* * *
Gözlərimdən kədərli insan keçir,
Ürəyimdən nəmişli zindan keçir.
Dodağımda ədəbli bir söyüş var,
Yumruğumda məhəbbətli döyüş var.
Qucağımda ümidsizlər yatırlar,
Sonra durub qucağımı satırlar.
Unudurlar suçlarını örtməyə,
Dəsmalımla saçlarını örtməyə.
Danışanda danışırlar VƏTƏNdən,
Alışanda alışırlar BƏDƏNdən.
Sözlərimin serçəsinə daş atan,
Gözlərimin gözlərini yaşladan,
Gözyaşımla əllərinin qanını,
Baş daşımla ağacdakı qarğanı.
Külüng olan, qələmləri sındıran,
Azadlığı üstümüzə fınxıran.
Yarı qarğa, yarı bayquş, adamlar,
Yarı darda, yarı evdə qalanlar.
Öz dostunun arvadını qandıran,
Sonra dönüb dostuna can yandıran.
Biz ağrılar meyvəsiyik və bunlar,
Oynayırlar kəməraltı oyunlar.
Güzgüləri xoşlamayan dostlarım,
Tutduqların boşlamayan dostlarım,
Güzgü özün görə bilməz, neyləsin-
Kor götürüb gedə bilməz kölgəsin!
Biz quyruqsuz, biz qanadsız quşlarıq,
Çatmağı yox, getməyi biz xoşlarıq.
Siz oturub qucaqlayın dizləri
Yağış yağar çıxardar İlbizləri!
Bir qadının gözlərində boğulmaq
Bir qadının gözlərində boğulmaq
Bir qadının əllərində doğulmaq
Birisinin şəhvətinə inləmək
Birisinin sevgisini dinləmək
Get deyəsən, amma gözün qal deyə
Dil-dodağın göz yaşlarını yeyə
Yollar ola dağ, gözünün önündə
Dönməyə yollar, o sənə dönəndə
Sev deyəsən, amma səni sevməyə
Suyun axa, bir ovucluq sevməyə
Pəncərənin, dərbəçənin dalında
Hey divardan danışsınlar yanında
Vətən deyə, sürgünlərdə sürünmək
Yad toprağa, yad kəfənə bürünmək
Şəhərlərdə küçələrə vurulmaq
Küçələrdə keçənlərə vurulmaq
Yaşayasan, həyat səni duymasın
Sən öləsən, ölüm səni qıymasın
Yaşayasan, amma ölümdən betər
Saatları keçirdəsən, birtəhər
Nə havadan, nə yağışdan, nə qardan
Nə özgədən, nə tanışdan, nə yardan
Danışmağa qulaq tapmasın dilin
Bilməyəsən danışanların dilin
İnad edib dayanasan sözündə
Yorğunluğu gizlədəsən gözündə
Şeirlərin biri-birindən acı
Gözlərinin heç olmasın qıyqacı
Tanış bilsin, doğma bilsin dar səni
Rəsmiyyətə tanımasınlar səni
Söyənlərin tanış gəlsin sözləri
Öldürənin tanış gəlsin gözləri
Kainatı fırıldadsın fırıldaq
Sığınmağa tapmayasan bir qucaq
İstəkanın, siqaretin, qələmin
Üsyan etsin əleyhinə əllərin
Mövlanadan borc alasan irfanı
Şəmsin əlindən alasan imanı
Yaramasın bir yaraya sevgilin
Sözlərini deyə bilməsin dilin
Tək qalasan, hamı unudsun səni
Kimlik olsun kimsəsizlik məskəni
Vətəndaşın Vətəni yox, daşı var
Onu da ki, sənin başında qırar!
Bağırasan: ay Allahın dərgahı!
Cavab gəlsin: nə istəyirsən axı?
Söyləyəsən: sirr deməyə bir qulaq
İnandığım, güvəndiyim bir qucaq
Bir qız olsun, qara gözlü, incə bel
Müftəelon, müftəelon, müftəel!!!
Dərin dənizinə cumduğun sevgi
Dərin dənizinə cumduğun sevgi
Dayaz kasa kimi bir gün daşacaq
Sənə qarış-qarış yaxınlaşan qız
Bir gün addım-addım uzaqlaşacaq
Böyüyüb-böyüyüb, ucalacaqsan
Adamlar gözündə kiçiləcəkdir
Bir gün özün boyda sevdiyin insan
Sənin yaddaşından silinəcəkdir.
Xəyanət görməyi öyrənəcəksən
Şikayət etmədən sürünəcəksən
Ürəyin qüssədən partlayan zaman
Başqa bir qüssəyə bürünəcəksən.
İntihar qopuzun çalacaq əlin
Şəhər çevriləcək gözündə çölə
Sənə dostum deyib, alqışlayanlar
Çıxıb gedəcəklər düşmənin gilə!
Gücün çatmayacaq çıxıb getməyə
Səni qullanacaq bu qanlı sevda
Yalnız bir kəlməni çığıracaqsan
Fahişə, fahişə, fahişə, faaa...
Sonunda oturub soyuq qanlı sən
Kövrəlib-kövrəlib kiriyəcəksən
Kölgənin altında böyüyənlərə
Dönüb baxmağa da ərinəcəksən...
BARLI BIR AĞACAM
Quru görünsəm də, içim doludur,
Səbəb axtarıram daşmağım üçün.
Barlı bir ağacam, ağırlığımdan,
Divar axtarıram aşmağım üçün.
