GÜLÜSTAN-QARABAĞ
Qarabağlı dostum, mərhum
Xudu Məmmədovun əziz xatirəsinə
Qarabağ qəsb oldu, Qarabağ əhli
Yurdun hər yerinə səpələndilər.
Bu dərddən büküldü millətin beli,
Bu da başqa qəza, başqa bir qədər!
Gözləri yollarda, sinəsi dağ-dağ,
Bizdən imdad umdu o dərdli torpaq.
Naləsi, fəryadı aləmi sardı,
Torpaq dilə gəldi, fəryad qopardı:
- Kömək əlinizi uzadın mənə,
Həddini bildirin zalım düşmənə!
* * *
Başının üstündə yırtıq damları
Aranda yaşadı dağ adamları.
Qarabağ ləhcəsi, Qarabağ səsi
Aran bürküsündə dərbədər oldu.
Bulandı dağların büllur çeşməsi,
Tanrının qurduğu nizam pozuldu.
Bölünə-bölünə kiçildi Vətən.
Sinəsi dağlanan, gözü yol çəkən
Qarabağ gözləyir, gözləyir bizi -
Gözləyir dadına yetməyimizi.
İllər uzandıqca səbr qısaldı.
Qarabağın gözü yollarda qaldı,
Bu yerdə “Gülüstan” düşdü yadıma,
Ağır daş bağlandı qol-qanadıma.
Gülüstan sazişi bir qandal kimi,
Keçdi qolumuza, biz məhkum olduq.
Əsir Qarabağım köhnə dərdimi
Sızlatdı, biz təzə dərdə tutulduq.
* * *
Səfərə çıxmışıq, Şəkidən birbaş
Üzü Qarabağa sürdük maşını.
Gördüm ki, yol boyu sürücü qardaş
Gizlədə bilməyir öz təlaşını.
Yol boyu ağrıyla dünəni andıq.
Aşağı Qərvənddə gəlib dayandıq.
Halal torpağımda burdan o yana
Keçməyə yox bizim ixtiyarımız.
Bizə həsrət qalıb öz diyarımız,
Aşağı Qərvənddə durub yad kimi,
Yuxarı Qərvəndə boylanan olduq.
Bizdən nicat uman əsir ananın
Halına uzaqdan biz yanan olduq.
Bir adlı bu kəndim o kəndə həsrət!
Bu bir həqiqətdir, acı həqiqət!
Amma hər həqiqət, hər doğru haqmı?
Bu acı gerçəklə barışmışıq biz.
Dədələrin ruhu barışacaqmı?
Bu ağır suala sabah yox, bu gün
Cavab verməlidir hər nəfərimiz.
ƏL AÇDIQ GÖYLƏRƏ
Nə vaxtdan ölçüldü vaxt, zaman ilə?
Dünya gözəlləşdi ilk insan ilə.
İnsan sonsuz eşqin qadir səsidir,
Allahın yerdəki xəlifəsidir.
Bir yerdə həyatın zövqünü daddıq,
Çalışdıq, gecəni gündüzə qatdıq.
Allahın verdiyi ağlın gücüylə
Bomboş yer üstündə dünya yaratdıq.
Biz uca göylərdən gəldiyimizdən,
Sığmadıq hüdudu bilinən yerə.
Dünya dərdimizi sormadı bizdən,
Əl açdı imdadçün insan göylərə.
BİR RİCA
(“Mühakimə”dən)
Bülbüldür tanıdan gülü, gülşəni,
Mənimçün yaradıb Allahım səni.
Sən varsan, bu dünya, bu aləm mənim,
Ey dərin kamallı.
Əgər sən olmasan, yox kimiyəm mən,
Yelkənsiz, sükansız bir gəmiyəm mən.
Hər gizli baxışın ürək titrədir,
Gülüşün şəfqətli, baxışın dərin.
Məni məndən alıb, sənə bəxş edir
Məndən gileylərin, şikayətlərin.
Özün sirr, sözün sirr, təbəssümün sirr.
Sənin tilsiminə düşəndən bəri,
Birliyə, vəhdətə səni səsləyir
Möhtac ürəyimin döyüntüləri.
Özümü yandırır öz könül ahım.
Sevincim, güvəncim, ey səcdəgahım.
