XIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən və ana dilli ədəbiyyatımızın ilk təmsilçilərindən biri də Xacə Hümam Təbrizidir. Şairin əsl adı Məhəmməd, atasının adı Əla (Əlai), ləqəbi Hümaməddin, təxəllüsü Hümam, nisbəsi isə Təbrizidir. Atasının adının Əla olması sənətkarın divanındakı ''Eşitməyə layiq bir söz varsa, o, sənin - Hümam ibn Əlanın qəzəlləridir'' - beytindən də məlum olur. Doğulduğu yer dəqiq bəlli deyilsə də, nisbəsindən bu yerin Təbriz olduğunu söyləmək mümkündür. Vəfat tarixi qaynaqlarda, bir qayda olaraq, 1314-cü il (h.714) göstərilir. Təvəllüd tarixi isə dəqiq şəkildə bəlli deyil. ''Mücməli-fəsihi'' onun 10 iyun 1314-cü ildə (h.714, 25 səfər) 116 yaşında vəfat etdiyini yazır. Belə olduqda, şairin 1198-1200-cü illərdə doğulduğunu söyləmək olar. Hümam Təbrizinin şeirlər divanını çap etdirən İran alimi Rəşid Eyvəzi isə, sənətkarın təxminən 1238-1239-cu illərdə anadan olduğunu söyləyir və öz qənaətində müəyyən hesablamalara əsaslanır. Hər halda, ikinci fikir daha ağlabatan görünür.
Əli İbrahim xan ''Sühufi-İbrahim'' təzkirəsində yazır: ''Xacə ömrünün axırlarında dünyanı tərk edib, dünya malından və dünya vəzifələrindən göz örtərək Şeyx Seyid Fərqaninin müridi olmuşdur. O, Məkkəyə gedib qayıdandan sonra guşənişin olmuş və təsəvvüf təriqətini qəbul etmişdir. Xacə Hümam hicri qəməri 713-(1313), ya da 714 (1314)-cü ildə Təbrizdə vəfat etmişdir. Onu Təbrizdə özü tikdirdiyi xanəgahda dəfn etmişlər''1.
Mənbələrdə Hümamın atası Əlanın zövq əhli olduğu və arabir şeirlər də yazdığı, həmçinin, sənətkarın ağıllı, elm və istedad sahibi, hətta alim və şairlərin görüşünə təşrif buyuran bir oğlu da olduğu qeyd edilir. ''Rövzətülcinan'' şairin bir müddət Şeyx Həsən Bulqariyə müridlik etdiyini xəbər verir.
Xacə Hümam dövrünün ən tanınmış və qabaqcıl şəxsiyyətlərindən idi. Dövlətşah Səmərqəndi ''Təzkirətüş-şüəra''da 20 ən məşhur sənətkar sırasında H.Təbrizidən də söhbət açır. Təzkirə müəllifi Şeyx Sədi Şirazi (1203-1292) və Porboha Cami kimi nüfuzlu şəxsiyyətlərin hicri VII əsrin sonlarında Təbrizə Hümamın görüşünə gəldiklərini qeyd edir.
Ümumiyyətlə, Xacə Hümam dövrünün bir sıra görkəmli dövlət, elm, mədəniyyət və ədəbiyyat xadimləri ilə yaxın olmuş, onlarla əlaqə saxlamış, bəziləri ilə mənzum və mənsur şəkildə məktublaşmışdır. Tanınmış dövlət xadimi və alim Şərafəddin Harun, istedadlı üləmalardan Nurəddin, İbrahim Həməvi, şair Qütbəddin Əmiqi belələrindən olmuşlar. Onun Elxani vəziri Fəzlullah Rəşidəddin və vəzir, Elxanilərin nüfuzlu dövlət xadimi Sahib Divan Şəmsəddin Məhəmməd Cüveyni ilə də isti münasibətləri var imiş. Hətta F.Rəşidəddin hörmət əlaməti olaraq oğlanlarından birinə Hümamın adını qoymuşdur. Mənbələr onun 1277-78-ci illərdə (h.676) Kiçik Asiyada baş verən qarışıqlıq zamanı oradakı hadisələri nizama salmaq üçün Abaqa xanın göstərişi ilə Osmanlı ölkəsinə gedən Sahib Divan Şəmsəddin Cüveyni ilə birlikdə olduğunu xəbər verir.
