BİR DAŞ ALTDA, BİR DAŞ ÜSTDƏ
Yatağından dik atıldı. Tər basmışdı onu. Bir müddət yerində oturdu, başa düşməyə çalışırdı ki, bu nə yuxudu. Altmış beş ildə birinci dəfə idi ki, belə yuxu görürdü. Nə xoş günlərində, nə də əzab-əziyyətli vaxtlarında bu sayaq yuxu görməmişdi. Fikirləşməyə, dərk etməyə çalışdı, alınmadı. Beyni həmin yuxunun təsirindən hələ çıxmamışdı. Başa düşmək, yozmaq istəyirdi ki, bu yuxu necə yuxuydu, bu qatmaqarışıq yuxunu bilmirdi xeyirliyə yozsun, ya bədliyə? Yaxşı ki, bu köhnə əl telefonunun zəngi var, hər səhər saat yeddidə onun siqnalı çalır. O da bu siqnala yuxudan oyanır. Yaxşı ki, yenə vaxtında siqnalını çaldı, vaxtında Cahan kişini yuxudan ayıltdı, yoxsa kişi yuxusunun caynağında o dünyalıq olacaqdı. Yazığın üç övladı da arada yetim qalacaqdı. Cahan kişi gec evləndiyindən övladları o qədər də böyük deyildilər.
Bütün gəncliyini oxumağa sərf etmişdi. Paytaxtda oxuyub. Bir müddət orda işləsə də, şəhər adamlarıyla yola getmədiyindən kəndlərinə qayıtmışdı. Qayıdan kimi də atası Mahmudalı onu evləndirdi. O da ata-anasının sözündən çıxmayıb evləndi. Qonşu qızı Dünyanı Mahmudalı ata oğluna aldı. Cahan Mahmudalı kişinin yeganə oğlu idi. Beş qızdan sonra bir oğul. Mahmudalı ata yeganə oğluna bir toy elədi ki, səsi ta rayonacan gedib çıxdı.
Mahmudalı kişi müharibədən qabaq işlədiyi kəndin mağazasında, müharibədən sonra da çalışdı. O müharibədə olarkən xəbər gəldi ki, oğlun olub. O da oğlunu görmək həvəsiylə çalışdı, sağ qaldı. 1947-ci ildə vətənimiz Sovet Sosialist Respublikaları İttifaqını alman faşistlərindən tam təmizlədikdən sonra qayıdıb doğma kəndinə döndü. Aclıq illərindən birtəhər çıxartdı balalarını. Qızlarını oxutmasa da, yeganə oğluna təhsil verdi. Oğlunu evləndirdi, amma oğul nəvəsi görə bilmədi. Cahan kişinin böyük qızının iyirmi dörd yaşı var. Nişanlıdı. Inşaallah bu yaxın vaxtlarda, ölüm-itim olmasa qızı köçürəcək. Ortancıl övladı da qızdı, onunsa iyirmi yaşı var, evin kiçiyisə on beş yaşlı Aləm adlı oğlandır. Cahan kişi övladlarını çox istəyir. Onları bir gün görməyəndə havalanır. Bir tək Allah bilir ki, Cahan kişi övladlarından ötrü nələrdən keçib, hansı əzab-əziyyətlərə dözüb, hansı zülmlərə qatlaşıb, ona görə də onları gözündən qırağa qoymur. Çətinliklə də olsa böyük qızını oxutdurub ona diplom da almışdı. Ortancılısa hələ oxuyurdu, qiyabi də olsa oxutdururdu. Balacasa.. Cahan kişi oğlunu fikirləşəndə qanı qaralırdı. “Yazıq uşaq fərli başlı məktəb də görmədi. Görüm bu zəmanəni...” -fikirləşirdi- “Neçə yaşı var ki, indidən alverə qurşanıb. Vallah bir ona görə işləyirəm, qızlara nə var axı, bir neçə günlük qonaqdırlar ata evində. Istəyirəm oğluma bir gün ağlayım, o da alınmır. Nə qədər işləyirsən, çalışırsan artırmaq olmur ki, olmur. Özümü oda-közə atıram, alınmır. Hələ hökumətimiz sağ olsun ev, su, işıq, qaz pulu vermırik. Adam başı doqquz manat da pul alırıq. Daha bunnan artıq neyləsin axı hökumət, neynəsin axı həyasız alverçilər hər şeyin qiymətini günü-gündən qaldırır. Bunların öhdəsindən heç Allah gələ bilmir, o ki qaldı hökumət. Çatdırmaq olmur, özüm günə altı, oğlum üç manat evə pul gətiririk, bəs eləmir ki, eləmir. Buna da şükür! Inşaallah torpaqlarımızı qaytaralar, onda hər şey düzələr. Qayıdaq kəndimizə, evimizə. Bax onda rahat qayğısız yaşayarıq. Düzdü, bura da bizim vətəndir. Buradakılar da eloğlularımızdı. Amma adama öz yurd yuvası. Az qalıb, başbilənlərimiz deyir ki, az qalıb. Kim nə deyir desin, amma, bu boyda inkişafın qarşısında düşmənlər tab gətirəmməz. A kişi kor-kor, gör-gör. Nə qədər maşallah körpülər tikilir, yollar salınır, binalar təmir edilir, göydələnlər ucaldılır. Bu inkişaf deyil, bəs nədir? Vallah-Billah kişilər işdiyir, qazanan vətənimdir. Indi bu paydan da bizə də çatar, lap mən də görməsəm, oğlum Aləm görəcək, mütləq görəcək”. Cahan kişi bu fikirlərlə yaşayıb ömrünü yola verirdi.
