ÖZ AZƏRBAYCANIN VAR
Neçə dövlət var dünyada
Adında can daşısın
Neçə millət var həyatda
Sənin kimi yaşasın
Torpağında od nəfəsi
Dilində el nəğməsi
Bir əlində "Misri" qılınc
Birində saz həvəsi
İldən ilə eldən elə
Yürüyüb döndün yelə
Tarixlərdə elat kimi
Şöhrətin düşdü dilə
Qorqud babam "qor" götürdü
Nəsillərə ötürdü
Torpaq vətən olsun deyə
Xışla yeri sürdürdü
Çöllərinə qopuzuyla
Xeyir-bərəkət verdi
İgidlərə öz sazıyla
Hünər, cəsarət verdi
Boy boyladı,soy soyladı
Bayramlara dad verdi
Hünərinə əhsən deyib
Ərənlərə ad verdi
Salur Qazan,Bamsı Beyrək
Bu yurda verdi ürək
Göstər xatun yer üzündə
Burla, Banuçiçəktək
Uzun Həsən cəsarətlə
Güclü dövlət yaratdı
Qanunları hünərinə
İkiqat hünər qatdı
Əfsanəvi şah İsmayıl
Fateh Nadır şah Əfşar
Sən axtarsan yer üzünü
Onlara tay harda var
Hindistandan Dağıştana
Bir imperiya qurdular
Tarixlərə ədalətli
Şah möhürü vurdular.
Şah Abbasdan Şah Qacara
Neçə şahlıq dəyişdi
Şah Təhmasib şox mükəmməl
Bir şah kimi yetişdi
Müdriklərin,kamillərin
Diyarıdır bu yerlər
Tək Nizami, tək Fizuli
Bütün dünyaya dəyər
Sən dünyanı unudarsan
Üzeyri dinləsən
İstedadlar yetişdirən
Bu zəngin xalqa əhsən
Dahiləri sıralasan
Saymaqla bitən deyil
Sürgünlərə göndərməklə
Asmaqla itən deyil
Möhtəşəmlik bu millətə
Ana südündən keçib
Laylalardan,dastanlardan
Sümükdən, qandan keçib
Can qoymuşuq bu torpağa
Qanım qopmuş bayrağa
Yarandan qan axa-axa
Yenidən qalx ayağa
Yenə göstər hünərini
Macal vermə düşmənə
Yazdır öz hərb tarixını
Nəsillərə nümünə
Adı Azərbaycandırsa
Demək orda canın var
Unutma ki,cana bağlı
Öz Azərbay"can"ın var
BIZI BAĞIŞLA,ALLAHIM!
Heç bilmirəm kiməm, nəyəm
Bir sonsurluq içindəydəyəm
Bir ucunda Həvva nənəm
Bir ucunda şirin nəvəm
Özümü hər nə sansam da
Heçdən gəlib heç olaram
Həsil-nəsil uzansam da
Bir gün yenə puç olaram
Kim deyir ki, Adəm mənim babam olub
Həvva mənim nənəm olub
Bəlkə ondan çox-çox öncə
Dünya olub, aləm olub
Qazdan, tozdan minerala
Dönüşdüyü 30 milyon il çəkdisə,
Yanıb-yanıb qaynamağı
Bir milyon ili keçdisə
İnsan oğlu, de, mən kiməm,
De sən kimsən?
Kimdən, nədən yaranmısan?
Dörd min beş yüz milyard illik
Yaşı varsa bu dünyanın
Bəs insan oğlunun niyə
İki milyon yarım illik
Yaşı vardır
Cəmi dörd yüz min ildir ki,
Düşüncəsi, başı vardır.
Yüz, iki yüz min ildir ki,
Öz qəbrini özü qazır
Dörd-beş min il bundan öncə
Qayalara nəsə yazır.
İncil deyir, Tövrət deyir
Zabur deyir, Quran deyir
Axı yer-göy altı günə düzülmüşdür
Bəlkə vaxtın uzunluğu
Asimanda Allah qədər
Daha böyük bir zamanla ölçülmüşdür
Materiyanın sıxlığından
Güclü,”Böyük partlayış”la
Hər tərəfə səpələnmək
Bəlkə elə “OL” deməkdir.
Söylə görüm kainatla
Mən ölçüyə gəlirəmmi?
Qoy sayım, sən barmaq qatla
Təkcə Günəş sistemində
Planetləri, ulduzları
Dəqiq saya bilirəmmi?
