Alçaqların yüksəkdə, yüksəklərin alçaqda olması ən böyük haqsızlıqdır.
Müdrik sözü
Qapısı uzun, ensiz dəhlizə açılan auditoriyanın qarşısına yığılmış tələbələr öz aralarında pıçıltı ilə danışır, sonra kandarda oxlov udmuş kimi dümdüz dayanıb qırışığı açılmayan həmyaşıdlarına bir-bir yaxınlaşırdılar. O, qoltuğuna sıxdığı jurnalı əlinə alıb, arasındakı vərəqə nə isə qeyd edirdi.
Bir qədər aralı, dəhlizin pəncərəsi önündə iki nəfər söhbət edirdi. Bayaqdan auditoriyanın qabağında vurnuxan tələbələrə gözaltı nəzər salan ucaboy oğlan söhbətinə ara verib susdu. Ani sükutdan sonra gödək, tökməbədən dostuna sarı başını əyib pıçıltı ilə soruşdu:
-Orada nə olub görən?
-Nə olacaq, bu gün imtahan verəcəklər, hazırlıq görürlər.
-Hazırlıq görürlər?
O, yerində dartınıb özündən bir baş hündür olan dostuna aşağıdan yuxarı boylanaraq təəccüblə gözlərini ağartdı:
-Elə şey soruşursan ki, bişmiş toyuğun gülməyi gəlir, məgər sənin oxuduğun universitetdə imtahana hazırlıq görmürlər?
-Hazırlıq deyəndə ki… Bizdə uşaqların çoxu kitabxanada hazırlaşır. Eləsi də var evdə, yataqxanada oxuyur dərslərini.
-Bəs sonrası?
-Nə sonrası? İmtahan verib qiymətlərini alırlar da...
-Bəh-bəh, bu lap nağıla oxşadı ki! Deyirsən hamı hazırlaşıb halal-hümmət qiymətini alır?
-Hamı niyə? Çalışan, hazırlaşan qiymətini alır. Pis oxuyan kəsilir, başlayır yalvarmağa, minnətçi axtarmağa. Babal yumuram, ancaq qulağım günahkardır, eşidəndə ki, qiymət almaqçün nə hoqqadan çıxırlar, onların yerinə xəcalət çəkirəm. Xasiyyətimi bilirsən də, mənim aləmimdə oğul gərək kişi ola! Yəni zəhmət çəkib oxuya, bilik qazana. Yox, başı o cür qavramırsa, getsin bacardığı işin qulpundan yapışsın, peşə öyrənsin. Yoxsa, əyri-üyrü yollarla ali təhsil, diplom almaq, oğurluq eləmək kimi bir şeydir.
-Doğru deyirsən, səninlə razıyam. Ancaq bunun bir «əmması» var axı. Gərək adamın dayısı ola, indiki zamanda adamsız adamı heç saya salan yoxdur.
-Elə deyil. Axı…
-Nə axı? Elə biri sən özün. On il bir sinifdə oxumuşuq, biliyinə, savadına sözüm yoxdur. İndi də universitetdə beşləri düzürsən yan-yana. Təki olsun, sevinirəm dost kimi. Ancaq onu da bilirəm ki, vəzifəsiz, sadə bir kişinin oğluna – yəni sənə imtahanlarda əla qiymətlər elə-belə verilmir.
-Necə yəni elə-belə? Çalışıram, oxuyuram, qiymətimi də alıram.
-Bizdə səndən də çox çalışanlar, yaxşı oxuyanlar var, ancaq layiq olduqları qiyməti vermirlər, incidirlər, get-gələ, gözümçıxdıya salırlar.
-Axı niyə?
-Ona görə ki, onların dayıları yoxdur. Amma sənin var. Özü də elə yüksək vəzifədədir ki, müəllim, kafedra müdiri, dekan bir yana, nazirlikdə də adını eşidəndə titrətməyə düşürlər. Ələlbət tapşırırlar ki, qiymətini yazsınlar. Sən onsuz da yaxşı oxuyursan, o qiymətə layiqsən. Amma bəla burasındadır ki, heç bir savadı, biliyi olmayana, dərslərə gəlməyənə də qiymət yazılır, sonra da diplom verilir. Bir şərtlə ki, ya dayısı olsun, ya da pulu.
