Biz alman sərhədinə çatanda, hava təzə-təzə işıqlaşırdı: sol tərəfdə enli bir çay, sağda da ucu-bucağı görünməyən qalın meşə. Vaqona sükut çökdü. Qatar bir-birinə calanmış relslərin üstü ilə irəli sürünür, güllələrin deşik-deşik elədiyi evlərin, sınmış teleqraf dirəklərinin yanından keçıb gedirdi. Böyrümdə oturan balaca oğlan eynəyini çıxarıb səliqə ilə sildi.
- Aman allah, - deyə mənə tərəf pıçıldadı, - təqribi də olsa, bilirsən hardayıq?
- Bilirəm, - dedim. - İndicə gördüyün çaya bizlərdə Reyn deyirlər. Sağda görünən meşə isə Reyxsvald adlanır. İndisə Kleve gəlir.
- Sən buralısan?
- Yox, - dedim.
Lap təngə gəlmişdim: bütün gecəni ciyiltili uşaq səsi ilə gizlində Brexti, Tuxolskini, Valter Benyamini, Prustu, Karl Krausu necə oxuduğunu danışa-danışa beynimi tökmüşdü. Deyirdi ki, sosiologiya ilə, ilahiyyatla məşğul olmaq, yeni Almaniya quruculuğunda iştirak etmək istəyir. Dan söküləndə Niymveqendə dayandıq və kimsə deyəndə ki, indi alman sərhədi gəlir, qorxa-qorxa içəridəkilərdən soruşdu: bəlkə kimsə iki siqaret kötüyünə bir tağalaq sap dəyişə? Heç kəsin dinmədiyini görüb dedim ki, yaxalığımdakı emblemi qoparsın, ilmələrini çözüb yumaqlasın. Pencəyimi çıxarıb ona verdim və əlindəki tənəkə tiyə ilə onları necə kəsdiyinə, lifləri çözələyib yumaqladığına, sonra da yunker paqonlarını çiyinlərinə necə tikdiyinə tamaşa etdim. Soruşdum ki, tikiş vurmağı da Brextdən, Tuxolskidən, Benyamindən və ya Karl Krausdan öyrənib? Yoxsa, boynuna almasa da, Yünqerin təsiri altına düşüb özünə bu cırtdan boyu ilə hərbi rütbə düzəldir?! Oğlan qızararaq dedi ki, daha Yünqerlə işi yoxdur, onunla biryolluq qurtarıb. Biz Kleveyə girəndə o, axır ki tikiş işini başa vurdu, əlində təzə tikdiyi paqon, yanımda oturdu.
- Kleve ilə bağlı heç nə yadıma gəlmir, - dedi, - bəs sənin?
- Gəlir, - dedim, - məsələn, "Loenqrin" marqarin firmasının "Mavi fonda su sonası" yarlığı... Bir də Anna fon Kleve, VIII Haynrixin arvadlarından biri...
- Hə, yadıma düşdü, Loenqrin... Ancaq bizim evdə "Sanella" işlədirdilər. Siqaret kötüklərini götürmürsən?
- Yox, - dedim, - atana apar. Ümid edirəm ki, çiynində bu paqonlar evə girəndə, səni yaxşıca əzişdirəcək.
- Sən bunu başa düşməzsən! Prussiya, Klayst, Frankfurt/Oder, Potsdam, Şahzadə Homburq, Berlin...
- Ancaq mənə elə gəlir ki, - dedim, - Kleve hamısından əvvəl Prussiya şəhəri olub. Hardasa Reynin o tayında balaca bir şəhər də olmalıdır: Vezel...
- Aman allah! Elədir. Əlbəttə, Şill1!
- Deyəsən prussiyalılar Reyn çayından yaxşı keçə bilməyiblər, körpülərinin ikicə başı olub: biri Bonnda, biri də Koblentsdə.
- Hə, prusslar...
- Blomberq, -dedim. -Daha sap istəmirsən ki?
O, qızardı və dinmədi.
Qatar yavaş-yavaş gedirdi, içəridəkilər isə vaqonun açıq qapısı ağzında basabas salmışdılar və Kleveyə baxırdılar. Vağzalda ingilis gözətçiləri gəzişirdi. Səliqəsiz geyinmişdilər, qaşqabaqlı, laqeyd, ancaq bununla belə, sərvaxt görünürdülər. Axı biz hələ əsir sayılırdıq. Küçəyə ox işarəli göstərici qoyulmuşdu: Köln. Yarpaqları tökülmüş ağacların arasından Leonqrin qəsri görünürdü. Aşağı Reyndə oktyabr ayı... Hollandiya səması... Ksantenli əmiqızılar, Kevelaerlı xalalar... Çoxlu ləhcələr... Meyxanalarda pıçapıçla danışan qaçaqmalçılar... Müqəddəs Martin şəninə düzəldilən şənliklər, təbilçilər, Breyqel karnavalı, hər yandan gələn nanəli qoğal qoxusu...
- Məni də başa düş, - böyrümdə dayanmış balaca oğlan dilləndi.
- Məni rahat burax, - dedim. O hələ kişi olmamışdı, yəqin ki, nə vaxtsa olacaqdı və elə buna görə də ondan zəhləm gedirdi. İnciyib yerinə oturdu, paqonlara son tikişləri vurmağa başladı. Ona yazığım gəlmədi. Hiss olunurdu ki, təcrübəsizdir, iynə barmaqlarını deşə-deşə paqonları mavi rəngli köynə¬yi¬nin çiyinlərinə tikirdi. Eynəyinin şüşələri o qədər tutqun idi ki, görə bilmir¬dim, doğrudan ağlayır, ya belə görünür. Elə mən özüm də doluxsunmuşdum. İki, uzaqbaşı üç saatdan sonra Kölnə çatırdıq. Evləndiyim qadının yaşadığı yerə oradan lap az qalırdı. O qadın evli olduğumuzu heç vaxt dilinə gətir¬məmişdi...
