Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. O, Azərbaycan ədəbiyyatının çox görkəmli nümayəndələrindən biridir. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. O, XX ərs Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. Süleyman Rüstəm öz yaradıcılığında Azərbaycanın bütün dilbər qüşələrini vəsf edib, vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edib. Yaradıcılığında Sovet dövrünün tələbinə uyğun rejimi təbliğ edən şerlərə də yer ayırdığı üçün bu günün baxışı ilə şair tənqidlərə məruz qalsa da onun yaradıclığını bir heç saymaq olmaz. Tənqidçi Bəkir Nəbiyev Süleyman Rüstəmi Azərbaycan poeziyasının müxtəsər, poetik ensiklopediyası adlandırırdı.
Süleyman Rüstəm 1906-cı il 12 mart tarixində Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, yaradıclığınında da fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi öz poeziyasında işıqlandırıb.
Nəriman Nərimanov adına Bakı Sənaye Texnikumunda təhsil alıb. "Gəng işçi" qəzeti redaksiyasında ədəbiyyat şöbəsinin müdiri kimi fəaliyyətə baslayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərq fakultəsinə daxil olur və 1929-cu ildə Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülür.
"Unudulmuş gənc" adlı ilk mətbu şeiri "Maarif və ədəbiyyat" jurnalında çap edilir və bundan sonra onun şeirləri dövrü mətbuatda yer alır. XX əsrin 20-ci illərində öz şeir, məqalə və çıxışları ilə Süleyman Rüstəm yeni həyatı tərənnüm etdirdi. Onun ilk çapdan çıxmış "Ələmdən nəşəyə" adlı şeirlər kitabı bütün yaradıcılığının əsas kompozisiyasını təşkil edir.
Uşaqlıq illəri Novxanı bağlarında, dəniz sahillərində keçdiyindən o, Xəzərə başqa bir məhəbbət bəsləyirdi. Azərbaycan şairləri içində Xəzərə ən çox şeir qoşan şair də məhz Süleyman Rüstəmdir. "Xəzərdə", "Xəzər nəyə bənzəyir", "Xəzərdə gecə", "Xəzərin səhəri", "Xəzər və durnalar", "Xəzərim olsun", və s. şerlərində o bu mavi gözəli xəyallar qanadında tərənnüm etməkdən doymurdu.
Məndən soruşursunuz:
De görək səhər-səhər
Nəyə bənzəyir Xəzər?
-Xəzər göyə bənzəyir, göy Xəzərə bənzəyir
Xəzər qızıl həşyəli göy məxmərə bənzəyir.
Hər qarışı üzümlü, əncirli qum təpələr,
Sahilin qulağına pıçıldaya ləpələr
Çiçəklər, otlar üstə iməkləyən körpələr
Hələ bəstələnməmiş nəğmələrə bənzəyir.
İkiknci Dünya müharibəsi şairin yaradıcılığına çox böyük təsir etmişdir, onun vətənpərvərlik mövzusunda yazdığı əsərləri bu dövrə təsadüf edir. Bir-birindən maraqlı və dillər əzbəri olan "Ana və poçtalyon", "Ana ürəyi", "Gün o gün olsun ki", "Durnalar" bu dövrdə çapdan çıxmışdır. Onun şerləri bu günümüzdə də aktualdır.
Süleyman Rüstəm Cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirmiş oldu. O, Cənubi Azərbaycanda olmuş, orada yaşayan soydaşlarımızın ağır həyat tərzini görmüş və könlündən keçənləri kağızlara köçürmüşdür. "Təbrizim" adlı şeiri şairin bu səpkili şerlərindən ən təsiredicisidir. Bundan başqa, "Könlümə Təbriz düşdü", "İşıq", "Yenə Araz qırağında", "Yaralarım", "Görsəm" kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışırdı.
Süleyman Rüstəm nəğməkar şair kimi də tanınırdı. Gülağa Məmmədovun ifasında sevilən "Qurban adına", Nəzakət Teymurovanın "İlk məhəbbətim", "Külək", Məmmədbağır Bağırzadənin "Qubalı qız", Fidan və Xuraman Qasımovaların "Gözəl Bakı", Zeynab Xanlarovanın ifasında "Sənsən yoxsa mən" musiqiləri hər dəfə sevə-sevə dinlənir.
Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayıb. Daha sonra "Qaçaq Nəbi" məzmun dramı, "Durna" komediyası Süleyman Rüstəm dramaturgiyasının inciləridir.