-Mən belə sözləri başqalarından da eşitmişəm, amma inanmamışam. İndi də sən deyirsən, yenə inana bilmirəm. Yaxın dostum kimi yaraşdırmıram belə boş söhbətləri, qeybətləri sənə.
-Olanı deyirəm mən, eşitdiyimə yox, gördüyümə inanıram. Rəhmətlik babam deyərdi ki, əstəğfürullah, gözüynən görən Allahdan çox bilir. İnanmırsan? Diqqətlə bax auditoriyanın qabağında vurnuxan tələbələrə. Qapının ağzında qaş-qabağını sallayan, qırışığı açılmayan sinifkomdur, əlində tutduğu jurnalın içində siyahısı. İmtahan başlayan kimi o siyahını qoyacaq müəllimin qabağına. Öz qrupumuzda da belə siyahını görmüşəm: tələbələrin adı, soyadı, verdikləri pulun qədəri, hər qiymətin – 3-ün, 4-ün, 5-in məzənnəsi var bu siyahıda. Verməyən, siyahıya yazılmayan bəxtindən küssün. Təkcə kənarda dayanan o ucaboy oğlandan başqa.
-O kimdir ki, deyirsən yəni dayısı var?
-Tələbə yoldaşları öz aralarında ona «adamsız adam» deyirlər. Nə dayısı var, nə də pulu. Amma savadına, biliyinə söz ola bilməz. Allah vergisidir istedadı. Adı Hünərdir, elə adına layiq oğlandır. İmtahanda ona «4» vermək istəyən müəllimə əla qiymətə layiq olduğunu sübut edə bilir. Haqsızlıq olanda, çək-çevirə salanda komissiya tələb edir. Ən çətin suallara cavab verir, çox dəqiq riyazi məsələlərin həllini bacarır.
-Əhsən, halal olsun!
-Ancaq eşitmişəm ki, bugünkü imtahanda ilişə bilər.
-Nəyə görə?
-Dərsdə çox çətin bir məsələnin həlli üstündə mübahisə düşüb. Heç kimin cavabı professor Məmişovu razı salmayıb. Hünər lövhəyə çıxıb professorun öyrətdiyi köhnə, uzun-uzadı hesablama yoluyla deyil, tamamilə yeni, kəsə riyazi üsulla məsələnin dürüst cavabını tapıb… İndi də söz-söhbət gəzir ki, üzdə bildirməsə də, professorun Hünərdən zəhləsi gedir, imtahanda ondan acığını çıxacaq.
-Heç inanılası deyil.
-Düzü, mən də inana bilmirəm. Ancaq deyirlər bu Məmişovdan nə desən çıxar, adamlıqda payı yoxdur, acgözün, pulgirin biridir. Sinifkomun siyahısına baxıb qiymət yazır.
-İnanmırsan, gəl gözləyək, görək axırı nə olur?
-Nə deyirəm, gözləyək.
***
Yarıaçıq həyət qapısında dayanmışdı. Yaşıl donlu, mer-meyvəli ağaclara, ətrafa ətri yayılan, məhəccər boyu sıralanıb göz oxşayan gül-çiçəyə baxmaqdan doymurdu. Uşaq, yeniyetmə, ilk gənclik çağlarının sirdaşı – barlı-bəhrəli bağları sanki sehrləmişdi onu. Vaxtilə dələ cəldliyilə budaqlarına dırmaşdığı, xarlanmış şirin-şəkər gilələrini ovuclayıb ağzına təpdiyi iri gövdəli tut ağacını görəndə kövrəldi. Hələ bərkiməmiş kövrək, sütül budaqlarını uşaq ərköyünlüyülə əzişdirdiyini xatırlayıb köksünü ötürdü, xəcalət çəkdi elə bil: «Uşaq ki, uşaq».