Ədəbi möhtacam, sənə möhtacam,
Yenidən oynayır köhnə həvəslər.
Səndən bir ricam var, səndən bir ricam,
Sev məni, mən səni sevdiyim qədər.
* * *
Körpə mışıltısı xəfif meh kimi
Qarışır ananın laylay səsinə,
Bu birlik oxşayıb əsəblərimi,
Ucaltdı ruhumu göy qübbəsinə.
Ana nəfəsilə gülləndi hər yan,
Bu şirin avaza qaynadı qanım,
Boğazda səslənən qaynatmalardan.
Süzüldü ruhuma Azərbaycanım.
VİCDAN ŞAHİDLİYİ
Hərdən əzab satar, qəm alar məni,
Mənim bu dünyada çox xatam olub.
Səhvlər, qüsurlar, xatalar məni
Yenidən yaradan öz atam olub.
Xatalar üstündə boy atmışam mən,
Özümü yenidən yaratmışam mən.
Səhvimə, xatama hamıdan qabaq
Şahid də, hakim də vicdandır ancaq.
Belə bir məqamda vəkil lal olur,
Haqq kəsir, yalansa payimal olur.
Şahidim, vəkilim, hakimim də mən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?
Vicdan şahidliyi! Könüllü dustaq!
Özündən könüllü intiqam almaq!
Vicdan şahidliyi! Bir hökmdar tək
Özünə çəkdiyin öz sinə dağın.
Vicdan şahidliyi! Özünü görmək,
Özünün özünə təslim olmağın.
Özünü görməyən görməz özgəni,
Sözünü anlamaz, özünü bilməz.
Özünü bilməyən bilməz kimsəni,
Əyriyə əyilər, düzə əyilməz.
Şahidin, vəkilin, hakimin də sən,
Qaçmaq mümkünmüdür bu məhkəmədən?
TƏSLİM
Ayrılıq müsibət, ayrılıq zülüm!
Bu fani dünyaya indi, ay gülüm,
Sənin varlığınla bağlanmışam mən,
Ruhum qanadlanır hər “can” sözündən.
Tapmışam, a gülüm, özümü səndə,
Məstəm hisslərinin incəliyindən.
Dünya dərdlərindən incik düşəndə
Yeganə təsəllim sənsən, təkcə sən.
Özün bir yanasan, eşqin bir yana,
Səni hər dərdimə məlhəm bilmişəm.
Bu zalım dünyanın əzablarına
Sənə sevgim ilə üstün gəlmişəm.
ÜÇÜNCÜ GÖZ - KÖNÜL GÖZÜ
Göy üzü damar-damar,
Göydən yerə nur damar.
Ha baxdım göy üzünə,
Nuru görə bilmədim.
“Gözlərimin işığı bəlkə azalmış”, - dedim,
Xalq hikməti heç zaman yanlış olammaz deyə
Bir daha baxdım göyə.
Gördüm, vızıltılarla uçan bir anaş arı
Qondu gül ləçəyinə.
Düşündüm: “bu arının məramı nə, qəsdi nə?”
Qızıl gül dilə gəldi
(Ya mənə elə gəldi):
“Göydən enən o nuru görə bilməkçün sənə
Üçüncü göz gərəkdir,
Göydən enən nur seli yerdə çiçək-çiçəkdir,
Gözəlliklər önündə bu an heyrətdəyəm mən.
Çıxmaq da mümkün deyil, gördüyüm gözəlliyin
Sirli cazibəsindən.
Gözəlliyə heyrətim başqa göz verdi mənə,
Görmədiyim nuru da o göz göstərdi mənə,
Anladım, üçüncü göz mənim könül gözümdür.
O göz ilə baxanda gecə də gündüzümdür,
O göz ilə baxanda mən yalnız üzü deyil,
Həm də özü görürəm.
Birə baxıb o birin arxasında gizlənən
Onu, yüzü görürəm.
O göz ilə baxanda daşda da, torpaqda da,
Otda da, yarpaqda da,
Düzəndə də, dağda da,
Qarada da, ağda da
Mən özəyi görürəm.
Bu günə baxmaq ilə gələcəyi görürəm.
O göz ilə baxanda, bir gizli sirr görürəm.
Hələ misralanmamış nəğmə, şeir görürəm.
