RUH VƏ AĞIL
(Esse)
İnsanlar yer üzündə tənhadılar
(F.M.Dostoyevski)
İnsan dünyada bir fərd kimi gəlir. Daha doğrusu, hər insan hiss, duyğu, düşüncə, ağıl sərbəstliyinin fərdidir. İnsanın digər canlılardan fərqi də bu hissin, duyğunun, düşüncənin, ağlın hər şəxsdəki kəmiyyət mövcudluğunda deyil, əksinə bu mövcudluqlardakı fərdilikdə, fərqlilikdədir. Bu baxımdan həyat insanın his, duyğu, düşüncə, ağıl azadlığına «məhkumluğudur». İradədən asılı olmayan bu azadlığa «məhkumluq» isə öz növbəsində insanı özü-özündən ən şəxsi, ən məhrəm qorxuya məhkum edir. Bunun nəticəsidir ki, hissin, düşüncənin, ağlın azadlığı insana tənhalığını sübut edən qorxu obyektinə çevrilir. Və insan bütün ömrü boyu mümkünlüyü mövcud olmayan bu tənhalıqdan qurtulmağa, bu azadlıqdan «azad» olmağa can atır. Hisin, duyğunun düşüncənin, ağlın azadlığını qismən buxovlayan sevib-sevilməyin, övlad, ailə məhəbbətinin qayğılarını, əzablarını ən böyük xoşbəxtlik kimi yaşayır.
İnsan aclıq olmasaydı toxluğun, şaxta olmasaydı istinin, qaranlıq olmasaydı işığın varlığını dərk edə bilməzdi. Deməli, tanıdığımız, tapındığımız nəyinsə «varlığını», «yoxluğunu» dərk etməyimiz üçün öncə həmin varlığın bir gün yox olması gərəkdir.
Bu eksperimenti hissin, duyğunun, düşüncənin, ağlın üzərində aparmaq mümkünsüzdü. Çünki bu funksiyaların nə əvəzi, nə də alternativi mövcuddur.
Yalnız hüşunu itirən və ya ölən insan hiss etmədiyini duya bilmir. Düşüncəsini, ağlını itirən insan isə hərəkətini, davranışını idarə etmə bacarığına malik deyil, düşüncəsini, ağlını itirən insan ruhi xəstədir.
Duymaq üçün öncə hiss etmək, ağılnan hərəkət etmək üçünsə öncə düşünmək lazımdır. Deməli, duyğu hissiz, ağıl isə düşüncəsiz mövcud olmur. Bu cəhətdən danışıqda adətən bu «ikilikləri» ümumiləşdirici sözlərlə əvəz etməyimiz təbiidi.
Ruh və ağıl. Çox vaxt biz bu iki məvhumdakı fərqlərin mahiyyətinə varmırıq. Ruhla ağıla bir vahid kimi və yaxud da birinə digərinin tamamı, digərinin davamı kimi baxırıq. Əslində isə ruhla ağıl gündüz və gecə, isti və soyuq, şirin və acı, sevinc və kədər qədər bir-birinə ziddir, və bir-birinin əksidir. Və bu yaşadığımız həyat bütün varlığıyla bu ziddiyyətlərin təzahürüdür.
Ruhun istər yaranışını, istərsə də «varlığını», «necəliyini» təyin etmək, müşahidə etmək elmin, sivılıza¬siyanın imkanları xaricindədir. Ən öncə ondan ötrü ki, bütün elmlər, sivilizasiyalar müşahidə və təcrübə nəticələrindən ağlın yarada bildiyi bir mövcudluqdur. Ruh ilahi varlıqdır, əbədidir. Və insanın bir canlı kimi yaşadığı ömür əslində ruhun ömrüdür, ruhun bu fani dünyada insan bədənində keçdiyi ömür yoludu. Ruh daima bu bədən qəfəsdən qurtulmağa, göy üzünə, müqəddəsliyə, paklığa qovuşmağa can atır.
