YOL GEDİRİK İKİ QARDAŞ
Yol gedirik iki qardaş,
Bir qatarda yol gedirik.
Hərəmiz bir vaqondayıq,
Yenə burda sol gedirik.
Gör burda neçə yer boşdu,
Gör orda neçə yer boşdu.
Burda mənə sənsiz rahat,
Orda sənə mənsiz xoşdu.
Gecə sənin vaqonunu
Başqa qatara qoşublar.
Nə sənə bir söz deyiblər,
Nə də məndən soruşublar.
Səhər düşmüşəm vağzalda,
Axtarıram, hardasan bəs?!
Yəqin düşüb başqa yerdə
Sən də məni gəzirsən, gəz!
Nə qədər ki bir vaqona
Sığışmırıq iki qardaş...
Bax ondadı, bax ondadı
Çox dərdlərin kökü, qardaş!
VƏTƏN KİMİ BAXMIR
HAMI TORPAĞA
Ürəyim qəzəblə, nifrətlə dolu,
Dünya milçək qədər yoxdu gözümdə.
Nə vaxtdı bağlanıb baxtımın yolu,
Özümdə deyiləm, vallah özümdə.
Əlimi çəkirəm əl uzadannan,
Gözünə sataşıb gözlərim yanır.
Ağlım bir şey kəsmir gül uzadannan,
Güllərin içindən gürzə boylanır.
Yayılıb üzünə qorxu sarısı,
İtiyin dərdini itirən çəkir.
Yol azan adamı gecə yarısı
İşıq gələn çəkmir, it hürən çəkir.
Gözümü yumuram, ilan-qurbağa,
Gözümü açıram, yer-göy qarışıb.
Vətən kimi baxmır hamı torpağa,
Arı pətəyinə ayı daraşıb.
Bulağın başında oturub yağı,
Qızlar daşa dönüb çiynində sənək.
Çəkir sinəmizə dağ üstdən dağı,
Sıraya durmuşuq başına dönək.
Bir qurulu evdən qalıb dörd divar,
Gəlsən dindirən yox, getsən yol açıq.
Kimi görmürəmsə, hamısı lal-kar,
Kimi görürəmsə, mənə əl açır.
Ürəyim qəzəblə, nifrətlə dolu,
Dünya milçək qədər yoxdu gözümdə.
Nə vaxtdı ot basıb, itib su yolu,
Özümdə deyiləm, vallah özümdə.
MƏN OLA BİLLƏM
"Qərib duyğular" silsiləsindən
Hələ ki uçurduq, yoxdu qar-filan,
Düşüb gördüm yer-göy ağappaq qardı.
Hamı yaxşı bilir bu gün qar olan
Yazda tumurcuqdu, payızda bardı.
Ayağım altında qar xışıldayır,
Yorğana bürünüb torpaq sevindi.
Ağaclar nə deyir, nə pıçıldayır,
Torpaq nə düşünür, duyuram indi.
Hər qoyunun altda bircə cüt quzu,
Ağaclar sevincdən dil aça bilər.
Sığmaz yerə-göyə bu payız ruzu,
Çılpaq qayalar da gül aça bilər.
Onda çətin kimsə adımı çəkər,
Bu bolluğa baxıb şən ola billəm.
Ancaq Dnepr daşıb-eləsə əgər,
Onun taqsırkarı mən ola billəm.
AMAN TANRI
Bu dünyaya həm qəniməm, həm də yadam,
Kimə çatır axı mənim dediyim də.
Mən yanıram, durub baxır neçə adam,
Bir qaranquş su daşıyır dimdiyində.
Onudamı çox gördülər yoxsa mənə,
Hardan gəldi, kimdən gəldi, nə fərmandı?!
Bir də gördüm göyə qalxıb alov yenə,
Bir də gördüm yazıq quşun köksü qandı.
Qanlı tutub mən bir əli qurumuşu,
Dişlərimi qıcayıram, aman Tanrı.
Özümdən çox mənə yanan yazıq quşun
Ölümünə acıyıram, aman Tanrı.
GÖZLƏYƏ-GÖZLƏYƏ
Calanmayıb, hələ cırdı,
Tikanı üzümü cırdı.
Acları acından qırdı
Toxlar gözləyə-gözləyə.
Nə azımı çox elədi,
Nə könlümü xoş elədi.