Bu məlumatın həqiqiliyini şairin şeirləri də təsdiq edir. Belə ki, sənətkar divanındakı şeirlərində həmin səfərdən danışır və Ş.Cüveyniyə müraciətlə belə bir səmimi misra da işlədir: ''Lütf edərək, Azərbaycandan Ruma gəldin''.
Hümam Təbrizi şair, xəttat, fəsahətli natiq olmaqla yanaşı, həm də görkəmli alim və dövlət xadimi idi. O, bir müddət Elxanilər dövlətində Azərbaycan vəziri kimi yüksək rütbəli dövlət vəzifəsində çalışmışdır. Ş.Cüveyninin bir məktubunda Rumdakı ovqaf idarəsinin yuxarı çinli bir işçisinə tapşırılır ki, ''məmləkətin ovqafının gəlirindən ömürlük olaraq hər ildə min dinar Hümamın haqqında ödənilsin''. Xacə Rəşidəddinin Bağdad hakimi Əmir Əliyə məktubunda da ömürlük dövlət təqaüdü təyin edilən alimlər sırasında Hümamın da adı çəkilir.
Xacə Hümam Nəsirəddin Tusidən dərs almışdı. Bir alim kimi elmi ictimaiyyətdə böyük nüfuzu var idi. Xacə Rəşidəddinin Quran təfsirinə aid ''Tozihat'' əsərinə rəy vermiş 200 qabaqcıl alimdən biri də H.Təbrizi olmuşdur. XIII-XIV yüzilliklərin alimləri ondan danışarkən, adətən onu ''qüdvətül-üləma'' (''alimlərin başçısı'') adlandırmışlar. ''Rövzətül-cinan''da göstərilir ki, ''Xacə Hümam ən böyük şairlərdən biri olmaqla bərabər, üləma silkinə mənsub idi''.
Şeirlərindən bəlli olur ki, Hümam gəncliyində bir qızı sevmiş, lakin hansı səbəbdənsə onunla qovuşa bilməmiş və şairin sevgilisi ''özündən ixtiyarsız'' Təbrizi tərk edərək, Əlvənd dağının ətəklərində yerləşən Həmədan şəhərinə köçmüşdür. Bu ayrılıq izsiz qalmamış, onun yaradıcılığında əks-sədasını tapmışdır. Şeirlərinin birində bu xüsusda o, belə yazır: ''Həmədandan sevgilisinin qoxusu gəldiyi kimi, nakam aşiqin əsərlərində də həmin ətri duymaq mümkündür''.
Xacə Hümam orta əsrlərin universal qabiliyyətə malik şəxsiyyətlərindən olmuşdur. O, şair, alim, dövlət xadimi, gözəl xəttat, ədəbiyyatçı və həm də hamını valeh edən bir ''əhli-söhbət'' kimi tanınmışdır. Türk, ərəb və fars dillərini mükəmməl bilmiş, hər üç dildə şeirlər yazmışdır. Onun dəri dilində və kilikcə də poeziya nümunələri yaratdığı barədə məlumatlar vardır. Poeziya sahəsindəki məharətinə görə o, ''Azərbaycan şeirinin Sədisi'' adını almışdır.
H.Təbrizi haqqında ilk bilgi verən Həmdulla Qəzvini Müstofinin '''Nüzhətül-qlub'' əsəridir. Bundan sonra Dövlətşah Səmərqəndi (''Təzkirətül-şüəra''), Əli Nəzmi (''Divist-soxənvər''), Təqiəddin Kaşi (''Xülasətül-əşar və zübdətül-əfkar''), Əli İbrahim xan (''Sühufi-İbrahim''), M.Tərbiyət (''Danişməndani-Azərbaycan'') və s. təzkirəçilər, habelə ''Mücməli-fəsihi'', ''Rövzətül-cinan'' və b. çoxsaylı təzkirə və mənbələr sənətkar haqqında məlumat, bir çox hallarda isə əsərlərindən nümunələr vermişlər. Şairin fars dilindəki əsərləri bir neçə dəfə çap edilmişdir. Bu nəşrlər içərisində İran alimi Rəşid Eyvəzinin hazırladığı və 1972-ci ildə geniş müqəddimə ilə çap etdirdiyi Təbriz nəşri xüsusi yer tutur.
