Məmməd Araz
MÜHARİBƏ OLMASA
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, --
Müharibə olmasa!
Yer min illik barını
Bircə gündə yetirər,
Alim ayı, ulduzu
Dartıb yerə gətirər, --
Müharibə olmasa!
General gözündə də
Bu hissi duyur adam:
“Tullayıb çinlərimi
Bir kənddə sədr olaram, --
Müharibə olmasa!”
Bəşərin qapısından
Vaxtsız ölüm gen düşər,
İnsanın saçlarına
Yüz yaşında dən düşər, --
Müharibə olmasa!
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar,
Bəşərin gülləsi -- söz,
Sözü -- məhəbbət olar --
Müharibə olmasa!
1956
Məhərrəm Ağalaroğlu
MÜHARIBƏ OLMASA
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada billik
Yerlə Mars arasında, -
Müharibə olmasa!
Məmməd Araz
Dünyada analar qara bağlamaz,
Ata dərdi fidanları dağlamaz,
Göz yaşıyla ellər köks yağlamaz
Bu dünyada müharibə olmasa.
Uşaqlar böyüksüz inan, ağlayar,
Qız, gəlin başına qara bağlayar,
Övlad dərdi ana qəlbin dağlayar
Bu dünyada sülh sədası olmasa.
İnsan dərdi, insan qəmi bilinər,
Təqvimlərdən qara günlər silinər,
Dünyamızda igid, ərlər görünər
Bu dünyada müharibə olmasa.
Məhərrəməm, uşaq kimi ağlaram,
Göz yaşımla neçə sinə yağlaram,
Mən qəlbimi millət üçün dağlaram
Dünyamızda sülh sədası olmasa
İsa İsmayılzadə
“GÜLLƏLƏR DEMƏDI…”.
Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.
Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»
Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular…
Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə».
Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.
Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq –
Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» -
Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.
Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…
1971