Cahan kişi hələ də yuxunun təsirində idi. Yerindən qalxdı, vanna otağına keçib əl-üzünü yuyub mətbəxə keçdi. Dünya arvad təzə çay dəmləyib, stolun üstə şor, yağ qoymuşdu ki, Cahan kişi səhər yeməyini yeyib işə getsin. Saat doqquzda işdə olmalıdır. Kişi mətbəxin qapısından içəri keçən kimi arvad bir stəkan pürrəngi çay süzüb, kişiynən üzbəüz oturdu. Cahan kişi qəndqabıdakı qənddən stəkandakı pürrəngi çaya atıb çayı qarışdırdı. O həmişə stəkana üç qənd atardı, qənaət edirdi. Qaşığı stəkanda fırlada-fırlada, başını qaldırmadan Dünya arvada:
-Dünya, elə qəribə yuxu görmüşəm bu gecə.
-Suya danış - Dünya sakitcə dilləndi.
Cahan kişi daha heç bir şey demədi. Səhər yeməyini yeyib, arvadının günorta işdə yesin deyə hazırladığı balaca bağlamanı götürüb qapını bağlayıb evdən çıxdı. Uşaqlar yatırdı Dünya arvad mətbəxdə xəmir yoğururdu, bu gün çörək bişirəcəkdi.
Cahan kişi yataqxanadan çıxıb payi-piyada üz tutdu metroya.
O çox qənaətcil idi. Bu da onda şəhərə köçəndən sonra özünü göstərmişdi. Hər şeyə qənaət edirdi - yol puluna, siqaretə, yeməyə, içməyə. Artıq heç nəyə pul verməzdi. Həmişə mütaliə edən, qəzet oxumağı sevən adam indi heç qəzet də almırdı. Qızını köçürməliydi, ayıbdı, heç olmasa xırda-para alsın gərək qızına, cehiz versin ona. Toyu bir təhər yola vermək olar. Maşallah nə qədər şadlıq sarayı, biriynən nisyə danışırsan gələn qonaqlardan da şadlıq sarayının pulunu çıxardırsan. Hələ kiminsə xərcə düşdüyü olmayıb. Allah kərimdi.
Cahan kişi xaraktercə, mülayim, səbrli, uzaqgörən vəən əsası savadlı adam idi. Həyatın ağrı-acısıynan razılaşıb sakit ömür sürürdü. Heç bir partiyalara qoşulmurdu. Heç bir mitinqlərdə “Azadlıq” deyib qışqırmırdı, heç kimin pulunu saymırdı, heç kimin toyuğuna “kiş” demirdi. Həmyerliləri hərəsi bir qarış paytaxt torpağı zəbt edib ev tikəndə də, Cahan kişi onlara qoşulmadı. Həmyerliləri hərəsi bir polka qoyub alver edəndə də o, onlardan uzaq qaçdı. Qonşular “ANS”i çağırıb «elliynən suyumuz, qazımız, işığımız yoxdu» deyib həyətə yığışanda da o evdə övladlarıynan qaranlıqda oturub şam işığında şam edərək şükr deyirdi. “Şükür” onun dilinin əzbəriydi. Şükür! Şükür! Şükür!!!
Haqqını tələb etmirdi? Kimnən?
Şükür!!! Şükür!!! Şükür!!!
Asta-asta addımlarla metroya sarı gedirdi. Gecə gördüyü yuxunu fikirləşirdi. Yuxusu ona rahatlıq vermirdi, onu sakit buraxmırdı. Özünə də qəribə gəlirdi ki, bu neçə ildə indi görür belə yuxular. Əslində yuxu elə adi yuxuydu. Bu yuxuda qeyri-adi heç nə yox idi, sadəcə Cahan kişi belə yuxular görməmişdi deyə, bu ona qəribə gəlirdi. Adətən, onun gördüyü yuxular qısametrajlı filmlər kimi birdəfəyə, birnəfəsə baxılırdı və yaddan çıxırdı. Bu gecə gördüyü yuxusa tammetrajlı, stereo səsli, rəngli bir film idi. Bu filmdə hər kadr, hər plan, aktyor oyunu, əlbisələr, qrim, piratexnika, işıq hər şey yüksək zövqlə çəkilmişdi. Filmin rejissoru isə Cahan kişi özü idi. Bir rejissor kimi rəngləri, planları, rakursları, mizanları özü qururdu. Bax beləcə, həmən o gördüyü yuxunu fikirləşə-fikirləşə gedirdi, metroya çatmağına az qalmışdı. Yolu keçib başqa adamlarla birgə girəcəkdi yerin altına. Başı yuxusuna necə qarışmışdısa, yuxusu onu uzaqlara necə aparmışdısa, qara rəngli, bahalı iri maşının onu vurub yolun ortasına atdığını hiss etmədi. Bir də gördü ki, yuxusunun axırıncı kadrının, axırıncı planının içindədi. Sağ qolundan rəhmətlik anası, sol qolundan atası yapışıb onu qaldırıb aparmaq istəyirlər. Cahan kişi ilk dəfəydi ki, ata-anasının sözündən çıxırdı. Başını silkələyib, dartındı. Ayıldı ki, yerdə uzanıb, düz yolun ortasında. Maşınların siqnalları, adamların səsi başını ağrıtdı. Tanımadığı adamlar qollarından tutub onun ayağa qaldırmağa çalışırdılar. Gözlərini açan kimi, başının üstündə kök, gödəkboy, yumrusifət, sarışın bir adam gördü. Cavan oğlan sevindi, üzündəki sevinci gizlədib qəzəblə:
-Gözün kordu, bax da hara gedirsən? Gərək məni poxa salasan? Qoca kaftar...
Ətrafda yığılan camaat susurdu. Səssiz dayanmışdılar. Qocaya ayağa qalxmağa kömək edirdilər. Cahan kişi birtəhər ayağa qalxdı. Üst-başını təmizləyib cavan oğlana baxdı.
-Sən Allah bağışla, fikirliydim..az qala səni işə salacaqdım. Bağışla oğlum...
-Oğlum?.. Allah eləməsin!.. - cavan oğlan bu sözləri kinayəylə deyib, kişiyə heç nə olmadığına əmin olub qara rəngli, bahalı avtomobilinə sarı getdi.
