Ötən yüzilliyin əllinci illərinin sonlarında Bakının "Kubinka" deyilən ərazisindəki ceyillərin hal-xasiyyətindəki bir çox cəhətlər necəydisə, həmin dövrdə oradan neçə-neçə dağlar, düzənlər, ovalıqlar aralı, dilləri və dinləri bir-birindən ayrı olan İrəvan şəhərində ermənilərin də əksəriyyətinin "Təpəbaşı" dedikləri (sonralar dəyişdirilib "Qond" olan) yerin cavanları da eləydi. Hər on ildən bir üstündən güclü dalğa təkin gəlib keçən yeni-yeni dəblərə uymayan, məhəl qoymayan bu şəhərlərin həmin ərazilərdə genbalaq şallvarlı sakinləri yayın cırhacırında belə, iriliyinə görə aerodrom meydançasını xatırladan qalın ratin parçadan tikilmiş papaqlarını başlarından çıxartmaz, payızın çiskinli-sazaqlı, qışın şaxtalı günlərində darısqal küçələrin tinində yalın pencəklərinin içində saatlarla büzüşərək, tez-tez, bir az da əsəbiliklə günəbaxan tumu çırtlaya-çırtlaya gəlib-gedən adamlardan baxışlarını yayındıraraq, boyunlarındakı, qurşaqdan da bir az aşağı sallanmış, dəvə yununudan toxunma göy qurşağını xatırladan əlvan boyalı, pırpızlı, bahalı maxer şarflarıyla, bəlkə başlarındakı ondan da bahalı andatr, norka papaqları ilə gizli-gizli qürrələnirdilər. Keyfiyyəti ilə seçilib dünyanı işğal etmiş "BT", "Marlboro", "Kent" siqaretləri də bu şəhərin həmin ərazilərində "Kazbek" papirosuna sədaqətli qalmış həmin ceyillərin ciblərinə hələlik yol tapa bilməmişdi. Bakı Kubinkasının ceyilləri kimi, İrəvan Təpəbaşının cavanları da türmədə yatıb-çıxanlara böyük hörmət bəsləyir, oraya düşüb-çıxmağı özlərinə borc və şərəf bilirdilər. Ən qəribəsi, həyat tərzləri, peşələri, məşğuliyyətləri əsasən sürücü, alverçi, quşbaz olan bu adamlar həmin ərazidə barmaqla sayılan, ancaq tanınmış rəssam, bəstəkar, şair, bir sözlə, oxumuşlara, ziyalılara da xüsusi hörmət bəsləyirdilər. Təkcə bu iki şəhərdə deyil, ola bilsin dünyanın bütün paytaxtlarında öz qanunları, öz gələnəkləri ilə seçilən belə məhəllələr, belə ərazilər var. Sovet dönəmində hələ qanunların, intizamın çat vermədiyi vaxtlarda "şey"dən (morfi və başqa narkotik maddələr) tutmuş tapança, avtomat, müxtəlif növ silahlara, aztapılan-defisit xarici mallaracan hər şeyi, gündüzlər bir yana, gecənin istənilən vədəsində də gəlib bu ərazilərin adamlarından almaq olardı. Camaat arasında "Kubinkada", yaxud "Təpəbaşında" atom bombası da tapmaq olar, deyirdilər. Hər iki şəhərin bu ərazisində yaşayan dəli-dolu, bıçaq atan, vurub- yıxan adamlarından çox, o yerlərin adlarında bir qorxu, bir vahimə olduğundan, ermənicə "Kommunist" qəzetinin gecə növbəsində korrektor işləyən gözəl Regina qonşularında ev olduğunu deyəndə, Qafur bir an çaşdı, "Kirayə ev axtardığımı hardan xəbər tutub? Nahaq yerə demirdilər Regina "Armenpress"dən çevik, məlumatlıdır" - düşündü, yumşaq, mehriban səsiylə,bir az da yumorla "Sizin qayğıkeş olduğunuzu eşitmişdim, diqqətinizə görə təşəkkür edirəm. Məmnuniyyətlə sizinlə qonşu olmaq istərdim. Ancaq mən hara, "Qond" hara. Reginadan ehtiyat etdiyinə, həm də onun ürəyincə olmasına görə Qafur qəsdən Təpəbaşının sonralar dəyişdirilmiş yeni adını dedi. "Orda baş çıxarmaq hər oğulun işi deyil" - söylədi.
- Sizin kimi sakit, mədəni adama dəyib-dolaşan olmaz, buna əminəm. Türkiyə ermənisidi, o da sakit adamdı. Həyəti cənnətdi, bir dəfə görən çıxmaq istəmir ordan. Ayrıca otağın olacaq, geniş, işıqlı. Bütün şəhər ayağının altında qalır. "Hiyanali Banarama! - Ecazkar mənzərə, "Sarı Tağ"ın da evləri, bağları elə bil ovuc içindədi" - deyəndə az qala Qafurun ayağının altından yer qaçdı, çaşqınlığını gizlətməyə çalışdı, "Vay səni, Regina yiyəsi! Deməli, bir vaxtlar "Sarı Tağ"da ata-baba mülkümüz olduğundan da xəbərdardı. Bəlkə "Sarı Tağ"ı elə-belə, təsadüfən dedi. "Sarı Tağ"ın evləri desəydi, şübhəli olmazdı, ora bir "da" ədatı da artırdı, "Sarı Tağ"ın da evləri" - dedi. Niyə Lenin meydanı, Toxmaq göl, Operanın yanı yox, məhz "Sarı tağ"? Bəlkə məni qapazlamaq istəyir? Altı yaş özündən balaca olduğumu bilmir bəyəm? Hələ birinci sinfə gedən qızı. Qatı millətçi ola, türkə ərə getmək ürəyindən keçə? Ola bilməz. Bəlkə bununla onu atıb rus qızıyla evlənib Moskvaya getmiş ərindən qisas almaq istəyir. Mənə belə canıyananlıq etməkdə, qayğı göstərməkdə xeyir ola? Bəlkə sadəcə bir "Ta-Qa" kimi məndən istifadə etmək istəyir..."
