DARIXMAQ KIMI...
Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə.
Gecə düşər, günüm doğar ,
Ulduz-ulduz xəyalıma
Arzularımı udmuşam
Ağrı verir sol yanıma.
Günün qapısı aralı,
Sabah dolur bir anlığa
Gecənin ömrü yetmədi ,
Bir pəncərə qaranlığa.
Üşüyür şəklin əlimdə,
Ürpənir bax nəfəsim də.
Qışın da ürəyi əsir,
Quşbaşı qar həvəsində.
Darıxmaq kimidir hər şey,
Günüm də, mənim günümdə
Bu gün deyə bilməmişəm,
Adın islanıb dilimdə
HƏYAT
Yordum səni , HƏYAT
Üz çevirsən də məndən ,
düz gözlərinin içinə baxıram...
Gözlərinin dilini yaxşı bilirəm.
Rahat olsun başqasına verəcəyin könlün,
Bir öpüş də almağa qıymadım,
Başqasını sevərsən deyə...
FOTO
Nə vardi gözlərindən gələcəyi oxumağa ,
keçmişini xatırlatmasaydı.
Belə yaxın durmasaydı,
nəsə uydurmasaydı...
özündən gizlənməsəydi, bu baxışlar.
Düşüncələr qucağından qoymur yerə,
bu dəcəl uşağı.
Qoysa yoxuşlara yuvarlanar.
Xəstələnib sakit durunca dəcəl uşaqlar,
Anaları yalvararlar Allaha ,
Tez sağalıb, dağıtsın ev eşiyi.
Ən sevdikləri, qoruduqları əşyaları verərlər əllərinə.
Bax, elə vermişəm könlümü bu adama
Bircə mən bilirəm,
Ən yaxşı fotosu ömür boyu çəkdikləridi bu adamın.
AĞLINA GƏLMƏYƏN YERDƏ
Çox canlar yaxmışdın,
Sənin canını da yaxan oldu, canım...
Əvəzində,
Tac elədin onu qürurlu başına ,
Soyundun qarşısında
Ömür boyu soyunmaqdan utandığın
Iki kəlmədən ibarət
o ən uzun cümləni...
Çox canlar yaxmışdın,
Sənin canını da yaxan oldu, canım...
Əvəzində,
Güdüzlərindən Gün,
Gecələrindən Ay,
Ruhundan can,
Ciyərindən nəfəs,
Ümüdsüzlüyündən ümüd,
imkansızlığından imkan,
ayırdın ,ona bağışlamağa ...
Həyatlandın səsinin qucağında,
Günəşləndin kölgəsində...
Çox canlar yaxmışdın ,canım,
İndi səni odlayan bu közdən,
bircə ovuc əksilərsə,
Ciyərlərimə batar bu küt nəfəs,
Gülməz uzumə aynalar,
Gülməz bir də...
Mümkün olsa gizlədərdim bu dünyanı,
Ağlına gəlməyən yerdə...
YOL VER
Misralar neyləsin,
Qafiyə tapmıram sənə gəlməyə.
Sözlər nə bilsin,
Yenisini axtarıram sənə deməyə.
Yollar nə bilsin,
Yenisini axtarıram ölçülməyən, gedilməyən,
Xətrimə dəyən küləklər,
Otların yaşıllığını diz çökdürüb,
Havanı əyən küləklər.
Havanın ayağı üzülür yerdən.
Ömrünü Günəşə bağışlayan günlərə
and olsun !
Bəlkə min dəfə, min yol axtarmısan
O anı qucaqlamağa,
Qucağını tapmamısan.
Qolların axtarır səni,
Öz boynuna dolanmağa
Səni yola bağışladım,
Çəkil yolumun üstündən,
Yol ver sənə yollanmağa.
ƏSLINDƏ
Kimsə kimsəni tərk etməz əslində,
Yalqızlıq zamanın işidir.
Şairlərin paylaşa bilmədiyi bəd duasını
Hər gün yanından keçib getdiyin,
quş yuvasını bu gün görməkdi.
Boy atdı yenə sözlər,
yaşanmamış sevgilərə yazılan şeirlər kimi…
Boyatdı yenə sevgilər,
ulduzları baxışlarınla söndürürmüş kimi…
Bir çılpaq fəsildə düşmək zamanın ayaqlarına ,
Yalvarmaq, yalvarmaq,
Mümkünsə, düm ağ geyinənə kimi…
Yalqızlığını basıb bağrına
Bu şəhərin ən qaranlıq küçəsində belə,
gizlənə bilməmək səhərə kimi…
Üst başından təmizləmək sevgiləri,
Üstündə bir ümüd də cücərməyən,
Gələcəyə könül vermək, can verənə kimi…
BU GECƏYƏ
Bu gecənin qaranlığı,
Qaranlıq qalırdı mənə.
Oydum gözlərini,
Yırtdım ulduzlayan bətnini,
Odlayıb söndürdüm ayazını...
Bu gecənin hər misrası,
Nağıl rəngdə kabus imiş.
Süfrə açdım göy üzünə,
Buludlar iştaha gəldi,
Yuxuların qarnı toxdu.
Axtardım səhərə qədər,
Bu gecənin
Cini var, lampası yoxdu.
UNUT GETSIN !
Daha mən o mən deyiləm,
Sənin də həsrətin bitsin .
Daha nəyinə lazımam?
Əgər xatırlayırsansa,
Unut getsin !
Nazik saxladım, ürəyim soyuqladı,
Sonra bilmədim heç nə geydiyini.
Ömrüm boyu “unutmaram” dediyini,
Əgər xatırlayırsansa,
Unut getsin !
Qoyub gəldiyim izə qayıdımmı?
O demədiyim sözə qayıdımmı?
Ürəyim də gəlmir, yolundan etsin,
Əgər xatırlayırsansa,
Unut getsin !
Əlini üzəndən üzü bu yana,
Eləcə durmuşam , durduğum yerdə.
Yerim yaddaşından , itib, qoy itsin,
Əgər xatırlayırsansa,
Unut getsin !
Körpələr yuxuda böyüyər , sən de ,
Könlünə yatanı belə , böyütsün.
Gözləmə ta hamı unudanacan,
Əgər xatırlayırsansa,
Unut, getsin !
İŞARƏ
Barmağına bir işarə qoy,
Unutmaq üçün...
Ayağına küçələri dola,
Qaçmaq üçün...
Dərin bir nəfəs al,
Boğulmaq üçün...
Vəssalam.
“Ulduz “ jurnalı