Cahan kişisə, utanırdı, üzünün qırmızısı ağ saç-saqqalında tez sezilirdi. Cavan oğlanla Cahan kişi sinxronla yerlərindən tərpəndilər. Cahan kişi yerin altına düşəndə avtomobilin təkərlərinin ədalı səsini eşitdi. Ürəyi daha da həyəcanlandı, elə bildi ki, həmən cavan oğlan onun ardınca gəlir. Pilləkənləri daha da tez düşməyə başladı. Kişi hadisə yerindən elə tez aralaşdı ki, elə bil özü cinayət törətmişdi. Onun belə tez metroya girməsinə, oradan aralanmasına səbəb var idi. Cahan kişi istəmirdi ki, onu kimsə bu vəziyyətdə görsün. Birdən qonşulardan, Aləmin sinif yoldaşlarından, qızının nişanlısının dostlarından, ya da qudalarının qohumlarından kimsə onun alçalmağının, təhqir olunmağının şahidi olar. Istəmirdi ki, bu cür kiçikləşməsini, bu cür acizləşməsini görsünlər. Ömrü boyu düz gedib düz gələn, haramla işi olmayan, xalqını, adamları sevən, haqqa, ədalətə inanan, Allahını dərk edən, Allahının verdiyi hər günə, hər saata, hər olaya şükr edən bir insan kiçikləşə, acizləşə bilməz. O bunu da bilirdi, amma neynəmək olardı. Indi də qatarda gedir. Bunların hamısını fikirləşir, götür-qoy edirdi. Bir tərəfdən də yuxu çıxmırdı ağlından. Bu iki fikir yazıq kişini birtəhət etmişdi. Düşüncələr, fikirlər əl çəkmirdi ondan. Yerin altından da fikirli çıxdı. Siqaret çəkmək istədi. Stansiyanın qapıları yanında siqaret satana yaxınlaşdı.
-Oğul, beş dənə “Azəri”- deyib əlini cibinə atdı. Cibindən on qəpik çıxardıb satıcıya uzatdı.
-Cahan müəllim, nətərsiz? Tanımadız deyəsən?
Cahan kişi yerə endi, ayıldı. Yaddaşını qurdaladı, qarşısındaki, siqaret satan oğlana baxıb xatırlamağa çalışdı.
-Sağ ol. Yaxşıyam. Tanımadım a bala, kimsən? kimlərdənsən?
-Babəkəm müəllim, Nizami kişinin oğlu, dərs demisiz ey mənə.
-Şagirdiniz olmuşam - Oğlan fəxrlə cavab verdi.
-Bay-bay, hə tanıdım, Babək - Cahan kişi onu tanıdı. Ürəyində bir az sevindi, axır ki, fikirlərdən onu kimsə ayırdı. - Ə nətərsən? Sən hara, bura hara?
-Sağ ol müəllim, babatam. Bir tikə çörək pulu qazanıram.
-Yaxşı eyliyirsən, a bala, yaxşı eyliyirsən. Oğul uşaq var? Ailə qurmusan?
-Hə müəllim evləndim, bir oğlum var.
-Bay, Allah saxlasın. Üzün tanış gəlirdi, amma yadıma salammırdım. Sən deyənnən sonra tanıdım. Kişi nətərdi?
-Kişi rəhmətə gedib, müəllim. Üç il olar burda, Bakıda...
-Allah rəhmət eləsin. Nədən?
-Soyuxlamışdı.
-Allah rəhmət eləsin! - Babək onun şagirdi olmuşdu. Atası Nizami kişini də yaxşı tanıyırdı. Zəhmətkeş adam idi. Babək dərs dediyi şagirdlərin ən yaxşılarından idi. Dərslərinə də həmişə yaxşı hazırlaşardı.
-Nə isə, ay oğul, gedim. Işə gecikərəm sonra...
-Yaxşı yol müəllim - oğlan ona bir paçka “Azəri” siqareti uzatdı. -Buyurun müəllim...
-Ə, sən hər tanışa bir paşka siqaret versən ajınnan ölərsən, ala on qəpiyi beş dənə siqaretimi ver.- Sözü zarafata salıb - ver... ver...
Oğlan da utana-utana on qəpiyi götürdü, siqaretləri uzatdı. Sağollaşdılar.
Cahan kişinin ürəyinə bir az sakitlik çökdü. Fikirləşdi ki, yuxusu elə bu imiş. Kəndçisini, şagirdini görmək. Cahan kişi gecə yuxuda öz kəndlərini görmüşdü. Uşaqlığını, cavanlığını, dərs dediyi məktəbi, evlərini görmüşdü. Gecə yuxuda uşaq vaxtı öz tay-tuşlarıyla kəndin başından ayağına kimi necə ayaqyalın qaçdığını, necə nobata getdiyini, dizə döymə oynadıqlarını, tonqal qaladıqlarını, tonqalın közündə kartof közərdib onu çiy-çiy yemələrini, atda çapmalarını görmüşdü. Həyətlərində böyük bacılarının onu necə çimizdirdiklərini, bacıları onu çimizdirərkən iri taxta çəlləkdən onların üzünə düşən suyu görmüşdü yuxuda. Bacılarının gülüşləri gecə qulağında səslənmişdi. O taxta çəlləkdə çimdikcə, əyləndikcə atasının tut ağacının altında əyləşib pürrəngi çay içdiyini, üzündə sevimli, fərəhli təbəssüm olduğunu açıq-aydın görmüşdü. Sonra anası ona bir stəkan soyuq ayran uzatmışdı, balaca Cahan ayranı başına çəkib birnəfəsə içmişdi. Yuxuda ürəyinin yanğısı səngidi, rahatlaşdı bədəni. Qəfildən böyüdü yuxuda. Artıq kənd məktəbində müəllim işləyirdi. Tarix müəllimi. Azərbaycan tarixindən dərs deyirdi. Yuxunun bu qədər