"Ta-Qa" Qafurun ləqəbi idi. Yəni “Taksi Qafur”. İşlədiyi qəzetin əməkdaşlarından başqa ermənicə "Kommunist", "Sovetaqan Hayastan", rusca nəşr olunan "Trud" qəzet redaksiyalarının bəzi əməkdaşları da onun jurnalistlər içində imkanlı olduğunu bilirdilər. Qafur hər yerə, lap bir tin o yana gedəndə də taksiyə minməliydi. Şöbə müdiri vəzifəsinə keçəndən sonra maddi vəziyyəti daha da yaxşılaşdı. Yüksək maaşından başqa, rayondan gələn dostları (qəzetdə haqqında yazı gedən məktəb direktoru, kolxoz sədri, rayon milis rəisi, müstəntiq...) Qafura başının dəstəsi ilə (bu dəstənin içərisində bəzən ermənilər də olurdu) qonaqlıq verdikdən sonra xəlvətə salıb cibinə ağzı bağlı konverti qəfildən dürtürdülər. Ədəbi işçi olduğu vaxtlarda Bakıda "obexes" işləyən böyük qardaşının hər ayın on beşində poçtla göndərdiyi yüz rubl, dəqiqliyi ilə yenə də gəlməyində idi.
Respublikanın ən nüfuzlu qəzet və jurnal redaksiyaları İrəvan şəhərində ən gözəl və möhtəşəm sayılan Lenin prospektinin ayağında "Örtülü bazar"dan azca aralı dörd mərtəbəli binada yerləşirdi. Azəbaycanca nəşr olunan Qafurun işlədiyi "Sovet Ermənistanı" qəzeti binanın dördüncü, "Kommunist" qəzeti üçüncü qatında idi. Rus, erməni, azərbaycanca nəşr olunan qəzetlərin əməkdaşları ayrı-ayrı mərtəbələrdə olsalar da, bəziləri bir-birinin yanından ötərkən doğma adamlar kimi görüşüb hal-əhval tutur, bəziləri fasilə vaxtı redaksiya binasının zirzəmisindəkı bufetdə bir masa arxasında əyləşib nahar edir, bəzən boğazlarını yaşlayır, bəziləri də bir-birini üzdən tanıdığına görə gülümsünərək başları ilə salamlaşıb ötürdülər. Ev məsələsini deyənə qədər Reginayla Qafurun münasibəti sonunculardan idi.
Regina Qafuru Türkiyədən 1948-ci ildə gəlib "Təpəbaşı"nda yaşayan Akop Topçuyanın evinə gətirdi. Qafur dörd yanı səliqə ilə daş hasara alınmış, ancaq alaqapısı salınmamış ağaclı-budaqlı, güllü-çiçəkli geniş həyətə girəndə qapqara eynəyini alnına qaldırmış, əlində qaynaq çubuğu tutmuş Akop alaqapı qoyulcaq yerdən azca aralıda krantdan axan su ilə oynayan on-on iki yaşlı uzun hörüklü qız uşağına ucadan, ancaq mehribanlıqla - "yavrum, paqi, paqi curun apsusa - yavrum, bağla, bağla, su axıb gedir, hayıfdı - deyəndə Qafurun bütün bədənini, ruhunu doğma bir hiss çulğaladı. "Yavrum" sözü bu həyətdə divar boyu sıralanıb səxavət və təvazökarcasına açaraq adamın üzünə dostcasına gülən ağappaq, qıpqırmızı qızılgüllər kimi Qafura doğma gəldi. Akopun mehribanlıqla dediyi o sözlərdən sonra uzun hörüklü o qız suyu bağlamaq əvəzinə, hirsli-hirsli krantı bir az da açaraq suyu gurlaşdırıb acıqlı-acıqlı evlərinə girərkən qapını bərkdən çırpması Qafurun diqqətindən yayınmadı. "Örtülü bazar"dan Lenin prospekti ilə qalxarkən küçənin solunda və Abovyan küçəsində mərkəzi univermağa çatmağa az qalmış, bəzən yağışlı, bəzən qarlı havalarda Türkiyədən gəlmiş ermənilərin qızmar qumda dəmləyib hazırladıqları dadlı kofeni içməyə dayanmış uzun-uzun növbələri xatırladı. Uzaq-yaxınlığından asılı olmayaraq, şəhərin müxtəlif yerlərində olan qonaqlıqlardan sonra Qafurun təklifi, bəzənsə inadı sayəsində dostlarıyla gedib Türkiyədən gəlmiş axbarların -qardaşların qızmar qumda yüksək səriştəylə dəmləyib hazırladıqları isti, dadlı və keyfiyyətli kofedən ayaqüstəcə qurtum-qurtum içərkən aldığı ləzzətdən çox, yan-yörəsini gözdən keçirib qorxulu adam olmadığına əmin olandan sonra kofe dəmləyən ustaları doğma dilində danışdıraraq onlardan türk ləhcəsində, türk intonasiyasında bir neçə söz eşitmək Qafurun ruhunu təzələyir, həmin gün axşamacan kefini duruldur, gücünü, enerjisini artırırdı.
