Fevral ayının 24-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 85 illiyinə həsr olunan tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında Nəriman Həsənzadəni 85 illik yubileyi münasibətilə təbrik edib: “Bu gün bu zala toplaşanlar Nəriman Həsənzadə poeziyasını sevənlərin bir qismidir. Bu qələbəlik xalqının, ədəbi ictimaiyyətin Nəriman Həsənzadəyə olan sevgisinin etirafıdır”.
Yubiley mərasimində xalq şairi Fikrət Qoca, akademik Teymur Bünyadov, xalq yazıçısı Çingiz Abdullayev, professor Tofik Məlikli, Seyran Səxavət, İlham Rəhimli, Şirindil Alışanlı, Ramiz Məmmədzadə, Gülağa Tənha, Azər Turan, Oqtay Rza, Gülhani Pənah, Adil Cəmil, Vaqif Yusifli və başqaları çıxış edərək yubilyarı təbrik ediblər, ona uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayıblar, şairin həyat yolundan, yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən, insani keyfiyyətlərindən söz açıblar. Çıxış edənlər vurğulayıblar ki, Nəriman Həsənzadə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Onun poeziyası səmimi, dupduru, tərtəmizdir. Yaradıcılığında hər zaman xatirələri yaşadan, təmkinli, səmimi, duyğulu sevgi, məhəbbət şairi fəlsəfi bir ömrün sahibidir. Lirik ovqatla yaşayan şairin içində bir püskürtü, çox böyük fəlsəfi vətəndaşlıq motivləri var.
Tədbirin sonunda çıxış edən Nəriman Həsənzadə 85 illik yubileyini keçirdiklərinə görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, iştirakçılara öz təşəkkürünü bildirib, ədəbi mühitlə bağlı xatirələrini yada salıb, “Qaçaq Kərəm” poemasından bir parça, “Poylum mənim” şeirini oxuyub.
Saytın oxucularına xalq şairi Nəriman Həsənzadənin poeziyasından bəzi nümunələri təqdim edirik.
NƏRDİVAN
Bu dünya nerdivandı,-
Qalxanda mehribandı,
Enəndə nə yamandı...
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırırdı nərdivan,
Məni xatirələrə
Endirirdi
Bu zaman.
Birimiz-günçıxana,
Birimiz günbatana...
Qalxa bilməzdim daha,
Nə o güc,nə o taqət.
O da enə bilməzdi,-
Haqlı,haqsız
Vermişdi,öz hökmünü təbiət,
Gərək ya düşməyəydi
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya...
* * *
Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi.
Bu dünya qəribə bir əyləncədir,
Dünya sərt, mən bəzən uşaqxasiyyət.
Yaşadım, bilmədim bu dünya nədir,
Bilmədim, dünyada nədir səadət.
Kədərim dünyanın vecinə deyil,
Sevincim necə bəs, düşürmü yada?
Bəlkə dünya üçün, bu – heç nə deyil,
Nə qədər sevinc var, qəm var dünyada.
Dünya sərgisində göründüm, yetər,
Həqiqət dedim mən ”yalan dünya”ya,
Dünyanı əyləncə hesab edənlər,
Əylənib baxsınlar bir an dünyaya.
* * *
Tək çəkə bilmirəm can əzabını,
sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda,sən aç qapını,
bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Qayıt adamları təzədən tanıt,
səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın"
bir də təkrar elə bu həqiqəti..
İlhamım,qələmim danışan deyil,
qayıt,öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir,
ancaq elə bil,
özgənin evinə gedirəm sənsiz...