Şəkər xəstəliyindən əziyyət çəkən şairin bu yaxınlarda hər iki ayağı amputasiya olunmuşdu.
Söhrab Tahir 1926-cı il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakiya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961–ci illərdə Moskvaya Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi–tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, "Litarturniy Azerbaydjan" jurnalı redaksiya heyətinin, "Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991–ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi–ictimai fəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şohrət" ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
QOŞA GEDƏK!
Kəmərinin gümüşünü
Ver çaylara, kəhrizlərə.
Ağ əlinin işığını
Əmdir mavi dənizlərə.
Xislətinin ipəyini
Sər dağların ətəyinə.
Öpüşünün ətrini bük
Qonçaların ləçəyinə.
Gülüşünü gül–gül çilə
Dərələrin ürəyinə.
Pıçıltını qoy bulağın dodağına.
Saçlarının dalğasını
Tök dənizin qucağına.
Hər baxışda göz qırpmağı
Öyrət uzaq ulduzlara.
Nəfəsinin ətrini çək
Həsrət çəkən yarpızlara.
Səp səsinin şüşəsini
Çiliklənən şəlaləyə.
Qoşa gedək gileylərin
Sinəsində cığır salaq.
cığır kimi qoşalaşıb
Dağ döşündə qoşa qalaq.
“VALEH QƏZƏL OXUYURDU” POEMASINDAN
-Gözəllərdə bir sirr də var,
Sevənləri ucaldarlar.
-Sonra gözəl qalmaq üçün
Ucalanı alçaldarlar.
-Gözəllərə munis olar
Gözəlliyə alçalanlar.
-Gözəllərin düşmənidir
Alçalmadan ucalanlar.
-Sevgisindən kam alanlar
Xoş günlərlə qucaqlaşıb.
-Gözəllikdən kam alanlar
Sevgisindən uzaqlaşıb.
-Onda gərək sevgisindən
Uzaqlaşıb qaçsın hamı.
-Sevgi yüksək olmayanda
Yüksəltməyir hər adamı.
-Birtərəfli sevgi yoxdur,
Sevgi, fərqdir, yalvarışdır.
-Bu sevginin həyat yolu
Bir addımdır, bir qarışdır.