Akopun həyətinə girəndə Qafurun üzünün işıqlanması Reginanın gözündən yayınmadı. - Qartsumem srankel şad laven kofe badrastum. Sranits hedo kofe xmelu hamar herru çek etalu (güman edirəm ki, bunlar da çox yaxşı kofe hazırlayırlar. İnnən belə kofe içməkdən yana uzağa getməzsiniz) - deyəndə Qafur tutuldu, özünü anadangəlmə çılpaq hiss elədi. "Bu köpəyin qızı haralarda kofe içdiyim bir yana, hansı istəklə oralara getməyimdən də xəbərdardır".
Regina sanki Qafurun könlünü almaq istəyilə: - Aradabir məni də kofe içməyə dəvət edərsiniz, - deyəndə Qafur - Açkis vra! - Gözüm üstə dedi, əyilib qızılgül kolunun bir qanadını özünə sarı əyib qoxulayaraq sözünə davam elədi:- Mənim özüm də, tərifləmək olmasın, pis dəmləmirəm...
Bir həftədən sonra Qafur yorğan-döşəyini, dəftər-kitabını taksiylə götürüb gələndə Akopun özündən, arvadından, uşaqlarından başqa, yaxın qonşular bir yana, "Təpəbaşı"nda ermənilərin də "Araluq"- Aralıq dedikləri yerə yığışıb gecə yarısınacan vaxtlarını öldürən cayıllar da Qafurun orta məktəbi qızıl medalla, universiteti qırmızı diplomla bitirdiyindən, qiyabi aspiranturada oxuduğundan, qəzetdə şöbə müdiri işlədiyindən xəbərdar idilər.
Türk jurnalistinin qalmağa ev axtardığını Regina bir həftə bundan öncə Akopgilə bildirmişdi. Həmin gündən bəri Akopun evində dava-qırğınıydı. Akopla arvadı nə qədər dil töksələr də, qızlarını yola gətirə bilmirdilər. Nazan "Rəfiqələrimlə, tay-tuşlarımla yenicə dil tapmışam, qaynayıb-qarışmağa başlamışam, razı olarsız qonşular, sinif yoldaşlarımız bizi yenidən ələ salsınlar, ağlatsınlar, ayamamı yenicə unudublar" - deyirdi. Zərinə isə "Əgər bizim evə Türk ayağı dəysə, mən burdan çıxıb gedəcəyəm, biryolluq itəcəm" -söyləməklə ata-anasını qorxudurdu. Ancaq Regina gəlib "Çox tərbiyəli, qız kimi həyalı, səviyyəli oğlandı, bilməsən, deməzsən türkdü" - deyib sonra isə ayrı-ayrılıqda qızların qulağına nə pıçıldamış, nə demişdisə, ikisi də yumşalıb quzuya dönmüşdü. Akopun evində qaldığı bir ay tamam olanda Qafurun "Sovet Ermənistanı" qəzetinin dördüncü səhifəsində "Usta Akop" adlı sənədli, bədii, geniş oçerki çap olundu. Axşamüstü Qafur evə qayıdanda "Araluq"dakı uşaqlar uzaqdan onu görəndə ayağa qalxıb hörmətlə qarşılayıb, yazısını təbrik etdilər. "Akopun belə hörmətli olduğunu bilməmişik" - bunu saçları vaxtından tez seyrəlmiş otuz beş- qırx yaşlarında Dero söylədi, yerində əyləşib əlindəki domino daşını şappıltı ilə masanın üstünə vurdu, gözünü qatar vaqonlarıtək düzülmüş daşlardan ayırmadan "Şəkili də çox maraqlı düşüb, ancaq "axbar" haqqında bu qədər sözləri hardan tapıb ora düzmüsən?..." - soruşdu. Qafur Deronun sonuncu sözlərindəki eyhamı dəqiq başa düşməsə də üstünü vurmadı. İki dəfə türməyə düşüb-çıxmış, gözlərində cinlər oynaşan Deronun eyhamını bilməzliyə vuraraq "Derocan, bütün insanlar maraqlıdı. Məncə, səndən daha geniş və maraqlı yazmaq olar. Sağlıq olsun..." - deyəndə Dero dərhal onun sözünü kəsərək "Lazım deyil, mən hara, qəzet hara? Xatanı məndən çək!" - dedi.