Qəflətən anbarın arxasından bir qadın çıxdı və gözətçilər özünə gəlməmiş bizim vaqona çatdı. Göy rəngli yaylığa bükülü şeyi açanda, ilk öncə elə bildim ki, uşaqdır, ancaq sonra gördüm yox, çörəkdir. Qatar tərpənəndə çörəyi mənə uzatdı, mən də aldım. Ağır idi... Əvvəlcə səntirlədim, az qaldı vaqondan yıxılam. Çörək qara idi, isti idi, istədim "sağ ol, sağ ol!" deyəm, ancaq bu sözlər mənə çox mənasız göründü və qatar da sürəti artırdı. Qara çörək də qucağımda, bir xeyli dizi üstə qaldım. Bu günə qədər də o qadının kim olduğunu bilmədim. Bircə onu bildim ki, başına qara yaylıq bağlamışdı, özü də yaşlı görünürdü...
Qucağımda çörək, ayağa duranda, vaqona bayaqkından da dərin bir sükut çökmüşdü. Hamı çörəyə baxırdı və çörək də həmin baxışlar altında daha da ağırlaşırdı. Bu gözləri, bu ağızları yaxşı tanıyırdım və aylarla, illərlə bu barədə düşünmüşdüm ki, görəsən, nifrətlə ikrah arasındakı sərhəd haradan başlayır. Ancaq bu sərhədi tapa bilməmişdim. Bizi amerikalıların düşərgəsindən (burada rütbə nişanı vurmaq yasaq idi) ingilis düşərgəsinə (burada isə rütbə nişanları vurmağa icazə verirdilər) köçürəndə, mən onları uzun zaman iki yerə ayırdım: paqon tikənlər və tikməyənlər. Paqon tikməyənlərə gizli bir rəğbət bəsləyirdim. Ancaq sonralar bildim ki, onların heç bir rütbəsi olmayıb ki, nişanlarını da vursunlar. Onlardan biri - Eqelhext hətta məhkəmə qurub camaatı üstümə qaldırmağa çalışmışdı ki, məni almanlıqdan məhrum etsin (ürəyimdə deyirdim ki, kaş heç vaxt qurulmayan bu məhkəmənin məni almanlıqdan məhrum etməyə hüququ çataydı). Ancaq bircə şeyi bilmirdilər ki, mən onlara, yəni nasistlərə və nasist olmayanlara paqon tikən olduqlarına və ya siyasi baxışlarına görə deyil, kişi olduqlarına, altı il sərasər bir yerdə qalmağa məcbur edildiyim kişi cinsli insan olduqlarına görə nifrət edirəm. "Kişi" və "axmaq" məfhumları mənim üçün, demək olar ki, eyni məna kəsb edirdi.
Arxa tərəfdən Eqelhextin səsi gəldi:
- İlk alman çörəyi də ona qismət oldu!
Səsindən hiss olunurdu ki, kövrəlib. Elə mən özüm də o vəziyyətdəydim. Ancaq onların heç biri başa düşməzdi ki, mən təkcə çörəyə, alman sərhədini keçdiyimizə görə kövrəlməmişəm. Əsas ona görə kövrəlmişəm ki, səkkiz aydan sonra ilk dəfə əllərim bircə anlığa da olsa, qadın əlinə toxunmuşdu...
- Bura bax, - Eqelhext yavaşdan dedi, - sən yəqin çörəyin də alman çörəyi olduğunu danacaqsan.
- Elədir, - dedim, - mən əsl ziyalı şübhəsi ilə fikirləşəcəm ki, yəqin bu çörəyin bişirildiyi un ya Hollandiyadan, ya İngiltərədən, ya da Amerikadan gətirilib. Həvəsin varsa, gəl bu çörəyi bölüşdür.
Onlardan çoxuna nifrət edirdim, çoxuna heç fikir vermirdim, paqon tikən¬lər cərgəsinə sonuncu qoşulan cırtdandan daha çox zəhləm getməyə başladı, ancaq bütün bunlarla bərabər, hiss etdim ki, çörəyi onlarla bölüşməliyəm. Dəqiq bilirdim ki, bu çörək təkcə mənə verilməyib.
Eqelhext yavaş - yavaş irəli gəldi. Ucaboylu, arıq idi o... Lap mənim kimi. Onun da mənim kimi iyirmi altı yaşı vardı. Düz üç ay mənə başa salmağa çalışdı ki, millətçi hələ nasist demək deyil, "şərəf", "sədaqət", "Ana vətən", "ləyaqət" sözləri də öz mənasını heç vaxt itirmir və mən də onun bu gurultulu sözlərinə beşcə sözlə cavab verirdim: II Vilhelm, Papen, Hindenburq, Blomberq, Keytel. Dəli olurdu ki, niyə heç vaxt Hitlerin adını çəkmirəm. Hətta may ayının birində keşikçi bütün düşərgə boyu qaça-qaça "Hitler is dead, dead is he!"2 qışqıranda da, onun adını çəkmədim.
- Durma, bölüşdür! - dedim.
- Saymağa başla! - Eqelhext ucadan əmr verdi.
Çörəyi ona uzatdım. Şinelini çıxardıb tərs üzünə vaqonun döşəməsinə sərdi, əli ilə astarını sığalladı, çörəyi onun üstünə qoydu.
- Otuz iki, - cırtdan dilləndi və ondan sonra səs gəlmədi.
- Otuz iki, - deyərək təkrar edən Eqelhext üzümə baxdı ki, mən də "otuz üç" - deyəm. Ancaq susdum, üzümü döndərib bayıra baxdım: asfalt yol qarımış ağacların arası ilə uzanıb gedirdi. Hamısı da Napoleon dövründən qalan qovaqlar, qarağaclar... Ucuz şokolad, siqaret almaq üçün Vetsedən Hollandiya sərhədinə qədər velosipedlə bu yolla o qədər şütümüşdük ki...
Hiss edirdim ki, arxamdakılar çox incidilər. Küçədəki sarı rəngli yol göstəricilərinə baxdım: Kalkar... Ksanten... Qeldern. Arxadan Eqelhextin tiyəsinin xırçıltısını eşidirdim. Onu da hiss edirdim ki, inciyənlərin sayı qara buludlar kimi çoxalır. Onlar həmişə nədənsə inciyirdilər. İngilis gözətçi onlara siqaret bağışlamaq istəyəndə də inciyirdilər, bağışlamayanda da. Mən Hitleri söyəndə də inciyirdilər, söyməyəndə də. Eqelhext lap çox inciyirdi. Cırtdan gizlincə Benyamini, Brexti, Prustu, Tuxolskini, Karl Krausu oxuyurdu, ancaq indi biz alman sərhədinə çatanda, özünə yunker paqonları tikməyə başladı. Bir az əvvəl yefreytor nişanlarına dəyişdiyim siqareti cibimdən çıxardım, geri dönüb cırtdanın yanında oturdum. Eqelhextin çörəyi necə böldüyünə baxdım: əvvəlcə yarı kəsdi, sonra həmin yarımları dörd yerə böldü. Dörd yerə böldüyünün hərəsini də səkkiz yerə dilimlədi. Beləliklə, hərəyə bir yaxşı dilim düşdü. Mənə elə gəldi ki, hərəyə 60 qram düşər...
