Mustafa Şeyxpor 28 may 1982-ci ildə Miyana şəhərində doğulub. İbtidai və orta təhsilini doğma şəhərində alıb. 2002-ci ildə Təbrizdə Azad Təbriz Universitetinə daxil olub və elektrik mühəndisliyi ixtisasına yiyələnib. 2005-2006-cı illərdə Təbrizdə sosial-mədəni hərəkatın iştirakçısı olub. Onun qələmindən çıxan şeirlər müxtəlif mətbu orqanlarında, antologiya kitablarında və internet saytlarında yayınlanıb.
Bir çox güneyli yazarlarda olduğu kimi, çapa hazırlanmış kitabları var. "Dünya durduğum yerdə qurtarır" adlı şeirlər toplusu və çağdaş Türkiyə şairi Yılmaz Odabaşının şeirlərindən seçilib, Azərbaycan türkcəsinə uyğunlaşdırdığı kitablar bu sıradandır.
TEHRAN METROSU
Metroda çiçək satıram
getməyə tələsən insanlar kimi yox,
qalmağa inanan əllərimlə
səni düşünürəm…
nə azadlıq havası var başımda, nə inqilab
nə savaş həvəsi,
nə barış
hər şey dünən kimidir
hər şey sabah kimi
bir uşağın yuxusunda
burda
Tehran metrosunda.
Gün doğmadan vaqonlarda
duraq-duraq,
Çiçək… çiçək… çiçək satıram
Qəlbimə yaxın əllərimə bax,
qar çiçəyi əllərimdə
günəş çiçəyi, ay çiçəyi
hər saat gecədir metroda
nə günəş izi var, nə ay işığı
nə qara qış günləri nə yay, dəniz havası,
nə azadlıq, nə həsrəti
hər şey duraq adıdır, meydan adı
həm azadlıq, həm…
Yaşamağa tələsən insanların tər qoxusu,
ac qarınların yetim səsi
ac gözlərin, ac ürəklərin kiflənmiş köpüyü
yağış yağsa da bilirəm
nə əllərim islanacaq, nə ürəyim
nə şəhər qoxusu verən çiçəklərim.
Şəhərin ən yorğun yerindən başlanır qatar
sən yorğun, mən yorğun, qatar yorğun,
uzun-uzun sərilir yuxulara
yarır şəhərin bağrını keçir
heç qatarın içində yoxsan,
heç trəndə şeir yox,
sevgi yox,
sən… yox.
Bir mən varam, bir əllərim
çiçək satan əllərim.
Hər duraqda görünürsən
bir az yorğun, bir az arğın
qapınızda düşəcəyəm
“İnqilab” dan bir az sonra,
“Azadlığ”a bir az yaxın
SƏNSIZLIYI ÇÖRƏK ARASINA BÜKÜRƏM
Sənsizliyi çörək arasına bükürəm
Qürbət axşamları
Dəniz qırağı
Gəmiləri izləmək…
Bu şəhər heç türlü sənə bənzəmir.
Nə dağları Qaflantı
Nə dənizi Xəzər,
Nə ayları ay
Nə günəşi bir gözəlin gözlərinə bənzər.
Gələn neftin qoxusunda
Hansı gül təslim edə bilər silahları?!!
Bura lal,
Bura kor,
Burda üsyanlarım boğulur,
Burda Misir-Әl-Təhrir meydanı,
Burda Sudan güneylilərinə istiqlal marşı…
Hamısı – bir sahildir,
Bir dağ.
Zəncirləri sevirlər işçilər
Səhər çağları erkən oyanır cənazələr
San görürlər fabrikalarda dəmirlərdən!
Dəmirləri sevirlər işçilər
Analar kimi, balalar kimi, sevgililər kimi.
Sənsizliyi,
Vətənsizliyi
Qusuram dağlarına bu şəhərin.
Gün doğmadan dənizdəyəm
Gözəl bir yuxuya dalıram
Yenə sevirəm səni
Yenə gəzirəm “Təbriz” küçələrini.
Qışdır,
Hava soyuq, “Miyana”da anam üşüyür
Sevgilim gözlərimə baxır, yalan danışır
Dodaqlarımda donur “səni sevirəm”lər…
Barmaq uclarında göstərilən uçaqlarla
Köçürəm səndən ,
Sürgün düşürəm bu şəhərə.
Özgür balıqlar mənə göz vurur
Yavaş-yavaş sahilə çatıram
Gəmilərdə əsarət toyu,
Balıqçılar dənizə getməyə tələsir.
URMUDA GƏMI, YANINDA MƏN
Mən burda bir işçi
Sənin yanında sevgi daşıyan gəmiyəm
“Həmmah” da ölən qız uşağı,
“Mənnamə” də bir inqilabiyəm.
Alt köynəyim tər,
Üst köynəyim toz.
Təbriz xiyabanlarında uşaq-uşaq böyüyüb
Saatları yorduqca yoruluram.
Saat qabağında dinləyərək "Sarı Gəlin"i
Bir gəmi batar kimi Urmu gölündə
Batıb qalıram səndə
Ölsəm də yanındayam,
Qalsam da.
TABLOLARDA SEVGI
Üçüncü şeirimi divardan asdılar,
Sən yox idin o zaman
Bir savaş sonradı ıydı bəlki
Pəncərələrdən köçürdü məna
Qapılarda susurdu salam
Birinci dəfə orda öldüm.
Barışmaq istəmirdim özümlə,
Səni yalnız buraxmışdım
Dodaqlarında bir öpüş susmuşdu,
Gözlərində bir şeir göyərmişdi
Mən yazmırdım onları
Üçüncü şeirim idi, o şeir ki,
Tablolarda dururdu.
Birinci şeirim doğulmadı
Abort etdi anası
Mənim dodaqlarıma zəncir vuruldu
Sənin gülüşlərindən oxşamalar doğuldu
Tablolarda gülümsədin
Hər kəs sevdi,
İkinci ölümüm gülüşlərindən başlandı
İkinci şeirimi qurban etdim
Bir payız axşamına
Bütün şeirlər bitincə yazılmışdı
Bütün haraylar susunca doğulmuşdu
Sən gedincə gəlmişdi
Gecikmişdi... gecikmişdi
Üçüncü dəfə öldüm
Bir şairin son ölümü olar intihar
Hər şeirin doğuluşu qədər acı
Səndən sonra
Üçüncü şeirimi divardan asdılar
Mən susdum
Barış ödüllərinə dönsə də
edam çəmbərəsi
Neçə neçə ulduzlu hotellərə çevrilsədə zindanlar
Acı gülüşlərini sevsələr də turistlər
Səndən sonra
Yetim qalmış şeirlərin dünyasını kim sevəcək?
Zindan divarlarında silinməyən adları kim oxuyacaq?
Kim güləcək güllələrə?
Hər dəfə ölsə də şairlər, nə fayda
Hər ölümdən şeir doğulsa da,
Sevgilərdən şeir qoxusu gəlməyəcək
Hər dəfə tanınmayan adreslər veriləcək taksilərə,
Avtobuslar da xiyabanı tərsinə getməyəcək
Bir mən duracağam bu dayanacaqda
Bir mən susacağam,
Bir mən öləcəyəm
Bilinməyən adreslərdə...
Materialı təqdim etdi:Pərvanə Məmmədli