Qafur həyətə girəndə su krantının ətrafına toplaşmış qız-gəlinin arasında pıçıltı başlandı. Qafur salam verib onların yanından ötəndə Hasmik: -İnger Qafur, - yoldaş Qafur, sizi təbrik edirik. Deməzsiniz varpet-usta Akopdan nə yazmısınız? Deyilənə görə çox məhəbbətlə yazmısınız. Akopdan başqa orada Ağanikin, Nazanın, Zarinanın da adları var. Qonşulardan da bir-ikisinin adını yazsaydınız dünya dağılmazdı ha?...
Həmişə qan təzyiqindən şikayətlənib yayın ortasında belə başına sarıdıgı yun dəsmalı, belinə doladığı saçaqlı, qalın şalı açmayan Akopun divar qonşusu qırx-qırx iki yaşlarında tək-tənha yaşayan Hasmikdən, yeddi il qabaq harasa çıxıb getmiş ərini soruşanda, on il bir yerdə mehriban yaşamış həyat yoldaşından heç vaxt gileylənməz, dalısınca qeybət etməz, əksinə, gözləri dolar, kövrəlmiş səsiylə "yazıq, burda özünə münasib iş tapmadığından çıxıb getdi "xam torpaqlara", oradan da Kaliforniyaya, işləri qaydasına düşən kimi gəlib məni də aparacaq. Heç olmasa bir uşağımız olsaydı..." - deyirdi. Günlər ayları, aylar illəri qovurdu, Hasmikin nə əri gəlirdi, nə də ərinin məktubu. Yenə yaz, yay axşamları yaxşıydı, əyinlərində əlvan-əlvan xalat geyinmiş qonşu arvadları bayıra tökülüşürdü. Ya Akopun həyətində su krantının başında, ya da qapıların yanında, üçbir, beşbir dayanıb saatlarla mırt vururdular. Bir qayda olaraq Hasmik axşamdan xeyli keçmiş sonuncu adamı yola salandan sonra yenə də gözü kimisə axtarar, gecikib evinə gecə yarı qayıdan, istər qadın olsun, istər kişi, onun haradan gəldiyini gülümsünə-gülümsünə soruşar, kefini xəbər alar "istilər qırdı bizi"-deyər, yaxud ayın neçəsi olduğunu soruşar, tanıdığı adamın işiylə bağlı bir söz, bir fikir söyləməklə onun diqqətini özünə cəlb edərək söhbətə tutmaqla evindəki dözülməz tənhalıqdan canını qurtarmaq istərdi. Hasmikə səy, gopçu, şayiə yayan, bir hadisəyə, bir bir əhvalata ozünün bildiyi kimi bəzək vuran deyirdilər, ancaq insafən, nə qadınlar, nə də kişilər onun əxlaqı ilə bağlı pis bir şey demirdilər. Bəlkə bu, Hasmikin bir normal qadın kimi özünə baxmaması ilə bağlı idi, bəlkə bər-bəzəkdən, kosmetik vasitələrdən istifadə etməməsi ilə, yaz, yay, payız, qış uzunu belinə bağladığı saçaqlı şalı, başına sarıdığı güllü dəsmalı açmadığına görəydi. Əri yoxa çıxandan sonra Hasmik bircə dəfə qonşu qızının toyuna gedərkən yolunu bərbərxanadan salmışdı, toyda qonşu kişilərin, qadınların bəziləri onu tanımamışdı, Hasmik olduğunu biləndə çaşıb yerlərində qalmışdı, bəzi qadınlar narahat olmuş, onu ərlərinə qısqanmışdılar. Həmin gecə Hasmik xoş atmacalar eşitməkdən evlərinə "sərxoş və xoşbəxt" gəlmişdi. O təriflərdən sonra əslində Hasmik bəzənməyindən qalmamalıydı. Ancaq səhərisi o yenə də başının dəsmalıyla, belinin yun saçaqlı şalıyla küçəyə çıxmışdı. Ondan "Niyə özünə fikir vermirsən?" - soruşanda, - Mənim bər-bəzəyim də, gözəlliyim də içimdədi, - cavab vermişdi.