Eqelhext sonuncu səkkiz dilimi kəsirdi. Hamısı da yaxşı bilirdi ki, kimə ortası düşsə, payı 5-10 qram çox olacaq, çünki çörəyin ortası şişmişdi, Eqelhext isə dilimləri eyni naziklikdə kəsmişdi. Ancaq o, çörəyin şişmiş yerini də kəsib dedi:
- Bu da otuz üçüncünün. Yaşca kiçik olanlar birinci götürür.
Cırtdan üzümə baxdı, qızardı, azacıq irəli əyilib bir dilim götürdü və o dəqiqə də ağzına apardı. Həmişə təyyarəsindən danışa-danışa zəhləmi tökən Buve öz payını götürənə qədər hər şey yaxşı gedirdi. İndi növbə mənim idi, sonra da Eqelhext götürməli idi, ancaq qımıldanmadım. Siqaretimi yandırmaq istəyirdim, amma kibritim yox idi və heç kəs də vermək istəmirdi. Paylarını götürənlər qəflətən qorxu içində yeməyə ara verdilər. Paylarını hələ götürməyənlər isə nə baş verdiyini bilmirdilər, ancaq başa düşürdülər ki, mən onların yediyi çörəkdən yemək istəmirəm. Hamısı incidi, (çörəyi götürənlər isə) pərt oldu. Yenə çölə baxmağa çalışdım: Napoleon dövründən qalan qovaqlara, qarağaclara və bir də üzərinə holland günəşi səpələnən keçəl düzənliklərə... Guya heç nəyə qarışmırdım... Ancaq bu cəhdim də alınmadı, qorxdum ki, indi dava düşəcək. Yaxşı vuruşan deyildim, olsaydım da, xeyri yox idi, məni əməlli-başlı əzişdirərdilər. Bir dəfə Brüssel yaxınlığındakı düşərgədə "canlı alman olmaqdansa, ölmüş yəhudi olmaq yaxşıdır" - deyəndə, yığışıb məni əzişdirmişdilər. Siqareti ağzımdan götürdüm. Bir tərəfdən ona görə ki, indiki vəziyyətdə siqaret çəkmək gülünc çıxırdı, digər tərəfdən də, dava başlasa, ağzımdan düşərdi, əmələ gəlməzdi. Qıpqırmızı pörtərək yanımda oturmuş cırtdana baxdım. Həmin anda növbəsi Eqelhextdən sonra gələn Quqeler öz payını götürdü və o dəqiqə də ağzına dürtdü. Başqaları da paylarını götürürdülər. Bir nəfər yaxşı tanımadığım kişi irəli çıxanda, üçcə dilim çörək qalmışdı. Bu kişi Brüssel yaxınlığında olanda, bizim çadıra gəlmişdi. Yaşlı idi, əllini haqlamış olardı, boydan balaca idi, qaralmış sifətində çapıq vardı. Biz mübahisəyə başlayanda heç vaxt qarışmazdı, o dəqiqə çadırdan çıxar, tikanlı məftillər boyu o baş-bu başa gəzişərdi. Hiss olunurdu ki, tez-tez belə eləyib. Heç adını da bilmirdim. Əynində müstəmləkə ordusu əsgərlərinin lap köhnəlmiş köynəyi, ayağında mülki adamların geydiyi təptəzə yarımçəkmə vardı. Vaqonun arxa tərəfindən çıxıb düz üstümə gəldi, qarşımda dayandı, heyrətamiz bir mülayimliklə dedi:
- Çörəyini götür!
Götürmədiyimi görüb başını buladı:
- Hamınız möcüzəsiniz, hər şeyə bir məna verirsiniz. Bu ki adicə çörəkdir, vəssalam. Qadın da bu çörəyi sənə verib. Al! - deyə çörəyi götürüb onu nə edəcəyini bilməyən sağ ovcumun içinə basdı, barmaqlarımı da üstünə sıxdı. Qara olmasa da, tutqun gözləri vardı və sir-sifətindən bilinirdi ki, çox türmələr görüb. Başımı tərpədib əllərimin əzələlərini hərəkətə gətirdim ki, çörək yerə düşməsin. Vaqondakılar dərindən nəfəs aldılar, Eqelhext də çörək payını götürdü, axırda da həmin kişi...
- Lənət şeytana, - dedi qoca, - düz on iki ildir Almaniyadan çıxmışam... İndi yavaş-yavaş siz axmaqları başa düşməyə başlayıram.
Ancaq mən çörəyi ağzıma aparmamış, qatar dayandı və hamımız düşdük.
Bomboş düzənlik, çuğundur tarlaları... Bircə ağac da yox idi. Papaqlarında və yaxalıq nişanlarında flamand şirlərinin təsviri olan bir neçə belçikalı keşikçi qatar boyu o tərəf - bu tərəfə qaçaraq:
- Düşün! Hamı düşsün! - deyirdi.
Cırtdan böyrümdə dayanmışdı. Eynəyinin şüşələrini silib dayanacaqdakı lövhəni oxudu:
- Veetse... Sənə nəsə deyir?
- Deyir... Kevelaerdən şimalda, Ksantenin qərbində yerləşir.
- Aha... Kevelaer... Haynrix Hayne...
- Bir də Ksanten... Yadından çıxmayıbsa, Ziqfrid.3
"Helene xala..."- deyə fikirləşdim. - Veetse... Niyə Kölnə qədər getmədik? Veetsedə bir neçə uçub - dağılmış kərpic evdən başqa heç nə qalmamışdı. Helene xalanın Veetsedə böyük bir mağazası vardı. Əsl kənd mağazası idi. Hər səhər Nirdə qayıqla gəzmək üçün və ya velosipedlə Kevelaerə getmək üçün bizə pul verirdi. Bazar günləri də kilsədə ibadət: qaçaqmalçılar, xəyanətkarlar haqqında deyilən yağlı sözlər...