Balta bədənimdə gəzəndə bildim
Dərim soyulacaq birazdan mənim
Bildim ki, ağacam, öləndən sonra
Kağaza dönəcək düşüncələrim!
CUMMAQ ISTƏYIRƏM
Cummaq istəyirəm dərin, lap dərin,
Gətir gözlərini, gözünə cumum.
Ölmək istəyirəm, nə danış, nə din,
Gətir qucağında gözümü yumum.
Gecə yoxsulların örtüksüz damı,
Uzanar-uzanar yatağa qədər.
Yuxu kipriklərin nigaranlığı,
Hər gecə arxamca yatağa gələr.
Günəş anlaşılmaz, sarı həqiqət
Bulud gizlin ayın tərcüməsidir.
Sevgi insanların fəlsəfi suçu
Azadlıq çoxuna pul tələsidir.
Hərdən ölmək belə həyat kimidir
Hərdən çabalamaq, çatmaq deməkdir.
Hərdən gecə yatıb, kabus görməmək,
Sevdiyin qız ilə yatmaq deməkdir.
Hərdən bir "ah" belə, səni söyləyir,
Hərdən bir ömür də deməyə çatmır.
Hərdən öz-özünə gözün bağlanır,
Hərdən güllə belə, səni yuxlatmır.
Hərdən ay kimiyik, bütöv, ışıqlı,
Hərdən ay kimiyik, hilal və yarıq.
Onsuz da hamımız ölü-dirilər,
Həyatın sapıyla asılmışlarıq.
Sabah güllə bizi ayıracaqdır,
Güllələr gözündə hamımız birik
Nigaran deyiləm, sən yanımdasan.
Suçumuz birdisə özümüz birik.
AZƏRBAYCAN
Azərbaycan!
Sən də sırtıl,
Sən də qırcan!
Tale tərsə fırlananda,
Gül də dönüb xara dönər!
Ey torpağı ləli mərcan! Evim yoxdur,
İşim yoxdur,
Eşim yoxdur!
Deyəndə də Evin-Evin sürüyürlər
Qandallayıb,
Güllələyib,
Toprağına bürüyürlər!
Mənim cibim
Kafelər tək.
Azadlığım səndən böyük
Səndən yüksək...
Rusu qoyub,
Farsı qoyub,
Sən mənəmi qırcanırsan!?
Sən, Quzeydən Güneyədək
Kölgə kimi uzanırsan,
Nefti satıb qazanırsan,
Utanırsan, utanmırsan!
Amma mənim ovuc qədər sənim yoxdu!
Sənin məndən çox varındı
Mənim səndən heç yoxumdu.
Nə Səttarxan,
Nə Bağırxan,
Nə də müasir yaranan,
Arıq - cığaz millətçilər
Səni mənə vermədilər.
Qaranlığın döyüşünə çox getdilər
Amma geri gəlmədilər!
Yaddaşımdan silinməyə az qalırsan
Yadlaşırsan!
Dincəlməyin vaxtı deyil.
Sümüyümüzlə ney çalan,
Səni sağan, məni sağan,
Saçımızı qamçılayan,
Qolumuzu qayçılayan,
Hey kökəlir, hey dikəlir!
Torpağında əlsiz-ayaqsız kölələr,
Qara xuliqanlar əkir!
Artıq səni aparmağa
Nə qol qalır,
Nə də ki, əl.
Dur ayağa yubanırsan
Dur ay kişi!
Tez ol dirçəl
Səninləyəm Azərbaycan!
ADIM MILLƏTÇIDIR, AYAĞA DURUN!
Gedirəm arxamca su səpin mənim
Baxın gözünüzdən itənə qədər
Üzümü tutmuşam günəşə sarı
Gedirəm yolları bitənə qədər.
Əlvida deyirəm baxışlarımla
Yalançı məhəbbət yaşayar dildə
Əzəldən yolumuz bir deyildi heç
Gedirəm gəlməyək üz-üzə bir də!
Nə üçün gərəkdir qara mərmini
Vətəndaş alnına vətəndaş sıxa
"Nəyimə gərəkdir bu sayaq vətən"
Tüpürüm belənçik vətəndaşlığa!
Qaranlıq gəmirir, divarı, damı,
Bəlkə siz ömürlük yatacaqsınız.
Gedirəm getməsəm məni də bir gün,
Bir qoyun puluna satacaqsınız.
Diktator adına şəhərbəşəhər
Milləti sürüyən siz deyilmisiz!?
Dalğa dənizliyin simgəsi deyil,
Dalğanın altında yaşayar dəniz!
Dənizəm, dalğalar üstümdən aşır
Arzuyam durmuşam sonunda yolun
Millətin adı var adımda mənim
Adım Millətçidir, ayağa durun!
* * *
Mən sənə baxıram, sən ögeylərə
Əl-ələ keçirik xiyabanları
Deyirəm görəsən yerlər dəyişsə,
Kimlərə baxacaq onların yarı?
Burası şəhərdir adı batmasın,
Hər yeri çərçivə, hər yeri divar
Nə bilim bəlkə də məhəbbət harda
Ortadan bölünsə, şəhər yaranar.
Nə bilim bəlkə də mənimlə gedən
Ögeylər yarıdı mənim deyildi
Aypara,
Aybəniz,
Aygün,
Aytəkin
Bağışla sevgilim adın nə idi?
Əl-ələ keçirik ama şəklimiz
Ögeylər gözündə qurudulubdur
Postmodern sevirik bir-birimizi
Klassik məhəbbət unudulubdur...