Bəxtsiz adamam, hətta doğma kəndimizdə mənə qız vermədilər. Məcbur olub qonşu kənddən, özümdən on iki yaş böyük, qarımış birini aldım. On ildi evlənsəm də uşağım olmur, deyəsən, bu, yaxınlarımı da narahat etmir: “Özü nədir, ondan olan nə olacaq”,- atam deyinirdi, rəhmətlik anamsa ölən günə kimi həyat yoldaşımı həkimdən çox, pirə-ocağa apardı. Dünyasını dəyişəndən sonra: “Canım qurtardı qapılar gəzməkdən”, – dedi arvadım, bu yaşda uşaq dünyaya gətirməyin çətinliklərini danışıb əməlli-başlı qorxutmuşdular onu, gec bir zamanda rəngi- rufu üstünə gəldi.
Hər səhər sübhdən qapılarda işləmək üçün çıxıram. Allah məndən güc-qüvvə əsirgəməyib, çoxla-rının lodanı- bizdə hünəri olmayanları belə çağırırlar - çatmadığı işləri təkbaşına görürəm. İş yerinə maşınla gedib-gəlirəm. Yuxarıdakı səbəblərdən günəmuzd tanışlarım paxıllığımı çəkir. Bu iş təzətəzə vüsət alanda açığı hamı kimi mən də utanırdım, qohum-tanış qapısında işləməkdən çəkinirdim, “hambal”, “nökər” sözlərini qəbul edə bilmirdim, cırnayırdım. Zaman keçdikcə ehtiyaclarım, tələbatlarım ödəndikcə, hələ bir daldalayıb dar günümə pul yığdıqca, üstümüzə qoyulan ad da adiləşirdi. Hətta hər gün günortanı rayon mərkəzindəki bərkgedən yeməkxanalarda yeyən, dünyanın qəliz işlərindən baş çıxaran qonşumuz yekəbaş Bəhlul deyir ki, bizim işımiz özəl şirkətdə işləyənlərlə qəti müqayisə edilməzdir, “ən azından ordakılar kəbinli arvaddır, icazəsiz ayaqyoluna getməyə cürətləri çatmaz”.
Səhərlər eyni adamla kəndin düz mərkəzində, ikımərtəbəli bələdiyyə binasının qarşısında rastlaşıram, bu, bələdiyyə sədridir, bircə inəyini naxıra qoşmaq üçün gətırir:
- Mənə də iş tapsaydın, Ayif, canım quytayaydı, eyni sifətdəyi göyməkdən,- məni görən kimi başlayır, bilirəm məzələnmir, dərdini bölüşür. Təxmınən mənim kimi danışır. - Ömyümüz asfaytda keçdi, bu boyda binamız oya-oya, oyda otuya biymədik, - tam ağarmış saçlarından kəpəklər çiyinlərinə tökülür, gəlib arxasından keçəndə piylənmiş, qat-qat peysərinə işarə edib tam cid-dıliklə:
- Boynunun yoğunnuğuna güyənmə, sədy, qaynın qasığa dəyiy,- deyirəm. Ürəkdən gülür, pencəyinin düymələrinə sığmayan şişman qarnı tərpənir.- Bu seçki işin fıyıxdı, o qədəy minnətçi sayasan... Amma mənə bax, əyitsən, baxayıq...
- Kəndin xeyiy-şəyi axıyımıza çıxdı, getməsən də oymuy, bizim adamyay sino gediy böyükyəyi yemyəməkdən... - Müştəri məni götürüb aparır, onun mağmın baxışları maşın irəlidəki döngədə itənədək gözlərim önündən getmir.
Bələdiyyə sədrini artıq çoxdan dağılmış kolxozun zəhmət əlili çolaq Murtuz mənim gözlərim qar-şısında dörd yol ayrıcında vurmuşdu. Zərbə necə qüvvətli idisə, başındakı norka papaq kənara uçub mal tırığının üstünə düşmüşdü. Sədr cınqırını çıxartmadan əli yumruq dəyən üzündə, çönüb düz evinə yollanmışdı, mən də tənbəllik eləməyib tırıqlı papağı götürüb xanımına çatdırmışdım. O vaxtdan sədrin başında norka papağını görən olmamışdı, amma çolaq Murtuz işləməyinə “dobyo” vermişdi: “İndi get işlə, yetim qurumsaq, ancaq qudurma, bil ki, özxoşuna deyilsən, səni bura qoyan var!”