- Tez olun! - Belçikalı gözətçi qışqırdı. - Bir az cəld tərpənin! Yoxsa evinizə getmək istəmirsiniz?
Düşərgəyə girdim. Əvvəlcə bir ingilis zabitinin yanına getdik, o da hərəyə bir 20 marklıq verdi. Pulu almağımız barədə qəbz yazmalı olduq. Sonra həkimin yanına getdik. Alman idi, cavan idi və irişirdi. İçəriyə 12-13 nəfər daxil olana qədər gözlədi, sonra dedi:
- Kim ağır xəstədir, bu gün evə gedə bilməz və bu gün evə getməlidir - əlini qaldırsın.
Bir neçə adam bu lətifələr lətifəsinə güldü, sonra onun stoluna yaxınlaşdıq, buraxılış vəsiqəsinə möhür vurdurduq, başqa qapıya yaxınlaşdıq. Mən açıq qapının astanasında bir anlığa ayaq saxladım, onun "kim ağır xəstədirsə" sözlərinə qulaq asdım, sonra yoluma davam etdim və dəhlizin o biri başına çatanda arxadan yenə gülüş səsləri eşitdim. Növbəti dayanacaq bir ingilis feldfebelinin yanı oldu. O, açıq havada üstündə damı olmayan ümumi ayaqyolunun yanında dayanmışdı və dedi:
- Hərbi biletlərinizi göstərin. Ümumiyyətlə, bütün kağız - kuğuzlarınızı çıxarın.
Bu sözləri almanca dedi və hamı hərbi biletini çıxaranda, ayaqyolunu göstərdi:
- Ora atın!
Biletlər ora atılanda, yenə almanca dedi:
- Qoy özləri üçün kef eləsinlər!
Qəflətən hiss etdim ki, əcnəbilərlə danışanda almanlarda da yumor hissi yaranır. Hətta Eqelhext də amerikalı kapitan tikanlı məftilləri göstərib deyəndə ki, "uşaqlar, bunu özünüzə dərd eləməyin, hər halda indi azadlığa çıxıbsınız" - güldü.
İngilis feldfebeli sənədlərimi soruşdu, ancaq mənim buraxılış vəsiqəsindən başqa heç nəyim yox idi. Hərbi biletimi bir amerikalıya 2 siqaretə satmışdım. Ona görə də dedim:
- Heç bir sənədim yoxdur!
Bu sözlər onu yaman əsəbiləşdirdi. Bir dəfə də amerikalı feldfebel belə əsəbiləşmişdi. Soruşdu ki, Hitleryuqenddənəm? Yoxsa SA-dan? Bəlkə partiya üzvüyəm? Mən də "No!" - deyəndə üstümə qışqırdı, cəza kimi əlavə işə göndərəcəyini dedi, söydü, nənəmi hansı seksual münasibətdəsə günahlandırdı, ancaq onların əsgər jarqonlarını yaxşı bilmədiyim üçün, həmin münasibətin mahiyyətini başa düşə bilmədim. Kimsə onların düşündükləri kimi olmayanda, yaman əsəbiləşirdilər. İndi ingilis feldfebeli də hirsindən pörtdü, ayağa qalxıb üst-başımı əli ilə yoxladı, gündəliyimi tapdı. Qalın dəftər idi, kağız torbalardan kəsib simlə tikmişdim, içinə də aprelin ortasından sentyabrın sonuna qədər başıma gələnləri yazmışdım: amerikalı serjant Stivenson məni əsir götürəndən ta qatarla qüssəyə bürünmüş Antverpendən keçərkən divarlarda "Viva le roi"4 sözlərini oxuyandan sonra elədiyim qeydlərə qədər... Yüzdən çox qalın vərəqi olan, sıx - sıx yazılmış dəftər idi və qəzəblənmiş feldfebel onu əlimdən alıb ayaqyoluna tulladı:
- Didn`t I ask you for papers?!5
Sonra getməyə icazə verdi.
Basabasla düşərgənin qapısı ağzına toplaşıb belçikalıların yük maşınlarını gözləyirdik. Deyirdilər ki, bizi Bonna aparacaqlar. Bonna? Axı niyə Bonna? Kimsə dedi ki, Kölnə heç kəsi buraxmırlar, çünki basdırılmamış meyitlərdən epidemiya yayılıb. Bir başqası da deyirdi ki, Kölnün xarabalıqlarını təmizləmək üçün bizə otuz, qırx il vaxt lazım olacaq, "bizə heç əl arabaları da verməyəcəklər, toz - torpağı zənbillə daşıyacağıq". Xoşbəxtlikdən, yanımda nə çadırda qaldığım, nə də qatarda bir yerdə gəldiyim adam yox idi. Tanımadığım ağızlardan eşitdiyim bu gəvəzəliklər tanıdığım ağızlardan eşitdiklərim qədər iyrənc deyildi. Qabağımda dayananlardan biri dedi:
- Ancaq yəhudinin verdiyi çörəyi aldı...
Bir başqası da dilləndi:
- İndi belələri üzdə olacaq!
Kimsə məni arxadan dümsüklədi:
- Yüz qram çörəyə bir siqaret... Hə, necədir?
Və əlini arxadan fırlayıb gözlərim önünə gətirəndə gördüm ki, bayaq Eqelhextin vaqonda böldüyü çörəyin bir dilimidir. Başımı buladım.
Bir başqası dedi:
- Belçikalılar siqaretin birini on marka verirlər.
Mənə elə gəldi ki, bu çox ucuzdur. Düşərgədə almanlar siqaretin birini iki yüz marka verirdilər...
- Siqaret istəyən var?
- Var, - deyib iyirmi marklığı mənə tərəf uzanmış naməlum əlin ovcuna qoydum.
Hamı bir - birilə alver edirdi. İndi onları maraqlandıran yalnız bu idi. Kimsə 2 min mark və bir dəst də mundirə mülki pencək aldı. Kimi dəyiş - düyüş edir, kimi də dəyişdiyini elə camaatın içində geyinib - soyunurdu. Qəflətən kimsə qışqırdı:
- Məlum məsələdir ki, tuman - köynək də bura aiddir. Qalstuk da...
Kimsə qol saatını üç min marka satdı. Ancaq əsas alver sabunla gedirdi. Amerika düşərgəsində olanların sabunu çox idi. Hətta iyirmi sabunu olan da vardı. Çünki hər həftə sabun verirdilər, ancaq çimməyə su olmurdu. İngilis düşərgəsində qalanlara ümumiyyətlə, sabun verilmirdi. Yaşıl, qırmızı rəngli sabunlar əldən - ələ gəzirdi.