Ümumiyyətlə, R.Eyvəzi H.Təbrizi irsinin öyrənilməsi və nəşri sahəsində ən məhsuldar iş görən tədqiqatçıdır. Şimali Azərbaycanda şairin həyat və yaradıcılığının öyrənilməsi, irsinin nəşri sahəsində az iş görülmüşdür. Onunla bağlı Q.Kəndli, Ə.Xaneqahi, T.Xalisbəyli və M.Müsəddiqin mətbu məqalələri vardır. ''Hikmət xəzinəsi'' (Bakı, 1992) kitabında sənətkarın fars dilində yazılmış bir neçə şeirinin tərcüməsi verilir.
Bu gün H.Təbrizinin əlimizdə Azərbaycan türkcəsində yeganə bir şeiri, fars dilində divanı, ərəbcə bir neçə şeiri və ''Söhbətnamə'' adlı poeması vardır. Qaynaqlar onun nəsr əsərləri də yazdığını soraq verir. Bizə gəlib çatan az sayda nəsr məktubları da bunu sübut edir. Sənətkarın şeirləri onun ölümündən sonra vəzir Xacə Rəşidəddinin göstərişi ilə toplanıb divan şəklinə salınmışdır.
Hümamın Azərbaycan dilində bizə gəlib çatan şeiri ''Cümə günü'' rədifli bir mürəbbesidir. Həmin şeiri ədəbiyyatşünas alimlərimizdən T.Xalisbəyli və M.Müsəddiq AR EA-nın Əlyazmaları İnstitutunda saxlanılan bir cüngdən tapıb ''Hümam Təbrizi'' adlı ön sözlə birlikdə çap etdirmişlər1. Lakin onlar çox haqlı olaraq şeirin, həqiqətən də H.Təbriziyə aid olub-olmamasına bir qədər ehtiyatlı yanaşaraq, onu ''oxucuların istifadəsinə və onların müzakirəsinə verməyi'' lazım bilmişlər. Doğrudan da, ola bilsin ki, gələcək araşdırmalar bu mürəbbenin başqa şairə aid olduğunu sübut etsin. Bununla belə, bizcə, şeiri H.Təbriziyə aid etmək üçün ciddi əsas vardır.
Birincisi, şeir ''Hümam'' təxəllüsü ilə yazılmışdır, bu, sənətkarın fars dilində yazdığı əsərlərdə tez-tez işlədilən təxəllüsdür. İkincisi, mənbələr şairin türk dilində şeirlər yazdığını da xəbər verir. Üçüncüsü, şeirin dil və üslubi əlamətləri XIII-XIV əsrlərin poeziya nümunələrini xatırladır və s. Üç bəndlik həmin mürəbbe belədir:
Aşiqi-sadiq olanın tərki dünyadır işi,
Mömün oldur dünyada rast gəlmən işi.
Həqq buyurdi bizə layiq işlər isə işi,
Bir səvab bin yazılur ol mübarək cüm'ə günü.
Oqunur pərvaz azanlar cəm olur bayu gəda,
Diklənür mənbərdə xütbə, yedirlər cəmi dua.
Yüçə dağlərcə günahi əfv edər bari xuda,
Bir kəsin zikrilə, sidqilə ol mübarək cüm'ə günü.
Der ki, ömür al bağlayub məhrabə keçincə imam,
Qoşədir mələklər ətrafin anın bittəmam.
Rəhmətin dəryasinə ğərq olmaq… içün ey Hümam,
Açılur dəryayi-rəhmət bir mübarək cüm'ə günü.