Son vaxtlar kürəkəni olduğum kənddə işləyırəm. Usta, yaxud ev yiyəsi ilə razılığımız olanda gecə yarısına kimi qalıb işləyirik, təki pul çıxsın, hərdən yatmağı da ora salırıq. Bu kənd bəlkə də dünyanın ən bəhskar, hampabaz kəndərindən biridir. Kimsə həyətində nədəsə xırda yenılik etməyə peşmandı, əlbəəl bəhsə girib suvağı qurumamış tikilini sökdürüb həmən cürə yenilədəcəklər. Odur ki, dünya alt-üst olmasa, burda tikinti işləri qurtarmaz. Uşaqlı-böyüklü Rusiyadadılar, çoxu da canını qürbətdə tapşırır.
Məndən xoşu gəlməyən, yeri gəldi-gəlmədi arxamca söylənən qonşum yekəbaş Bəhluldu. Guya deyirmiş ki, gecəm-gündüzüm yoxdur, Həmədan eşşəyi kimi işdən başım ayrılmır. Gözlərimi açıb ətrafıma, qonum-qonşuya da baxmıram, nə var, nə yox eləmirəm. Axı biz qonşular, öləndə bir-birımızin çiynində gedəcəyik; sən demə o dünyada da necə insan olduğunu birinci qonşudan sorğu-sual edəcəklər. Əvvəllər işdə mənə araq verərdilər, içən olmadığımdan bir neçə dəfə ona hədiyyə etmişdim, qeybətinə ara vermişdi. Özümə də dərhal razılıq bildirmişdi: “Deyəsən, qonşu yavaş-yavaş düzəlir”. Amma bu səxavətin ömrü də uzun sürmədi, çünki bir aradı qapılarda araq vermək söhbəti yığışılıbdı .
Otur-dur elədiyim Qırbı kişiydi, keçən il doxsan iki yaşında dünyasını dəyişdi. Özəlləşdirmədə kolxozun keçmiş gözətçi budkası payına düşmüşdü. Əslində kəndin qurtaracağında bir otaqdan, çəpərlənmiş balaca həyətdən ibarət palçıq daxmanı adamların götürməməsinin adi səbəbi vardı: demə o vaxtkı mühasib buranı əxlaqsızlıq yuvasına döndərmişmiş, müxtəlif yerlərdən pis yola düşmüş qızları gətirib kef edirmiş. Bir-iki aya hər şeyin dağılacağını hiss edən bu adam ən çox azyaşlı məktəb uşaqlarının qınağına tuş gəlir. Günorta evnəsindən dərsdən çıxan məktəblilər mühasibin bütün ciddi-cəhdinə baxmayaraq, gözətçi budkasının hər iki pərdələnmiş balaca pəncərələrini dövrəyə alırdılar. Adını da öz aralarında “seks budkası” qoymuşdular. Xatirimdədir, balaca olanda üstüaçıq yay klubunda hind filmlərinin nümayişi zamanı bu cür basabas olurdu: biz azyaşlılar qıraqdakı qollu-budaqlı, hündür tut ağacına dırmaşıb ordan filmə tamaşa etməli olurduq...
Qırbı kişinin çox az adam dəqiq adını bilirdi, iranlı olmağını isə bilməyən yoxdu, çünki kənd ca-maatı onu bu adla çağırırdı. Boş vaxtım olmasa da, mütləq həftədə bir neçə dəfə axşamlar ona baş çəkirdim. Ona görə yox ki, baxımsız kasıb budkasını mənə vəsiyyət etmişdi; baxanı yoxdu, arvadı sağ olsa da, uzun müddətdi danışmırdılar, ayrıca yaşayırdı. Hər iki oğlu xaricdə olurdu, yeganə qızı isə uzaq qonşu rayonda dağ kəndində ərdə idi, kasıbçılıqdan gəl-gedi seyrəkdi. Danışdıqlarından yadımda qalanı odur ki, Qırbı kişi keçən əsrin əllinci illərində İranın Həmədan şəhərindən bura gələnlərdəndi. Ordan hərdənbir söz salırdı, danışdıqları bəsit olsa da, maraqlı idi. Özünü o qədər də işə verən deyildi, ömrü boyu müxtəlif idarələrdə gözətçi işləmişdi. Hər dəfə də söhbətarası Həmədanda olanda şəhərin gur yeməkxanalarının birinin qabağında belə şüarın vurul-duğunu məxsusi qabardardı: “Kim ki az işləyir, onun p..u olsun çox işləyənin dədəsinin goruna!” Dediklərinin başına ip salan yox idi, özü də heç nəyə müdaxilə etməzdi. Ən təəccüblüsü odur ki, öləndə bir xeyli pulu qalmışdı, hamısı da iri əskinaslar idi. Canını tapşıran günü işə çıxmamışdım, “günortayacan sənə qonaqdı”, - demişdi doktor. Son nəfəsdə torpaq rəngində olan sifəti işıqlandı, yorğanın altından güllü yaylığa bükülü əmanəti mənə uzatdı, gülümsünüb dedi: “Görürsən, Arif, bu da son. Pullarımı sənə halal edirəm, mənim ehsanatıma çoxdur, qəbrimin üstünə sadə başdaşı qoydurarsan. İtməmək üçün... Sözlərimi unutma, özünə gün ağla. Ömrü boyu əllərin başında, ağlın cibində olsun!” Qadınlara qəribə yanaşması vardı; deyirdi, yüz ağ toyuğun ağlı bir qara toyuğun ağlının yüzdə biri qədər olmur, amma qadının ağlı bir ağ toyuğun ağlının yüzdə biri qədər də deyil. Kələ-kötür danışığından arvadını da özündən iraq salmışdı, öləndə on nəfərlə dəfn elədik.