Əri yoxa çıxandan sonra Hasmik üç il "Sevan" mehmanxanasında xadimə kimi çalışdı. Ancaq özündən nə iş gördüyünü soruşanda bufetdə ofisiant işlədiyini deyirdi. "Sevan" mehmanxanasında üçillik iş təcrübəsi onun dünya görüşündə böyük inqilab etmişdi. Yaşadığı məhəllədən lap iki, üç küçə o yandakı adamların kimliyini, Təpəbaşına haradan, nə vaxt gəldiyini, tanınmış adamlardan kimin qohumu olduğunu, nə üstə tutulduğunu, hazırda nə işlə məşğul olduğunu, sahə milisi kimi arxayın və inamla danışırdı. Düzmü deyirdi, yalanmı deyirdi, bəlkə bunu heç özü də bilmirdi. Onun bildikləri təkcə Təpəbaşı ərazisi ilə bitmirdi. Bəzən şəhərin Vağzal, Şiləçi, Ərəbkir, lap İkinci Massiv ərazisində baş vermiş gecə hadisələri barəsində adamların söhbətinə qoşularaq, kiminsə səhvini düzəldər, uzun-uzadı höcət edərdi. Bir tanınmış polisdən söz düşəndə filankəsin qohumudur deyərdi. Şahmat ustası Tiqran Petrosyandan söz düşəndə "Mənim bibimgillə qapıbir qonşudurlar"- deyəndə, kimsə onun sözünü kəsib "Başdan-ayağa ğopsan, ay qız, Tiqranın evi Tiflisdədir" - söyləyəndə Hasmik onun sözünü ağzında qoyaraq "Sən yuxudasan bəyəm, Tiqran sənin, mənim tayımdır?! Onun Yerevanda da, Moskvada da, hələ eşitdiyimə görə Parisdə də evi var" - söyləyər, qarşısındakı adamı məğlub etdiyindən daha da inamla "Bibimgillə bir evli kimidirlər" - deyirdi. 1959-cu ildə Tiqran Petrosyan şahmat üzrə SSRİ idman ustası adını qazananda dünyanın bütün erməniləri gecə-gündüz ondan ləzzətlə danışanda, bir dəfə Hasmik kişilərin mübahisəsinə qoşularaq yan-yörəsinə baxıb səsini alçaldaraq "Burda özgə adam yoxdu, öz ermənimiz olanda nə olar, eşitdiyimə görə "çesni" oynamayıb, qəsdən ayaqlarını yumurmuş, oynayanda stolun altında ayaqqabıllarını çıxarırmış, rəqibini ayağının iyisiylə gic edirmiş, hərdən çörək yemədən, dişlərini yumadan oynamağa gedirmiş, tez-tez ah çəkib nəfəsini partnyorunun sifətinə üfürürmüş, bir ciddi adamdan eşitmişəm, ayıb olmasın lap başqa iyilər də..." - deyəndə Tiqranın fanatlarından birisi ona "azqidavacan - millət düşməni" deyib vurmaq istəyəndə araya girib mane olubmuşlar.
Erməni məşhurlarından söz düşəndə heç kimin bilmədiyi yeni bir xəbər, yeni informasiya demək Hasmikin şakəriydi. SSRİ Xalq Artisti Gövhər Qasbaryandan, onun ecazkar səsindən, sənətindən söz düşəndə, Hasmik söhbətin hansı səviyyədə getməsinin fərqinə varmadan "Əşşi, onun əvvəlki bişir-düşürünü edən mənim padruqam idi, deyir evindəki balaca pudel cins iti çox tərbiyəsizmiş. Evinə qonaq gələn adamın kişi, yaxud qadın, fərqi yox, ayağına kərkinir, Gövhər də özünü görməməzliyə vurur". Rəssam Martiros Saryanın adı çəkilcək, Hasmikin üzünü qəm-kədər bürüyür, yazıqlaşır, acizləşir, dünyanın qərib adamına çevrilir. "Onun sarı rəngləri erməni xalqının həsrətidir, dünyaya səpələnmiş ayrılıqlarıdır" - deyəndə bayaqdan gic, qeybətcil, şayiə gəzdirən Hasmik barəsində yenidən düşünməli olurdular.
Qafur bir an ayaq saxladı, ona dikilmiş qız-gəlin baxışlarından qızarıb pörtdü, gedə-gedə tələsik "Tərcümə edərəm oxuyarsınız. O ki qaldı qonşulara, onlardan da, səndən də yazarıq".
Əsl möcüzə bir həftədən sonra, həmin yazının olduğu kimi ermənicə "Kommunist" qəzetində "Varbet Akop" adı ilə çap edilməsi oldu. Həmin gün Qafur qaranlıq düşəndə evə qayıtdı. Taksidən düşüb "Aralığ"a yaxınlaşanda Dero əlindəki dominonu taxtanın üstünə şaqqıltı ilə çırpıb: - Ara, sən Akopdan başqa şey yazmırsan?! - deyəndə Qafur gülə-gülə mülayim səsiylə, - Həminki yazıdı-dedi. Dero onun sözünü kəsib "Akopu bütün Hayastan tanıdı. Maşınla keçəndə daskada qayaranda - vağzalda, "Şilləçi"nin döngəsində, operanın yanında gördüm" - dedi. Qafur əlindəki qəzetdən birini onlara verib. - Maraqlansanız baxarsınız - söylədi.
Qafur ikinci mərtəbəyə qalxıb balkondakı masanın üstündə ermənicə "Kommunist" qəzetini görəndə təəccüblə: - Usta Akop, keçən dəfə də, bu dəfə də sürpriz eləməyim baş tutmadı. Yazının çıxmasını hardan bildiniz? - soruşanda Akop gülə-gülə: "Vallahi-billahi, hocam, haberim yok" - söyləyəndə qapısı açıq mətbəxdə çay dəmləyən Nazan gülə-gülə başıyla Qafuru salamladı, - Moskvadan Regina qonşu Hayqanuş xalaya zəng edib - deyib. - Keçən dəfə də o demişdi - söyləyəndə Qafur: - Təsadüfən demirlər Regina "Armenpresdən" çevik və məlumatlıdır - söylədi.
"Sarı Tağ" söhbətindən, qəzetlərdə çıxan məqalələrdən sonra Akop ikinci mərtəbədəki dörd otaqlı evinin "Sarı Tağ" səmtə baxan otağını Qafura vermişdi. Reginanın dediyi kimi, ikinci mərtəbədən İrəvanın "Sarı Tağ" deyilən məhəlləsi ovuc içi kimi görünürdü. Qafurun yorğan-döşəyini, bağlamalarını ikinci qata qaldırandan sonra Akop dərindən nəfəsini dərərək: - Hocam, şimdi istədiyiniz kadar "Sarı Tağ"ı seyr ede bilərsiniz. Akşamı da güzəl, səhəri də. Peki ben İstanbulun "Nakkaş tepesini" görmek için nereye kalkayım! Ah güzel İstanbul...
