XALÇA
Hər ilmədə göz işığı, əl səsi,
Bu xalçanı Mələk anam toxuyub.
Bir ananın bir balaya töhfəsi,
Bu xalçanı Mələk anam toxuyub.
Bu xalçanın mehri çıxmır başımdan,
Cazibəsi, sehiri çıxmır başımdan.
Bu xalçanın yaşı çoxdur yaşımdan,
Bu xalçanı Mələk anam toxuyub.
Xalça ha çox-müasiri, qədimi,
Görməyirəm, amma bu xalça kimi.
Xalçaçılar, eşidin bu səsimi:
Bu xalçanı Mələk anam toxuyub.
Xalçadırmı məgər, güldü, çiçəkdi!
İlmələrdə çiçək əkdi, gül əkdi,
Bu xalçanın toxucusu Mələkdi-
Bu xalçanı Mələk anam toxuyub.
Heykəl qoyub bu tarixlə özünə
Cehiz deyil tarix verib qızınz,
Qurban olum mən anamın özünə,
Bu xalçanı Mələk anam toxuyub.
Xalçam olub arzu-dilək xalçası,
Güləmail üçün ürək xalçası,
Adını qoymuşam “Mələk” xalçası
Bu xalçanı Mələk anam toxuyub.
NECE YAZMAYIM?
Deyirsen bir daha yazmayım şeir,
Sevgi nəğməsini nece yazmayım?
Məgər eşitmirsən könül nə deyir?
Könlümün səsini necə yamayım?
Bağın bağbanını eşitmisənmi?
Qəlbin gumanını eşitmisənmi?
Gülün fəganını eşitmisənmi?
Elin naləsini necə yazmayım?
Mənim sevincimdir sənin büsatın,
Mənim həyatımdır sənin həyatın,
Məhəbbət muğamdır, mən muğamatın
Zilini, pəsini necə yazmayım?
Bilir tanıyanlar, elə mailəm,
Bir şirin, bir şəkər dilə mailəm,
Pərvanəyə dönən Güləmailəm,
Şamın şöləsini necə yazmayım?
BİR DAMLA GÖZ YAŞI
Oxucum bilirmi nələr gizlənib
Gözümdən süzülən bir damla yaşda.
Qəm-qüssə gizlənib, kədər gizlənib,
Gözümdən süzülən bir damla yaşda.
Bütöv Azərbaycan hicranı vardır,
Yaralı Qarabağ məkanı vardır,
Şəhid oğulların fəğanı vardır,
Gözümdən süzülən bir damla yaşda.
Haqsız adamların haqsız savaşı,
Didərgin kəslərin neçə təlaşı,
Yetim balaların gözünün yaşı,
Gözümdən süzülən bir damla yaşda.
Nisgilli eşqimin hekayəti var,
Həsrətli çağların məlaməti var,
Yaralı qəlbimin şikayəti var,
Gözümdən süzülən bir damla yaşda.
Qəlbimdə qəm, sevinc təndi, gəl ayır,
Şuşayla arada həsrət yaşayır,
Güləmail Vətən dərdi yaşayır
Gözümdən süzülən bir damla yaşda.
KÖNLÜMÜN
Yenə öz əliylə özünü döyür
Yazdı bu sözləri əli könlümün.
Dilini qınayır, sözünü döyür
Zənciri çatışmır dəli könlümün.
Sinəmdə yaralı könül görünür,
Könüldən aralı könül görünür,
Nə qönçə görünür, nə gül görünür
Haçan açılacaq gülü könlümün?
Başa hər düşən daş, baş daşı deyil,
Gözümdə qəmlə həz yanaşı deyil,
Üzümdən süzülən göz yaşı deyil,
Axır Araz kimi seli könlümün.
Yanıram, kim məni yanan sanır ki?
Axı yanmağıma kim inanır ki,
Elə alovlanır, elə yanır ki,
Başıma tökülür külü könlümün.
Ağlayan yaxşıdı, gülən yaxşıdı?
Yaşayan yaxşıdı, ölən yaxşıdı,
Allahım sən özün bilən yaxşıdı,
Tək sənə açılır dili könlümün.
DÜNYA BAŞIMA FIRLANIR
Gözlərimi bürüyüb nəm,
Dərya başıma fırlanır.
Mən Məcnun gəzən Leyliyəm,
Səhra başıma fırlanır.
Ümidlərim – söz zərimdə,
Arzularım – gözlərimdə,
Diləklərim – sözlərimdə
Misra başıma fırlanır.
Güləmail, demişəm ki,
“O qədər qəm yemişəm ki!..”
Dünyaya neyləmişəm ki,
Dünya başıma fırlanır.
GƏL MƏNİM YUXUSUZ GECƏLƏRİMƏ
Gecələr gəlməyir gözümə yuxu,
Gəl mənim yuxusuz gecələrimə.
Oyağam, baxmayır sözümə yuxu,
Gəl mənim yuxusuz gecələrimə.
Əlvida nəğməsi çalıb getmisen,
Məni qəm- qüssəyə salıb getmisen,
Yuxumu gözümdən alıb getmisen,
Gəl mənim yuxusuz gecələrimə.
Gəl, gecətək qara gözünü görüm,
Səsini eşidim, üzünü görüm.
Yuxu əvəzinə özünü görüm,
Gəl mənim yuxusuz gecələrimə.
Gedibsən, qalmışam necə yuxusuz,
Yolunu gözləyir küçə yuxusuz.
Sən gəlsən darıxmaz gecə yuxusuz,
Gəl mənim yuxusuz gecələrimə.
Bəxtimiz ağarmaz birgə olmasaq,
Gəl ki, qaranlığın içində azaq
“Yuxusuz gecələr” nəğməsi yazaq,
Gəl mənim yuxusuz gecələrimə.
“Azərbaycan “ jurnalı