XX əsr polyak poeziyasının görkəmli nümayəndəsidir. Avropa sənət mühiti onu dövrünün esse ustası hesab edir. Lvovda anadan olub. İntellektual lirik poeziyanın görkəmli nümayəndələrindən olan Herbert bir müddət Fransa, İngitərə, o vaxtkı Qərbi Almaniya və İtaliyada yarımmühacir həyatı yaşayıb. Polşa PEN klubunun mükafatına (1984), Bruna Şults adına mükafata(1988), Yerusəlim ədəbiyyat ödülünə (1991), T.S.Eliot poeziya mükafatına (1995) və onlarla başqa beynəlxalq ədəbiyyat mükafatlarına layiq görülüb. "Cənab Koqito silsiləsindən" olan şeirləri polyak ədəbiyyatının klassik nümunələri ilə bir sırada dayaır. Azərbaycan dilində ilk dəfə çap olunur.
Tərcüməçi
ZÖVQÜN QÜDRƏTI
Professor İzidota Dombskayaya
Bizim etirazımız nifaqımız bizim inadımız
əsla heç bir güc istəmirdi bizdən
gərək olan azacıq qocaqlığımız vardı bizim
əslində hər şey aslıydı zövqümüzdən
zövqümüzdən ki
canıydı qanıydı vicdanımızın
Kim bilir bəlkə bizi həblər kimi yastı alyanaq qadınlarla
ya da Bosxun rəsmlərindəki əcayib varlıqlarla
daha gözəl şəkildə ustalıqla başdan çıxarsaydılar
onda ədalət sarayı adlanan o cəhənnəm
o çirkli çuxur döngə qatil yatağı necə görünərdi
(əvəzində) leninin gödəkçəsini geymiş cecə qoxuyan Mefistofel
"Avroranın" qız nəvələrini
yemişbaş oğlan uşaqlarını
qırmızı əlli-əlcəkli pinti qızcığazları ölkəmizə göndər(ər)di
kasad döyənək olmuş sözlər iki-üç axmaq kəlmə
callad dialektikası incəlikdən məhrum fikir
felin lazım formasının gözəlliyindən məhrum sintaksis
Vallah onların bəlağəti olduqca zövqsüzdü
(gorun elə onda çatladı Mark Tuliy )
belə çıxır ki həyatda estetika da gərəkli bir şeymiş
gözəllik haqqında elmə xor baxmaq sən demə lazım deyilmiş
amma bütün bunları təsdiq eləməmişdən əvvəl
memarlıq formalarınl barabanların və fitlərin ritmıni
rəsmi rəmzləri və qanmazca dəfn mərasimlərini
biz dəqiqliklə tədqiq etməliyik
gözlərimiz və qulaqlarımız itaətdən imtina elədilər
hisslərimizin məğrur şahzadələri sürgün həyatını seçdilər
Heç bir güc lazım deyildi əsla
gərək olan azacıq qoçaqlığımız vardı bizim
!!1 əslində hər şey aslıydı zövqümüzdən
hə zövqümüzdən ki
iyrəndiyimizi acı gülüşümüzü göstrərəcəkdi
Ola bilsin başımız - bədənimizin o əvəzsiz saxlanci
çiyinimizdən düşəcəkdi
ANA
O qadının dizindən yun kələfi kimi sürüşüb düşdü.
Tezliklə böyüdü və kor-koranə qaçıb getdi.
Qadının əlində idi həyatın başlanğıcı, nazik üzük kimi
barmağına dolamışdı. Qorumaq istəyirdi onu.
O isə dolanbaclardan diyirləndi, dağa dırmandı.
Yenə dolaşdı, qadının yanına gəldi və susdu.
Bir də heç vaxt dizlərin pərqu taxtına qalxmayacaqdı o.
İrəli uzanmış əllər qaranlığın zülmətində
qədim şəhər kimi işıq saçırdı.