Ağılın insandakı «mövcudluğu» dərk edə bilmənin ilk döv¬ründən başlayır. Ağıl—dərketmənin müşahidə və təcrü¬bə¬lərinin nəticəsidir. Bu baxımdan insanın maddi, fiziki istəklərinə nail ola bilməsi dərketmənin müşahidə və təcrübələrin bu istəklərə uyğun nə dərəcədə nəticələndirə bilmə bacarığından asılıdır. Daha doğrusu, ağıl insanın bir fiziki varlıq kimi mövcud olma tələbinin təminçisidir. Və ağlın yaratdığı maddi dəyərlər, sivilizasiyalar insanın məhz fiziki varlığına xidmət edir. Silah sahibinin əlində özünü qorumaqla yanaşı həm də özgəsini məhv etmə məqsədi güdür. Fiziki «məninin» tələblərini təmin etmək naminə özgəsini məhv etmək.
Fiziki «mən» söykəncindən ruhi varlıqlar görünmür. İçindəki ruhun harayı ilə fiziki «mənini» qoruyan ağlın səsini eşitmir. Bu yol, ruhun yoludu. Məhz fiziki «mənliyindən» ruhi «mənliyinə» qovuşan ruhi ilahiyə, müqəddəsliyə, əbədiliyə qovuşur.
Ruhla ağlın insan daxilindəki ziddiyyətlərinin hələ dinlərin mövcud olmadığı dövrlərdə yaranan folklordakı «Xeyir» və «Şər» anlayışlarıyla qəribə bir uyğunluğu var. Kim bilir, mövcud dinlərdəki antik folklor «şərinin» ən yaxın oxşarı şeytanın ilk əcdadımızı haqq yolundan döndərə bilən «əməli» xislətimizə irsən keçən ağlın özüdü bəlkə?
Dünya xalqlarının folklorundakı və mövcud dinlərdəki «Xeyir» və «Şər» təsvirinin oxşarlığı təsadüfdümü? Dillərin, insan ayağının qət edə bilməyəcəyi uzaq məsafələrin, dənizlərin, okeanların xalqları sivilizasiyadan xeyli öncə bir-birindən ayırdığı dövrlərdə yaranan forklordakı, dinlərdəki bu oxşarlıq nədənki görəsən?
Bu gün bu cür oxşarlığı nə ötən əsrlərdə, nə də texnika, mətbuat, televiziya imkanlarının dünyanın hər hansı bir xalqının ədəbiyyat və incəsənətiylə istər qiyabi, istərsə də əyani tanışlığını reallaşdıran müasir dövrdə yaranmış əsərlərdə görmürük.
Təbii ki, söhbət ruhun deyil, ağlın yaratdığı psevdo sənət əsərlərindən, psevdo millilikdən gedirsə. Çünki milli eqoizm ağlın «məhsuludur». Və bu «məhsul» mənəvi, ruhi «mənin» deyil, təkçə fiziki, «mənin» həzm edə biləcəyi «qidadı». Və çünki əsl millilik təbiilikdi. Müasirimiz İlyas Ərnəfəsin diliylə desək, «mənəvi cəhətdən güclülər sərhədlərdən, qəliblərdən azaddırlar. Yalnız daxili keyfiyyətlərin zənginləşməsi sayəsində bütün dünyanı yurd yerinə çevirmək mümkündü…»
Puşkin rus, Lorka ispan olduğu qədər həm də çeçen, ingilis, ərəb, yapon, fransızdı. Eləcə də Vaqif Mustafazadə kütlənin xoşuna çalan, oxuyan müasir rus, ispan populyar şlyager ifaçılarından daha təbii rusdu, daha təbii ispandı.
