ETIRAF
O gecə
Gecədir.
Kimsə yox.
Bir sən, bir də mən.
Zülmət asılmışdır pəncərələrdən.
Otağımda sükut,
göylərdən dərin.
Bir mənəm,
bir sükut,
bir də gözlərin.
SƏN DEDIN
Deyirsən: az söylə, olub keçəni!
Bu uzun gecəni,
məhzun gecəni,
ötən xatirata həsr eyləyək, gəl.
Kim bilir,
bəlkə də yaxındır əcəl.
Deyirsən: illərlə soruşmamışam,
könlümdə əriyən maraq adlı şam
yandırıb qəlbimi,
ancaq, yenə mən,
o keçən ömründən,
keçən günündən
xəbər almamışam.
İndi söylə, gəl!
Bəlkə yalan deyil,
bəlkə var əcəl.
Mən dedim:
Sən, ömrün yolunda mənə rast gəlib,
könlümü eşq ilə çəkib bağlayan!
Sən, təmiz adıyla başım yüksəlib,
namərd tənəsindən məni saxlayan!
Sən, nəcib qəlbində
dərdi, məlalı,
küləkdən qoruyan məhəbbətimi.
Pərişan baxışı,
məhzun xəyalı
sınaqdan keçirən sədaqətimi.
Sən, dərdli günümdə
dərdimi bilən,
ağır yollarımın
sadiq yolçusu!
Ağlarkən ağlayan,
gülərkən gülən.
Sən, yanar qəlbimə sözü -
sərin su.
Könül dedikləri
bağlı otaqdır.
İnsan bilmir
onu kim açacaqdır.
Onun gizlin qalan yüz qapısı var:
sevincdən açılar,
qəmdən açılar.
Bəzən bağlı qalan bu qapılardan
birini də
açmaq olmayır, inan!
Bəzən də açarkən qapını,
heyhat,
yol yarımçıq qalır,
qırılır həyat...
Dolaşıq yaranıb ömrün dastanı.
Gəncliyi qaytaran bir qüvvət hanı?
SƏBIRSIZ
Mən deyirdim,
illər sovuşub keçər,
qocalar qəm-hicran,
qocalar kədər.
Gənclik günlərini aradıqca biz,
bükülər yollarda bir gün belimiz.
Onda oturarıq yan-yana
bir gün,
bir yerdə yaşayıb,
ömür sürdüyün
yolçu, başlar sənə
hekayətini:
qəlbinin dərdini, şikayətini.
Açıb nəql eləyər, o uzun-uzun,
macəralarını qoca yolsuzun.
DEYIRLƏR
Məhəbbət elə bir ismət evidir,
onun qapıları bağlı gərəkdir.
Onun sığındığı etibarlı yer
insan sinəsində
adi ürəkdir.
Ürək süfrə deyil
gəlib gedənə
açasan,
var-yoxum bax, budur, - deyə,
Məhəbbət çeşməsi qardan yaranmır,
töküb dağıdasan
bir sudur - deyə.
Yüz sözü, yüz sirri
dosta desən də,
məhəbbət sirrini özündə saxla!
tək səndə deyil,
səninki deyil,
açıb saçacaqsan söylə,
nə haqla!
DEYIRƏM
Bəlkə bu etiraf özü köhnədir.
Yoxsa bu qocalmış,
nimdaş təşbihlər,
hardandır, nədir?!
Köhnəlik nə yaşda,
nə də ildədir.
Cavan qocalar var,
qocalmış - cavan.
Həvəs,
arzu,
bütün sirr
könüldədir.
Köhnəlir
həyatda
gərəksiz olan.
İSRAR
Ancaq deyirsən ki, indi deyim mən,
sevmədiklərimdən,
sevdiklərimdən.
Kim məni aldatdı,
mən kimi atdım.
Kimdən qan ağladım,
kimi ağlatdım.
Kimin həsrətilə qaldım yuxusuz.
Yandırdı qəlbimi
hansı hərcayi,
hansı uğursuz?!
Kimə yalvarmışam,
kimdən qaçmışam.
Kimə qorxa-qorxa könül açmışam?!
Hansı afət olub qurbanım mənim?!
Harda başlamışdır
nigaranlığım,
harda qurtarmışdır
mehribanlığım!
Uzunmu sürmüşdür
hicranım mənim?!
Çoxmu ağlamışam
çoxmu gülmüşəm.
Kimlərdən yan durub,
uzaq dolanıb,
kimlərlə dərdimi
yarı bölmüşəm?!
İlk gənclik günümdən
bu vaxta qədər,
nə sərgüzəşt olub,
nə macəralar,
başla, bir-bir
mənə nəql et! - deyirsən.
Ey gənclik həvəsi
rüzgartək əsən!