Neçə Günəş, neçə Sistem var fəzada
Görürəmmi?
Hər birinin öz tezliyi,
Hər birinin öz ahəngi
Pozularsa azca dengi
Fəza yanar, yer, göy yanar,
Ya da donar.
Ağla sığmır nələr olar,
Ağlasığmaz bir nəhənglik
qarşısında de, mən kiməm?
De, sən kimsən?
Yer fırlanır, göy firlanır
Yerlə birgə Ay firlanır
Bəs mən nədən
Bu ecazkar cazibədən
Ayaqdayam?
Bu nəhənglik qarşısında
İnsan oğlu daim qorxmuş,
Sıxınmışdır,
Gah bütlərə, allahlara
Gah da Ayı yaxın bilib,
Ay adında tək “Allaha”
Sığınmışdır.
Bəlkə eyni cazibəylə
“Steady State” dediyimiz
“Qara dəlik” çəkir bizi
Bəlkə elə böyük səylə
Qorxumuzdan sığınmağa
Qara dəlik axtarırıq
Allah bizə bir təskinlik,
Allah bizə bir təsəlli.
Beynimizdə qurduğumuz
Bu qüdrətin ətəyindən
Yapışmışıq ikiəlli.
Düz edərik alqışlayar
Səhv edərik bağışlayar–
Deyə-deyə bu dünyanı
Gör nə hala gətirmişik?
Bir quş qədər ağlımızla
Yer üzündə biz hər yanı
Cəhənnəmə çevirmişik.
Böhtanlarla, yalanlarla
Qeybətlərlə, nahaq qanla
Ağlasığmaz tamahlarla
Sözəgəlməz günahlarla
Bəlkə bilmədən Allahla
Biz bir savaşa girmişik.
Axı nədir bu halımız,
Yüksəldikcə kamalımız
Qan qoxuyur dörd yanımız
Arxeoloq, antropoloq,
Nə qazır, nə axtarırsan?
Biz bəndəyik, biz bir quluq
Sən hələ də yer qazırsan?
Qazırsansa, bir qəbir qaz
Daşlarla da üstünü yaz:
“Bizi bağışla, Allahım
Sən böyüksən hamımızdan
Keç bizim günahımızdan.
Səxavətlə sən verdiyin
Əsrarəngiz yer üzünü
Biz qoruya bilməmişik!
Qəzəbinə tuş gəlmişik!”
DƏRDIM DUMAN OLUB DAĞI GÖRÜNMƏZ
Elə həbs olmuşam məhəbbətinə
Bağlanmış könlümün bağı görünməz
Həyatın düşəndə dara, çətinə
Qaralan dünyamın ağı görünməz
Nə yaman salmısan məni kəməndə
İtib yox olmuşam dumanda,çəndə
Elə itirmişəm özümü səndə
Yolumun heç solu, sağı görünməz
Yığışa bilmirəm özüm özümə
Gözüm gözlərindən baxır gözümə
Güzgüdə boylanıb baxsam üzümə
Yaşımın indiki çağı görünməz
Olsa da həyatım ağlı-qaralı
Bircə an qalmadın məndən aralı
Sənin qollarına düşsəm yaralı
Sarılmış yaramın tağı görünməz
Dərdim dolu olub yağsa başıma
Çətinlik dağ boyda çıxsa qarşıma
Sən elə gəlirsən mənim xoşuma
Dərdim duman olub dağı görünməz
YOL VERIN
Yol verin hey,yol verin
Qəlbi,bağrı qan gəlib.
Haqq səsini yazmağa
Təbrizə Pünhan gəlib.
Aşmışam dağ-dərəni,
Keçmişəm yol bərəni,
Dilə sən, nə dilərsən,
Qorqud tək ozan gəlib.
Göydən enən boz qurdam.
Vətən olmuş bir yurdam.
Qaval daşı məndədir,
Çalmağa şaman gəlib.
Ruhunda el nəğməsi,
Qanında cəngi səsi,
Hikmətdir hər kəlməsi,
Dilində dastan gəlib.
Sığmaz ikən cahana,
Soydular yana-yana.
O vaxtdan bu zamana,
Qanına qəltan gəlib.
Enibdir göy səthindən.
Qorxusu yox çətindən.
Qovulub cənnətindən,
Küsüb şeytandan gəlib.
Gəzib dağı, aranı,
Məskən seçib buranı.
Cənnətlik Astaranı,
Görüb gülüstan gəlib.