Dahi kinorejissor Andrey Tarkovski bu cür sənətkarları «ilahi dəli» adlandırırdı. Bu «ilahi dəlilik» yenə də Tarkovskinin diliylə desək, «insanın mənəvi aləminin onun fiziki dünyasına qarşı etirazıdır. Daxili dünyanın, mənəvi aləmin varlığının sübutudur».
Bu baxımdan ağlın, düşüncənin mövcudluğundakı «ilahi dəliliyin», ruhun yaratdığı sənət əsərlərinin əbədiliyi insanın, həyatın əbədiliyidi. Və bizim qeyri-adilik, fenomenlik kimi qəbul etdiyimiz bu əsərlər əslində həyat və ölüm qədər təbiidir.
NƏSIMIYƏM- ÖMRÜM HƏLƏB…
Şeirlər
* * *
Bu günkü kimi
yadımdadı o gün,
o gündən başladı bu gün.
***
Xoşuma gəlməyən səs olanda
qulaqlarımı tuturam.
Ayaqqabım ayağımı sıxanda
çıxarıb atıram.
İçimdən çölümə yaxındı əlim.
Bağışla məni, ürəyim.
***
Bütün qapılar açıqdı,
bütün yollar bağlı.
Gündə min dəfə çıxdım küçəyə
heç hara gedə bilmədim ancaq.
***
Göyün yeddi qatından keçdim
Uzaglar yaxın olmadı.
Ruhumu tərk edib enirəm
Yolum yeddi qatımdan keçir,
dönə bilmirəm,
Şikəstəm
səsimə çıxa bilmirəm…..
Yer uzaq, göy uzaq, mən uzaq….
***
Nəsimiyəm-
ömrüm Hələb.
Mənəm dəvəsi ölmüş ərəb
qəm dəminin sərhasında.
***
Göy üzündəki uzaqlıq
sevdaların,
ümüdini oxşar gejələr
Daha yüksək
ucalıqda gecələr
görmədiyimiz ulduzlar
Eşidirsənmi,
yüksəkliklərdən enən buludun
son nəfəsidi bu yağış
Hər düşən damla
itirdiyi yüksəkliyə
dönə biləjəkmi?
Tale ömürdüsə
analarımızın üzü güləjəkmi?
Ağlımız daş qəfəsidi ürəyimizin
Duyursanmı ,
içimizdəki aqrı
boğulan səsidi dilimizin.
***
Məndən aşağıda
yağış yağır,
qar yağır,
gün çıxır,
məndən aşağıda.
Məndən aşağıda
göy üzü, yer üzü,
ağaclar, insanlar,
daşlar, dənizlər.
Məndən yuxarıda
mənim yanımda.
heç nə, heç kəs yox.
Məndən aşağıda
nə varsa xoşdu
Üstümdə, yanımda
nə varsa yoxdu.
Keç günahımdan yer üzü,
qayıtmaq istəyirəm.
39 ildi həsrətimdədi
kəndimizdəki böyük təyyarələrin uçuş zolağı.
***
Vaxtdı….
sevdaca uzanmadı yolumuz
Üz tutub keçəjəyimiz
döngələrin vaxtıdı.
Ayrılıq – xatirələrin yaşamaq haqqıdı
Vaxtdı…..
Sahil həsrətli dalğaların
pərvanə vüsalı,
dənizləri ağrıdırmı?
Gözlərindən sildiyin yaş
ürəyinin daşıyacağı
yükdən ağırdımı?
Sönən ojaqların odunu
külə dənəsi
gününə yanırdımı?
Vaxtdı….
Bu dünyanın işığı
ayağımıza uzanan
köləmizin baxtıdı.
Dünyanın qərib vaxtıdı .
Vaxtdı ,
vaxtdı haqq…..
***
Göy üzündəki uzaqlıq
Sevdaların ümidini oxşar gecələr
Daha yüksək ucalıqda gecələr
Görmədiyimiz ulduzlar .
Eşidirsənmi ,
yüksəkliklərdə enən buludun
son nəfəsidi bu yağış.