Bəziləri də özlərinin "heykəltəraşlıq" istedadlarını bu sabunların üzərində sınaqdan keçirmiş, onlardan balaca itlər, pişiklər, cırtdanlar düzəltmişdilər və indi məlum oldu ki, onların bu "istedadları" malın qiymətini aşağı salırmış. Hamı qorxurdu ki, formalı sabunların çəkisi formasızlardan az olar, ona görə də adiləri daha baha idi.
Bayaq ovcuna 20 marklığı basdığım yad əl təzədən göründü, sol ovcuma iki siqaret basdı. Həmin adamın belə vicdanlı olması az qala məni riqqətə gətirmişdi (ancaq bu riqqətlənmə çox çəkmədi, çünki az sonra xəbər tutdum ki, belçikalılar siqaretin birini 5 marka satırlarmış. Deyəsən, yüz faizli qazanc xüsusilə "cəbhə dostları" arasında ən yaxşı alver hesab olunurmuş).
Təxminən iki saat bir - birimizə qısılmış halda qapıda gözlədik və ən çox yadımda qalan da əllər oldu. Alver edən əllər... Sabunları sağdan sola, soldan sağa keçirən, pulu soldan sağa, təzədən sola qaytaran əllər... Elə bil ilan yuvasına düşmüşdüm. Hər tərəfdən əllər baş qaldırır, müxtəlif səmtlərə yönəlir, gah çiyinlərim, gah da başım üzərindən mal, pul ötürürdülər.
Cırtdan hansı yollasa yenə mənə yaxınlaşa bilmişdi. Əvvəlcə Kevelaerdən keçib Krefeldə, ordan da Noysa gedən yük maşınında yanaşı oturmuşduq. Hər yan sükuta qərq olmuşdu, tək-tük insanlara, heyvanlara rast gəlirdik, tutqun payız səması da az qala yerlə birləşmişdi. Sol tərəfimdə cırtdan, sağımda belçikalı keşikçi oturmuşdu və hamımız da maşının yük yerindən mənim yaxşı tanıdığım asfalt yola baxırdıq. Qardaşımla bu yoldan çox keçmişdik. Cırtdan tez - tez özünə bəraət qazandırmaq istəyir, mən isə imkan vermir, sözünü kəsirdim. Çox çalışırdı ki, özünü ağıllı göstərsin, ancaq alınmırdı ki, alınmırdı.
- Ancaq Noysa aid heç nə tapa bilməyəcəksən. Noys barədə nə demək olar ki?
- "Novesia" şokoladı, - dedim,- quzuqulağı və Kvirin6. Yəqin ki Fivan legionu7 barədə heç eşitməmisən...
- Eşitməmişəm, - deyə oğlan qızardı.
Belçikalı keşikçidən Kölndə epidemiyanın yayılması xəbərinin doğru olub - olmadığını soruşdum.
- Yalandır, - dedi.-Ancaq pis gündədir. Oralısan?
- Oralıyam...
- Onda özünü indidən hazırla. Sabunun qalıb?
- Qalıb, - dedim.
- Bura bax, - deyə cibindən bir qutu tütün çıxardı, onu açıb ifçin doğranmış açıq sarı rəngli təzə tütünü burnuma tutdu, - ikicə dənə sabun ver, sənin olsun. Hə, necədir?
Başımı yırğaladım, iki sabun verib onu aldım. Sabunları cibində gizlədəndə avtomatını saxlamaq üçün mənə vermişdi və silahi geri qaytaranda köksünü ötürdu:
- Bu lənətə gəlmişi hələ bir az da gəzdirəsi olacağıq. Sizin vəziyyətiniz də fikirləşdiyiniz kimi pis deyil. Niyə ağlayırsan?
Sağ tərəfi göstərdim: Reyn çayını. Biz Dormaqenə tərəf gedirdik. Gördüm ki, cırtdan ağzını açıb nəsə demək istəyir, ancaq aman vermədim:
- Allah xatirinə sus, bir də danışma!
Yəqin soruşmaq istəyirdi ki, Reyn mənə nəyisə xatırladır, ya yox. Allaha şükür ki, bərk incidi, Bonna qədər danışmadı.
Kölndə bir neçə ev salamat qalmışdı. Haradasa tramvay da işləyirdi, hətta qadınlar da görünürdü. Biri bizə əl elədi. Noyserştrassedən dairəvi yollara tərəf döndük, onların yanından keçib getdik və bütün bu vaxt ərzində göz yaşlarımı gözlədim, ancaq gəlmədi ki, gəlmədi. Hətta dairəvi yolların kənarındakı sığorta binaları da uçmuşdu, Hoyenştaufenbadenin açıq mavi kaşıları parıldayırdı. Bütün vaxtı ümid edirdim ki, maşın haradansa sağa dönəcək, çünki evimiz Karolinger dairəsində idi. Ancaq maşın dönmədi, dairələrin yanından keçib üzüaşağı getdi. Barbarossa meydanını, Zaksen dairəsini, Zalier dairəsini keçdik. Mən qorxudan başımı qaldırıb baxa bilmədim və bizi aparan yük maşınları Holdviq meydanındakı tıxaca düşüb evimizin qarşısında dayanmasaydı, heç baxmayacaqdım da. Beləliklə, başımı qaldırası oldum. "Tamam dağılıb" sözləri yalandır. Müstəsna hallarda hər hansı binanı tamam dağıtmaq olar. Gərək bu evi üç-dörd dəfə bombalayasan. Bir də onda tamam dağıdılır ki, uçandan sonra yanır. Biz yaşadığımız ev, rəsmi adamların dili ilə desək, tamam dağılmışdı, ancaq texniki cəhətdən belə deyildi. Yəni mən evimizi tanıya bildim. Giriş qapısı və mənzillərin zəngi dururdu və mənə elə gəlir ki, giriş qapısı və zəngləri sağ qalan evi texniki cəhətdən tamamilə dağılmış hesab etmək olmaz. Biz yaşadığımız evdə isə təkcə giriş qapıları və zənglər deyil, çox şeylər salamat qalmışdı. İkinci mərtəbədə iki otaq, yuxarı mərtəbədə isə, inandırıcı olmasa da, üç otaq, demək olar ki, dağılmamışdı. Üçüncü otağı, çox guman ki, uçanlardan birinin divarı saxlamışdı, yoxsa o da uçardı. Bizim ikinci mərtəbədəki mənzilimizdən bircə otaq salamat qalmışdı, ancaq küçəyə tərəf olan divar uçmuşdu, içəridəki pəncərənin şüşəsiz gözləri görünürdü. Ancaq ən maraqlısı o idi ki, qonaq otağımızda iki kişi o tərəf-bu tərəfə gedirdi, elə bil heç uçub-dağılmış evdə deyildilər. Biri atamın çox sevdiyi şəkli - Terborxun reproduksiyasını divardan çıxardıb küçəyə tərəf gəldi, onu evin qarşısında dayanmış üçüncü kişiyə göstərdi. Ancaq üçüncü kişi başını elə buladı ki, deyərdin hərracdadır, mal xoşuna gəlmir. Əlində Terborxun əsəri olan kişi geri qayıtdı, onu yerindən asdı, hətta düz dayanıb-dayanmadığını da yoxladı. Kişinin bu diqqəti məni riqqətə gətirdi: bir az geri çəkilib ona uzaqdan baxdı, sonra başını razılıqla tərpətdi. Bu arada ikinci kişi divardakı o biri şəkli - Loxnerin "Kilsə" əsərini çıxartmışdı, ancaq aşağıda dayananın bu da xoşuna gəlmədi. Axırda Terborxun əsərini göstərən birinci kişi küçəyə tərəf gəldi, əllərini mikrofon kimi ağzına tutub qışqırdı:
- Burda bir piano da var.