Sabah onun vəfatının ildönümüdür. Bu gün günortayacan işləyirəm, qayıdıb mərasimə tədarük görəcəyəm. Ərzaq üçün rayon mərkəzinə getməyə ehtiyac yoxdu, kəndin böyük marketində hər şey sıfariş vermişəm. Bu, işdə təcrübəm xeyli artıb. Adam sarıdan fikir etməyınə dəyməz, camaata yemək ver, yalın ayaqla dağa dırmanar. Axşamüstü çadırı daşıyıb quranlara ayrıca miz açacağam. Çadır pulunu da xuddama dünən axşam çatdırmışam, həmin gün on ölü olsa, çadır mənimdir. Qalır axund məsələsi. Əslində kəndin axundu Məşhəd şəhərinə növbəti zıyarətçi dəstəsi aparıb. Neynəsin qızları böyüyür, o da, deyəsən, yavaş-yavaş dolanışığın yolunu tapıb. Fikrimdə qonşu rayondan bərkgedən axundu dəvət etmək idi, cib telefonunu da öyrənmişdim. Əvvəl-əvvəl sözü fırlatdı, amma mən də hələm-hələm əl çəkən deyiləm, duymuşdum səbəbini...
- Maşın kiyəsini də veyəcəyəm, nayahat oyma,- dedim.
- Gəlmək problem deyil, oğlum, sənin böyüyünlə bir danışsaydım,- Levitanın səsi kimi əzəmətli səsi qulaqlarımda cingildəyirdi.
- Mən eyə siznən yaş- daş oyayam, biy məcyisdə göymüşəm. Ayzum oyub ki, bu dünya adamının, vəfayı dostumun iy məyasiminə sizi dəvət edim, gözəy apayıysız, haqq- hesabı da biyiyəm...
- Onda, bir halda ki, hər şeyi bilirsən, söhbəti uzatmayaq, dediyin vədədə ordayam.
Səhər saat ondan kəndin ziyalısından tutmuş qara camaatına qədər çadıra axırdı. Qonşu kənddən gələnlər də çoxdu. Mizlərin üstünə cürbəcür konfetlər, müxtəlif şirniyyatlar, halva yuxa, İran xurması düzülmüşdü. Alma, banan, narıngi, limon ən gözütoxları iştaha salırdı. Sehrli səsi, hikmətli danışığı ilə hamını asanlıqla ram edən axund da sözləşdiyimiz vaxtda gəlib çıxdı. Məclisin ortasında, bölgənin qazısi, məşhur gənc mərsiyəxanla içəri təşrif gətirdi. Çadırdakılar dik ayağa qalxdılar. Hörmətli qonaqlar məxsusi olaraq axundla görüşdülər, hal-əhval tutdular. Bundan sonra qeyri-adi səsli axund məclisi idarə etməkdə davam etdi.
Yanımda əyləşən kəndin üçüncü dərəcəli mollası sallaq dodaqlarını qulağıma yaxınlaşdırıb yavaş-dan soruşdu:
- Ayif, sən bu yekələri məxsusi dəvət etmişdin?
- Etməmişdim.
- Hər ikisi yüzlükdür, bilirsən də?
- Qoy oysun! - mənim inamlı danışığımdan ruhlanıb, yuxarıda oturanlara çönüb, irişərək başını ra-zılıqla tərpətdi.