Hər düşən damla
itirdiyi yüksəkliyə dönə biləcəkmi?
Tale ömürdüsə
analarımızın üzü güləcəkmi?
Ağlımız
daş qəfəsidi ürəyimizin
Duyursanmı,içimizdəki agrı
boğulan səsidi dilimizin.
***
Tahir Aslanlıya
Qafqaz meşələrindəki
ağjaqayın görkəmidi
Moskva şəhərində kəndçiliyim.
Bu gündən dünənə,
dünəndən bu günə
işləmir qatarlar,
işləmir təyyarələr gözləyim.
Ümid də yox dözməyim.
ümid yoxdu ölməyim.
Mən dünən yaşadım
mən bu gün yaşadım
xəbərin varmı ?
Kədərin varmı yaşadım.
Üstündə gəzdiyimiz torpaqda
sələflərimizin itmiş izi
Ölüm sələflərimizin səsləməsidi bizi
ölüm yoludu ömür.
Qafqaz meşələrindəki ağjaqayın görkəmidi
Moskva şəhərində kəndçiliyim.
***
Saralan yarpaqların
budaqlara payız ümididi bu həyat
Diri ,
Diri içimizdəki ağrıların
çölümüzdə öldürdüyümüz üzü
– diri.
Əllərimizin ,
ayaqlarımızın
narahatdı üstümüzdə yeri
narahat
Saralan yarpaqların
budaqlara payız ümididi bu həyat.
***
Biz çox uzaqlara gedəcəyik
və sonda
Həyətdə gizlənpaç oynayan
uşaqlara dönəcəyik
tapa bilməyəndə bir-birimizi
***
Ürəyim,
ağrıma bu gecə vaxtı
Həsrət yolu üzməz,
Bakı uzaqdı.
Mən şərdən başladım
döz, ağrın alım!
Xeyrə yol açıram ağrını alım.
Dəli,
dinsiz bir sevda qəlib ağlıma
Qoy yazım alnıma,
kim bilir baxtdı,
bəlkə ulu tanrı
bu baxta baxdı.
Həyat müqqəddəsdi,
dəymə günahdı
Günlər onu sıxıb,
bayatı axır.
Gün ağla bu günə
görək nə çıxır.
Gün keçir…..
Gün keçər, gün ağrıyar.
Günsüz günə agr- yar.
Sussam mən bayda torpaq
Gejə-gündüz agrıyar.
Vüsal idi…..
Vüsal idi yar adı
Mənə hijran yaradı
Bu adda iz izləmə
Qalan iz yox yaradı.
Yel gəzir…
Yel gəzər başlı-başına
Çarə qıl, başlı, başına
Ölüm ümiddən yaşınıb
Yer gəzər başlı başına.
Naşı ovşusuyam ceyran –sevincin
Hər boşa atdığım yaşa xoş qəlir
Yaşın xoşladığı qəmə tuş qəlir.
Qoy görüm başıma daha nə qəlir.
***
Mən böyüyə- böyüyə
böyüyüb evimiz,
böyüyüb kəndimiz
Böyüyüb kəndimizin uşaqları
yollara qarışıb başları
yadlarından çıxıb oyuncaqları.
Mən böyüyə-böyüyə
böyüyüb gördüklərim
böyüyüb bildiklərim.
Böyüyüb-böyüyüb görmüşəm ki,
insanların göz yaşları
gözlərindən böyük
ürəkləri özlərindən.
Mən böyüyə-böyüyə
Kəndimizdən uc alan yollar böyüyüb
çaxa bilməmişəm heç yerə
Kəndimizdən ucalan dağlar böyüyüb
çata bilməmişəm zirvəyə.
Mən böyüyə-böyüyə
gözlərimin həsrəti böyüyür ürəyimdə
Mən böyüyə-böyüyə
böyüyür yaşamaq isəyim də.