saf, şəffaf olduğunu bilmirdi. Dərs dediyi Azərbaycan tarixi otağında, şagirdlərin arasında idi. Onlara nəsə başa salırdı. Səliqəli məktəb forması geymiş uşaqlar diqqətlə ona baxırdılar. Cahan müəllim böyük həvəslə onlara Şümer mədəniyyətindən, Orxon-Yenisey abidələrindən, Azıx mağarasından, Qədim Alban abidələrindən, Xətaidən, Azərbaycanın xanlıqlara parçalanmasından danışırdı yuxuda. Uşaqlar da böyük həvəslə nağıla qulaq asırlarmış kimi diqqətlə dinləyirdilər müəllimlərini. Nənələrinin danışdığı nağıllardan da şirin idi bu tarix dərsi. Yuxuda məktəb birdən yoxa çıxdı, qaça-qaç düşdü. Kəndləri alov içindəydi. Hər yer yanırdı, qaçanları, ölənləri, evlərin üstünə yağan mərmiləri görmüşdü gecə yuxuda. Məktəbdən evlərinə qaça-qaça gəldiyi məsafəni, evə gəlib çatanda qoca anasının cəsədinin üstündə ağlaşan ikicanlı arvadını, balaca qızlarını görmüşdü. Həlak olan qohumlarının, qonşularının cəsədlərini bir də gördü yuxuda. Yuxunun axırıncı planısa bütöv alov idi. Sarılı-qırmızılı alov. Bu alovun içindən atası, anası hərəsi bir qolundan tutub onu aparmaq istəyirdilər. O da onlarla getmək istəyəndə yuxudan qalxmışdı. Bu yuxuydu səhər tezdən onu narahat edən, onu rahat buraxmayan. Fikirləşdi ki, Babəkmiş bu yuxunun yozumu. Fikirləşdi ki, Quran oxutdursun rəhmətliklərə. Babəkin bu yuxunun əlaməti və işarəsi olmasına sevindi. Yenə “Şükr!” -dedi. Ikinci siqareti yandırdı. Siqareti yandıranda hiss etdi ki, əlləri boşdu, axı evdən çıxanda əlində arvadının onunçün hazırladığı nahar bağlaması var idi. Indi yoxdur. Bəs hardadı o bağlama salafan paket? Günorta naharı qara rəngli, bahalı, iri maşının altında qalmışdı. Onu vurub yolun ortasına atan qara rəngli, bahalı, iri maşının qara, iri, rezin təkərlərinin altında... “Eybi yox, birtəhər keçinərəm. Allah kərimdi. Necə olub yadıma düşməyib, günahdı axı. Gör e heç mənə kömək edənlərə də “sağ ol” demədim. Ağlımı elə itirmişdim ki, heç bilirdim neynirdim? Əşi yaxşı qurtardım, çıxacaq imiş çıxdı. Allah xəta-bəladan saxlasın. Balalarıma dəyməsin Allah. Şükür!!! Şükür!!! Şükür!!!”
Cahan kişi saatına baxdı, gecikirdi. Bir az da tələsdi. O tikintidə fəhlə işləyirdi. Uca binalar tikirdi. Işə gecikmək istəmirdi. Prorabları yaman pis adam idi, beş dəqiqə gecikdin maaşdan kəsirdi.. elə bil Allahı yoxdu, heç kimə güzəşt etmirdi, nə böyük bilirdi, nə kiçik. Ağzına gələni də deyirdi camaata. Fəhlələr də susurdu, çünki indiki vaxtda iş tapmaq çətin idi, pul qazanmaq asan deyildi. Cahan kişi də o fəhlələrdən biriydi, o da susurdu, o da iş yerini itirmək istəmirdi. Bəlkə də pul qazanmaq asan işdi, baxır necə qazanırsan, hansı yolla qazanırsan. Cahan kişi halal yolla yaşamağı üstün tuturdu. O heç kimi də qınamırdı, heç kimə də paxıllıq eləmirdi. “Bacarıqları, fərasətləri var, vəssalam. Hərənin öz qisməti, öz alın yazısı, öz talehi var. Heç kim bundan qaça bilməz. Hələ bu sahibkarlar sağ olsunlar ki, bizlərə iş verirlər. Biz də evimizə bir tikə çörək aparırıq. Vallah yaxşı olacaq. Tarixi bilən adam kimi deyirəm, tarixdə bundan da betər şeylər olub. Yaxşı olacaq.”
Keçmiş Azərbaycan tarixi müəllimi, indiki fəhlə, gələcəyə inamla baxıb, gələcək üçün göydələnlər ucaldırdı...
***
Dünya arvad nigaran idi. Mətbəxlə evin arasında qalmışdılar. Cahan kişi həmişə saat səkkizin yarısı evdə olardı. Indiysə saat səkkizə beş dəqiqə qalıb. Kişi hələ yoxdu. Yeməyi də hazırdı. Aləm də işdən gəlib, gündəlik qazandığı üç manatı anasına verib. Otaqda oturub bacılarıyla söhbət edir. Böyük bacısı nəsə tikir, kiçik bacısı kitab oxuyur. Evdə televizor işləyir. Aləm televizorun pultu əlində azad Azərbaycan kanallarını sıralayır. Kanalların birində saxlayır. Xəbərlər başladı. “Saat səkkizə olan son xəbərlə studiyamızda sizi salamlayırıq. Günün əsas xəbəri. Bu gün saat 18:30 radələrində 20 Yanvar və Xocalı küçələrinin kəsişməsində tikilməkdə olan on dörd mərtəbəli bina çökmüşdü. Həlak olanlar və yaralananlar var. Hadisə yerinə nazirlər və dövlət adamları baş çəkiblər. Həlak olanların sayı hələ dəqiqləşməyib...”