Oturanları asanlıqla sükuta qərq edən axund cınqırı çıxanları da lal etməkdən ötrü hərdən bir, sö-zünə ara verib, çadırı sonuna qədər iti nəzərlərlə süzüb soruşurdu:
- Səsimi sizlərə çatdıra bilirəmmi?
- Çatır, çatır...- yer- yerdən dillənirdilər.
- Əlavə səslər, yəqin bayırda olanlarındır, zəhmət olmasa, onlara deyin ki, mane olmasınlar, əks halda söhbətimi kəsəcəyəm, qoy həmən adam dayandığım yerdən davam eləsin.
Halal olsun aldığı pul belə ruhaniyə, özgə vaxtı dil-boğaza qoymayan adamlar lal-kar diqqət kə-silmişdilər, yoxsa özümüzünkülərin məclisində ağız deyəni qulaq eşitmir: siyasətdən, ot biçinindən, kombayn təmirindən hər növ xəbərlər çadırı dolaşır, ölü də yaddan çıxır. Amma namxuda, ağızları işləyir, mizdəkilər yavaş-yavaş ərıyir. Qoy yesinlər, necə deyərlər, Allah səbəb salsın, dərəceyi-məqbula çatdırsın! Ruhu şad olsun, rəhmətlik özü belə istəmişdi.
Axund adamların çoxluğunu və maraqlı baxışlarını nəzərə alıb başladığı uzun hədisi yekunlaşdır-mağa hazırlaşırdı:
- Allaha and verək öz izzəti-cəlalı xatirinə bizləri ağıla gələn və ağıla gəlməyən bəlalardan hifz elə-sin, bu mərhum qardaşımızı qəriqi- rəhmət, fazili- cənnət eləsin... Amin!..
Sonra mikrofonu gənc rozaxana uzatdı, o da öz bacarığını nümayiş etdirdi, oturanları əməlli- başlı ağlatdı. Bu arada qadın mollası da susmuşdu, kənd arvadları yəqin mərsiyəxanın təsirli, insanı riqqətə gətirən səsinə qulaq kəsilmişdilər.
Quran tapşırılandan sonra yemək verildi. Böyrümdə oturan yekəbaş Bəhlul mənə tərəf əyildi ki, yadıma salarsan, dağılışanda sənə sözüm olacaq.
Adam çox olduğundan qəbiristanlığa piyada getməli olduq. Burda da yasin tapşırıldı, sonra gənc rozaxan qalın kitabçasını yenidən açıb yanıqlı səslə mərhumu oxşadı, hamını qəmgin etdi.
Qəbiristanlıqdan qayıdan kimi fatihə verildi, gülab paylandı, təkrar fatihə verilərək məclis xətm olundu. Rozaxan bölgənin qazisi ilə təzə bahalı maşına oturdular, əlbəttə, yüyürüb hər birinin cibinə şax yüzlük saldım. Qonaq axundu da danışdığımız kimi maşınla ötürdüm. Elə bil üstümdən ağır yük götürüldü. İnsafən, Qırbı kişi doxsan iki il keşməkeşli ömür sürsə də, bir şeyi bilirmiş, güllü yaylığa bükülü əmanət işləri məharətlə yoluna qoyurdu.
Artıq hamı dağılmışdı, bircə çadırı söküb daşıyacaq cavanlar küncdə çay içə-içə mənim göstərişimi gözləyirdilər. Yarıyolda ayaq saxlayıb qayıdan qonşum yekəbaş Bəhlul siqaret qutusunun ağzını açıb məni işarə ilə yanına çağırdı:
- Ayif, demişdim axı, sənə sözüm olacaq, zəhmət olmasa bəri dur görüm.- Mən iti addımlarla onun yanına gəldim. Damağına təzə qoyduğu sıqareti ancaq üçüncü cəhddən yandıra bildi.
Həmişəki kimi yenə şalvarının qabağı islanmışdı. Bu adam özü boynuna alır ki, kim nə deyir- desin, yetmişdən sonra aləm qarışır bir-birinə, yaşlaşdıqca oğul-qız sözünə baxmadığı kimi, orqanlar da dayanıqlığını itirir. Nədənsə, onun üç il öncə xuddamlığa məcbur edilməyi yadıma düşdü. O zaman on beş gün içməyinə ara verən qonşum məsciddə, camaatın içində axundu biabır elədi ki, bəs sən mənim qəsdimə durubsan. Deməyəsən, qısa xuddamlıq dövründə içkini atan kimi beş-altı xəstəlik üstünə hücum çəkib, hətta iki gecəymiş vəziyyəti xarablaşıbmış. Odur ki, xuddamlığı tələm-tələsik təhvil verməli oldu.