Göründüyü kimi, şeir dini mövzudadır. Burada həftənin günləri içərisində cümə gününün üstünlüyündən danışılır. Şairə görə, cümə günü ilahinin nəzərində elə mübarək zamandır ki, həmin gündə bir savab min yazılır, bari-xuda həqiqi zikr və sidqlə edilən dualara görə uca dağlar qədər günahları əfv edir, rəhmət dəryasının qapısı açılır. Daha sonra şair deyir ki, sadiq aşiqin işi tərki-dünya olub haqqa layiq işlər görməkdir. Həm də könlündə ilahi sevgi olan mömin insan da, maddi varlıq da işinin tənəzzül etməsi üçün nigaran və məyus olmamalıdır. Çünki həqiqi möminlərin işi bu dünyada rast gətirməz. Ona görə ki, o dünya ilə bu dünyanın təbiəti bir-birindən tamamilə fərqlidir.
H.Təbrizi lirikasının mühüm bir qismini məhəbbət mövzusunda yazılmış şeirlər təşkil edir. Sənətkarın yaradıcılığından tipik bir nümunəyə nəzər salaq:
Hər kimdə eşqin olsa, cana nəzəri olmaz,
Məstin olarsa hər kəs candan xəbəri olmaz.
Hər aşiqin xəyalı ətrindən olsa agah,
Mişkin saçından ayrı durmaq hünəri olmaz.
Başdan ayağa cansan, ey çeşmeyi-həyat sən,
İnsanda bu camalın, hüsnün əsəri olmaz.
Hər kəs bir axtarışda, bir arzu bir diləkdə,
Kuyindən özgə səmtə qəlbin səfəri olmaz.
Vəsfin nə cür gərəksə, söylər Hümam daima,
Hər bir neyin şəkəri, kanın gövhəri olmaz.
Bu şeirlərdə başlıca məqsəd eşq və hüsnün vəsfidir. Aşiqə öz varlığını unutduran gözəl onu zülfü kimi sındırıb qərarsız etmişdir. Bu, elə gözəldir ki, şahları belə öz qapısında miskin dərvişə çevirir. Lakin bu - ehtişamlı dərvişlikdir. Çünki abi-həyat timsalı olan bir gözəlin ucbatından yaranmışdır. Məşuq Simürğ kimi görünməz və vüsalına yetilməzdir.
Aşiqin yeganə əlacı gözələ yalvarmaqdır ki, heç olmazsa bir dəm ona ehsan gözüylə baxsın. Axı, lazım olanda padşahlar da gədaya lütf eyləyər. Aşiqin könül arzuları ümman kimi o qədər çoxdur ki, yüz illərlə yazsa, mindən birini şərh edə bilməz. Həm də o, o dərəcədə fədakardır ki, qılıncla da onu yarın xəyalından ayırmaq olmaz. Hətta aşiq cənnətdə huriylə üzbəüz otursa belə, elə hesab eləyər ki, düşmənlə həmаğuşdur.
Şair fikirlərinin bədii ifadəsi üçün dolğun obrazlardan, müqayisələrdən, atalar sözü və zərb-məsəllərdən, hikmətli sözlərdən, həmçinin, XVII əsrdə S.Təbrizidə daha çox rast gəldiyimiz ''irsalül-məsəl''lərdən bacarıqla istifadə edir:
Sənətkarın yaradıcılığında sufi-panteist ideyaların təbliğinə geniş yer verilir. Onun həyat və varlığa baxışlarının əsasında vəhdəti-vücud fəlsəfəsi dayanır. Şairə görə ''Hər şeydə eşqin əsəri var'', bunun üçün də ''quşa Davudun nəğməsi dərs vermişdir''. Şair belə hesab edir ki, ''Mən ilə mənim canım eyni işıqlı cövhərdəndir''. Həm də ''Sən və mən'' mahiyyətcə eyni bir cövhərdən nəşət tapmışıq və bizi fərqləndirən yalnız surət şəklində təzahürümüzdür:
Sən, mən - ikimiz işıqlı, saf bir cövhər,
Sən, mən - nəçiyik, nə anlasın bəd gövhər.
Sən, mən - elə eyniyik, bizə yoxdur fərq,
Məhv etdi bizi hayıf, hayıf… sən, mənlər.