DÜYMƏLƏR
Sağ qaldı yalnız düymələr
Ölümlərə atıldılar
Şahid olub dəhşətlərə
Hələ bir sağ da qaldılar (üzə çıxdılar)
Şəhid ömrün Allah yazar
Sonra onları əfv edər
Bəs bədənlər necə qalxar
Gilə qarışıbsa əgər
Gah bulud uçar, gah da quş
yarpaq düşər, bitər bitki
( yarpaq düşər, zoğ cücərər)
yuxarıda sükut sükut
smolensk meşəsində sis
(meşədə duman tüstülər)
Sağ qaldı yalnız düymələr
Nəğməsitək ölənlərin
Sağ qaldı yalnız düymələr
Qəlpəsitək şinellərin
TƏRƏDDÜD EDƏN NIKA* (və ya Nike)
Nika tərəddüd edəndə
daha gözəl olur
amiranə və gözəl şəkil almış
sağ əli
havaya dayaqlanmış
amma qanadları titrəyir
çünki Nika
hərbi dəmir yoll xətti boyunca
yüyürən tənha yeniyetməni görür
ardıcların və qayalıqların boz peyzajının
kül rəngli tozu arasında
tezliklə həmin gənc öləcək
həlak olacaq
onun qismət tərəzisi pozulacaq
torpağa gömüləcək
Nika cox istərdi
ona yaxınlaşsın
alnına asta bir öpüş bağışlasın
amma qorxdu ki
hələ sığalın şirinliyini dadmamış gənc
onu hiss edən an
döyüş meydanından qaçar-
bunu çoxları etmişdi
bu səbəbdən Nika tərəddüd edir
və nəhayət
heykəltəraşların ona öyrətdikləri duruşu
pozmamağa qərar verir
çünki o anlayır
sabah sübh vaxtı
sinəsi açıq
gözləri qapalı
vətənin agız büzən gümüşü sikkəsi
qıc olmuş dilinin altında
o oğlan hərəkətsiz torpağa düşəcək
*Antik miflərə görə müharibələrdə uğur gətirən ilahə
KLASSIKLƏRIN FƏRQI
(Niyə məhz klassiklər?)
“Pelopennes savaşı”nın IV cildində
Fukidid öz uğursuz yürüşündən danışır
sərkərdələrin uzun nitqləri
vəba və müharibə səhnələri
diplomatik gedişlər arasında
bu hissə
samanlıqdakı iynədir
Afina müstəmləkəsi Amfipol
onları dövrələmış spartalılara təslim oldu
çünki kömək dalıyca gedən Fukidid gecıkdi
doğma şəhərinə borcunu
o ömürlük sürgünlə ödədi
bütün dövrlərdə sürgün edilmişlər
bunun nə olduğunu yaxşı bilirlər
son savaşlarda generallar
belə bir iş başlarına gəlsəydi
gələcək nəsillərin məhkəməsi önündə
dizi üstə ulayardılar
qəhrəmanlıqlarını
günahsız olduqlarını gözə soxardılar
hər şeyi kiçik zabitlərin
paxıl işçilərin
dəli və yersiz küləlklərin üstünə yıxardılar
Fukidid yalnız yeddi gəmidən
hadisənin qışda baş verdiyindən
və bir də tələsdiyindən
danışır
əgər sənətin mövzusu
sınmış bardaq
dərdin sındırdığı qəlb
qəlbin qəmginliyisə
onda bizdən qalan yeganə miras
sübhün şəfəqləri divar kağızlarını ağardanda
çirkli otel otağında
məşuqların hıçqırtısı olacaq
“CƏNAB KOQITO SILSILƏSINDƏN”
Cənab Koqito qəzet oxuyur
Birinci səhifədə məlumat
120 əsgər öldürülüb
müharibə uzanır
vərdiş eləmək olar
küncdə kriminal xəbərlər
sensasiyon cinayət
qatilin portreti
cənab Koqitonun
etinasız baxışları
cinayət dəhşətlərinə
ehtirasla qapılmaq üçün
əsgər gurbangahından yayınır
əsəbi depressiyadaykən
otuz yaşlı kəndli
arvadını
və iki uşağını öldürüb
qətlin necə törədildiyini,
cəsədlərin yerdəki vəziyyətini
və başqa məqamları
təfsilatıyla yazırlar
həlak olmuş 120 nəfəri
xəritədə axtarmaq mənasızdı