- Eşidiyəm, Bəhyuy əmi,- dedim. Qoluma girdi, məni çadırın içinə çəkdi.
- Bilirsən də, mən Ataşın oğluyam, atama torpaqyeyən Ataş deyərdilər... Qonşu kənddə olurduq, ali təhsili başa vurandan sonra, bu kəndə təyinat alıb işləməyə gələndə anamı da gətirdim, ev, həyət qaldı dədəm rəhmətliyə... Yaşlaşdıqca yola getmirdilər... Deyilənə görə, kişinin yaxşı pulu vardı, bəziləri deyir basdırdı yerə, heç kəsə bildirmədi, amma otur-dur etdiyi adamlar dalından keçdi, deyənlər də az olmadı. Vəlvələdən, ya zəlzələdən... Öləndə mən xaricdə dincəlirdim, xəbərdar etsələr də, açığı hüzürə gələ bilmədim. Yası yiyəsiz, soyuq keçdi... İndi özümün beş oğlum var, hamısı da Rusiyətdədir. Bu qurumsaqlar ordan gələn deyillər. Bəlkə də eşidibsən, növbə ilə evi hər birinə təklif elədim, dedim yurduma yıyəlik etsinlər, amma gördüm yoox, bunlardan adam olmayacaq. Odur ki, çox götür-qoy etmışəm... Qorxuram dədəmin yaşadığı aqibət öz başıma gələ... Mən ilin böyük hissəsini tənha oluram. Qısası, evimi sənə vəsiyyət edirəm, Ayif. İnanmasan, şübhən-zadın olsa, ağsaqqal- qarasaqqal yanında qurana əl basa bilərəm. Mənə də sahib çıxıb, yerdən götürərsən, - o, getdikcə danışmağa çətinlik çəkirdi, kövrəlmişdi. Mən də nə cavab verəcəyımi bilmirdim. Yaxşı ki, sözünü bitirən kimi geri qayıtdı, çadırdan çıxıb kənd yoluna düzəldi.
Düzü, qeyri-ciddi adam hesab etdiyim yekəbaş Bəhlulun sözlərindən, nədənsə, içimdən qəfil hön-kürmək keçdi.
Amma çadırı sökdürməzdən əvvəl toxdadım və qəti qərara gəldim ki, qonşumla ayıq vaxtı, tez bir zamanda bu əsnada əməlli-başlı söhbət edim.
RƏNGLİ NOGULLAR
Hekayə
...Qadın birdən məlum səbəbdən qırıq-qırıq nəfəs almağa başladı. O, bu ümidsizliklərə alışmışdı.
- Az gözlərinin qorasını tök... Ağlaya-ağlaya ağlar günə qaldın...- deyə kişi həyətdəki daxmaya getməyə hazırlaşırdı.
- Əlimdən nə gəlir... Sənə deyirdim mal-qaranı, qoyun-quzunu əlsizlərin yerinə saldırma, qarğışları eşıdirdim, səninsə vecinə deyildi, qulaq asmırdın...- qadın hıçqırmaqda davam edirdi.
- Onda gərək Qədirli obasının camaatı ellikcə yastılanaydı... Gic-gic şeyləri burax getsin, sən Allah...- kişi razılaşmırdı.
- Sənin özgələrlə nə işin, bizə pis əməl düşmədi. Dünən fermaya baş çəkməyə getmişdim, dedim bir az havamı dəyişim, ürəyim partlamaqdan qalırdı. Bundan sonra hər gün gedəcəyəm. Çobanın balaca qızı nə desə yaxşıdır: baba hər gələndə bizə konfet verib tapşırırdı ki, hava qaralana yaxın qonşunun fermasının damına dırmaşıb, üstünün şiferlərini qırın, sənsə heç nə vermirsən, onunçun iş də buyurmursan... Bu da yalandır?
- Axırıncı dəfə fermaya getməyim yadıma gəlmir, şər danışma...
- Uşaq belədir də, hələ bir il ora gedib-gəlməsən, əvvəl dediklərini ona-buna danışacaq... Başa düşmürəm, sənin kimnənsə ədavətin varsa, burda cansız əşyanın nə günahı?! Axı, bu nə adətdir səndə, yaşlaşdıqca çox şəbihlər göstərəcəkcən?...
- Mənim işlərimə qarışma...- səsi titrəyirdi.
