MÜQƏDDƏS
Könül dərdü qəmi ol gün güli-rüxsarə bildirdi,
Şükür etdi ki, yol tapdı, gəlib gülzarə, bildirdi.
Güman etdi ki, dərdinə edər bir çarə, bildirdi.
Demə səhv etdi, tuş eylib canı xunxarə, bildirdi
Nahaqdan özünü rüsvay edib aşkarə bildirdi
Niyə gözlətmədi aşiq özün, əğyarə bildirdi?
Vermişdi bu dünyada bir ömür oldu hədər, getdi.
Necə bir sərvi-azadə verə bilmib səmər, getdi.
Fələk gərdişi daima mənə etdi xəbər, getdi.
Tutub irad mənə ol bivəfa eylib həzər, getdi.
O qədri incəlib cismi, düşüb beldən kəmər getdi,
Mənim əhvalımı ol dəm gül ilə xarə bildirdi.
Tutub mərdanəlik rəsmin könül bu halə səbr etdi,
Nə qədri vurdular səngi-məlamət, qalə sbər etdi.
Olub cismi məlamətdən misali-lalə, səbr etdi,
Gözündən qanlı yaş gəldi, tökülmüş alə səbr etdi.
Büküldü bel, yenə dözdü baxanda dalə, səbr etdi,
Yetib mənzili-üşşaqə, məqamın yarə bildirdi.
Hara saldı nəzər, gözlər ona canani göstərdi,
Deyil aşkar, Sona, əlbəttə ki, pünhani göstərdi.
Düşəndə zülmətə ol çeşmeyi-heyvani göstərdi,
Çaşanda gər Mühəmməd ayeyi-Qurani göstərdi.
Nəhayət, mərifət tapmış yeni dövrani göstərdi,
O vəqt ki, eşqi-kamilin Səməndər narə bildirdi.
***
Gün gələr könlüm quşu bu aləmə eylər vida.
Gün gələr aləm mənə yer-yerdən eylər əlvida.
Bir qələm, bir də vərəqlər gizli ağlar daima,
Aşikar şivən edənlərdən sora gəlməz səda.
İş yerində dəhliz içrə qoyduğum dilsiz masa
Səssiz ağlar kim keçəndə hər yanından bir gəda.
Mən bütün ömrüm boyu dost ilə düşmən seçmədim,
Heç zaman fərq qoymadım nə bir qohuma, nə yada.
Sevdiyim insanlar üçün canımı qurban dedim,
Tapmadım amma elə bir dost ki, etsin can fəda.
Hər nə yazdım eşqilə yazdım, ürəksiz yazmadım,
Nə pula meyl eylədim, nə şöhrətə, nə bir ada.
Bir gün eylər rəhmətə Allah, Sona, layiq məni,
Çox sevinnəm ki, vida etdim bu fani bərbada.
***
Könlüm açılır aləmi-ürfanə düşəndə,
Tüğyan edər eşq atəşi bu canə düşəndə.
Bir elmü kəmal əhlinə həsrət çəkirəm mən
Çox vəxt yolum məclisi-insanə düşəndə.
Bezdimsə özümdən, oluram bülbülü-şeyda,
Nitqim dəyişib naləvi əfqanə düşəndə.
O an ki, olur həmdəmi bir aqilü huşyar,
Könlüm xoş olur, lap belə zindanə düşəndə.
Nar ilə gülün ülfətinin şahidi olsa,
Tapmaz könül aram bu gülüstanə düşəndə.
Tutmazdı qərar cismdə can, başıma hərgah
Daş düşsə idi mülki-Süleymanə düşəndə.
Bir sözdü gəlib ağlına, yazdı Sona burda,
Məşhərdə bilər səhvini "divan"ə düşəndə.
***
Könül, oldun ki, qəmxanə, çalış davran həkimanə,
Nə gəlsə eşqdən canə, güzəşt eylə, döz hicranə.
Çıxırsan gəzməyə birdən, könül istər gülü gülşən,
Güləndə xarlər şən-şən, dönər bağrın başı qanə.
Könüldə gər qəmi-gülsə, əgər yarın qəmin bilsə,
Elə nalə, səsin zilsə, çatar ol nazlı cananə.
Baxarsan gül yanağına, asıb sırğa qulağına,
Verərsən mey dodağınə, gülər, canın gələr canə.
Olarsa mərd dünyadə, çəkər hər dərdi dünyadə,
Ələ namərdli dünyadə, olar harda, yıxar xanə.
Gər özüldən xərab olsa, mayasında şərab olsa,
Haramlarla sirab olsa, bitərmi bir həlal danə?
Məhəbbətsiz doğulsaydı, ana südü soğulsaydı,
Haramlarda boğulsaydı, Sona olmazdı mərdanə.
***
Yandı bağrım başı, gəl, düşdü bu tufanə könül,
Biləmədən eşqi müfəssəl, olub divanə könül.
Çıxdı sevda dağına qəflət içində bir gün,
Ayılıb gördü bələnmişdi qızıl qanə könül.
İstədi qalxa uca zirvəyə, gər endi belə,
Boylanıb baxdı qəm içrə dörd bir yanə könül.
Haraya saldı haray, əks-səda gəldi ona,
Bildi tufanlı dənizdə qalıb bir danə könül.
Yadına düşdü o dəmlər, kimi yandırmış idi,
Düşündü ki, beləcə olmuş biganə könül.
Özgəyə zülm eləmə, başqası da elər sənə,
Sona, əvvəldə gərəkdir buları könül.
***
Döndərdin sən üzünü, sandım ki, ay batdı, inan,
Ciyərim paralanıb, könlüm ocaq çatdı, inan.
Zirvəyə çıxmış idim, düşdüm dərin bir dərəyə,
Eşqinlə pərvazlanıb qanadlarım yatdı, inan.
Taleyə mən nə deyim ki, səni çox gördü mənə,
Döndərib şərbətini zəhərlərə qatdı, inan.
Eşqimi çırpdın yerə, enməyimə güldü fələk,
Məhvərimdən çıxarıb, qasırğaya atdı, inan.
Qəlbinə şübhə salıb yolundan döndərən, gülüm,
Sonanı saldı əzaba, səni aldatdı, inan.
MÜSƏBBE
Ey dil, düşübsən eşqə əgər, bu bəla deyil.
Eşq öylə bir mərəz ki, bəşərdən cüda deyil.
Yarın cəfası aşiqə gərçi cəfa deyil,
Amma vəfasızın da ədası əda deyil.
Gül xar ilə bahəmdisə, bu bir xəta deyil,
Fikr etsəm əgər ki, həqiqi aşina deyil,
Bu heç əhli-eşqə yaraşan müddəa deyil.
Aşiqsə əgər, hicrə dözüb, dərdə tab elə.
Eşqin yolunda könlünü sən afitab elə.
Eşq içrə həqiqət yolunu intixab elə,
Məşuqunu vəsf etsən əgər, min kitab elə.
Əğyar danışsa, hərzə-hərzə, sən cavab elə,
Canan yanında ləfzini yersiz hesab elə,
Anlat ki, aşiqə yaraşan müddəa deyil.
Aşiqliyin aləmdə nəyə nisbəti vardır?
Aşiq olanın məşuquna minnəti vardır.
Məşuq da sevərsə, əcaba, qiyməti vardır,
Tanrı yazısın yazmış əgər, qisməti vardır.
Əğyar, Sona, gəlsə də nə hacəti vardır?
Aləm bilir ki, başqa cürə niyyəti vardır.
Amma bu da eşqə yaraşan müddəa deyil.