YA ÖLDÜR, YA BAĞIŞLA
Yığıb ətdən, sümükdən,
Allah bir heykəl qurub
Kimsə dəyməsin deyə
Haqq sənə möhür vurub.
Zirvənə günəş düşməz,
Ətəyin duman, çəndi
Köksün bir qoruq olub,
Açılmaz belin bəndi.
Sinən göy üzü kimi,
Məndən uzaqdı, uzaq
Saralan şamamanın
Üstündən əsir sazaq.
Sərilsə bəyaz sinən
Sinəmdən üz aşağı.
Of demərəm, tökülsə
Başımdan köz aşağı.
Deyirlər ki, cənnət var,
Dəyməz bircə telinə.
Sanaram cənnətdəyəm,
Əlim dəysə əlinə.
Ruhum bir mələk kimi
Səcdənə enir indi.
Ya öldür, ya bağışla,
Küll ixtiyar sənindi.
BU BAŞ, BU BƏDƏN, BU AYAQ
Geyinib Adəm kürkünü,
Yandırıb simurq tükünü,
Çəkir dünyanın yükünü
Bu baş, bu bədən, bu ayaq.
Ərşə bax, ərşdən dolanır,
Göydəki fərşdən dolanır,
Oddan , atəşdən dolanır,
Bu baş, bu bədən, bu ayaq.
Üfüqdə dandı sökülür,
Gözümdən qandı tökülür,
Hər gün torpağa əkilir,
Bu baş, bu bədən, bu ayaq.
Bircə buğda dənəsidi ,
Can göyərdən sinəsidi.
Bir gün haqqa dönəsidi,
Bu baş.bu bədən, bu ayaq.
CAME QAPISI
Könlüm came qapısı,
Açıqdır səhər-axşam.
Hər gün neçə qəriban
Könlümdə yandırır şam.
Canımdan can diləyir,
Ruhumdan alır nəfəs.
Dilində qəmli dua,
Ürəyi pərişan kəs.
Könlüm came qapısı,
Gözlərim çax-çaxıdır.
Hər gün neçə yuvasız
Gözümdən yaş axıdır.
Qollarım cüt minarə,
Sinəm bir mehrab kimi.
Açılıram önündə
Müqəddəs kitab kimi.
Boylanma içəriyə,
Könlümə girdin, yeri.
Könlüm came qapısı,
Qəribin ümid yeri.
SƏN BELƏ ...
Sən belə soyuq-soyuq
Nə baxırsan üzümə.
Bir ümidi budayıb
Çırpı atma közümə.
Könlüm çör-çöp, palçıqdan
Yoğrulan quş yuvası.
Yazdı, yaydı, payızdı
Ürəyimin havası.
Canım ocaq yeridi,
Od sinəmdə tövşüyür.
Sən elə soyuq-soyuq
Baxma, könlüm üşüyür.
Gözlərimin içində
Açar bir yaz çiçəyi.
O soyuq baxışlardan
Tökülər ağ ləçəyi.
Sən elə soyuq-soyuq
Durub baxma üzümə.
Bu ocaq yanan deyil,
Çırpı atma közümə.
SƏNİ DÜŞÜNÜRƏM
O yanaq sənindimi,
Üstündə gül göyərir.
Bu dodaq mənimdirmi,
O yanaqdan gül dərir.
Sinə sənin sinəndi,
Payızda xırman olar.
Dilindən bal süzülər,
Dodağın şan-şan olar.
Şeh düşər gül üzünə,
Bənövşə yuxun qaçar.
Oxusan gözlərimi,
Öz eşqindən söz açar.
Qollarım sinəm üstə
Oyuncaq kağız gəmi.
Daşıyır hər gün sənə,
Gözümdən düşən nəmi.
Ay doğur, gecə keçir,
Söz düşür varaq üstə.
Mən səni düşünürəm,
Yenə ay boyu bəstə.
MƏZAR DAŞINDA YAZI
Ağlama məzarım üstə,
Bu dünyada yoxam deyə.
Saçından üçcə tel ayır,
Dua oxu üzü göyə.
Bircə ovuc su çılə sən,
Qara torpağım göyərsin.
O qurumuş ağacların
Quru budağı göyərsin.
Göz yaşı tökmə üstümə,
Sıçrayar ota, yarpağa.
Qaralar üstümdə torpaq,
Başdaşım qalxar ayağa.
Torpaq çəkilər bir yana,
Açıqda qoyar üstümü.
Göy üzü görər gözümdən
Yuxarı qalxan tüstünü.
Canım məmləkət basıldı,
Qəhr olub endi bayrağı.
Sağ ikən canım yanırdı,
İndi də yanır torpağı.
Bu dünya son mənzil deyil,
Çəkilməz bir ömrün nazı.
Göyə oxunan duadı,
Məzar daşındakı yazı.
TÖKÜLÜR
Saza bax, sən saza, Allah,
Sinəsindən od tökülür.
Dönübdür yanar təndirə
Daş əriyir, bad tökülür.
Qəhr olur Keşişin nəsi…
Açılır Əsli düyməsi,
Od tutur çoban xeyməsi,
Divar çökür çat tökülür.
Çəkir səsin ağırını,
Unudur can hər ağrını,
Dərd göynədir saz bağrını,
Neçə havacat tökülür.
Alov qalxır, köz qarışır,
Düşüb közə söz sayrışır,
Saz od tutur, saz alışır,
Səsə camaat tökülür.