- Hikkəndən əl çəkmirsən, həm canın gedib, xəstəliklər tapıbsan, həm də pulun-paran, ortadasa üz qarası qalıb. Özünü aldadırsan, vəssalam. İndi də gıribsən evə... Yaxşı ki, o xırda işin var, bir saat başını girləyirsən. Amma nə qədər belə yaşayacaqsan?.. Dərd içini yeyəcək... Mən dözə bilmirəm, eşidirsən?..
Kişi təşvişlə başını qaldırıb boylandı, üzə vurmasa da qadının indiki halını tədricən anlayırdı. De-yəsən, bədbəxt hadisə baş verəndən sonra onun dünyaduyumunda ciddi dəyişikliklər baş verirdi. Bəzi şeylər vardı ki, kişi ona səbr edirdi, nədən yara hələ isti idi, həyatlarında ağır itkini əvəz edəcək nəsə yoxdu; pul-para, mal-mülk, sağlam can bu itkini qismən belə doldura bilmək qüdrə-tində deyilmiş, öz içısə boş imiş!
Gündüzlər kişi vaxtını həyətin ortasında tikilmiş təkotaqlı daxmada keçirirdi. Bura rahatdı; sakit-lıyi bir yana, ayaqyoluna, hamama yaxındı. Çox da iri olmayan pəncərəsi düz dəmir darvazaya baxırdı. Bu səhər girər-girməz ordan bağırtısı qalxmışdı:
- Kimsə gecə bura girib.- Dəqiq xatirindəydi ki, gecə çıxanda içəridən qapının arxasına kətil daya-mışdı. Guya oğru girsəydi, qapı açılanda kətil aşmalı, səs salmalı idi. Amma kətil yerində deyildi, aşmışdı, o, təşvişə düşüb içəri nəzər salmadan vay-şıvən qoparmışdı.
- Nə olub, qoymazsan təndirdən sonra yarım saat ölüm?- səsə yüyürən qadının gözləri yenə nəmli idi.
- Daxmaya oğru girib!
- Nədən bildin, qızıllarını aparıblar?
- Kətili həmişə qapının dalına söykəyirəm, açanda yerində deyildi, aşmışdı, dəqiq bilirəm ki, or-dan çıxanda dayamışdım. Şükür Allaha yaddaşımı itirməmişəm...
- Çox şükür ki itirməmisən! Narahat olma, mən təndiri yandırmaq üçün sübhdən nöyüt üçün ora girmişdim. Kətil dediyin yerdə idi, yəqin mən aşırmışam.
Qadın müxtəlif vaxtlarda danışdıqlarını təkrarlamaqdan yorulmurdu:
- Özümə bir şeyi bağışlamayacağam. Ferma qonşumuz vardı eyy, bir dəfə ondan gic- gic soruş-dum: “Qonşu, bu imkanla, sən, o üç tifili necə yerbəyer edəcəksən?” Mən ironiya ilə soruşmuşdum... O vaxt sən məni buna kökləmişdin. Amma o, ciddi cavab vermişdi. Cavabını heç zaman unutmayacağam. Guya onun yaşında öz həyatımız rəvan gedirdi! Ox Allah, mənə səbr əta elə... Axırıncı dəfə kəndə gələndə oğlan nəvəmiz bacısına deyirdi ki, atanın bizi vaxtsız atıb getməsini ona heç zaman bağışlamayacağam, guya öz istəyi ilə bunları tərk edib... Bədbəxt haq-qında indiki zamanda, var olan adam kimi danışırdı. Bilirsən niyə bu cür düşünür, uşaq təzə- təzə alışırdı atasının yaratdığı şəraitə...
Ən qəribəsi o idi ki, səbrsiz, hövsələsiz kişi getməyə tələsmirdi. Qadına getdikcə danışmaq çətin olsa da, öz aləmində idi:
- Uşaqlar balaca olanda şəkər tozundan rəngli noğullar bişirib məktəbdə satardım. İki uşaq bir yana, amma rəhmətlik həmişə mənə irad tuturdı ki, ana, utanıram axı, söz ver ki, bir də məktəbə rəngli noğullar gətirməyəcəksən... Nə illah elədisə, mən bışirməyimdən əl çəkmədim, öz arzularım baş tutmayanda ailəyə nəyləsə kömək üçün baş sındırırdım. Amma gərək onda əl çəkəydim bu işdən, indi mənə yer eləyir ki, o zaman uşağın qəlbinə dəydim. Görəsən, niyə biz bu qədər tamahdan iti olduq?
