Orta məktəb illərində oxuduğum kitablar içərisində böyük yazıçımız Mirzə İbrahimovun da əsərləri vardı. Xüsusən, ədibimizin “Gələcək gün” romanı. Bu əsər əlimdən düşməzdi. Valideynlərim Cənubi Azərbaycandan olduqları üçün, ordakı obrazların taleyi ata-anamın taleyinə çox oxşayırdı. Ümumiyyətlə, Mirzə müəllimin çox ustalıqla yaratdığı romandakı Firudin obrazını, onun sevgilisinin taleyini, bir kəndli ailəsinin başına gələn faciələri həyəcansız oxumaq mümkün deyil. Əsərdəki hadisələr o qədər dolğun, hərtərəfli verilib ki, illər keçsə də həmin hadisələr yaddaşımızdan silinmir.
Atam 1937-ci ilin repressiyasında “İran casusu” kimi on il sürgündə olub vətənə qayıtdıqdan sonra ona şəhərdə yaşamağa icazə verilmir. Ona görə də anamı və üç uşağını götürüb baxımsız bir kənddə yaşamalı olur. Mən də həmin kənddə anadan olmuşam, orda məktəbə getmişəm. Məktəbimizin kitabxanasından (mütaliəni sevən, zəhmli və olduqca tələbkar direktorumuz şəhərə gedəndə çoxlu kitab alıb gətirərdi) Azərbaycan, rus, xarici yazıçıların əsərlərini alıb oxuyardım, ədəbiyyata həvəsim də elə o zamandan başlamışdı. Hekayələr də yazırdım. Mən orta məktəbi bitirən ili ailəmiz Bakıya köçdü və ADU-nun filologiya fakültəsinə daxil oldum. Həmin ildən hekayələrim “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində çap olunurdu. Bir dəfə eşitdim ki, Yazıçılar İttifaqında böyük ədibimiz M.İbrahimovun iştirakı ilə ayda bir dəfə “Gənclər günü” ədəbi yığıncağı keçirilir. Mirzə müəllim o vaxt Azərbaycan Yazıçılar İttifaqının sədri idi. Həmin yığıncaqda gənc şair və nasirlərin əsərləri müzakirə olunardı. Tələbə yoldaşlarımdan biri məsləhət gördü ki, “Gənclər günü”ndə mən də iştirak edim. Əsərləri ilə oxucuların məhəbbətini qazanan Mirzə müəllimi ancaq televiziyada və dərslik kitablarında görmüşdüm. Həm ədibimizi görmək, həm də hekayələrimdən birini oxuyub Mirzə müəllimin və ordakı iştirakçıların rəyini eşitmək arzusu ilə Yazıçılar İttifaqının yerini öyrənərək oraya gedib adımı siyahıya yazdırdım. İntizarla həmin günü gözləyirdim. Axır ki, deyilən vaxtda əlimdə təzə yazdığım hekayəmlə sədrin qapısını açdım. Gecikmişdim. Böyük, işıqlı otaq adamla dolu idi. Mən içəri keçməyə ürək eləmədən salam verib qapının ağzındaca dayandım. Mirzə müəllim uzunsov mizin arxasında kresloya söykənərək oturmuşdu. Ayaq üstə dayandığımı görüb: - Keç içəri, qızım, - dedi, - orda dayanma. - Özünə yaxın olan yan-yana sıra ilə düzülmüş tanınmış yazıçılar üçün saxlanılan boş stullardan birini mənə göstərdi. Keçib onun göstərdiyi stulda oturdum. Birinci olaraq gənc şairlərə söz verildi. Bir neçə şeir oxundu və həmin şeirlər müzakirə olunmağa başladı. Təcrübəli qələm sahibləri, tənqidçilər şeirlər haqda fikirlərini söyləyəndən sonra axırda hamıya diqqətlə qulaq asan Mirzə müəllim danışdı. Onun aram-aram nəsihət tərzində dediyi dəyərli məsləhətlərini hələ də unutmamışam.
Növbə mənə çatdı. Ayağa qalxıb hekayəmin adını oxudum. “Şəkil” (Sonralar bu yazım jurnalda Azərbaycan və rus dillərində çap olundu). Həyəcanlı idim. Səsim titrəyir, əllərim əsirdi. Heç cürə əllərimin əsməyini saxlaya bilmirdim. Deyəsən, hamı hekayəmə qulaq asmaq əvəzinə əllərimə baxırdı. Hekayəni oxuyurdum. Özüm də bilmirdim nə oxuyuram. Birdən Mirzə müəllimin qayğılı, həlim səsini eşitdim.