Qaynaqlar Hümamın ömrünün sonlarına doğru güşənişin olduğunu və sufi məsləkini seçdiyini də qeyd edir.
Hümam vətənpərvər bir şəxsiyyət olmuşdur. O, şeirlərində vətəni və onun gözəlliyini, ucalığını dönə-dönə vəsf etmişdir. Məşhur və mənbələrdə tez-tez xatırlanan bir rübaisində sənətkar Təbrizin və onun sakinlərinə heyranlığını belə ifadə edir: ''Təbriz gözəldır, hər nə ki, orada vardır, o da cözəldir. Onun sakinləri yüksək fikir sahibləridirlər. Onlar müxaliflərin fikri ilə müvafiq olmazlar. Məlaikə divlə heç vaxt dost ola bilməz''.5
İctimai gerçəklik, cəmiyyətdəki ən müxtəlif problemlər Hümamı düşündürmüşdür. Şair zülmə, ədalətsizliyə, haqsızlığa etiraz etmiş, mənəvi və cismani sərbəstliyin, haqq və ədalətin tərəfində dayanmışdır. Sənətkarın ictimai məzmunlu əsərləri içərisində Elxanilər dövlətinin vəziri Xacə Şəmsəddin Məhəmmədin irticaçı qüvvələrin təhriki ilə edam etdirilməsi münasibətilə yazdığı tərcibəndi diqqəti xüsusilə cəlb edir. Şəxsi dostu və görkəmli dövlət adamı olan Xacə Şəmsəddinin ölümü şairi qəzəbləndirir, kədərləndirir. Şeirdə bu haqsız edamın günahkarlarına nifrət ifadə edilir, zülmün tüğyanından və ədalətin yoxa çıxmasından danışılır: ''Zülm dovşanı elə hakim olmuşdur ki, ədalət şirinin dırnaqları sınmışdır''.
Əsərlərində dostluğu, etibarı, yoldaşlığı, sədaqəti tərənnüm edən sənətkar bir çox qələm dostları ilə şeirləşmiş, hətta onlardan bəzilərinə poetik nümunələr də həsr etmişdir. Məsələn, 1306-cı ildə Fəzlullah Rəşidəddin ''Quran''ın təfsiri ilə əlaqədar yazdığı əsərə rəy verərkən, şair həmin rəyin sonuna Xacə Rəşidəddini mədh edən bir neçə poeziya nümunəsi də əlavə etmiş, onu Xızıra bənzətmiş, elmdə ''gündüz tək aydın, möhkəm dəlilləriylə gecətək qara məsələlər həll etdiyindən'', elm və fəzilətdəki uca mövqeyindən danışmışdır:
Yüksəklərə çatmaqda hər kimin qayəsi var,
Uca qayən önündə yox gücləri dayana.
Məna səmasında sən daha çox yüksələsən,
Dərk etdin bilik nədir, alimlik necə olar!
Sədi Şirazi Təbrizə gələrək Hümamla görüşmüş, bundan sonra onlar arasında möhkəm dostluq əlaqəsi yaranmış və onlar bir-birinə müraciətlə şeirlər yazmışlar. Məlumata görə, Sədi ilə Hümam arasında belə bir şeirləşmə də olmuşdur. Sədinin:
To xod besöhbəte-əmsale-ma nəpərdazi,
Nəzər be hale-pərişane-ma nəyəndazi
(Sən özün bizim kimilərlə söhbət etmirsən,
Bizim pərişan halımıza nəzər salmırsan)
misralarına Hümam belə cavab vermişdir:
Əgər hərife-məni yekzəban-o yekdel baş,
Məkon ke xoş nəbovəd dəhdeliyy-o tənnazi və s.
Əgər mənimlə dostsansa, sözünlə ürəyin bir olsun,
On dilli olub oyunbazlıq etmək yaxşı hərəkət deyil.
Gülə de ki, mənim üzümdən utanmırsanmı,
Reyhanlar içində öz hüsnünlə fəxr edirsən.
Bülbülə çatdırın ki, Hümam ola-ola
Rəvadırmı, eşq nəğməsi oxuyursan?