- İnsan tamahının sərhədi yoxdur!- Səsində məğrurluqdan daha çox özünütəsdiq duyulurdu.
- Bizim tifillərə böyüdükcə daha çox pul lazım olacaq. Düzdür ki, rəhmətliyin bir xeyli pulu qalıb, amma artığın nə ziyanı, bizim də ömrümüzü bilmək olmaz. Ona görə işləməliyik, qazanmalıyıq! Ancaq elə bilirəm ürəyim qurtarıb. Əslində ilk dəfə rəngli noğullar bişirməyə başladığımdan iyirmi il ötür. Kişi, baxanda bu iyirmi ildə həyatımızda nə dəyişib ki?!.
- Aglına nə girdi çərənləyirsən! Heç başına vurursan nə danışırsan?
- Başım olsaydı nə dərdim...- Qadın çönüb ona acıqla baxdı. Səsində mütilik tonu hiss olunmurdu. Kişi həyətə düşmək üçün qapını açdı.
- Mən fermaya baş çəkməyə gedirəm, soyuducuda birnəfərlik yemək qalıb, yeyərsən, ürəyim heç nə istəmir, - neçə gündən bəri bişirilən xörək yeyilib qurtarmırdı.
Həyət evi sərin olurdu. Əslində hadisədən sonra hərəsi bir otağa çəkilmişdi. Qadın dözə bilmirdi, durduğu yerdə gözlərinin yaşı sel kimi axırıdı. Xeyir-şərə getməyə də yadırğamışdı. Kişi də tək-nəfərlik çarpayıda uzanan kimi öz aləminə qapılırdı; yenıliyə hazırlaşırdı, zira bu dəyişikliyi ifadə edəcək qərar lalın dilindəki söz kimi ölmüşdü.
Ərinin qırxından sonra gəlin uşaqlarını da götürüb şəhərdəki evinə yığışmışdı: Rusiya mühıtində böyümüş uşaqlar kənd həyatına uyuşa bilmədilər, yeni dostları ilə ünsiyyət qurmaqda çətinlik çəkdilər, dərslərində geriləmələr tez üzə çıxdı. Kiçik qardaş da işini - gücünü buraxıb ailəliklə yanlarına köçdü. Yaxşı ki, pullarının olan vaxtı hər ikisi şəhərdə ev almışdılar.
Bayırda qalın, ötkəm səslə çağırırdılar, qadın idi:
- Ay ev yiyəsi! Ay ev yiyəsi!!
- Sözünü de, eşidirəm,- dikəlmədən qışqırdı.
- Evin xanımını istəyirəm!- yad səs israr edirdi.
-Yoxdur, ölüb!- gələn dəmir darvazanın balaca qapısını zərblə çırpıb çıxdı. Yəqin qab-qaşıq satanlar idi, ancaq onları evin xanımları maraqlandırır.
Donquldandı ki, onsuz da qadın qayıtmayınca dinclik olmayacaq, ona görə bayıra çıxdı, kölgə düşən yerdə oturdu. Səhərki söz onu bərk tutmuşdu: hərçənd nəyisə araşdırmaq, təhlil etmək onluq deyildi. Səkkiz yaşında hamılıqla qonşu kənddən qovulmuşdular: hafizəsində qalanı o idi ki, kolxoz sədri olan əmisi atasının üstünə tüfəng çəkmişdi. O zamanlar kolxoz sədri kəndin Allahı sayılırdı. Uşaqlığı yeni kolxozun quzularını otarmaqla keçmişdi. Özünü müstəqillikdən sonra yarınanlardan sayırdı. Əvvəl-əvvəl hərbi şəhərcikdə komendant idi, rus hərbçiləri köçəndə özləri ilə bir şey aparmadılar, ona etibar etdilər ki, ev əşyalarını satıb pulunu göndərəcək, neçə illəri onlarla yeyib-içmək karına gəlmişdi. Amma gözləyə-gözləyə qaldılar. İslahatlar dövrü daha çox söküntüləri qamarlamaqla yadda qaldı. Qılıncının dalı-qabağı kəsirdi. Hər şey çox rəvan gedirdi, xaricdən axan pulla istənilən işi yoluna qoymaq olurdu. Oğlanlar ailələrini də yavaş-yavaş dartıb yanlarına aparırdılar, böyüyən nəvələr əvvəlcə bağçaya, sonra da məktəbə gedirdilər. Yatıb yuxusuna girməzdi ki, bu rəvan prosesi hansısa qüvvə pozar, hətta dayandıra bilər. Ancaq çərxi- fələk bir anda aləmi qatdıqarışdırdı.