İT OĞLU İT
Ucu-bucağı bilinməyən çöllü-biyaban. Bu çöllüyün bir tərəfi kiçik Qafqaz sıra dağlarına, digər ucu isə təpələrə dirənir. Bu böyük çölün hər iki tərəfi dağlar və təpələrdir. Boz rəngli çöldə gözə heç nə dəymir. Bomboş düzənlikdə bir-birindən xeyli aralı məsafədə yabanı çöl bitkiləri nəzərə çarpır. Nə insanlara, nə heyvanlara, nə quşlara, hətta sürünənlərə belə heç bir faydası olmayan yabanılar... Əgər bu yerlərdə dəvələr yaşasaydı, bu yabanı bitkiləri yeyib onları şad edərdilər. Onlar da yayılıb geniş çöllüyü bürüməzdilər. Arabir çöllükdə qədim Misir fironlarının saraylarının divarlarından rəsmlərə bənzər dəmir elektrik dirəkləri görünür. Çöllüyün ortasından əvvəli və sonu görünməyən ilan kimi qıvrılan uzun avtomobil yolu keçir. Gecə-gündüz, yay-qış bu yolda elədən-belə, belədən-elə maşınlar şütüyürlər. Ağır yük maşınından tutmuş yüngül avtomobillərə kimi hamısı burdan keçir. Dolu və ya boş...
Bu gün yenə də bu çöllükdəyəm... Günəş təzəcə çıxır... Yola düzəldim... Artıq günəşin göyün üzünə çatmasına az qalır. Gün başıma döyür. Yaz günəşi ilıq olsa da, bizim düzəngahda o da qızır. Ayaqlarım yaman ağrıyır. Zarafat deyil, səhər tezdən yol gəlirəm, özü də ac-yalavac. 15-16 kilometr, həm də it yerişi... Bəli, it yerişi... Mən itəm, avara-sərgərdan it... küçə itindən əmələ gələn, it oğlu it... Çox da iri olmayan, sakit, təkbaşına gəzən avara, yiyəsiz-sahibsiz bir it... Sarı-qara ləkəli, sığallı tüklü, kəsik qulaqlı, xırda gözlü, qara-yumru burunlu adi it... Əyər buna yaşamaq demək mümkünsə, burada yaşayıram. Buradan 10-12 kilometr aralıda, şossenin kənarında atılmış bir restoran var. Mən o xarabaxanada yaşayıram. Bu xaraba restoranın adı nə vaxtsa “Səadət” olub. Bu “Səadət” kafesi əvvəllər elə işləyirdi, gəl görəsən. Şossenin kənarında olduğundan ordan keçən bütün maşınlar burada saxlayıb, istirahət edirdilər, çörək yeyirdilər. Sərnişin daşıyan avtobuslar, yükmaşınları, şəxsi avtomobillər hamısı burada dayanırdı... Kafedə elə dadlı yeməklər olardı ki, yeyəndən sonra iyirmi pəncənin, iyirmisini də yala. Hər yer elə səliqəli, elə təmiz, elə gözəl idi ki... Çox xoş günlər keçirirdik. Mən elə ordaca anadan olmuşam. Anam mənimlə bərabər üç bacımı və dörd qardaşımı dünyaya gətirib, elə həmin “Səadət” kafesinin həndəvərində. Atam kim olub bilmirəm, ancaq anam həmişə deyərdi ki, o onu yüz köpəyin içindən seçib. Elə gözəl günlər yaşayırdıq... Eh... anam köpəklərlə davada öldü, onu parçaladılar. Bacılarım hərəsi özünə bir köpək tapıb getdi. İki qardaşımı və bir bacımısa şossedən keçəndə maşın vurdu. Bir qardaşımın boğazında sümük qaldı, gözümüzün qabağında xırıldaya-xırıldaya can verdi. Qaldıq iki qardaş. Elə həmin vaxtlarda “Səadət” kafesində qalmaqallar başlayırdı. Kafedə sərxoşların sayı gündən-günə artırdı, hər gecə dava-dalaşlar, söyüşlər. Yoldan keçən maşınlar daha bizim kafedə çox dayanmırdılar. Elə yan keçib gedirdilər. Deyəsən kafemizdə baş verənlərdən onların da xəbəri var idi. Kafemizin sahibi yaşlı bir dayı idi. Üzündən, gözündən nurani adama oxşayırdı. Əvvəllər kafedə tez-tez olardı, demək olar ki, hər gün ordaydı. O, orda olanda biz də yaxşı yaşayırdıq, hər gün bizə bir qazan sümük atardı. Hə… hə bir qazan. Özümüz də gəmirərdik, başqalarına da verərdik. Nədənsə sonralar dayı kafeyə az-az gəlməyə başladı. Heç bilmədik dayı kafedən hara yoxa çıxdı. Onun kafedəki stolunun arxasındakı yerində isə oğlu oturmağa başladı. Dayının iki oğlu var idi. Əvvəllər onlar heç kafedə görünməzdilər. Dayı yoxa çıxandan sonra yaman tez-tez göründü oğullar. Yaman tez-tez çəp gəlirdi sözləri, yaman tez-tez dava edirdilər. Elə bil heç qardaş deyildilər. Hər gecə kafedə qışqır-bağır, yumruq davası bizi də təngə gətirmişdi. Belə davalardan biri idi... Aləm dəymişdi bir-birinə. 7-8 nəfər əlbəyaxa döyüşdülər. Kəllə-yumruq, stol-stul, butulka, hətta balta davası. Qardaşım elə hey onlara hürürdü, onları aralamaq istəyirdi, onlara demək istəyirdi ki, dalaşmasınlar. Axı onlar qardaşdılar... hürürdü… elə hey hürürdü. Gah o qardaşa, gah bu qardaşa... Quyruğunu bulaya-bulaya özünü gah ora, gah da bura çırpır, hürürdü. Birdən davadakılardan kimsə əlindəki baltanı qardaşıma atdı... Yazıq, zingiltisi aləmi götürmüşdü. Baltanı necə atmışdılarsa yazığın arxadan sol ayağının yarısını aparmışdı. Qanın içində yerdə çabalayırdı... zingiltisi hələdə qulaqlarımdadı. Həmin gecə ona kömək eləmək istəsəm də dalaşanlara hürməkdən başqa əlimdən heç nə gəlmədi. Hətta yadımdadı ki, ömrümdə ilk dəfə bir insanı dişlədim, insan əti daddım o gecə. Dişlərim o üfunətli, murdar daddan hələ bu vaxtacan dadmamışdı. Yox, mən onun ətindən qoparmadım, dişlərim ətə dəyən kimi iyrənib arxaya çəkildim. Bədbəxt qardaşım elə həmin gecə qanaxmadan keçindi... Adamlarsa bir azdan dalaşıb, söyüşüb, sakitləşdilər və çıxıb getdilər... Bu davanın səhəri günü yenə bir yük maşını gəlib “Səadət” kafesində nə vardısa qazan-qabdan tutmuş, ta stol-stula kimi yığışdırıb getdi. Bununla da “Səadət” kafesinin saadət və xoşbəxt günləri sona yetdi...