Bir nəğmədir, şeirdir bu dünya başdan-başa
Könül gözüylə baxsan.
Könül gözün yoxdusa, bu hikmətdən uzaqsan.
SƏN DƏ MƏNİ ANASAN
(MÜHAKİMƏ”dən)
Dünya əzablarından bezikib usananda
Durur gözüm önündə dərhal sənin surətin.
Demə min rəngi varmış arzunun, məhəbbətin.
Unuduram bir anda
Səni düşünən kimi,
Başqa qayğılarımı, başqa fikirlərimi.
İndi mənim dünyada bir dərdim var: O, sənsən,
Yolumda mayak olub, mənə yol göstərənsən.
Bütün düşüncələrim, dərdim, arzum bir yana,
Amma sən bir yanasan.
Ələmli günlərimdə mən səni andığımtək
Sən də məni anasan,
Məni doğma sanasan.
Sən yadımdan çıxmamış yenə düşürsən yada,
Şükür olsun Allaha, sən varsan bu dünyada!
GECİKMƏ
Mən həmişə bu gündən sabaha göz dikmişəm,
Amma özüm-özümlə görüşə gecikmişəm.
Qalaq-qalaq işlərim,
Diklərim, enişlərim,
Qələmlə dostluğumdan göyərən vərdişlərim
Məni vuran gah yerə, gah da uçurdu göyə,
Gecikdim ömrüm boyu özümlə görüşməyə.
İztirablar içində yox olsam da varımdan,
Gecikmişəm yaz boyu isti göz yaşlarımdan.
Su verib becərdiyim bəhərimə, barıma,
Gecikmişəm içimdən doğan arzularıma.
Gecikmişəm həyatı həyatımdan ummağa,
Gecikmişəm ən uca, əq müqəddəs hissimin
Başına dolanmağa.
Gecikmişəm, çoxunu əzabıyla bezdirən,
Mənəsə qanad verən
Hər qəmə yox, Allahın sevdiyi bəndəsinə
Pay kimi göndərdiyi o möntəşəm qəmə də.
Gecikmişəm uzaqda mələyən eşqimə də.
Macal da tapmamışam özümlə tək qalmağa,
Özümdən küsdürdüyüm sınıq, qırıq qəlbimi
Bir gün ələ almağa.
Vallah, özüm-özümə çata bilmirəm daha.
Qaç-tutdu oynayırıq, yol uzun, öz-özümü
Tuta bilmirəm daha.
O zaman ki, yorulub çəkilirəm təkliyə,
Taleyimlə barışıb, endirirəm başımı
Amansız gerçəkliyə.
Çəkirəm gündüzümün hesabını hər gecə
Öz-özümlə gizlicə...
Yanlış addımlarımı dərk edincə sonradan
Minbir əzab çəkmişəm.
Dünyaya gəlməkdə də, deyəsən, gecikmişəm...
BELƏ GETSƏ...
Bir sirdaş istəyirik
Qəlbimizi duyacaq;
Təmizsə - qəlbimizi
Gəlin özümüz açaq.
Acgöz yedikcə açar,
Dilənçiyə əl açar,
Zənn etmə ki, tamahkar
Axır bir gün doyacaq.
Ucaldıqca biz endik,
Düz yoldan geri döndük;
Özümüzü düşündük,
Özümüzü biz ancaq.
Qana həris zəlilər
Sorduğunu az bilər;
Belə getsə, ölülər
Mürdəşiri yuyacaq.
GÖRDÜM
Bol olsa meyvəsi, bol olsa barı,
Əyilən budaqdan ibrət götürdüm.
Başını dik tutan ədabazları
Daim özündən də aşağı gördüm.
DÜNYAYA GƏLMƏMİŞ
Yolum dar dalana dirənib artıq,
Sağ-solum dağ-dərə, qarşım qaranlıq.
Çaşmışam, ağlım da çatmır dadıma,
Özüm hay verirəm öz fəryadıma.
Düşdüyüm dalanın yoxmudur sonu?
Dünyaya gəlməmiş hardan biləydim
Dünyanın bu qədər puç olduğunu?
ÖZÜYLƏ SAVAŞ
Özüylə savaşı nə bilsin naşı?
Daim savaşdadır aqil özüylə.
Dostun pis işini üzünə qarşı,
Yaxşı işlərini ardınca söylə!