Tanımadığı gənc evə məhrəm adam kimi düz üstünə gəlirdi. Əlində məşhur qadın müğənninin yarıçılpaq şəkli olduğu köhnə sellofan torba vardı.
- Kimsən, nəçisən, a bala?
- Salam dayı, dilənçiyəm.
- Dolama, sən canın... Dilənçilər salam verməz... Üst-başından da oxşamırsan...
- Təzə başlamışam... Bizi gətirən maşın naruşeni elədi. Əslində kəndin girəcəyində saxlamalı idi ki, əynimdəkiləri dəyişim...
- İndi dayıdan istəyin nədir?
- Yer göstərərdi köhnələrimi geyim... – ümidsizcəsinə mızıldandı.
- Utanma, böyüklərimiz buyurub: utanandan dılənçi olmaz. Ancaq sən dilənçidən çox bələdiyyə vergisini yığana oxşayırsan... Başqa bir iş tapsaydın...
- Əsgərlikdən təzə gəlmişəm. Hələlik bunu məsləhət bildilər...
- Buyur, hələlik qəhrəman.- Qabaqlar dilənçıləri nəinki dindirər, pul verər, qapıdan girər- girməz acılayıb qovardı. Qadını deyinirdi ki, belə eləmə, dılənçilər adi adamlar deyillər, Allah onları qurban olduqlarımızın qiyafəsində qapılara qonaq göndərir, səni sınağa çəkir, nəyə gücün çatır, ver, yola sal. Sonra da başlayırdı eşitdiyi, bildiyi hədislərdən danışmağa...
Xatırladı, gəncə paltarını dəyişmək üçün hamamın qapısını göstərdi.
Dilənçi köhnələri dəyişib görünəndə sarsıldığını hiss etmək çətin deyildi:
- Mən həyatım boyu belənçinə hamam görməmışəm...
- Bəs evinizdə harda yuyunursan?
- Mal tövləsində bir yer düzəltmişik...- Pis xatırlatma idi: onlar da uşaqlıq illərini hamılıqla yastı-yapalaq palçıq tövlənin boş gözündə yuyunurdular. Çox vaxt isti su da olmurdu. Havalar qızanda kəndin içindən keçən çay Əli kimi əksəriyyətin dadına çatırdı. O vaxtdan az qala əlli il ötür.
- Gedim mən...
- Dayan,- sarı beşliyi ona uzatdı.
- Çoxdur bu, belədə mən milyoner olaram...
- Tut görüm, dolama dayını, milyonlar sənlik deyil.- Dilənçi sürətlə qapıdan çıxdı. Bundan sonra sakitlik olacağı ümidi ilə ayağa qalxıb, içəri qayıtdı.
...O, hıçqırtıya oyandı:
- Niyə ağlayırsan?- qadın fermadan qayıtmışdı, son vaxtlar pişik kimi içəridə səssiz gəzirdi.
- Qərara gəlmişəm ki, payızda yenə rəngli noğullar bişirim... - Tamamilə gözlənilmədən ağlına gırən ideyanı üyüdürdü. - Heç də vacib deyil ki, yalnız çoxdan fikrində dolaşan planları həyata keçirəsən, deyirlər gözlənilməz verilən qərarların uğur qazanmaq şansı daha çox olur...
- Bunun üçün məni ayıltmağa dəyərdi?! Sən bu uğurun nəticəsini iyirmi il bundan qabaq görmüş-dün axı...- Qadın yaylığı gözlərinə sıxaraq maraqla kışini dinləyirdi. - Ancaq bir daha heç vaxt onun arzusunda olmayacağını söyləmişdin...
- Qoy boğazacan işin içində olum ki, nə barədəsə fikirləşməyim... - Tamamilə sakitdi. - Bu işdə özünəməxsus həyat var.
- Bu nə işdir? Yaxşı, yaxşı, təsəlli vermirəm... Ən pisi odur ki, həyat belə davam edəcək. - Kişi durub oturdu. Sonra zarafatından qalmadı ki, əslində noğul bışirmək üçün peşəkar şirniyyatçı olmaq vacib deyil.
- Amma hər şeyi yenidən başlamaq lazım gələcək. Görürsən, insanın tamahı sərhəd tanımır.
Tək olduğu müddətdə kişi də özünü tamamilə yeknəsəq işə həsr etmək qərarına gəlmişdi.
Qızmar, anormal yaysa heç cür qurtarmaq bilmirdi.