Hər şeyimi yox elədi
Yoxlar gözləyə-gözləyə.
Ətəyini yığıb anam,
Hər gün yola çıxıb anam,
Göz yaşını sıxıb anam
Saxlar gözləyə-gözləyə.
Qış oldumu, qar gətirir,
Bir umudu var, gətirir.
Neçə ildi bar gətirir
Bağlar gözləyə-gözləyə.
Qarabulaq "görüş",- deyib,
"Dodağımda öpüş",- deyib,
"Harda qaldı ölmüş",- deyib,
Çağlar gözləyə-gözləyə.
Salıb boynuma qolunu,
Bir öpsün deyə oğlunu,
Qalıb İslamın yolunu
Dağlar gözləyə-gözləyə.
QARA DƏNİZDƏ BOZQURD
"Qara dəniz duyğuları" silsiləsindən
Durmuşam gəminin göyərtəsində,
İndi gecə Qara dənizdən qara.
Bayaqdan baxıram dənizə düşən,
Sulardan qayıdan gur işıqlara.
Elə bil hər işıq bir qurd gözüdü,
Baxdıqca adamın gözləri axır.
Qurdlarla üz-üzə durmuşam sanki,
Dənizdən üzümə bozqurdlar baxır.
DÜNYA TALEYİMİN QARA KÖYNƏYİ
Dünya taleyimin qara köynəyi,
Tanrının boynumda minnəti sözdü.
Hərdən göydən ötrü içim göynəyir,
Bu yerdə sürünmək canımı üzdü.
Gündüz qatıq kimi üzləyir məni,
Gecə duyğuların açıq qapısı.
Hara gedirəmsə gözləyir məni
Bir qəzəb qapısı, acıq qapısı.
Günəş bozqurd kimi düşüb qabağa,
Bilmirəmmi məni hara aparır.
Gah düşür dərəyə, gah qalxır dağa,
Gümanları yara-yara aparır.
Gecələr atadan yetim qalıram,
Səhərlər üfüqdən boylanır atam.
Gündüzlər arada itib qalıram,
Gecələr elə bil hamıya yadam.
Sirrimi Günəşə aça bilmirəm,
Ulduzlar sirdaşım olur gecələr.
Mən özüm özümdən qaça bilmirəm,
Beynimə min fikir dolur gecələr.
Gündüz qatıq kimi üzləyir məni,
Gecə duyğuların açıq qapısı.
Hara gedirəmsə gözləyir məni
Bir qəzəb qapısı, acıq qapısı.
HULQUM
Dörd yerə bölmüşəm bir dağarcığı,
Bir-birindən nə az, nə də artıqdı.
Hulqumsuz qadınlar sirr dağarcığı,
Hulqumlu kişilər ağzı yırtıqdı.
GƏZİR
Canında yaşamaq həvəsi olan
Ağac bala gəzir, daş ana gəzir.
Söz gəldimi, şair bir varaq kağız,
Gül gördümü, arı boş xana gəzir.
OLAYDIM
Səhər-səhər bulaq başı,
Sən olaydın, mən olaydım.
Hər qəmini bölüb yarı,
Hər dərdinə tən olaydım.
Özün sənək ağırında.
Gəzəydik dağ cığırında.
Anan səni çağıranda
Dönüb duman, çən olaydım.
Yel dağıtsın qoy üzünə,
Tellərini yay üzünə.
Kölgə salsa ay üzünə,
Başın üstdə gün olaydım.
BU HİMİ DUYDUNMU
Yerimə qor doldu bu gecə mənim.
Ruhun oynadımı, yuxun qaçdımı?!
Ehmalca-ehmalca, ay gülbədənim,
Sığayıb gözünü kimsə açdımı?!
Gördünmü gözünü yumanda, gülüm,
Dolan buludları, çaxan şimşəyi.
Dağları bürüyən dumanda, gülüm,
Odlu köynəyindən çıxan şimşəyi.
Ürəyimdən qopan bir parça işıq
Yorğan-döşəyini yandırmadımı?!
Sənin gəlişini görəndə aşıq
Sazın simlərini sındırmadımı?!
Palıdtək üstünə kölgə sərənin
Bildinmi, bildinmi kim olduğunu?
Gördünmü üzünü o gül dərənin,
Duydunmu bunların him olduğunu?