Hümamın sözləri şirin və ürəyə yatandır.
Lakin nə fayda ki, yazıq şirazlı deyil.2
Hümam Azərbaycan ədəbiyyatında Nizami ənənələrini davam etdirən bir şair olmuşdur. Onun Nizaminin təsiri ilə yazılmış bir sıra şeirləri vardır. Sənətkarın yaradıcılığında mühüm yer tutan və ''Xosrov və Şirin'' poeması vəznində yazılan ''Söhbətnamə'' məsnəvisi də Nizaminin ''Sirlər xəzinəsi'' poemasının ənənəsinə uyğun olaraq qələmə alınmışdır.
Fars dilində yazılmış ''Söhbətnamə'' poeması əxlaqi-didaktik mövzudadır. Burada şairin ictimai, siyasi və bir sıra həyati, əxlaqi-didaktik görüşləri öz bədii ifadəsini tapmışdır. Əsərin yazılma səbəbi ilə əlaqədar ''Giriş'' fəslindən aydın olur ki, Hümamı bu məsnəvini yazmağa dili ilə ürəyi bir olan dostları təşviq etmişlər - o adamlar ki, onlar uzun illər şairlə səmimi və etibarlı dostluq əlaqəsində olmuşlar. Poema Sahibdivan Xacə Şəmsəddin Cüveyninin oğlu Şərəfəddin Harun ibn Şəmsəddinin adına nəzmə çəkilmişdir. Əsərdə dostluq, vəfa, etibar, ürəyi ələ almaq, faydalı söhbəti bacarmaq, könül oxşamaq, təvazökarlıq, səxavətli və əliaçıq olmaq, ədalət, özünü dərk etmək, aqil, kamil, müdrik qocaları və alimləri dinləmək, cavanlığın qədrini bilib ondan səmərəli istifadə etmək, az və mənalı danışmaq və s. insani keyfiyyətlər təbliğ edilir. Uzunçuluq, ədalətsizlik, təkəbbür, acgözlük, acıdillilik, düşüncəsiz və səbrsiz işlər görmək və s. qeyri-insani sifətlər isə pislənilir. Sənətkar daim yaxşı adamlarla oturub-durmağı məsləhət görür, pislərlə ünsiyyətdə olmağın hər kəsə yalnız narahatlıq və bədbəxtlik gətirə biləcəyini xatırladır:
Əgər dar sohbəte-nikan meşini,
To zan sohbət be coz niki nəbini.
Əgər sohbət koni ba div mərdom,
Koni həm xişra, həm mayera qom və sairə...
Əgər yaxşı insanlarla oturub dursan,
Sən onların söhbətində yaxşılıqdan başqa bir şey görməzsən.
Əgər div xislətli yaramaz adamlarla oturub dursan,
Özünü də, sərvətini də itirə bilərsən.
Söhbətində təmiz ol, pislərdən uzaqlaş,
Çünki söhbət həmi zəhər, həm də tiryəkdir,
Gah dirildər, gah öldürər.
Gah səadət bəxş edər, gah bədbəxtlik gətirər.
Qanmazlarla bir anlığa da olsa söhbət etmə,
Rahatlıq tapmazsan, onlardan uzaq ol.
Bu tayfadan daha pisini tapmazsan,
Günəş də olsan üzünü qaraldarlar.1
Şair tək və köməksiz insanın həyatın müxtəlif problemlərini dəf etməkdə çətinliyə düçar ola biləcəyini nəzərə çatdırır. Hər kəsi şərəfli və ləyaqətli insanlarla ünsiyyətə çağırır. Göstərir ki, həyat yolu qorxuludur, elə buna görə də onu tək getmək, məqsədə çatmaq üçün özünə layiqli yol yoldaşı istə. Gəncləri elm və bilik öyrənməyə çağıran sənətkar cavanlığa yüksək qiymət verir və bildirir ki, ömrün bu dəyərli illərini hədər keçirmək olmaz. Gənclərin başlıca vəzifəsi elm və bilik əxz etməkdir. Çünki daha yüksək mərtəbəyə qalxmaq üçün insana bundan vacib heç nə yoxdur: