O YURD MƏNIM YURDUMDUR
Millətimə qara böhtan atanlar,
Şöhrətimin gölgəsində yatanlar,
Dünyamıza yağlı yalan satanlar,
Eşitsinlər, o yurd mənim yurdumdur!
*
Bu dünyanın ağı qara olmayıb,
Daş yazılar saralmayıb, solmayıb,
Nemətimdən ac gözləri doymayıb,
Eşitsinlər, o yurd mənim yurdumdur!
*
Bir gün olar sözlərindən dönərlər,
Cəfəngiyyat köhlənindən enərlər,
Gur alışar, korun-korun sönərlər,
Eşitsinlər, o yurd mənim yurdumdur!
*
Azərbaycan-əsl, kökdən türk eli,
Öz obası, öz oylağı, öz dili,
Arxlarımda çağlayacaq türk seli,
Eşitsinlər, o yurd mənim yurdumdur!
*
Zərəngizəm, əslim, köküm, elim var,
Haqq Vətənim, haqq torpağım, dilim var,
Ürəyimdə bir Göyçə nisgilim var,
Eşitsinlər, o yurd mənim yurdumdur!
YAŞADIQ
(Son hadisələr zamanı Şəhid olan əsgərlərə)
Zaman-zaman aldı bizi ağuşuna,
Ölüm, qırğın, qan, yaşadıq!
Yem etdilər cismimizi qurğuşuna,
Alnımızda şərəf, şöhrət, şan, yaşadıq!
*
Ancaq dana bilmədilər haqq işimi,
Dəyişdirə bilmədilər vərdişimi,
Dağıtdılar torpağımı, növrağımı, bayrağımı,
Alnımızda söküldükcə dan, yaşadıq!
*
Düşmən qədim yurdlarımı unutdurdu,
Birləşərək millətimə qan uddurdu,
Biz susduqca, yağı coşdu, hey qudurdu,
Qəlbimizdə dözülməz hicran, yaşadıq!?
*
Çörəyimə şərik oldu bir kəmhünər,
Gözlərində qəzəb, hiylə, kin, nə qədər?
Canfədalar nəsliyik biz, bilmədilər!
Tariximdə neçə qəhrəman, yaşadıq!
*
Dərbənd, Təbriz-müasir müstəmləkələr!
Vedi, Göyçə, Borçalıdı ağ ləkələr,
Kəlbəcərim, Qarabağım bilmir məgər?
Bir ürəyik, bir bölünməz can, yaşadıq?
*
Türkün eli, türkün əri, ayıq olun!
Sökün, yıxın bu sədləri, ayıq olun!
Qoca Turan əsrlərin cəgavəri, ayıq olun!
Bölünməsin qoy Azərbaycan, yaşadıq !!!
18.04.2016
SÖZ
Söz-Haqdan gələn haqdı,
Söz-yaşamaqdı, yaşatmaqdı!
Söz-nur, övliyə, ocaq, pirdir,
Söz-qeyb xəzinə, aşkara sirrdir.
Söz-zəkadır, ağıldır, dürrdür,
Söz-bahadır, cəngavər, ərdir!
Söz-cahan, kəhkəşan, qiblədir,
Söz-gündoğan, günbatan, Lədir!
Sözün çəkisi var, əyarı var!
Sözün Tanrısı, qibləsi, dəyəri var!
23.03.2016.
SÖZÜM VAR
Dalğalı dənizlər, qoy, coşmasınlar,
Çaylar məcrasını çox aşmasınlar,
Zəkalı şairlər söz qoşmasınlar,
Şahə dayanıbdır təbi-köhlənim,
Hələ bu dünyaya sözüm var mənim!
*
Hərcayı kimsələr dönməsin yelə,
Dəyib-toxunmasın obaya, elə,
Əriyər, dağlarım dönər bir selə,
Güllələr bitirər çölüm, çəmənim,
Hələ bu dünyaya sözü var mənim!
*
Oğuz qəbirləri tapdaq oldumu?
Sınan ürəkdimi, düşən qoldumu?
Bu yol, həqiqətə gedən yoldumu?
Qoy, bir yol məhv olub, ölsün düşmənim,
Hələ du dünyaya sözüm var mənim!
*
Körpə çiçəkləri güllə biçməsin,
Qoy, mərdin qanını namərd içməsin!
Dünya bu qırğından soyuq keçməsin!
Yoxsa, coşa gələr, qaynayar qanım,
Hələ bu dünyaya sözüm var mənim!
*
Zərəngiz, istəsən baharın olsun?
Gülüstan deyilən diyarın olsun?
Onda düşün, qəti qərarın olsun!
Çünki, amandadı, bu gün Vətənim!
Hələ, bu dünyaya sözüm var mənim!
ATA, YERIN GÖRÜNÜR
Ürəyimdə intizar,
Can evimə yağır qar…
Yerim-göyüm boşalıb!
Ürəyimdə dağ boyda,
Bir viranə boş qalıb!
Sənin gülşən bağçanda,
Qərib sükut sürünür,
Ata, yerin görünür!
Ata, yerin görünür!
*
Nəfəsin ocaq imiş?
Od qucaq-qucaq imiş?
Bülbüllü gülşənində,
Qəmgin qumrular ötür…
Gözlərim yaşla dolur,
Ahım dünyanı tutur,
Yer-göy qəmə bürünür,
Ata, yerin görünür!
Ata, yerin görünür!
*
Açan gülün solmayıb,
Sanki olan olmayıb,
Qapanquşlar da gəlib,
Yenilənib yuvalar.
Gəldi məhəbbət dolu,
Sevgi dolu bu Bahar...
Sanki dolaşıq düşüb,
Baharım da, qışım da,
Sənin olsun, ay ATA,
Ən gözəl alqışım da!
Tarazlayıb özümü,
Bir az aldanım deyə
İçimi yeyə-yeyə,
Adını çağırıram,
“Can!”-deyə, gəlmir səsin!..
Bağrım iki bölünür,
Ata, yerin görünür!
Ata, yerin görünür!
*
Söhbət edir qohumlar,
Hər sözün bir məsəldir,
Adını çəkən kimi,
Müşgülləri düzəlir.
Qonşuların yığışıb,
Şirin sözünə həsrət,
Sevinclə, fərəh ilə
Gülən gözünə həsrət…
Hər qəlbdə bir məhəbbət,
Hər dildə bir xatirə…
Yoxluğun gilə-gilə
Axan yaşlara dönür…
Ata yerin görünür!
Ata yerin görünür!
*
Qapına boylanıram,
Bənövşənin gözüylə
İçin-için yanıram,
Evə qanadlanıram,
Qaranquş qanadında-
Yaxınındı yadın da…
Həyat-dönüş, mərhələ,
Kim düşünə, kim görə?
Gedən yol geri dönmür,
Susub od-ocaq, dinmir,
Xəbərin var Bahardan?
Susub ürək qübardan,
Leysan olur tökülür,
Sel kimi göz yaşlarım…
Ucub arxamın dağı,
Gedib ürəyimin yağı…
Qəlbimin qanı axır,
Başımdan alov çıxır,
Ağrılı qəlbim dinir,
Ata, yerin görünür!
Ata yerin görünür!
22.03.2016.