-Qızım, dayan görüm. - Başını qaldırıb Mirzə müəllimə baxdım.
-Niyə həyəcanlısan? Utanma, qızım, tələsmə. Aram-aram oxu. Burda kim var ki? Nədən çəkinirsən? Təzədən başla.
Ədibin mənə ürək-dirək verməsindən sonra hekayəni təzədən oxumağa başladım. Sakitləşmişdim. Elə bil əllərimin əsməyi də dayanmışdı. Hekayədəki qəhrəman övladları tərəfindən atılmış tənha yaşayan atamın dostu İsmayıl əmi idi. Bilmirəm, nəyə görəsə yazıda İsmayıl əminin adını olduğu kimi saxlamışdım. Balaca bir qızcığaz (o mən idim) sürgündən özü ilə mədə-bağırsaq, yel xəstəliyi gətirən atasının vəfatından sonra mehrini bu qocaya salır. Tez-tez əlində xörək nimçəsi baxımsız qalan qocaya baş çəkir. Başı imtahanlara qarışdığı üçün bir müddət İsmayıl əmini yoluxa bilmir. Ancaq imtahanları başa vuran kimi sevinə-sevinə əlində xörək nimçəsi qocaya dəyməyə gedir və ona məlum olur ki, atasının dostu vəfat edib. Evdəsə səs-küydü. Qocanın gəlini ilə qızı evin üstündə mübahisə edirlər. İsmayıl əminin divardan asılmış şəkli isə yerdə divara söykənib. Evdə yır-yığış gedir. Hər tərəf tör-töküntü içərisindədir. Qızcığaz gördüklərindən mütəəssir olur, əlindəki nimçə yerə düşür. Qız nimçəyə fiir vermədən içəri girib gözləri dola-dola İsmayıl əminin şəklini yerdən götürüb otaqdan çıxır.
Hekayəni oxuyub nigarancasına başımı qaldırdım, sonra böyük ədibimizə baxdım. Mirzə müəllim fikirli-fikirli gözünü bir nöqtəyə dikmişdi. Bəlkə İsmayıl əminin taleyi onu kədərləndirmişdi. Otaqda sakitlik idi. Birdən sədrimiz heç kəsə söz vermədən özü danışmağa başladı: - Hekayən xoşuma gəldi, qızım - dedi. - Səni təbrik edirəm. Qocanın həyatını yaxşı vermisən. Dilin də rəvandı, təsvirlər də. Ancaq yazanda tələsmə. Yazının axırında elə bil kimsə səni arxadan qovur. Qovur ki, tez qurtarasan. - Sonra yerbəyerdən səslər eşitdim:
-Yığcamdı, Mirzə müəllim!
-Təsirlidir.
-Həyatda belə hadisələr çoxdur.
İlk dəfə idi ki, yazım haqda xoş sözlər eşidirdim. Sevinirdim. Məndən sonra Tahir (Abbasov) adlı oğlan da hekayəsini oxudu. Onun da hekayəsi yaxşı qarşılandı. (Həmin oğlanın mətbuat səhifələrində tez-tez povest və hekayələrinə rast gəlirəm). Mirzə müəllim yığıncağı yekunlaşdırarkən birdən nəsə yadına düşmüş kimi dedi:
-Bu yaxınlarda Moskvada bizim yazıçılarla Litva yazıçılarının birgə müşavirəsi keçiriləcək. Bizdən gedən nümayəndə heyətinə nə üçün cavanları salmayaq? Elə bu qızımızı, o Tahir balanı, gələcəyin ümidverən yazıçılarıdır. - Mənə tərəf uzadılan əli görüb diksindim. Mən ha? Hara? Moskvaya? Mən o vaxt tələbəydim, yaşadığımız kənddən başqa heç yeri görməmişdim. Mənim Moskvaya getməyim bir möcüzə ola bilərdi.
