıxılıb ağlamağımı kəsdim. Dilrub da sakitləşdi. Birdən onun gözü mənim gəlinciyimə sataşdı: “Gəl oynayaq”,- dedi. Razılaşdım, amma ikimizə bir gəlincik var idi, bunu necə paylaşacaqdıq?
Dilrubgildə heç kim yox idi, gözüm divardakı “dəmir qız”a sataşdı. Heyrətlə: “Aaa, nə gözəl gəlincikdi, mən sənə öz oyuncağımı verim, sən də mənə bunu ver”, - dedim. O “dəmir qız”ı tərəddüdsüz divardan alıb mənə verdi... “Dəmir qız”ın ürək tərəfində bir deşik vardı. Dilruba dedim ki, gəl bunu bəzəyək, o da razılaşdı, anasının dodaq boyasını çıxartdıq, başladıq boyamağa. Ürək tərəfdəki deşiyi saqqızla bağladım.
Birdən bir səs cingildədi qulağımda. Dilrubun anasını qapının ağzında görməyimlə özümü həyət qapısına atmağım bir oldu. Bir onu eşitdim ki, Dilrub qışqırır. Bəlliydi ki, anası Dilrubu döyürdü. O hadisədən sonra Dilrubla əlaqələrimiz kəsildi. Bir daha Dilrubu görmədim.
2007-ci il... 25 fevral... Möhkəm qar yağır. Ağır addımlarla universitetə doğru gedirəm. Birdən qarşımda bir qız yıxılır. Əlimi ona uzadıb qaldırmaq istəyəndə o tanış və mehriban sifəti, qəmli gözləri tanıyıram. Dilrub... O da dərhal məni tanıyır və gözləri dolur, ayağa qalxır. Üstünü qardan təmizləyir: “Bilirsən əlaqəmizi niyə kəsdik?”
Bu sual məni çaşdırır. Mən illərdi bir-birini itirmiş iki dostun sorğu-sualını gözləyirdim. “Yox” deməyə özümdə taqət tapıram... Dilrub: “Sənin apardığın o metal parçasında anamın rəsmi çəkilibmiş”.
Təəccüblənirəm: “Ananın?”
“Mənim o vaxt ana bildiyim qadın xalam imiş. Biz Xocalıdan çıxanda anamı öldürüblərmiş. Həmin lövhəni isə xalam Ağdamda qalanda bacısının xatirəsinə düzəltdiribmiş. Ağdamda qalanda evimizə atılan güllələrdən biri lövhəyə dəyibmiş...”
Sözünü davam etdirməyə imkan vermirəm: “Mən bilə-bilə etməmişdim”...
“Keçən il xalamı da itirdim”, - deyib üzümə baxmadan gedir.
Sonra Dilrubu universitetdə bir neçə dəfə də gördüm, amma artıq mənə yad idi...