Süleyman Rüstəm bəzi məsul vəzifələrdə də işləmişdir. 1934-cü ildə AYB-nin üzvü, 1943-cü ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi, 1960-cı ildə Azərbaycanın Xalq Şairi, 1960-cı ildə SSRİ dövlət Mükafatı Laureatı,1976-cı ildə Sosial Əməyi Qəhrəmanı,"Ədəbiyyat" qəzetinin baş redaktoru, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru, "Azərbaycan", "Kirpi" jurnallarının və "Sovetski pisatel" nəşriyyatının redaksiya heyyətinin üzvü, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsini üzvü, Azərbaycan Ali Sovetinə deputat, ölümünə yaxın - 1971-ci ildə SSRİ Ali Sovetinin sədri vəzifəsində çalışmışdır. Xidmətlərinə görə iki dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, üç dəfə Lenin Komitəsinin Fəxri Fərmanı, bir sıra medalları ilə təltif olunmuşdur.
QƏZƏLLƏR
Yaxşı məclisdə, könül, söhbət məhəbbətdən düşər,
Dostluğa, qardaşlığa sonsuz sədaqətdən düşər.
Darda meydandan qaçan, ağ gündə cövlan eyləyən,
Hər kim olsa, el içində, məncə hörmətdən düşər.
Kim ki, aləmdə “təkəm mən, məndən olmaz” söyləsə,
Şübhəsiz gözdən düşər, bir sözlə şöhrətdən düşər.
Olsa da məddahı minlərlə, nə qəm tezdən də tez,
Xalqına bağlanmayan sənət təravətdən düşər.
Gör nə xoşbəxtsən, Süleyman, ta yüz ildən sonra da,
Məclisində söz bu al bayraqlı millətdən düşər.
***
Sevgilim, qoyma dilimdə nə şikayət qalsın,
Nə də könlümdə-gözümdə acı həsrət qalsın.
Gəl, vəfasız, demə “bəsdir” səni candan sevənə,
Qoymaram bir daha üstümdə bu töhmət qalsın.
Bir gözəlsən ki, gözəllər sənə dikmiş gözünü,
Deyirəm, ölkədə haqqında bu söhbət qalsın.
Son verək gəl bu şikayətlərə, səndən, məndən,
Dərdə dözmək, cavan aşiqlərə adət qalsın.
Varsa şübhən sözümə, onda buyur, al, gözəlim,
Ürəyim qəbrə qədər, səndə əmanət qalsın.
Gəl, Süleyman o qızılgül dodağından öpsün,
Torpaq altında da ağzında bu ləzzət qalsın.
***
Gələndə məclisə mey əldə lalə şəklində,
Nigarım ay tək olur, mənsə hələ şəklində.
Ürək qanımla yazıb sönməyən məhəbbətimi,
Nigarə söyləyirəm odlu nalə şəklində.
Vəfalı könlünə bir yol tapan zaman şe’rim,
Gözündə nəm görürəm, inci, jalə şəklində.
Mən aşiqəm, beləyəm mən, hər aşiqanə sözüm,
Coşub, axır ürəyimdən, şəlalə şəklində.
Sevin, sevin ki, Süleyman, əlində sevgilinin,
O qan olan ürəyindir, piyalə şəklində.
***
Könlüm yenə min şövq ilə, canan, səni istər,
And olsun əziz canına ki, can səni istər.
Çəkməz ətəyindən əlini, çəksə də hicran,
Eylər canını canına qurban, səni istər.
İlham alıram incə səsindən, nəfəsindən,
Tək mən deyiləm, şanlı bu dövran səni istər.
Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən,
Ellər də olub hüsnünə heyran, səni istər.
İşdir, mənə üz versə fəraqından kədər, qəm,
Könlüm yenə də dərdinə dərman səni istər.
Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,
Əvvəlki məhəbbətlə Süleyman səni istər.
***
Aşiq olanın bağrı dönər qanə, deyirlər,
Atəşdə yanan aşiqə, pərvanə deyirlər.
Dost-aşnanı öyrən, baxıb ətrafına, könlüm,
Hər addımını, eybini, cananə deyirlər.
Aç qəlbini cananına, göstər ki, inansın,
Bilsin, nə deyirlər ona, əfsanə deyirlər.
Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsən,
Eşq atəşidir, can verən insanə, deyirlər.
Mən fəxr edirəm, çünki əleyhimdə nə varsa,
Sən tək gözələ, gözləri ceyranə deyirlər.
Məndən sənə, ey gül, nə deyirlərsə, inanma,
Səndən də gəlib gündə Süleymanə deyirlər.