NEYLƏRSƏN
Haçandı düşmüşəm yar ovsununa,
Dümağ sinəsində nar ovsununa.
Hələ uymamışam xar ovsununa,
Bu yaşda mən ona uysam neylərsən.
İnciyib havayı yerə dünyadan,
Bir az umsuq gedir hərə dünyadan.
Doymuram tək sənə görə dünyadan,
Sən olan dünyadan doysam neylərsən.
Dolub bulud kimi yenə, bilirəm,
Boşalmaq istəyir sinəm, bilirəm.
Özüm boyda dərdəm sənə, bilirəm,
Bir gün səni dərdsiz qoysam neylərsən.
ƏLLİ BEŞ YAŞIMI YOLA SALIRAM
Elə bil anam yox, məni qəm doğub,
Doğan kimi sevinc payımı boğub.
Bu saat başımı yorğana soxub
Əlli beş yaşımı yola salıram.
Bu saat dünyanın ən ağır daşı,
Mənim ürəyimdi nə bilsin naşı.
Kinoya qarışıb arvadın başı,
Əlli beş yaşımı yola salıram.
Oğlum iş axtarır, ad günümü yox,
Dərdimi çox görüb, şad günümü yox.
Doğma günümü yox, yad günümü yox,
Əlli beş yaşımı yola salıram.
Başını kitabla qatıb qızlarım,
Yorulub kitabı atıb qızlarım.
Çoxdan şirin-şirin yatıb qızlarım,
Əlli beş yaşımı yola salıram.
Ömür cığırımın qoludu bu yol,
Gələn yox, gedən çox, doludu bu yol.
Hayıf, gedər-gəlməz yoludu bu yol,
Əlli beş yaşımı yola salıram.
TÜRKÜN BAYRAĞI
Quzey Kıbrısda bir dağın üstünə çəkilmiş türk bayrağı gördüm. Dedilər ki, Rauf Denktaş bayraq gecələr də görünsün deyə, dağa işıq çəkdirib.
Boyası göydəndi, parçası yerdən,
Hamıya bir gözlə baxır bu bayraq.
Xain baxanların gözünü hərdən
Yandırır bu bayraq, yaxır bu bayraq.
Bayraq özü boyda güldü elə bil,
Bir türk sevgisindən gül açıb dağ da.
Mənim gəldiyimi bildi elə bil,
Mən türkəm söylədi dil açıb dağ da.
Durmuşam uzaqda, baxıram gendən,
Doldurur qəlbimi bir sevinc, qürur.
Ya bu bayraq tutub dağın əlindən,
Ya bu dağ bayrağa söykənib durur.
Bir səs qulağıma deyir ki, kiri,
Türküyə qulaq as yerin dilində.
Elə bil dağ deyil, bir türk əsgəri
Türkün bayrağını tutub əlində.
Köksünün başından asıb bayrağı,
Türkün öz dağıyam deyir düşmənə.
Körpə tək bağrına basıb bayrağı,
Mən bir göz dağıyam deyir düşmənə.
03 dekabr 2011
Kıbrıs. Lef-Koşa.
KİÇİLƏR BİRDƏN
Mənim bu şəhərdə sözüm döyükür,
Ocaqda odunum, közüm döyükür.
Səhərdən axşama gözüm döyükür,
Yuxum da qarışır gecələr hərdən.
Suyu bulannıqdı, havası tozdu,
Səhər də, axşam da halımı pozdu.
Gör neçə doğrumu yalana yozdu,
Qorxuram özümü heç elər birdən.
Ay Sahib, dağları qoyub gələrsən,
Qarından, buzundan doyub gələrsən.
Birdən bu şəhərə uyub gələrsən,
Dağlar Sahib boyda kiçilər birdən.
QARŞIMA AT ÇIXDI
Səhər durdum yuxudan,
Dilimdən bir ad çıxdı.
Qapımın ağzındaca
Qarşıma bir at çıxdı.
Yaddaşımda bir addı,
Damağımda bir daddı.
Deyirlər at muraddı,
Qarşıma murad çıxdı.
Hər kəməndə düşmədi,
Hər qapıdan keçmədi.
Məni görüb kişnədi,
Dəryadan Qırat çıxdı.
İslam, boş qalıb dolum,
Ağlayır zulum-zulum.
Əridi iki qolum,
Yerinə qanad çıxdı.