Oktyabr ayının 7-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda rus şairi Sergey Yeseninin 120 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin Yeseninin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında Sergey Yeseninin yaradıcılığından, Yeseninin Mərdəkan qəsəbəsində yerləşən ev muzeyindən, Mərdəkan Dendrarisindən söz açıb, XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairinin yubileyinin Rusiya və Azərbaycan xalqlarını birləşdirən bayram olduğunu söyləyib.
Tədbirdə Azərbaycan Respublikasında Rusiya Federasiyasının səfiri Vladimir Doroxin çıxış edərək Yeseninin yaradıcılığına olan münasibətindən, həmçinin Rusiya və Azərbaycan xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafı yolunda gördüyü işlərdən söz açıb.
Milli Məclisin deputatı Elmira Axundova çıxışında Eseninin yaradıcılığı haqqında fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb: “Esenin bütün poeziyasevərlərə – rus, Azərbaycan, hamısına aiddir. O, əbədidir, onun şeirləri sadədir, insanı yaşamağa, sevməyə sövq edir. Esenin həyatda otuz il yaşadı, lakin şairin şeirləri onun əbədi ömrünü uzatdı”.
Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Nazim İbrahimov Azərbaycan şairlərinin rus şairi Eseninə olan sonsuz sevgisindən bəhs edib: “Esenin Bakını nə qədər sevirdisə, bakılı şairlərdə onun yaradıcılığına eyni məhəbbətlə yanaşırdılar, onun şeirlərini Azərbaycan dilinə tərcümə edirdilər”.
Azərbaycan Yazıçılar Birliyinin katibi xalq yazıçısı Çingiz Abdullayev çıxışında illər öncə, yeniyetmə çağında Leninqradın “Anqleter” otelində Eseninin intihar etdiyi nömrədə qaldığını, şairlə bağlı qeydləri oxuduğunu xatırladı: “Tarixə nəzər salsaq şairlərin həyatı adi insanların həyatına bənzəmir. Nə qədər ki, Azərbaycanda rus dili yaşayacaq, Esenində xatırlanacaq”.
Yubiley mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, filologiya elmləri doktoru, şərqşünas-alim Tofiq Məlikli, Qalina Şifulina, Eseninin ev muzeyinin direktoru Nəzakət İbadova, Valentina Efendiyeva, həmçinin Azərbaycanın şair və yazıçıları, Yesenin yaradıcılığının pərəstişkarları çıxış edərək şairin şeirlərindən bəzi nümunələri oxuyublar, xüsusən də Azərbaycanda olduğu müddətdə onun yaradıcılığının məhsuldar dövrünün maraqlı faktlarını açıqlayıblar.
Yeseninin Bakıda keçirdiyi təxminən 4 aylıq dövrü onun yaradıcılığının məhsuldar dövrü hesab etmək olar. Təsadüfi deyil ki, yeseninşünaslar bu dövrü onun yaradıcılığının “qızıl dövrü” adlandırırlar. 1824-25-ci illərdə Yesenin Bakıda olduğu dövrdə Bakı mətbuatında onun 39 əsəri (37 şeir və 2 poema) dərc edilmiş, o cümlədən sevgi poeziyasında xüsusi yeri olan, Yeseninin sevgi himni sayıla biləcək “İran nəğmələri” silsiləsindən bir sıra şeirlər Bakıda yazılmışdır. Ümumilikdə, 1924-1926-cı illərdə Yeseninin Bakı mətbuatında 51 əsəri (48 şeir və 3 poema) “Bakinski raboçi” qəzetində işıq üzü görmüşdür. Yesenin Bakıya olan böyük sevgisini “Прощай Баку” şeirində ifadə etmişdir. Şairin Bakıya həsr etdiyi şeiri rus dilində oxucuların nəzərinə çatdırırıq.
Məlahət Qənbərova
SERGEY YESENİN
“ƏLVİDA, EY BAKI”
Azərbaycan dilinə 7 tərcümə variantı
СЕРГЕЙ ЕСЕНИН
Прощай Баку
Прощай, Баку! Тебя я не увижу.
Теперь в душе печаль, теперь в душе испуг.
И сердце под рукой теперь, больней и ближе,
И чувствую сильней простое слово: друг.
Прощай, Баку! Синь тюркская, прощай!
Хладеет кровь, ослабевают силы.
Но донесу, как счастье, до могилы
И волны Каспия, и балаханский май.
Прощай, Баку! Прощай, как песнь простая!
В последний раз я друга обниму…
Чтоб голова его, как роза золотая,
Кивала нежно мне в сиреневом дыму.
1925
1. Ələkbər Ziyatayın tərcüməsi (1955):
Əziz Bakı, əlvida! Son görüşdür, əlvida.
Bir həyəcan, bir kədər könlümü etmiş vətən.
Ürəyim narahatdır bu ayrılıq çagında,
Adi dostluq sözünü hiss edirəm dərindən.
Ey Azər övladının yurd-yuvası, əlvida!
Damarımda qan donur, gücdən düşür qollarım.
