VARŞAVA ŞEIRLƏRI
1
otel izdihamında
tənhalıq içindəyəm
dilini bilmədiyim bu şəhərdə
lal kimiyəm
küçə fənərləri boylanıb baxa bilmir
26-cı mərtəbənin pəncərəsindən
Novotelin 26-cı mərtəbəsinin pəncərəsindən
Varşava gecəsinə baxıram mən
sanki bu şəhərdə
bu oteldə
bu pəncərədə
dayanıb durub zaman
və mənim tənhalığım
qapıya boylanır hər an
2
qapı döyülsə birdən
diksinərəm mən
paltosunun boynunu qaldırmış
kölgənin addım səsləri
dolacaq otağa
Varşavaya qar yağır
qar yağır ağacların
üşüyən budağına
xəfif bir sükut çökür
qəribin yatağına
NOVOTELIN PƏNCƏRƏSINDƏ DÜŞÜNCƏLƏR
baxışlarım pəncərədən
hey boylanar
küçə küçə
xəyallarım
küçələrdən keçə keçə
gah şəhərin o başında
gah şəhərin bu başında
dolaşırıq qoşa qoşa
dolaşırıq biz baş başa
gəzib gələn
dil bilməyən xəyalları
təkadamlıq nömrəmə
ha yalvardım buraxmadı
buraxmadı qapıçı qız
bu gecə də qaldım yalqız
mərtəbəni an içində qalxa qalxa
26-cı mərtəbədən əl uzatdım
nöqtə əlim pəncərənin şüşəsində
kölgən gəzir Marzalkovska küçəsində
***
eşidə biləcəmmi sənin səsini
duya biləcəmmi nəfəsini
elektron poçtundan
nədən biləcəm bunun sən olduğunu bu anda
nə xəttin nə səsin var ekranda
mən köhnə adamam
sözündən cümləndən düzüb qoşacam səni bu axşam
monitorun yuxarı sağ küncünə
məni görürmüş kimi
kövrəlib sıxılan cümlələri
heca heca
hərf hərf
oxuduğum
sən də oxuyub yazılarımı
uyuyacaqsan isti xəyalların qoynunda
qoşa əl (əllərin) boynunda
monitorun ekranında
məktublar uçuşur yenə
əlini uzat mənə
***
bu qürbət ölkədə
ilk gördüyüm insanların təbəssümündə
unutdum qəribliyimi
isindi mənimçün Varşavanın küçələri
işıqlandı ertədən düşən geçələri
insan qərib olmur
qəriblik unudulan yerdə
yabançı dil əriyir
təbəssümün içində
səninçün tanış gələn
baxışlar bir biçimdə
qulaqlarda gülüşlər
gözlərimə hopubdur
siluetlər bənizlər
insanlar tanış gəlir
doğmalaşan şəhərdə
sən özün özünü
qərib saymayan yerdə
***
qibtə ediləcək
bir azadlıq hissi var
insanların gözündə
daxili bir rahatlıq
danışıqda sözündə
sevinc dolu səs-küydü
sevişən küçələrdə
işıqlı gecələrdə
bu sevincli günlərdə
neylədim sizlərtəki
sevinib güləmmədim
danışıb dinəmmədim
gülüşə öyrəşməmiş
üzümün yarısında
təbəssümlər soyudu
sizdə bahar
bizdə payız sonudu
SOLIDARNOST MUZEYINDƏ
Bakının 20 yanvarını gördüm
Solidarnost muzeyində
İllərin ağrısın
içində yaşadaraq
Polşanın son tarixin
bizə danışırdı pan,
bizlərin yaşadığın
bizə danışırdı pan.
Azadlıq eşqinin
istisindən əriyən
qara kabus kölgəsi
deşilib dağılırdı,
illərin yaraları
anbaan sağalırdı.
Sonunda günəş doğan
bu sevincli günlərə
baxıb sevinirdi pan.
Bir sanlı tarix yatan
Solidarnost muzeyində.
QDANSK SON GECƏ
Qdansk
bir küçəsində neçə əsr yaşayan şəhər
sevincini mənimlə bölən məkan
səninçün darıxacam yaman
Neptunun heykəlinin yanındakı suya
qəpiklər atıram
bir daha qayıtmağa
könlümü oyatmağa
küçədən keçən qonaqları çağıran
yantar satan dilavər qocanın səsi
oyadar məni röyalarımda
Baltlika pariaska kilsəsinin yanındakı
Katownia türməsindən
əsən soyuq külək
hələ də üşüdür məni
işıqlı Dliğa küçəsini
addım-addım gəzən sərxoş xəyallarım
məni yatmağa qoymur
bu gecədən
bu küçədən
könlüm doymur
yuxusuz gecəm başlar
gecənin gözlərində
ayrılıq yağmuru var