Aşağıda dayanmış kişi güldü, başını yırğaladı, əllərini mikrofon kimi ağzına tutub dedi:
- İndi kəndir gətirərəm.
Pianonu görə bilməsəm də, onun harada dayandığını bilirdim: sağ tərəfdə küncdə, Loxnerin əsərini göstərən kişinin gözdən itdiyi yerdə...
- Kölnün harasında yaşayırdın? - Belçikalı keşikçi soruşdu.
- O tərəflərdə, - deyib başımla qərb tərəfdəki qəsəbələri göstərdim.
- Allaha şükür ki, tərpənirik, - deyən keşikçi ayağının altına qoyduğu avtomatını qaldırdı, papağını düzəltdi. Papağın üstündəki flamand şiri çox çirklənmişdi. Biz Holdveq meydanına dönəndə tıxacın səbəbini anladım. Deyəsən, irəlidə tutatut idi. Hər tərəfdə ingilis hərbi polisinin maşınları dayanmışdı.
Çoxlu mülki şəxs əlləri yuxarı dayanmış, onların da ətrafına həyəcanlı adamlar yığışmışdı. Hamı həyəcanlı, ancaq sakit idi. Adam lap mat qalırdı ki, bu səssiz-səmirsiz, dağılmış şəhərdə bu qədər adam hardandır...
- Bura qara bazardır, - dedi belçikalı keşikçi.- Burda hərdən "təmizlik" işləri aparırlar...
Heç Kölndən çıxmamış, Bonn küçəsilə gedəndə yuxu məni apardı və yuxumda anamın qəhvəüyüdən maşınını gördüm. Gördüm ki, bayaq Terborxun əsərini göstərən adam onu kəndirlə aşağı salladı, ancaq aşağıdakının xoşuna gəlmədiyi üçün, təzədən geri qaldırdı, dəhlizin qapısını açıb maşını əvvəlki yerindən asmağa çalışdı. Ancaq mətbəxin qapısının solunda divar olmadığı üçün, asa bilmədi. Buna baxmayaraq, kişi çox çalışdı (və onun dəqiqliyi hətta yuxuda da məni riqqətə gətirdi). Sağ əlinin şəhadət barmağı ilə divara vurulmuş çəngəli axtardı, ancaq tapmadı və qəhvəüyüdən maşını saxlaya bilmədiyi üçün qəzəblə payız səmasına yumruq qıcadı. Axırda qəhvəüyüdəni asmaq cəhdindən əl çəkdi, onu kəndirə bağlayıb aşağı salladı. Ancaq yenə də aşağıdakının xoşuna gəlmədiyi üçün geri çəkdi, kəndiri açdı, qiymətli bir əşya kimi onu pencəyinin altında gizlətdi, sonra kəndiri yığmağa başladı, yumrulayıb aşağıdakının başına tulladı. Bütün bu vaxt ərzində məni bir sual düşündürürdü ki, görəsən Loxnerin əsərini göstərən adam harda qaldı. Nə qədər çalışsam da onu görə bilmədim. Nəsə mənə mane olurdu, pianonun, atamın yazı stolunun dayandığı küncə baxa bilmirdim. Və birdən təsəvvürümə gətirəndə ki, o indi atamın gündəliklərini oxuyur, çox pisimə gəldi. Qəhvəüyüdəni götürən kişi indi onu qonaq otağının qapısına bərkitmək istəyirdi. Deyəsən, qəhvəüyüdənə mütləq hardasa yer tapıb ömrünü uzatmaq istəyirdi və ailəmizin çoxlu dostlarından biri olduğu hələ yadıma düşməmiş həmin kişini sevməyə başladım. Həmişə qəhvəüyüdən maşının yanında oturub anama təsəlli verirdi. Ancaq özü müharibənin lap əvvəlində bombardmana düşüb öldü...
Bonna çataçatda belçikalı keşikçi məni dümsüklədi:
- Dur, gözlərini yaxşı-yaxşı aç, azadlığa lap az qalıb.
Dikəlib qəhvəüyüdən maşının yanında oturan adamları xatırladım: sinif yazılarından qorxub dərsdən qaçan, anamın yanında təsəlli tapan şagirdlər, anamın düz yola qaytarmaq istədiyi nasistlər, anamın mübarizəyə ruhlandırdığı nasist olmayanlar... Onların hamısı qəhvəüyüdənin altındakı kətilin üstündə oturmuş, anam da kiməsə təsəlli vermiş, kimisini ittiham etmiş, kimisini də müdafiə etmişdi. Onun acı sözlərindən sonra bəzilərinin arzuları puç olmuşdu. Bəzilərinə də xoş sözlərlə bu çətin zəmanəyə sinə gərə biləcək hisslər aşılamışdı: yazıqlara mərhəmət göstərmək, təqib olunanlara təsəlli vermək!