Ən xoş anlarım kimi çıxmaz yadımdan amma,
Xəzər dalgalarıyla, Balaxanı baharı.
Salamat qal, ey Bakı! Sən sadə bir nəgməsən,
Son dəfə öz dostumu qoy bagrıma basım, qoy!
İstərəm yasəməni tüstülərin içindən
Qızıl gül tək başını üzümə tərpətsin o!
2. Rəfiq Zəkanın tərcüməsi (1964):
Əlvida, ey Bakı, vəfalı şəhər!
Səni mən bir də görmədim bəlkə!
Qəlbim eşqinlə çırpınar, döyünər,
Ey mənə mehriban olan ölkə!
Əlvida, ey Bakı, günəşli şəhər!
Ey şüalandıran fikirlərimi!
Mənə ilham verən səmavi Xəzər –
Məni tərk eyləməz məzara kimi!
Əlvida, ey Bakı, gözəl mahnı!
Susuram, səndən ayrılarkən mən.
Bir qızıl gül tək əy qızıl başını,
“Əıvida! Əıvida!” deyək sən, mən...
3. Əhməd Cəmilin tərcüməsi (1974):
Əlvida Bakı! Daha çətin bir də görüşək...
İgid könlümə dolan qorxudur, qəm-qüssədir.
İndi əlimin altda daha bərk sancır ürək,
İndi daha dərindən duyuram ki, dost nədir.
Əlvida Bakı! Ey Şərq üfüqləri, əlvida!
İnan, qanım soyusa, taqətdən düşsəm də mən.
Aparram, gedəcək mənimlə ta qəbrəcən
Balaxanı mayı da, Xəzər dalgaları da.
Əlvida! Salamat qal nəgməli könül kimi!
Qoy mən son dəfə öpüm barı dostu, yoldaşı...
Bənövşəyi tüstüdə əyilsin qoy gül kimi
Dostun ugur diləyən, “yaxşı yol!” deyən başı.
4. Əliağa Kürçaylının tərcüməsi (1975):
Əlvida, Bakı! Səni mən bir daha görmərəm.
İndi mənim qəlbimdə kədər, qorxu səsi var.
Ürəyim daha yaxın, xəstəhal vurur bu dəm,
Daha möhkəm duyuram-sadə dost kəlməsi var.
Əlvida, Bakı! Mavi türk səması, əlvida!
Qüvvədən düşürəm mən, damarımda donur qan.
Mən bir səadət kimi apararam məzaracan
Balaxanı mayını, Xəzər dalğasını da.
Əlvida, Bakı! Sadə nəğmə kimi əlvida!
Son dəfədir sıxıram sinəmə dostumu mən...
Onun başı qoy qızılgül kimi bu son anda
Yellənsin vida deyə yasəmənlər içindən.
5. Knyaz Aslanın tərcüməsi (2006)
Əlvida, ey Bakı! Ayrılaq gərək.
Kədər var, qorxu var qəlbimdə indi.
Əlimin altında ağrıyır ürək,
Dostu qoyub getmək yaman çətindi.
Əlvida, ey Bakı! Ey türk səması!
Tükənir qüvvətim, buzlayır qanım.
Mənimlə məzara gedir, inanın,
Balaxanı mayı, Xəzər dalğası.
Əlvida, ey Bakı! Sadə nəğmə tək!
Son dəfə dostyana qoy qucum səni…
Qoy qızıl gülləri yelləsin külək,
Yasəmən baş əyib ötürsün məni.
6. Firuz Mustafanın tərcüməsi
Səni görməyəcəyəm, əlvida, Bakı!
Qəlbimi sarıbdı kədər, qüssə-qəm.
Ürəyim köksündən çıxacaq sanki,
Dostumsan-bu sözlər çıxır dilimdən.
Əlvida, türk göyü-əlvida Bakı!
Ürəyim sonuncu anları sayır.
Qəbrəcən könlümdə qalacaq bil ki,
Xəzər ləpələri, Balaxan mayı.
Nəğmə tək, əlvida! Əlvida, Bakı!
Öpürəm mən gözü yaşlı dostumu.
Yasəmən tozunda qızılgül kimi
Əyilir köksümə başı dostumun.
7. İsaxan İsaxanlının tərcüməsi (2009)
Əlvida Bakı! Bir də görməyəcəm səni, əlvida!
Açılmayır yenə könlüm, duyub hicran havasını.
Bax necə şiddətlə vurur əlimin altında ürək,
Yalnız indi anlayıram dost sözünün mənasını.
Əlvida, Bakı! Sən ey mavi türk səması, əlvida!
Damarımda donur qanım, tükənir bax gücüm mənim.
Ən xoşbəxt anlarım kimi apararam məzara,
Balaxanı «1 may»ını, bir də dalğasın Xəzərin.
Əlvida Bakı! Sadə, həzin bir nəğmə tək, əlvida!
Qoy son dəfə qucaqlayım, silim dostun göz yaşını.
Yasəməni tüstülərin içindən bir qızıl gül tək,
“Yaxşı yol” diləsin mənə, tərpədərək o başını.