uzaqlıq onları
cəngəllik kimi gizlədir
sayın çoxluğu
xəyal gücünü korşaldır
sondakı sıfır
onların özünü xəyala çevirir
düşünmək üçün mövzu:
iztirabın cəbri
CƏNAB KOQITONUN RUHU
Əvvəllər
ürək dayananda
bəlli ki
sonuncu nəfəsi buraxan
ruh sakitcə
səmaların otlağına
çıxıb gedirdi
Cənab Kogitonun ruhu
özünü başqa cür aparır
həyatdaykən bədəndən çıxır
bir söz belə demədən, sağollaşmadan
başqa qitələrdə
cənab Koqitonun sərhədlərindən kənarda
keçirir ayları illəri
onun ünvanını öyrənmək çətindi
xəbər-ətər də yoxdu
əlaqəyə girməkdən qaçır
məktub-filan da yazmır
qayıdacaqmı kimsə bilmir
bəlkə də birdəfəlik gedib
cənab Koqito
alçaq həsəd hissiylə vuruşur
qəlb haqqında yaxşı düşünür
qəlb haqqında mehribanlıqla düşünür
əlbəttə o hökmən
başqa bədənlərdə də olmalıdır
onsuz da ruh qıtlığıdır
bəşər arasında
cənab Koqito qismətinə boyun əyir
başqa yol da yoxdur
hətta özünü inandırmaq istəyir
-ruhum mənim ruhum-
ruh haqqında duyğusallıqla düşünür
ruh haqqında mehribanlıqla düşünür
və qəfildən
ruh geri qayıdırsa
ruhunu nə yaxşı qayıtdın
sözləriylə qarşılamır
eləcə çəp-çəp baxır
güzgü qabağında oturub
pırtlaşıq və ağ saçlarını
darayanda olduğu kimi
CƏNAB KOQITONUN MIRASI*
Onlar kimi sonadək get
yoxluğun qızıl dərisi olan son mükafatı alanadək get
yalvaranlar asilər
yandırılanlar sırasında dik get
qurtuluş həyat üçün deyil
vaxt azdı gərəkli ol dəlil gətirmək gərəkdi
qorxma ağıl səni azdırarsa ürəkli ol
qiyamətdə vacib olan da budur
alçaldılıb döyülənlərin səsini hər eşıdəndə
qoy əziz-xələf Qəzəbin dəniz kimi olsun
xəfiyyələr qorxaqlar cəlladlar üçün
qoy bacın Nifrət səni tərk etməsin sənə qələbə gətirsin,
dəfninə gələcəklər qəbrinə bir ovuc torpaq atacaqlar
onlar o zaman rahat olacaqlar
mərhəmət göstərmə dan yeri ağaranda
xəyanət görənlərin adından bağışlamaq
sənin iqtidarında deyil
lüzumsuz məğrurluqdan özünü gözlə
güzgüdə təlxək sifətinə bax və
mütləq təkrar elə: nədən mən seçilmişəm məndən yaxşısı yoxmuydu
daş qəlbli olma sübhü səhərlərin şırıl-şırıl axan bulağını sev
sev adını bilmədiyin quşu işığı gözəl səmanı
sənin isti nəfəsin olmadan da keçinirlər
və heç kimi səni ovutmaz- söyləmək üçündür onlar
ayıq ol dağdan fənərlə işarə versələr yubanma dur get
nə qədər ki qanın donmayıb damarlarında dur get
təkrar elə qədim ovsunları nağıl və əfsanələri
heç vaxt qazanmayacağın savabı yalnız bu cür qazanacaqsan
təkrar elə o mühüm sözləri inadla ürəklə təkrar elə
qumluqda tələf olan səhra yolçuları kimi
buna görə səni əllərinə ilk keçən şeylə-
gülüşlə ya da zibillikdə qətlə yetirməklə mükafatlandıracaqlar
get yerin yalnız bu cür soyuq kəllələrin arasındadır
beləliklə əcdadların Gilqamış, Hektor və Rolandın-
ucsuz-bucaqsız məmləkətlərin
küllüklərin havadarları olan o adamların
arasında qəbul olunacaqsan
sədaqətli ol get
*- bu şeir İlahə Kərimovanın sətri tərcüməsi əsasında hazırlanıb.
Tərcümə Səlim BABULLAOĞLUnundur