***
Sənə üz versə kədər, məclisə cananı çağır,
Dodağı qönçəni, ol gözləri ceyranı çağır.
Eşqdir, hicrdir, aləmdə vüsaldır mə’na,
Varsa şübhən, bunun isbatına dünyanı çağır.
Söndürə bilməyəcəksən yenə eşqin odunu,
İstəyirsən köməyə çayları, dəryanı çağır.
Sağalar məncə vüsal ilə bu hicran yarası,
Çəkmə zəhmət, nə təbibi, nə də loğmanı çağır.
Səni qəmlər dənizi boğmağa eylərsə hücum,
Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır.
***
Sevgilim, könlüm sənin heyranın olsun, olmasın?
Can cedyib, candan keçən cananın olsun, olmasın?
Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,
Canına bağlı bu canda canın olsun, olmasın?
Bir gün hicran yollarında könlünə üz versə qəm,
Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın?
Şux çiçəklər, güllər öpsün gül dodağından gərək,
Aşiqin bağçandakı bağbanın olsun, olmasın?
Mən Süleyman Rüstəməm, dillən görüm, yandım ki mən,
Gündə min yol can sənin qurbanın olsun, olmasın?
***
Əbədidir bu gözəl, ülvi məhəbbət məndə,
Məncə, səndəndir, əzizim, bu təbiət məndə.
Səni son mənzilədər gözləyəcəkdir bu könül,
Eşqinə olmayacaq zərrə xəyanət məndə.
Ölkə, xalq gəzdirəcək sözlərini qəlbində,
Günbəgün artacaq hər nəğmənə hörmət məndə.
Görürəm, hiss edirəm ölməyəcəksən, bilirəm,
Dözərəm hicrinə, varkən bu həqiqət məndə.
Get, zəfərlərlə qayıt, ölmə, Süleymanım get,
Get, fəqət, qoy ürəyin qalsın əmanət məndə.
Təbrizim
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,
Hicranda göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
Nədir o, mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Yaz, Süleyman, yaz
Təbrizimin bitməyib, heyhat, qanlı günləri,
Sonsuz ahlı, fəryadlı, həyəcanlı günləri.
Bir zaman Yer üzündə çox yaxşı bilir ellər,
Şöhrətdi tarixlərə ulu, şanlı günləri.
Bu gün də əvvəlkitək nəğmələrdə səslənir
Bağırxanlı günləri, Səttarxanlı günləri.
Göz ağrıyır görəndə şairlər vətənində
Bu qəssablı günləri, bu qurbanlı günləri.
Əfsus, başda oturan əqrəb yuvalı başlar
Azadlıq adlandırır bu zindanlı günləri.
Yox, belə getməyəcək xalq ömründən siləcək.
Bu dəhşətli günləri, bu tufanlı günləri.
Yaz, Süleyman, durma, yaz, qoy var olsun Təbrizin
Şəhriyarlı günləri, Süleymanlı günləri.
Yaşa baxmıram...
Yaş məni haqlayıb, deyir ki, dayan,
Yox, yox, mən bu yolda yaşa baxmıram!
Bu yol Təbrizimə aparır məni,
Bu yolda kəsəyə-daşa baxmıram.
Deyirəm, ey vüsal, hardasan, harda?
Gedirəm, gedirəm, qalsam da darda.
Dilbilməz tufanda, boranda qarda
Geriyə dön deyən qışa baxmıram.
Yoldayam, yoldayam, yoldayam yenə,
Qoy öyüd verməsin qansızlar mənə.
Önünə çıxsa da min qanlı səhnə,
Gözlərimi tutan yaşa baxmıram.
Əhdimə vəfalı bir insanam mən,
Doğma qardaşımdan nigaranam mən,
Uzun yollar yoran Süleymanam mən,
Qar kimi ağaran başa baxmıram.
Süleyman dərdi
Məni yandırdı Füzuli kimi hicran dərdi,
Uzun illər demədim xalqa bu pünhan dərdi.
Aşiqəm, eşqimi gizlətməyə haqqım yoxdur,
Həmdəmimdir gecələr sevgili canan dərdi.
Vurdu, soldurdu xəzan sevgilimin gülşənini,
Daşıyır gör necə qəlbində bir ümman dərdi.
Eşqimin hər iki sahildə dərin kökləri var.
Yox, deyil dərdimə tay eşqdə Sənan dərdi.
Hardasan, harda, xəyalımdakı təbrizli gözəl,
Tək sənin dərdin olub indi Süleyman dərdi?!