Eh, günlərimiz vardı, anam sağ idi, bacılarım, qardaşlarım, nurlu simalı dayı sağ idi, dayı bizə atdığı sümükləri gəmirə-gəmirə, bacı-qardaşlarımla oynaqlaşırdıq. Mənim küçük vaxtlarım... qayğısız, xoş günlər... Gecələr hərdən küçüklüyüm girir yuxuma, hər şeyi elə aydın görürəm ki, elə bil hər şey dünən olub. Səhər yuxudan durub elə hey ulayıram, ulayıram. Dərd-sərimi, içimdəki üsyanı belə söndürürəm, əlimdən başqa heç nə gəlmir. Kimi söyüm, kimə hürüm, atam it oğlu itə, yoxsa zamana, adamlara, yoxsa hər gün bizə sümük atan nurlu sima dayının oğlanlarına… Ay… ay… bu nə idi, pəncəmə batdı? Ay… ay… ay şüşə qırığıdı. Eee... bu insanlar da artıqlarını hara gəldi atırlar. Hə, qırıq şüşə hıf... hıf… hıf… çıxartdım. özü də yaralı pəncəmə batmışdı. Yaram yenidən ağrımağa başladı, vay… vay… yenicə sağalmışdı. Əşi, yara deyəndə ki, bu yara başqa yaraların yanında nədi ki?.. Bu yara mənə çaqqallardan paydı, çaqqallardan. Allah heç kimi onların əlinə salmasın. Bir də gördün çaqqal kimi bir dəstə töküldülər üstünə... indi gəl onların əlindən çıx görüm, necə çıxırsan? İki həftə bundan qabaq elə bu çöllük ilə gedirdim, bir az o biri tərəfdən, amma marşrutum həmənki idi. Istəyirdim kəsələmə gedim tez çatım, bir-iki kilometr qısaltmaq istəyirdim yolumu. Elə bu vaxtlar idi. Hava da soyuq. Bir də gördüm ətrafımda beş çaqqal. Hardan çıxdılar, necə çıxdılar, anam qancığın ruhuna and olsun heç bilmədim. Onlar qəfildən, arxadan hücum etməyi sevirlər axı. Bir şeyə məəttəl qaldım, mən onların əlindən necə çıxdım? Onlar beş mən tək. Onlara qarşı heç bir güc keçməyəcək, gəmirəcəklər məni, gözlərindən də aclıq yağır. Beş çaqqalın əhatəsindən sıvrılıb necə qaçdımsa, heç yadımda deyil. Bir o yadımdadı ki, mənim arxamca qaçan çaqqallardan biri uzun boğazı və uzun çənəsiylə macal tapıb ayağımdan yapışıb pəncəmədək dişləriylə sivirdi. Çaqqal uşağının dişləri yaman iti idi, amma nə olsun tuta bilmədilər ki... mən sıyrılıb yol tərəfə qaçdım. Çaqqallar bir az arxamca qaçıb dayandılar, daha doğrusu yoldan qorxdular, maşınların səsindən qorxdular. Yara həmən yaradı, çaqqalların dişinin yarası. Elə indi də onların qorxusundan şossenin qırağıyla gedirəm. Bu dəfə dişlərinə keçsəm çətin buraxarlar məni. Mən ölümdən qorxmuram, onsuz da hamımız ölməliyik, sadəcə çaqqal dişlərində çeynənməyi heç bir köpək istəməz axı, biz it oğlu itik.
Hələ dörd kilometr var, bircə çatsaydım. Geciksəm heç nə.. İt zülmü bax, buna deyərlər. O boyda yolu basa-basa, ağrıya-ağrıya gəlmək, neyləyəsən, yaşamaq lazımdı axı! Təkəm axı, heç bir it kampanyasına qoşulmamışam, atam yox, anam yox, hələ bacı-qardaşı demirəm, ya da ən azından sahibim yox. Birtəhər başımı keçindirməliyəm, ya yox? Mən də hamı kimi yaşamaq istəyirəm, əməlli başlı it kimi... Yaşayır sahibli itlər, itlər yox köpəklər… Arxalı köpəklər. Boğazlarına salıblar çatını, oturublar butkalarında, ya da sahibin ayağının altında, sadiqliklərini nümayiş etdirirlər. Əsl it kimi yaşayırlar. Vaxtlı vaxtında yeyirlər, içirlər, çimirlər, gəzintiyə çıxırlar, daha nə bilim nə... Qaçıb rezin top gətirirlər. Günləri beləcə xoş keçir... hətta elə itlər də var ki, sahibi öldükdən sonra bütün var-dövlətini onun adına miras saxlayır. O da olur gülməşəkər! Qəzetlərdə şəkli, televizorlarda müsahibəsi, radiolarda səsi. Gülməşəkərə bax ha… bir də gördün əmidən, xaladan, bibidən, dayıdan biri çıxır zəhərli kolbasanı verir ona, o yazığın da ağlı kəsmir axı, itdi, elə bilir ki, həmən əmidi, xaladı, dayıdı, bibidi... çox istəyirlər onu. Yeyir başını qoyur yerə, vəssalam... Nə olur olsun, əla həyatdı, kamfort, əsl it həyatı... Yox, nə it həyatı, belə həyatı mən qəbul etmirəm, bu əsil pişik həyatıdır… Pişik olmaq isə itlərə yaraşmaz! It gərək it ola, hürə, ulaya, zəncirqıra. Cinsindən asılı olmayaraq, it itdir. Qucaqda gəzən itdən it olmaz, bunu mənə qonşuluqdaki çoban iti deyirdi, elə mən də bu fikirlə razıyam...
