TAMAŞANIN SONU
Dörd yana can atır, işi gətirmir,
İşinnən yapışıb sürünür adam.
Biri gətirsə də beşi gətirmir,
Beşinnən yapışıb sürünür adam.
Allahı qalmayıb, dini qalmayıb,
Tərk edib yöndəmi, yönü qalmayıb.
Ruhu vaxsız ölüb, canı qalmayıb,
Leşinnən yapşıb sürünür adam.
Sənin axtardığın haqdı, məndədi,
Haqq özü Tanrıdı, haqlı bəndədi.
Uçmaq arzuları pərakəndədi,
Quşunnan yapışıb sürünür adam.
Vurur bu həyatı başa məktəb tək,
İçir azadlığı dərman tək, həb tək.
Başına daş düşür Əbuləhəb tək,
Daşınnan yapışıb sürünür adam.
Tamaşanın sonu. Bağlanır pərdə.
Könül xoş olanda baldı zəhər də.
Ayağı sözünə baxmayan yerdə,
Başınnan yapışıb sürünür adam.
SÖZ ADAMLARI
Şeytana, İblisə məəttələm mən,
Əyri yola çəkir düz adamları.
Minib cin atını belədən-belə
Meydanda oynadır öz adamları.
Min budaqlı eylə biri, bol eylə,
Göyü bərəkətli, yeri bol eylə.
İlahi, günəşi, nuru bol eylə,
Ərit bu ürəyi buz adamları.
İçimdə limansız bir gəmi azıb,
Gecənin dərini gündüzə yozub.
İlahi, alnına fəlakət yazıb,
Bir yerə yığırsan yüz adamları.
Bəxtikəm bir xanım dinimə gəlib,
Səsimə səs verib, ünümə gəlib.
Möhtəşəm ayrılıq günümə gəlib,
Oğlan adamları, qız adamları.
Sözdəyəm, səsdəyəm, sağda-soldayam,
Allahın dilindən qopan "ol"dayam.
Haqqın dərgahına gedən yoldayam,
Məşhərə aparır iz adamları.
Haqq sözü ağızdan çıxaracaqmı,
Haqqını haqsızdan çıxaracaqmı?
Çörəyi kağızdan çıxaracaqmı,
Qələm adamları, söz adamları?
YAZ Kİ...
Qələm-kağız götür, yaz,
Yaz ki, unutmaq olmur.
Bu sevgini-sevdanı
Könüldən atmaq olmur.
İçimi sökən qızı,
Dərdimi çəkən qızı,
Göz yaşı tökən qızı
Vallah, ovutmaq olmur.
Xəyalına gətir, yaz,
Bu məktubu bitir, yaz.
Qələm-kağız götür, yaz,
Zamanı tutmaq olmur.
Söz üstə verdim canı,
Ömür hanı, gün hanı?
Səndən sonra dünyanı,
Daha yaratmaq olmur.
Qələm-kağız götür yaz,
Yaz ki, unutmaq olmur.
RUHUM
Qanadlanır sözə sarı
Misra ruhum, sətir ruhum.
Nə səndən ayrılır könül,
Nə vüsala yetir ruhum.
Varmı bir çara dünyada?
Can qoyum hara dünyada?
Yox olur qara dünyada,
Gözlərimdə itir ruhum.
Fikirlərin azan vaxtı,
Dərdin-qəmin ozan vaxtı.
Əllərinin xəzan vaxtı
Bir gül kimi bitir ruhum.
Adın olsun, şənin olsun,
Dağ başında çənin olsun.
Qalan ömrüm sənin olsun,
Götür apar, götür, ruhum.
GÜZGÜ
Bir az unutsun o məni,
Bir az darıxsın, bilməsin.
Özü özündən xəbərsiz,
Evimi yıxsın, bilməsin.
Dərdlərimə hakim olsun,
Fərman olsun, hökm olsun.
Dostum, yarım... hər kim olsun,
Sonuma çıxsın, bilməsin.
Oxusun söz ürəyimi,
Çıxardım öz ürəyimi...
Əritsin buz ürəyimi,
Yandırsın, yaxsın, bilməsin.
Məni mənə özgə elə,
Məsud elə, özgür elə.
Allah, məni güzgü elə,
O mənə baxsın, bilməsin.
MƏN FAİQ
Şeirimin ürəyi,
Ağılı mənəm, mən Faiq.
Haqdan eşqlə sinəsi
Dağlı mənəm, mən Faiq.
Vermişəm ad günlərə,
Bu doğma-yad günlərə.
Qapısı şad günlərə
Bağlı mənəm, mən Faiq.
Qəm ilə şən gərəksiz,
Şən oldum mən gərəksiz.
Vətənin ən gərəksiz
Oğulu mənəm, mən Faiq.
Əsir sözün nanəsi,
Küləklərdi şanəsi.
Həyatın əfsanəsi,
Nağılı mənəm, mən Faiq.