Təpəbaşına köçəndən sonra Qafur işdən çıxcaq tələsir, evə çatanda gah saatlarla dayanıb Akopun qonşular üçün düzəltməkdə olduğu dəmir darvazalara, məhəccərlərə, yaxud taxta pəncərələrə baxır, gah ona qoşularaq növbənöv qızılgül, lalə,qərənfil kollarını suvarır, gah da dörd ayaq üstündə olub açılarkən bir tayında rəngli ağac qırıqlarından cifləmə üsulunda zərif işlənmiş "Aya Sofya" məscidi, o biri tayında isə əlvan taxta parçalarından işlənib miniatürləri xatırladan ayaq üstə dayanıb bir-birinə məhrəmcəsinə baxan oğlan-qız portreti olan nərd-taxtada həvəslə oynayar, yığılıb qatlanaraq əks tərəfə çevriləndə isə, qağayılı, ağ yelkənli qayıq olan suların aşağısında latın hərfləri ilə "Marmara" sözü yazılmış balaca masanın üstündə bəzən kofe, bəzənsə çay içirdilər. Cənnəti yada salan o bağçada sənət əsərini xatırladan həmin nərdtaxtanın arxasında oturub bəzən nərd oynayanda, bəzən çay, yaxud kofe içəndə Qafur Akopdan eşitdiklərini, ləzzətli söhbətlərindən aldığı təəssüratı ustalıqla, həm də sevgi ilə öz oçerkində təsvir etmişdi. Dəmirin, məftilin usta Akopun əlində muma dönməsini, məhəccər, dəmir qapılar üzərində həkk elədiyi butaları, cürbəcür gözoxşayan naxışları rəssam, xarrat səriştəsiylə yapmasını onun İstanbulun tarixən sənətkarlar məskəni olan yamyaşıl "Nəqqaştəpə"sində doğulub boya-başa çatmasıyla bağlamışdı. İrəvanın qızmar, boğanaqlı bir günü "Toxmaqgöldə" çimmək istəyən Qafur suya baş vurmamış: "Usta Akop, göl dərindir, adama boy vermir, üzə bilirsənmi?" soruşanda Akop "Benimlə şakamı yopıyorsun, yeddi yıl "Boğaz içinde" tersanede çalışdım. Bosforun, Marmaranın tüm balıqları, ilbizleri beni tanıyorlardı" - deyib gölə baş vurub, bir də gün batanda sudan çıxdığını yazmışdı.
Günlərin bir günü Qafur Akopu götürüb Zəngibasarda sünnət toyuna aparmışdı, kefləri durulmuş, cavanlar qara zurnanın göylərə bülənd olan sədaları altında qol-qola verib yallı getdiyi vaxt Qafur Akopu oynamağa çağıranda o, "Müsaidenizle ben bir şarkı söylerdim" demişdi. Yallı qurtaranda Akop o qədər də səriştəsi olmayan çalğıçıların yanına getmiş, mahnının sözlərini desə də çalğıçılar bir-birinə baxıb duruxmuşlar. Tarçı "Siz çalmağa başlayın, biz arxanızca gələk" decək, Akop "Tamam" - söyləyib oxumağa başladı:
Adalardan bir kız gelmiş bizlere,
Aman Allah, gözlere bak, gözlere,
İpək kumaş pek yakışır dizlere,
Arkadaşlar, beni burdan kovmayın.
Bayaqdan ağız deyəni qulaq eşitməyən məclisin üstünə elə bil su çilənmişdi. Akopun pəsdən, ancaq şirin, qəlbləri titrədən, yanıqlı, həm də dadlı səsi, bu səsin sanki bir ustad türk müğənnisinin boğazında qaynayaraq çıxması, sözlərin aydın tələffüzü dinləyənləri heyran etmişdi.
Mahnı qurtarcaq, Akop "Son misrasını unutdum, kendimdən yapdım, beni afv edin" - deyəndə Qafur Akopa yaxınlaşıb ilk dəfə onun üzündən öpmüş, uzun sürən şapalaq səsi kəsilənəcən bağrına basıb buraxmamışdı. O gündən sonra istər Zəngibasarda, istər türklər yaşayan başqa kəndlərdə, rayonlarda, istərsə də İrəvanın özündə Qafuru ad gününə, kef məclislərinə, toya dəvət edəndə özüylə usta Akopu da gətirməsini xahiş edirdilər. Qafur istər İrəvan, istərsə Azərbaycanın özündə nəinki həvəskar oxuyanların, hətta tanınmış, peşəkar müğənnilərin sırasında belə, Akop kimi türk boğazı ilə dəqiq oxuyan sənətçini dinləmədiyini oçerkində yazmışdı.