Bəli, həmin möcüzə baş tutdu. Sevimli yazıçımız Mirzə müəllimin təqdimatı ilə mən o müşavirəyə qatıldım. İlk dəfə olaraq təyyarəyə mindim, ilk dəfə olaraq Moskvanı gördüm, oranın redaksiya və nəşriyyatlarında görüşlər oldu. Müşavirə də çox maraqlı keçdi. Azərbaycanın görkəmli tədqiqatçı-alimi Əziz Şərifli, istedadlı yazıçı Çingiz Hüseynov da o müşavirədə iştirak edirdilər. Bizim yazılarımız da sətri tərcümə olunub əvvəldən Moskvaya göndərildiyi üçün müzakirə edildi, rəylər söylənildi.
Çox təəssüf ki, o böyük ədibimizi bircə dəfə “Gənclər günü”ndə gördüm. Onun həmin gün biz gənclərə arzuladığı tövsiyəsini indiyə kimi unutmamışam. “Hər bir yazıçıda yazmaq vərdişi olmalıdır, zəhmətə alışmalıdır. Hər gün bir saat da olsa yazı masasının arxasında oturmalıdır”. Universiteti bitirdim, ailə qurdum. Ekiz övladlarım dünyaya gəldi. Körpələrə baxmaqla yazmaq bir araya sığışmasa da, arada vaxt tapıb yazırdım, hekayələrim “Ulduz”, “Azərbaycan” jurnallarında çap olunurdu. Sonra yazı-pozudan tamamilə uzaqlaşdım. Bir gün uşaqlara başım qarışdığı vaxt rəfiqələrimdən biri mənə zəng elədi: - Səni təbrik edirəm, - dedi. - Mirzə İbrahimov sənin “Ulduz”da çıxan hekayən haqqında elə gözəl sözlər deyib ki.
-Doğrudan? - Sevincdən ürəyim atlandı. - Nə münasibətlə?
-Yetmiş illiyilə əlaqədar V.İbrahim müsahibə aparıb, soruşur ki, cavanlardan kimin əsərlərini xoşlayırsınız. Mirzə İbrahimov da sənin adını çəkir. İstəyirsən oxuyum qulaq as.
Səbrsizliklə: - Zəhmət olmasa oxu - dedim. Rəfiqəm qəzetdə çıxan müsahibəni oxumağa başladı. “Cavan nasirlərimizin ustalıqla yazılmış əsərlərinə rast gəlirəm. Mənzər Eynullayevanın bu yaxınlarda “Ulduz” jurnalında bir hekayəsini oxudum. Xoşuma gəldi. Mənzərin bir neçə il bundan qabaq da bir yazısını oxumuşdum. Bu yazıda mən onun dilinin, təfəkkürünün, sənətkarlığının necə inkişaf etdiyini hiss etdim.” “Sovet kəndi” qəzeti, 1981-ci il. 15 oktyabr.
Üç övladımın dünyaya gəlişindən sonra çoxdan idi əlimə qələm dəymirdi. Gözəl insan, böyük ədib Mirzə müəllimin mənim haqqımda dediyi sözlər ədəbi aləmdə mənim yoluma yaşıl işıq saldı, həm də bu sözlərdən sonra hiss etdim ki, yazmağı davam etdirməliyəm. Buna baxmayaraq, yaradıcılıqla ardıcıl məşğul ola bilməsəm də, onun bizə etdiyi tövsiyəsini isə indiyə kimi unutmamışam; yazmaq vərdişini və bir də zəhməti.
MƏNİM ƏZİZ SARAM!