DEYIM, DINLƏ
Gəl, otur!
Bax, belə!
Yaxın otur, gəl!
Möhlət verməyəcək bəlkə də əcəl.
Köhnə görünsə də bu söz nə qədər,
insan ürəyindən çıxmır şübhələr.
Əcəl quru sözdür,
ölüm-həqiqət.
Olumdan başlayır yolumuz,
fəqət,
olumdan ölümə yoldur ömrümüz;
acılı-şirinli
əyri, dolay, düz,
şəfqətli, kinli.
Qulaq as!
Çırpınma!
Diqqətlə dinlə!
Qəlbimdir danışan indi səninlə,
Mən rüzgar olmadım həyatımda,yox!
Doğrudur,
başımın macərası zox,
ömrümün dastanı
dor-dolaşıqdır.
Ancaq, hər yarpağı
göz qabağında
aydın işıqdır.
Qoyma şübhə səni sorğuya çəkə!
Məhəbbət, sədaqət götürməz ləkə.
İnsan şübhələrlə yaranmış ekiz,
doğrudur, amma,
şübhələr də gərək olmaya yersiz.
Bəlkə sevgi özü bir imtahandır.
Sorğusuz qısqanclıq
qəmdir, hicrandır.
SƏN VARSAN
Bəlkə?
Bəlkə?
Bəlkə?
Bu şübhə nədir?
Yoxsa həqiqətdir, bir əfsanədir?
Yox!
İnsan dünyası böyük, genişdir.
Heç kəs bu kitabı ilk varağından
son varağa kimi dərk etməmişdir.
Füzulidən soruş:
məhəbbət nədir?
Leylanın göz yaşı,
Məcnunun ahı
hələ qəlbimizi necə göynədir?!
O sayıb keçdiyin dəcəllikləri,
yuxusuz gecəni,
yorğun səhəri,
dolaşıq yolları,
həsrəti, dərdi
sənsiz
hansı ürək qəbul edərdi!
İNAN
Bütün ehtiraslar bir külək kimi,
qanadı zər tozlu kəpənək kimi,
könlümə, qəlbimə
köçəri gəldi,
hərcayi həvəslə, keçəri gəldi;
Tez getdi
baharın dumanı kimi,
ümidsiz bir qəlbin gümanı kimi.
GÖRMƏDIM
Çox gözlərə baxdım
səmavi, siyah,
qonur gözlərindən qəşəng
görmədim.
Bağlarda gül azdı,
dağlarda lalə,
dodaqların kimi çiçək
görmədim.
Hərcayi insanlar çox vədə verdi,
onlarda saf ürək, dilək
görmədim.
Çox qumaşa baxdım,
atlaza baxdım,
qumral sazın kimi ipək
görmədim.
Ürəklərə baxdım,
bir sərraf oldum,
qəlbin kimi böyük ürək,
görmədim.
Yer salıb könlümdə sağalmaz izi,
varmı bir qüvvət ki,
ayırsın bizi?
OXŞARLIQ
Yadlar söhbətindən sıxıldı qəlbim,
könlümün həsrəti
şirin dilədir.
Göylər təmiz olur tufan kezəndə;
ürək də,
könül də,
inan, belədir.
Bağda yüz gül açsın, yüz nadir çiçək,
bülbülün həsrəti
qızıl gülədir.
Xoşdur mənə sözün,
xoşdur söhbətin.
Sevinc gözlərimdə gilə-gilədir.
HAŞIYƏ
Vərdişin təsiri gör nə böyükdür.
Hələ də gül, bülbül,
ipək və lalə
mətləbə yükdür.
Nə gülə düşmənəm, nə bülbülə mən.
Ancaq düşünürəm: yolumuz əgər
Bakıdan birbaşa Muğanadırsa,
niyə keçək gərək,
biz Bülbülədən?..
İNAM
Hansı sualın var cavabsız qala?
Ümidlə, həvəslə bax istiqbala!
Səhvimiz olsa da ömür yolunda;
enişi, yoxuşu çoxdur yolun da.
Büdrəmək man deyil
bu yolda əgər
əslində deyilsə yolçu ağciyər.
İnadını onun qırmazsa müşkül.
Yüyürən yıxılar,
bu heç man deyil.
Yoxuşlardan qalxıb zirvəyə yetsən,
sanma yeganəsən,
sanma igidsən.
Arxana, önünə nəzər sal bir an,
görərsən, nə ilkçi,
nə sonuncusan.
Hərdən gözlərinə çökərsə kədər,
uzun sürməz o da,
sovuşub gedər.
İnamla yaşayır dünyada insan,
İnsana,
İnsana,
İnsana,
İnan!
1938
“Azərbaycan “ jurnalı