Təpəbaşına köçdüyü ilk günlər işdən qayıdanda Qafuru narahat edən, ürəyində xof yaradan, xüsusilə gecəyə düşəndə, ceyillərin yığışdığı "Araluq" deyilən yerdən on beş, iyirmi addım aralı taksidən düşüb evə tələsəndə arxadan ona yaxınlaşan hənirtini duyaraq "Mi robbe!-Bir dəqiqə" - sözlərini eşidir, arxaya çevriləndə kimsəni görməsə də eymənir, bədəni başdan-ayağa ürpəşirdi. Dərəçiçəkdə sovxoz direktoru işləyən dostu İrəvana gəlib bir axşam Qafura başının dəstəsi ilə iki restoranda qonaqlıq verərək onlardan ayrılanda Qafurun qolundan yapışıb "Məni qostinisaya ötür" - demiş, tək qalanda onun cibinə zolaqlı bank lentləri ilə bağlanmış bir dəst üçlük dürtərək "Cib xərcliyi!" söyləmiş, həmişə olduğu kimi, azca itələşmə, dartışmadan sonra Qayfur təslim olmuşdu. Elə həmin gecə "Hər dəfə maşınla gəlməyim onları qıcıqlandıra bilər" düşünərək bu gün "Araluq"dan bir tin aşağı taksidən düşərək səntirləyə-səntirləyə, ancaq inamla, bəlkə günlərlə canına yığılan xofdan, vahimədən biryolluq qurtulmaq üçün, bəlkə içkinin təsirindən yaranmış cəsarətdən cavanlara yaxınlaşıb salam verdi, qınayıcı, bir az da ərk edirmiş kimi "Belə qonşuluqmu olar, bir-birimizi tanımırıq" - dedi, gülərək sözünə davam elədi -"Menaq Deroyinem canançum. Edel herruyits - bircə Deronu tanıyıram. Onu da uzaqdan"- dedi.Dumahlı başının ayıq qalmış bir qırıq yerindən həyəcanlı xəbər gəldi- "Çox danışsan, çox dayansan işlər korlana bilər". Əlini cibinə salıb bağlı pul dəstini onların qabağına - taxta masanın üstünə qoyaraq "Mi ban mıdatsek, desek inçek anum. Astvats qamena, mi uriş jamanaq miasin qnsdneq - Bir şey fikirləşin, görün nə eliyirsiniz. Allah qoysa, başqa vaxt bir yerdə oturarıq. - Bari qşer - gecəniz xeyirə" - deyib həmişəkindən fərqli olaraq, qəlbində bir yüngüllük, arxayınlıqla onlardan uzaqlaşdı.
Səhərisi gün işə gedəndə Qafurun qabağını kəsən oğlan axşamkı pul dəstini cibindən çıxarıb ona uzadanda bir an Qafurun qanı qaraldı "Bəlkə xoşagəlməz söz demişəm" düşündü, oğlan pul dəstinə işarəylə "Burda iki yüz altmış yeddidi, bizə otuz üçü bəs elədi, hamımız təşəkkür edirik" - dedi. Qafur nə qədər cəhd elədisə də, oğlan pulu geri almadı, "Dero belə məsləhət bildi" deyib uzaqlaşdı.
Qafur Təpəbaşına gəldiyindən on gün ötmüşdü, bu on gündə Qafur Reginanı nə iş yerində, nə də Akopun həyətində qadınların, qızların toplaşdığı su krantının yanında görmüşdü. Stolüstü lampa işığında yazdığı cümlə ürəyincə olmadığından Qafur əsəbi-əsəbi onun üstündən üçüncü dəfə xətt çəkib, may gecəsində narın yağan yağışın xışıltısını dinləyəndə qapının ehmalca döyüldüyünü eşitdi. Həyəcan içində qapını açanda Reginanı gördü, əlində qızılgül rəngli çətir var idi. O, pıçıltıyla "Evə gec gəldim, gördüm suyumuz yoxdu" - dedi. Qafur əyləşmək üçün yer göstərəndə Regina çətirini yığmadan döşəməyə qoydu, qəddini düzəldib başını tərpədərək buruq-buruq saçını geri atdı, gülə-gülə, işvə ilə yenə də pıçıltılı, musiqili səsiylə "Vedrəm dolana qədər... ancaq suyu azca açdım, şırıltısı xozeynini narahat etməsin" - dedi. Qafur "Səni görmək istəyirdim, ancaq bilmirdim işdə kimdən soruşum" deyib yenə əyləşməsini xahiş edəndə Regina -"Yəqin ki, qabım doldu, gedim" - söylədi. Qafur "Bu dəqiqə sənin üçün dadlı bir kofe dəmləyəcəm" söyləyəndə Regina onun qabağını kəsib - "Tələsirəm, uşaq ayılıb qorxar" - dedi, sonra əyilib çətirini götürüb başının üstünə tutdu, fırlada-fırlada "Axı heç demədin, buraları bəyəndin, yoxsa yox?" - soruşdu. Qafur gülə-gülə "Özü də necə bəyəndim! İrəvanın mərkəzi elə buraymış. Hərdən Akop dayı ilə ikinci mərtəbədə nərd oynayırıq, oradan şəhərin hər yeri görünür" - deyəndə qat-qat gözəlliyini artıran gülüşüylə Regina "Sarı Təpə" də?... - söylədi. Sonra Bakıda olmadığını, oranı görmək istədiyini dedi, masanın üstündəki dağınıq vərəqlərə işarəylə nə yazdığı ilə maraqlandı, yaxınlarda qızını Moskvaya aparıb gözündəki azacıq çəpliklə bağlı həkimə göstərmək fikrində olduğunu bildirdi. "Deyirdin arxivdə işləməyə gedəcəksən, bəlkə bir vaxta salaq?"- soyləyəndə Qafur belə bir təklifi gözləmədiyindən fikirləşmədən "Olar, mümkündü" - dedi. Regina əlləriylə tellərini qulağının arxasına yığaraq "Sənin çətirin varmı?" soruşdu. "Son vaxtlar yağışlar çoxalıb, gərək mən də özümə çətir alım..." - deyə Qafur cavab verdi.