Fıs... fıs... fıs... bu nə qancıq iyidi? Hardan gəlir bu iy? O nə qaraltıdı?.. Qancıq, özü də köpəklə... qancığın iyi tanış gəlir… A, tanıdım! Düz üzbəüz gəlirik. Hə, odur. Yanındakı köpək nə köpəkdi? Onu da tanıdım, onu şəhərdən gətirib buralarda azdırıblar, azdırıblar deyəndə ki, insanlar elə bilirlər ki, bizi azdırırlar, amma fikirləşmirlər ki, itlər yol tapıb geri qayıda bilərlər, sadəcə istəmirlər. Əgər insan itini istəmirsə, iti də onu istəmir. Güclü köpəkdi. Deyirlər bu yaxınlarda üç çaqqalı basıb, hə üç çaqqalı. Təkbaşına ölüm-dirim savaşından qalib çıxıb. Adətən, avara itlər içində belə savaşa gedən tapılmaz. Bizim çöllərdə yaşayan çaqqallar yaman azğındırlar, onlar acından lap bir-birlərini yeyərlər. Gecələr yaxındakı kəndlərə hücum çəkib toyuq-cücəni tələf edirlər, heç bir kəndin köpəkləri onlarla bacara bilmirlər. Camaat da elə başa düşür ki, biz avara itlər onların toyuq-cücələrinə, qoyun-quzularına, mal-qaralarına hücum edirik. Ona görə də bizlərdən hansımızı tək gördülər, ya tüfənglə, ya da daş-kəsəklə vururlar. Şəhərdən azdırılan it buralarda peyda olandan və çaqqalları basandan bəri bu qancıq onun yanından əl çəkmir. Nə vaxt baxırsan onun yanındadı. Nə var, nə var köpək güclüdü, yenilməzdi. Hələki. Hardan olsa bir tikə çiy ət tapıb yeyəcək... bunu da yedizdirəcək. Bax gör ölü çöl siçovulunu ağzında necə fəxrlə tutub. Necə xoşbəxt yeriyir. Yüz faiz azdırılan köpək tutub onu. Bu köpək yaman tez alışdı avaralığa, yaman tez vəhşiləşdi. Nə oldu yeyir, nəəti tapdı salır dişlərinin dibinə xırt eləyir. Yoxsa mənim kimi?.. Neçə ildi çöllərdəyəm, indiyə kimi nə bir çöl siçovulu, nə dovşan, nə də başqa bir çöl heyvanının ətini dadmamışam. Halal ət olanda, ətli sümük olanda onu, olmayanda isə elə otla - yabanı bitgilərlə birtəhər başımı saxlamışam. Elə küçük vaxtlarımdan vəhşiliyi, dava-dalaşı, nahaq yerə hürməyi sevməmişəm. Bizim ailədə ümumiyyətlə təkcə mən beləydim. Anam deyirdi ki, mən ona oxşamışam. Elə bu qancıq da bu xasiyyətimə görə məndən ayrıldı. Biz bir vaxtlar bir yerdə qalırdıq, bir yerdə yaşayırdıq. Atılmış “Səadət” kafesində. Bir az da bir yerdə qalsaydıq yəqinki, mənim indi küçüklərim vardı. Indi mən təkcə özüm haqda deyil, həmən küçüklər, daha doğrusu onları doyuzdurmaq barəsində fikirləşirdim. Bəlkə də onda vəhşiləşərdim, məcbur olub murdarçılıqla məşğul olardım, amma olmadım! Biz onunla birgə yaşayanda mən çalışırdım ki, o ac qalmasın, əlimdən gələni edirdim. Kəndin zibilliyindən sümükləri yığıb gətirirdim, qəssab dükanlarının həndəvərindən kəsilmiş heyvanların içalatlarını, başlarını, arada elə olurdu ki, lap əməlli başlı çiy ət oğurlayıb ona gətirirdim. Bu elə də asan iş deyildi. Buna baxmayaraq mən ona görə hər şeyə gedirdim. Özüm yemirdim, özümü fikirləşmirdim… ancaq onu... Fikirləşirdim ki, o mənimdir, o mənim üçün dünyaya küçüklər gətirəcək, ona ac qalmaq olmaz. Axı o zərif məxluqdu, amma... Bir gün hər şey bitdi...hə… bitdi! O məni atıb getdi, heç arxaya da baxmadı. Axır vaxtlar ət-sümük tapmaq çətinləşmişdi. Qəssab dükanları bir- birinin ardınca bağlanırdı, kənd zibilliklərində daha sümüklər tapa bilmirdim. Olan sümüklərə də başqa itlər sahib çıxırdılar. Bu nə idi, nə vəziyyət idi, hələ də başa düşə bilmirdim. Avara itlər də günü-gündən çoxalırdılar, vəhşiləşirdilər. Onların əlindən heç nəyə yaxın getmək mümkün olmurdu. Hara getsən, birinci o vəhşiləri görürdün. Hər yeri zəbt eləmişdilər, elə olurdu ki, bir sümük üstə bir-birlərini gəmirirdilər. Mənsə onlarla ağız-ağıza vermək istəmirdim. Mən özümü onların səviyyəsinə salmaq istəmirdim. Heç olmasa mənim ailəm olub, anam olub. O, bizə nəyin pis, nəyin yaxşı olduğunu başa salıb. Və mən bu öyüdlərin hamısını yadda saxlayıb onlara əməl edirəm. Bunlar isə təmiz vəhşiləşiblər, bir neçə gün mən heç nə tapa bilməyəndə o mənə təklif etdi ki, çöl siçovullarından, qarğadan, nə bilim, kərtənkələdən, zaddan, nə olur olsun… nəsə bir ət olsun bu yesin. Mənimsə heç belə şikarlarla, belə ovlarla aram yoxdu. Ürəyim gəlmirdi belə ov ovlamağa. O isə ac qala bilmirdi, aclığa dözmürdü. Mənim kimi ot, yabanı bitkilər yemək istəmirdi. Getdi... gedəndə axırıncı dəfə mənə dediyi sözlər hələ də yadımdadı: “Mən qoyun ola bilmərəm. Amma sən qoyunluğuna davam et!” Bu sözlər mənə çox təsir etdisə də, mən öz əqidəmdən dönmədim, vəhşiliyə yol vermədim. Qarnım doysun deyə heç kimi, heç nəyi ovlayıb parçalamadım. Otlarla, bitkilərlə, insanların yol qırağına atdığı zir-zibillərlə, quru çörəklərlə birtəhər qarnımı doydururam. Amma heç vədə quduzluq etmirəm, hansısa canlının canını dartıb ağzından çıxarmıram. Gücüm də var, dişlərim də itidir. Amma onlar mənə başqa yerlərdə lazım olur. Onlar mənə öldürməkçün verilməyib. Qoy mən qoyun olum... eybi yox, siz köpək olun! Yaşayın!