Bu da köhnə qəbiristanlıq... Bazar... Universitet... Bonn... Koblents darvazasından saray bağına gedən yol...
- Salamat qalın! - dedi belçikalı keşikçi.
Cırtdan da uşaqlara xas olan bir yorğunluqla dilləndi:
- Heç olmasa məktub yaz...
- Yazaram, - dedim. - Tuxolskinin bütün cildlərini də göndərərəm.
- Əla! Klaystı da göndərəcəksən?
- Yox, - dedim, - hansından iki nüsxədir, onu göndərəcəm.
Tikanlı məftillərlə dövrələnmiş alaqapının yanında əlində iki iri səbət olan bir kişi dayanmışdı və bizi içəri buraxdılar. Səbətlərin biri alma ilə dolu idi. O birində isə sabun vardı. Kişi qışqırdı:
- Əsl vitamindir, qardaşlar, bir alma - bir sabun.
Hiss etdim ki, ağzım sulandı. Almanın necə olduğu da yadımdan çıxmışdı. Ona bir sabun verib almanı aldım və o dəqiqə də dişimə çəkdim. Dayanıb içəridən çıxanlara baxdım. Kişiyə daha qışqırmaq lazım gəlmədi. Səssiz bir alver başladı: səbətdən bir alma götürür, əvəzində sabun alır və onu da boş səbətə atırdı. Sabunlar bir-birinə dəydikcə boğuq bir səs eşidilirdi. Ancaq hamıya alma düşmədi, çünki hamının sabunu yox idi. Elə bil özünəxidmət mağazası idi, hərə özünə lazım olanı aldı və mən almanı yeyib qurtaranda, kişinin səbəti artıq yarıyacan sabunla dolmuşdu. Alver çox tez, lap yağ kimi getdi, danışan olmadı, hətta qənaətcil, qəpiyin qədrini bilənlər də almanı görəndə özlərini saxlaya bilmədilər və onlara yazığım gəldi. Vətən əsirlikdən qayıdan oğullarını məbəbbətlə, vitaminlə qarşılayırdı...
Bonnda telefon tapmağım çox çəkdi. Axırda poçtda bir qız dedi ki, telefon indi yalnız həkimlərdə və keşişlərdə, bir də nasist olmayanlarda qalıb.
- Onlar "Vervolfçu"lardan yaman qorxurlar, - dedi. - Mənə bir siqaret verə bilərsiniz?
Tütün qutusunu cibimdən çıxarıb dedim:
- Büküm?
- Yox, özüm bükərəm.
Tez paltosunun cibindən kağız çıxardı, ustalıqla özünə papiros bükdü.
- Kimə zəng vuracaqsınız?
- Arvadıma, - dedim.
Gülüb dedi ki, mən heç evliyə oxşamıram.
Özümə də papiros büküb qızdan soruşdum ki, harda sabun satmaq olar. Bilet almaq üçün pul lazımdır, ancaq qəpiyim də yoxdur.
- Sabun? Baxım...
Şinelimin astar cibindən bir sabun çıxardım. Qız onu əlimdən qapıb iylədi və dedi:
- İlahi, əsl "Palmoliv"dir. Bunun qiyməti...qiyməti... Əlli mark verəcəm.
Təəccüblə onun üzünə baxdım. Qız isə dedi:
- Bilirəm, bunun qiyməti səksənə yaxındır, ancaq o qədərə gücüm çatmaz.
Mən əlli markı götürmək istəmirdim, ancaq əl çəkmədi, pulu şinelimin cibinə dürtdü və bayıra qaçdı. Qəşəng qız idi. Elə qəşəng idi ki, səsindəki sərtlik də ona yaraşırdı.
Ən çox nəzərimi cəlb edən o oldu ki, nə poçtda, nə də veyilləndiyim Bonn küçələrində tələbə dəstələrinə rast gəlmədim. Şayiə yayılmışdı ki, hamıdan pis iy gəlir. Bu pis qoxu hər yanı başına götürüb və indi başa düşdüm ki, sabunu görəndə niyə qızın ağlı başından çıxdı.
Vağzala girib Oberkerşenbaxa necə gedəcəyimi öyrənməyə çalışdım (evləndiyim qadın orda yaşayırdı), ancaq heç kəs bilmədi. Mən bircə onu bilirdim ki, həmin yer hardasa Bonnun yaxınlığında, Ayfel tərəflərdə olmalıdır. Heç yerdə xəritə də yox idi ki, baxam. Çox güman ki, "vervolf"çu¬ların qorxusundan yığışdırmışdılar. Bir vaxtlar mən nəyin harda yerləşdiyini dəqiq bilirdim, ona görə də Oberkerşenbax haqqında heç nəyi bilmədiyim məni narahat etməyə başladı. Bonnda tanıdığım bütün ünvanları bir-bir beynimdən keçirdim, ancaq heç birində həkimə, keşişə rast gəlmədim. Nəhayət, müharibədən əvvəl bir dostumla yanına getdiyim ilahiyyat professoru yadıma düşdü. Onda Roma ilə bəzi dini kitabların yasaq olunması ilə bağlı münaqişəsi vardı və biz sadəcə olaraq, ona rəğbətimizi bildirmək üçün getmişdik. Hansı küçədə yaşadığını bilmirdim, ancaq yeri yadımda idi və Pepelsdorfer xiyabanı ilə üzüaşağı gedib sola döndüm. Bir dəfə də sola dönəndə evi tapdım, adını lövhədə görəndə gülümsədim.
Qapını professor açdı. Çox qocalmış, arıqlamış, beli əyilmiş, saçları tamam ağarmışdı. Dedim:
- Cənab Professor, yəqin məni xatırlamazsınız. O vaxt yasaq olunmuş dini kitablarla bağlı Roma ilə mübahisəyə girişəndə yanınıza gəlmişdim. Bircə dəqiqəliyə vaxtınızı ala bilərəm?
Mübahisə sözünü eşidəndə güldü:
- Buyurun.