Bu gün saat 12-də Kislovodskiyə gəlib çatdım. Bura nədənsən adama tamam başqa cür təsir edir. Hələ tramvay şəhərin kənarına yaxınlaşanda özümdə qəribə bir hal hiss etdim. Elə bil ki, vağzalda siz məni qarşılayacaqdınız. Məndə belə bir hiss var idi. Tramvaydan düşüb elə vağzalın yanındaca "Kurbüro"ya (Kurort bürosu - red.) getdim. Çemodanı orada qoyub narzan vannalarına tərəf endim. Ürəyim elə darıxır, elə darıxırdı ki!.. Hər yerə baxıram, balasını xatırlayıram. Nəhayət, maşın gəldi və sanatoriyaya getdim. Bu, "Qırmızı daşlar" (Krasnıye kamni) deyilən yerdədir; bilmirəm xatırlayırsanmı? Mənə balaca, lakin yaxşı bir otaq verdilər. Vanna təklif etdilər. Gördüm yox, evdə otura bilməyəcəyəm (yenə haman səbrsizlik!). Tez bir tikə çörək yeyib aşağı endim. İlk rast gəldiyim yer, Saracan, o körpü oldu ki, oradan sizi aparıb ötürərdik. Hətta bir dəfə körpünün o tayına keçməyimizə də razılıq vermədiniz. Görünür, qəzəbli zamanın idi. Nə isə, körpüyə çıxdıqda qəlbimdə min hiss, min duyğu baş qaldırdı; həm də on il bundan əvvəlki həyəcan, iztirab və xəyallarla birlikdə... İnan ki, o dəqiqə hər şey mənə bir şeir, bir xəyal kimi gözəl görünürdü. Bu cür dəqiqələr bütün insanların həyatında olur. Adamın ürəyi qəribə bir şəkildə yumşalır; məhəbbət dolur. Hər şeydə bir gözəllik, bir məna görürsən. Riqqətdən insanın gözləri yaşarır. Belə bir duyğuyla "Aynalı su"ya (Zerkalnoe struya") tərəf getdim. Haman gördüyün kimi, gördüyün gözəlliklə axmaqdadır. Qabağında durub uzun müddət tamaşa etmişəm. İndi o mənə qəribə bir rəmz kimi, insan məhəbbəti və insan arzularının əbədiyyət, əbədi gözəllik rəmzi kimi görünməkdədir. On il keçmiş olsa da, mən qəlbimin aynasında bunun kimi təmiz və təravətli bir məhəbbətin işığını görür və belə düşünürdüm, Saracan. Elə on il əvvəl də belə bir həsrət və xəyal ilə bu "Aynalı su"yun qabağında durmuş günlər gəlib gözümdə canlandı...
Yavaş addımlarla (adam belə dəqiqələrin tez keçməsindən elə qorxur ki...) yuxarı çıxdım. Balaca mavi gölcük, onun yanındakı qüvvət və solmaz gəncliyi təcəssüm etdirən heykəllər və ağaclar olduqları yerdə dururlar...
Saracan, düz bir saat sehirlənmiş kimi oradan ayrıla bilmədim. Nəhayət, həm "Aynalı su"yun qarşısında, həm də mavi gölcüyün yanında şəklimi aldıraraq, bir qədər yuxarı getdim (Yadındadırmı siz oralarda gəzməyi sevərdiniz!). Sonra qayıdıb narzan qallereyasına gəldim. Yol uzunu hər ağac, hər daş məndə min xatirə oyadırdı... Bircə şeyə təəssüf edirəm ki, sən yanımda yoxsan...
Çayın kənarından keçəndə rəhmətlik mamanı (Sara xanımın anasını - red.) xatırladım. Saracan, mən indi hiss edirəm ki, ikinci anamı itirmişəm. Bu səyaq üç saat dolanmışam. Səmədgil (Səməd Vurğun - red.) olan küçəni yuxarı çıxıb qayıtmışam. Bu üç saatı sərxoş kimi, bihuş kimi soyumaq bilməyən bir həyəcan içərisində olmuşam. Elə bu halda da gedib sizə teleqram vurmuşam.
Bu gün keçirdiyim bütün həyəcanları, bütün düşüncə və xəyalları yazmaqda acizəm... Ancaq onu bilirəm ki, Saracan, sən bir xəyal, bir mələk kimi həmişə gözümdə və qəlbimdə olmusan. Bununla belə, halını düşündükdə ürəyim yanır. Nə etməli?! Gələn il nə cür olsa, bir ay buraya səninlə gələcəyəm. İndidən otaqlar da tapacağam. Balaları da götürüb gələrik, sağlıq olsun.
Saracan, sizin üçün nə qədər darıxdığımı yazmağıma ehtiyac varmı? Lakin nə edim, orada yaza bilməyəcəyim pis, yaxşı əsəri qurtarıb gəlmək istəyirəm...
Tez-tez kağız yaz, mənim Saram. Bu saat Solmazın (kiçik qızını deyir - red.) balaca barmaqlarına baxıb yazıram. Onlar bizə təsəllidir.
Uşaqların üçünü də (Sevdanı, Aydını və Solmazı - red.) mənim dodaqlarımla öp. Sevdaya de ki, anası kimi olsun.
Öpürəm səni, mənim Saram...
Sənin Mirzən