Fıs... fıs... bu nə iydi?.. Aha deyəsən çatmışam... Axır ki, hə odur qəssabın dükanı görünür. Həfdədə bir dəfə burda, bu qəssab dükanında təzə ət satırlar. Qəssab elə burdaca heyvanı kəsir, şaqqalayır satır. Yoldan keçən maşınlar da bu satılan ətdən alıb yollarına davam edirlər. Qəssabın öz müştəriləri də var, onlar artıq bilirlər ki,həftənin bu günü bu dükanda təzə ət satılır. Ona görə də hər dəfə buradan keçəndə dayanıb mütləq qəssab satan ətdən alırlar. Mən də çalışıram ki, hər həftənin bu günü bura gəlirəm. Qəssab kəsdiyi heyvanın içalatını satmır, onları bir kənara tullayır. Mən də ağzımın dadını dəyişməkdən ötrü bu boyda yolu basa-basa hər həftə bura gəlirəm. Deyirəm, heç olmasa bir gün də ət yeyim. Baxmayaraq ki, bu yeri hamıdan birinci mən görmüşəm, mən tapmışam məndə hər həftə burda doyunca ət yeyə bilmirəm. İkinci həftədi boş-boşuna gəlib, gedirəm. Vəhşilər buranı da tapıb, öz pəncələrinə alıblar. İki həftədi səhər gəlirəm, görürəm ki, burdadılar. Hardan tapdılar buranı, necə tapdılar?.. Burunları qan iyini yaman tez çəkir. Yaman tez nail olurlar hər şeyə.Ya gücləri sayəsində, ya da ağıllarının hesabına. Düzdü o qəssab dükanını mən tapmışam, mən birinci görmüşəm oranı, ilk sahibi də mən olmuşam, amma nə olsun?.. İstəsydim öz ərazim uğrunda lap dava-dalaş da edərdim, istəmədim! Bir tikə ətdən ötru?.. Yox bu “ət iylənib” məsələsi deyil, sadəcə kimiynənsə üz-göz olmaq istəmirəm. Bu boyda dünyada qarın doldurmaq üçün o qədər naz-nemət var ki... Nə isə...
Başa düşmədim?! Yenə bunlar burdadı? Yenə gecikdim?.. Dayan görüm, hələ bir az qabağa gedim... Eh... bu yolu da keçməkdən lap zəhləm gedir. Hər dəfə bu yolu keçəndə ölüb, ölümdən qayıdıram... Hə maşın yoxdu keçmək olar... aha... aha... lap yaxşı...
Gör necə parçalayırlar?.. Gör necə didişdirirlər?.. Heç elə bil üç həftədi içalat yeyən bunlar deyil?! Bir az yaxına gedim, bəlkə mənə də nə isə düşdü, amma çətin ağlım kəsir ki, bu vəhşilər mənə imkan verələr… Yenədə gedim... Aha deyəsən məni gördülər. Qulaqlarını necə şəklədilər? Hələ quyruqlarını necə qaldırdılar? Nədi, dişlərinizi niyə belə qıcıdız?.. Nə hürürsüz?.. Nə mənə tərəf yüyürürsüz?.. Yaxşı, yaxşı gedirəm!.. Yeyin hamısını özünüz... yeyin o qədər içalatı. Yeyin bəlkə gözünüz doya. Parçalayın parçalanmış ciyəri, böyrəyi, baş-ayağı. Mən gedirəm. Mən yeməyə bir şey taparam, nə çox ot, çəmən, insanların tulladığı zibillər. Siz ac qalmayın. Bunlara bax, heç elə bil mən bunların it qardaşları deyiləm. Heç elə bil mənim adım İT deyil... Gedim gələn həftə gələrəm. Lap bir gün qabaqdan gəlib kəsdirərəm buranı. Bu bir həftəni də yola verim, gələn həftə gələrəm. Yenə bu maşın yolu?.. İndi gəl buranı keç də?! Maşınlar da çoxalıb. Əşi nə olar-olar... aha… tələsmə… aha...
Bu nədi?.. Ana?.. Haradı bura?.. Mən hardayam?.. Bacılarım, qardaşlarım!.. Nə qədər ağ cümüklər var!.. Ana bura haradı?.. Hər yer ağappaq, təmiz, səliqəlii!.. Nə qədər it var burda?! Ana bu cümük mənədir?.. Çox sağ ol, anacan, çox sağ ol!.. Ana gəl elə həmişəlik qalaq burda, bacılarımla, qardaşlarımla. Gör necə sevinirlər, gör necə uşaq kimi oynaşırlar, lap uşaq kimi... Mən bilsəydim bura çoxdan gələrdim...