Səməd Vurğun
ANA
Pək çocuqdum yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömrüm gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!
Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, ah gözlərim həp səni bəklər,
Bax övladın nasıl giryandır, ana!
Sən bir günəs idin, dogdun da batdın,
Yazıq övladını qəmlərə atdın.
Bir cavab ver, hankı murada çatdın
Torpaqlarda neçə zamandır, ana!
Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Simdi zaman basqa zamandır, ana!
Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəllim ah ilə fəgandır, ana!
Əliağa Vahid
SEVGİ ELANI
Dedim : - Ey qönçə dəhan, könlümü qan eyləmisən,
Dedi : - Bica yerə eşqimdə fəqan eyləmisən,
Dedim : - İnsaf elə incitmə məni, aşiqinəm,
Dedi : - Get, sirrimi dünyaya bəyan eyləmisən,
Dedim : - Aglatma məni sərv boyun şövqündə,
Dedi : - Göz yaşını bihudə rəvan eyləmisən,
Dedim : - Axır, gözəlim, bagü baharım sənsən,
Dedi : - Sən ömrünü həsrətlə xəzan eyləmisən,
Dedim : - Az çəkməmişəm gözlerinin həsrətini,
Dedi : - Öz könlünü yersiz nigaran eyləmisən,
Dedim : - Eşqində əsirəm, mənə bəs xeyri nədir...?
Dedi : - Əvvəldə bu sevdadə ziyan eylemisən,
Dedim : - Eşq atəşi neylər mənə, qorxan deyiləm,
Dedi : - Biçarə, yanarsan, nə güman eyləmisən...?
Dedim : - Ey gül, mən əzəldən də gözəl aşiqiyəm,
Dedi : - Sən ruhini eşq iylə cavan eyləmisən,
Dedim : - Her gün səri-küyində dolanmaqdır işim,
Dedi : - Vahid, nə gözəl yerdə məkan eyləmisən...?
Bəxtiyar Vahabzadə
QƏZƏL
“Gəl-gəl” deyə hicrində kaman tək mələdim mən,
Bir ömrü sənin eşqinə qurban elədim mən
.
Asudə tifildin, nə qəmin vardı, nə dərdin,
Dərdimlə sənin gözlərini sürmələdim mən.
Hissim sənə “gəl-gəl” dedi, əqlim dedi “get-get”
Bu qanlı döyüşdən mənə imdad dilədim mən.
Eşqim də qaxınc oldu mənim başıma hər gün,
Bir eşqin ucundan nə qədər tənə yedim mən.
Öz hissini dustaq eləyən Bəxtiyar olmaz,
Öz eşqimə, öz könlümü zindan elədim mən.
Nəriman Həsənzadə
* * *
Tək çəkə bilmirəm can əzabını,
sənsiz ürəyimi əzir ayrılıq.
Mən zəngi basanda, sən aç qapını,
bəxtimə çıxıbsan, qarşıma sən çıx!
Qayıt adamları təzədən tanıt,
səhvimin üstündə danla xəlvəti.
"Mənsiz nə olacaq sənin axırın"
bir də təkrar elə bu həqiqəti...
İlhamım, qələmim danışan deyil,
qayıt, öz gözümdə itirəm sənsiz.
Ünvan mənimkidir,
ancaq elə bil,
özgənin evinə gedirəm sənsiz...
Ramiz Rövşən
YAVAŞ-YAVAŞ SEVDİM SƏNİ
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.
Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…
Mustafakamal İslamov
NİGARAN QALMA, AY ANA!
Yenə məndən nigaransan?
Nigaran qalma, ay ana.
Şam kimi əridin, axdın
Öz odunda yana-yana
Nigaran qalma, ay ana.
Acımı da şirin bildin
Nə danışdın, nə də dindin
Özünü məndə itirdin
Anılmadın ana-ana
Nigaran qalma, ay ana.
Qəlbindəki tufan mənəm
Saçına tez düşən dənəm
Düşünmədim bəzən, nədən
Qorumadım qana-qana
Nigaran qalma, ay ana.
Ruhun dönür gecə yarı
Nolar, rahat uyu, barı
Sən yaşa çatmışam axı
Bir illəri sana, sana
Nigaran qalma, ay ana.