- Yağışlı havalardan xoşun gəlirmi? Belə havalarda evdə oturmağım gəlmir. Bütün gecəni bu narın yağışın altında adamsız, sakit küçələrdə səhərəcən dolaşardım...
Gecənin bu vaxtı Reginanın onu gəzməyə dəvət edəcəyi ürəyinə damdı, etiraz edərsə, onun pərt olmaması üçün qabaqlamaq məqsədiylə "Reginacan, bu yağışlar məni də dəli eləyir, ancaq belə havalarda oturub nəsə yazmaqdan daha çox ləzzət alıram,"- dedi. Regina Qafurun otağına ayaq basandan indiyə kimi yağış bir neçə yol güclənib yenidən narın yağmağa başlamışdı. Bayırda, krantın altında siçan quyruğu nazikliyində axan su bəlkə iyirmi, bəlkə otuz dəfə Reginanın vedrəsini doldurub daşırmışdı. Qafurun son sözlərindən sonra Regina "Mən ümumiyyətlə, sözgəlişi deyirəm" - soyləmək istədi, ancaq belə deməyə qüruru yol vermədi, sadəcə "Mən gedim, qızım oyanıb qorxar, sən də yazını yaz" - dedi.
Qafur qarşısındakı vərəqdən gözünü çəkib saata baxanda fasilə vaxtının çoxdan qurtardığını gördü, aclığını indi hiss elədi. Bufetə endi, kimsəni görmədi. Bufetçi qadına yaxınlaşıb salam verdi, ərklə "Nora doda-xala mənə bir şey saxlamısan?" - soruşub sözünə əlavə elədi - "Canavar kimi acam, nəyin var?". Bufetçi qadın "Ancaq sardelka" - söylədi. Qafur "Dünyanın ən gözəl yeməyidi!" - dedi, bufetçi qadın əlini telefona aparanda Qafur "İm kuyrıqıs, xıntrumem - Mənim bacım, xahiş edirəm, ondan üçünü at suya, sonra danışarsan, ürəyim axıb gedir" - deyəndə bufetçi qadın "Mi robbe-Bir dəqiqə" deyib sardelkaları qaynar suya saldı, yenidən yaxınlaşıb telefonun dəstəyini qaldırıb daxili nömrəni yığdı, "Yesem... ha...ha eli...-Mənəm... hə.... hə də" - deyib dəstəyi yerinə qoydu. O, iki parça qızarmış təzə madnakaş çörəyi, bir fincan südlü kakaonu, xardalla sardelkanı masanın üstünə qoyanda Regina bufetə girdi, heç yana baxmadan piştaxtaya yaxınlaşdı, "Nora doda, vardeğes? - Nora xala, hardasan?" - deyərək çevrilib arxaya baxdı, Qafuru "təsadüfən" gördüyünə "çaşaraq" həyəcan içində ona yaxınlaşdı, "Çes yerevum-Görünmürsən?" - deyib Qafurla üzbəüz əyləşdi, piştaxtaya sarı çevrilib "Nora doda...- Nora xala" - deyə səslədi. Qafur onun sözünü kəsərək “onsuz da sordekadan başqa bir şey yoxdur” - deyib, - Nora xala, bunları təkrar elə” - ucadan qışqırdı. Regina telini qulağının dalına yığdı, girdə, yaraşıqlı, uzun boynunun az qala sonunacan uzanan firuzə qaşlı sırğası göründü, Qafur sırğaya işarəylə - “Çox gözəl yaraşır”- dedi. Regina tələsik "Nora xala,- bircə stəkan kakao, vəssalam, onu da Qafura yoldaşlıq etmək üçün... Səninlə işim var...". Reginanın duruxa-duruxa danışmasından şübhələnən Qafur bayaq bufetçinin Reginaya zəng elədiyini indi anladı. Regina dirsəklərini masa üzərinə qoyub əllərini bir-birinə daraqlayaraq çənəsinə dayadı. İri, ala gözlərini geniş açaraq Qafura baxdı. Qafur bu qaynar baxışların altında yalnız bircə an dözə bildi, nə qədər çalışsa da həyəcanını gizlədə bilmədi, ürəyi kimi əlinin də əsdiyini hiss elədi, nə vaxt çorəyi, nə vaxt sardelkanı dişlədiyini, nə vaxt kakaonu içdiyini bilmədi, bir də gördü kakao stəkanı vaxtından qabaq boşalıb, səsi titrəyə-titrəyə "Nora xala, mənə bir stəkan da kakao gətirin" - dedi. Qafur utandıqca sanki Reginanın cəsarəti daha da artırdı.