Qabağıma düşüb məni iş otağına apardı. İlk diqqətimi cəlb eləyən içəridən tütün iyi gəlməməsi oldu. Ancaq kitablar da, qeyd vərəqləri də, fikus dibçəkləri də əvvəlki yerində idi. Dedim ki, eşitdiyimə görə yalnız həkimlə¬rin, keşişlərin evində telefon olur, mən də arvadıma zəng vurmalıyam. Qəribə də olsa, mənə axıra kimi qulaq asdı və sonra dedi ki, düzdür, o da keşişdir, ancaq telefonu olan keşişlərdən deyil və eyni zamanda da əlavə etdi:
- Görürsünüzmü, mən mənəvi-ruhani məsləhət verən keşişlərdən deyiləm.
- Bəlkə də "vervolfçu"sunuz, - dedim və ona tütün təklif etdim.
Tütünə necə baxdığını görəndə, ona yazığım gəldi. Ümumiyyətlə, xoşladıqları şeylərdən imtina etməyə məcbur olan qocalara lap yazığım gəlir. Qəlyanı dolduranda əlləri əsirdi. Ancaq qoca olduğuna görə titrəmirdi. Qəlyana od vurandan - kibritim olmadığından ona kömək edə bilmədim - sonra dedi ki, telefon təkcə həkimlərdə, keşişlərdə olmur, "əsgərlər çox olan yerdə açılan ucuz barlarda" da var. Biri elə tini burulanda var, bəlkə ora gedim. Xudahafizləşərkən stolun üstünə iki - üç qəlyanlıq tütün qoyanda ağladı, elə ağlaya - ağlaya da soruşdu ki, nə işlə məşğul olacağımı bilirəm, ya yox. Dedim ki, bəli, bilirəm və əlavə etdim ki, gec də olsa, bu bir neçə qəlyanlıq tütünü o vaxt Roma ilə döş-döşə gələndə göstərdiyi cəsarətə görə minnətdarlıq əlaməti kimi qəbul etsin. Böyük məmnuniyyətlə ona bir sabun da bağışlayardım, şinelimin astar cibində beş-altısı qalmışdı, ancaq qorxdum ki, ürəyi sevincdən partlayar. Axı çox qoca, zəif idi...
Belə yer üçün “ucuz bar” sözü çox gurultulu səslənirdi, ancaq məni narahat edən bu yox, qapıda dayanan ingilis keşikçisi idi. Çox cavan idi və yanında dayananda, ciddi nəzərlərlə məni süzdü, divardan asılmış lövhəni göstərdi: Almanlara içəri girmək olmaz! Dedim ki, bacım içəridə işləyir, mən özüm də vətənə yenicə qayıtmışam, açar da ondadır. Bacımın adını soruşdu, mən də alman qızları üçün səciyyəvi olan, onun əsl alman qızı olduğunu bildirən adı dedim:
- Qretxen.
- Hə, yəqin o sarışın qız olacaq, - deyib məni içəri buraxdı.
İçəridə gördüklərimi, "gənc qızlar üçün ədəbiyyat"ı, kinonu, televiziyanı təsvir etməyəcəm. Heç Qretxeni də təsvir etməyəcəm (bax: yuxarı), ancaq bircə onu deyəcəm ki, Qretxen heyrətamiz bir həssaslıqla məni başa düşdü, bir "Palmoliv" sabununa Kerşenbaxdakı (ümid edirdim ki, Kerşenbax adlı yer hələ də var) keşiş idarəsinə zəng vurmağa, mən evləndiyim qadını telefona çağırtmağa razılaşdı. Rəvan ingilis dilində telefona nəsə dedi, sonra mənə tərəf döndü ki, dostu bunu iş yerindən edəcək, ona görə də tez olacaq. Gözləməyə başladıq və ona tütün təklif etdim. Məlum oldu ki, özündəki tütün daha keyfiyyətlidir. Sonra razılaşdığımız sabunu əvvəlcədən vermək istədim. Ancaq götürmədi, dedi ki, heç nə istəmir. Deyəndə ki, ola bilməz, mütləq nəsə verməliyəm, ağladı, etiraf etdi ki, iki qardaşının biri əsirlikdədir, biri də ölüb. Ona yazığım gəldi, çünki Qretxen kimi qızlara ağlamaq yaraşmırdı. Hətta boynuna aldı ki, katolikdir və siyirtmələrdən birini çəkib orda gizlətdiyi kommunion şəkillərini göstərmək istəyəndə, telefon zəng çaldı, tez dəstəyi götürüb dedi:
- Cənab keşiş...
Ancaq mən artıq eşitmişdim ki, danışan qadın səsidir.
- Bircə dəqiqə! - deyən Qretxen dəstəyi mənə uzatdı. O qədər həyəcanlı idim ki, dəstəyi saxlaya bilmədim, əlimdən düşdü. Xoşbəxtlikdən, Qretxenin qucağına düşdü. Özü onu qaldırıb qulağıma tutdu, mən isə dedim:
- Alo, sənsən?
- Mənəm, - dedi. - Sən...sən hardasan?
- Bonndayam. Müharibə qurtardı. Mənim üçün qurtardı...
- Aman allah! Heç inana bilmirəm... Yox, elə şey ola bilməz...
- Olar, - dedim. - Doğrudan qurtarıb... Onda göndərdiyim açıqcanı aldın?
- Yox! Hansı açıqcanı?
- Əsirlikdə olanda göndərmişdim. Onda bizə açıqca yazmağa icazə verirdilər.
- Almamışam. Səkkiz aydır ki, səndən xəbər - ətər yoxdur.
- Donuzların işinə bax! - dedim. - Lənətə gəlmiş donuzlar! De görüm bu Kerşenbax harada yerləşir?
- Mən... mən - deyə o elə bərkdən ağladı ki, danışa bilmədi. Hıçqırığını, bu hıçqırıqları udduğunu eşidirdim. Nəhayət, pıçıltı ilə dedi: - Səni Bonn vağzalından götürərəm.
Sonra səs kəsildi, kimsə ingiliscə nəsə dedi, ancaq heç nə başa düşmədim.
Qretxen dəstəyi qulağına yaxınlaşdırdı, bir neçə saniyə dinşədi, başını bulayıb onu yerinə asdı. Üzünə baxdım və bildim ki, sabunu təzədən təklif etməyə dəyməz. Heç sağ ol da deyə bilmədim, çünki bu sözlər mənə çox mənasız, səfeh göründü. Nə edəcəyimi bilməyib əlimi yellədim, çölə çıxdım...
Heç vaxt evləndiyimizi dilinə gətirməyən o qadının səsi qulağımda, vağzala qayıtdım...
Hekayəni alman dilindən
Vilayət Hacıyev çevirib.