Birdən hənirti gəldi qulağına. Həyətin küncündəki it damında zingildəyən Bozdar bir göz qırpımında onun ayaqları arasında peyda oldu, üzünü çəkmələrinə sürtüb qoxladı. Sonra arxasını yerə sürtə-sürtə ayaqlarını yuxarı qaldırıb oynatdı. O, qıllı köpəyin işıldayan gözlərinin yaşardığını gördü: «Ay səni vəfalı dost».
-Ay it… çər dəymiş yenə zəncirini qırıb.
Sahibinin səsini eşidən it eyvandan tələm-tələsik düşən ahıl qadına tərəf götürülüb zingildədi. Elə bil anaya oğlunun gəldiyini xəbər verdi.
-Bıy..y…
Ananın səsi titrəyib qırıldı. Sonra əllərini qaldırıb göyə baxdı:
-Şükür kəramətinə, yuxumu çin elədin.
Hünər ona sarı kövrək addımlar atan anasını qucaqladı. Bozdar bir-iki ağız hürüb quyruğunu bulaya-bulaya yerinə çəkildi.
-Ay Həcər, nə səs-küydü orda?
Ərinin gür səsindən səksənən kimi oldu:
-Heç… İndi gəlib deyərəm sənə.
Başını qaldırıb ucaboy, yaraşıqlı oğlunu qürurla süzən Həcər ana sirr deyirmiş kimi ona pıçıldadı:
-Sən asta gəl dalımca, mən dədəni muştuluqlayım.
Ana ahıl yaşına, arıq vücuduna rəğmən cəld tərpənib yeyin addımlarla eyvana qalxdı. Onun ardınca mümkün qədər ləng addımlayan Hünər birdən anasının eyvanda dayanıb pıçıltı ilə dediyi sözləri eşitdi:
-Dədənin ayaqları ağrıyır. Sən onu tərpənməyə qoyma. Tez otur yanında söhbətini elə.
O özünü eyvandan evə salan kimi ərini muştuluqladı:
-Hə, indi muştuluğumu ver. Sənə dedimmi yuxum çin olacaq? Bax, balamız gəlib.
Atası yayxandığı köhnə divanda yerindən tərpənmək istəyəndə oğlu anasının dediyi kimi elədi. Dərhal əyilib atasını qucaqladı və yanında oturdu.
-Nə oldu sənin ayaqlarına birdən-birə, dədə?
-Hə, elə qəflətən oldu, oğul, – ata əlini qısa, dümağ, arıq sifətinə yaraşan saqqalına çəkib gülümsündü. Sonra ani olaraq fikrə gedib sözünə davam etdi: – Nə qədər ki, məktəbə gedib-gəlirdim heç yerim ağrımırdı. İndi özüm də məəttəl qalmışam, məni tanıyanlar da inana bilmirlər, deyirlər: «Necə oldu, Hikmət müəllimi pensiyaya çıxaran kimi ayaqları tutuldu. Canı məktəbdəymiş yəqin».
Ata dərindən ah çəkdi:
-Hə, düz deyirlər. Mənim canım, ürəyim məktəbdə, gözüm, fikrim şagirdlərdə olub. Onlar da üzümü ağardıblar. Ali məktəblərə qəbul olunublar. Xaricdə oxuyanlar, müdafiə eləyənlər də var. Sağ olsunlar, zəng eləyib hal-əhval tuturlar. Bilirsən müəllim üçün bu nə deməkdir, oğul?! Belə vaxtlarda uçmağa qanadım olmur, ağrı-acılarım yadımdan çıxır.
-Pensiyaya çıxartmasaydılar, ayaqların da ağrımazdı, – deyə arvadı sinədolusu köksünü ötürdü.
-Yox, elə deyil, – kişi etiraz etdi, – hər şeyin öz vaxtı var. Qoy cavanlar işləsinlər indi. Sən də çöl çiçəklərindən, otlardan dava-dərman təpitməsi elə çəkim ayaqlarıma, ağrılarım getsin.
Hünəri maraq götürdü:
-Yəni xeyri olur bunların? – deyə soruşdu.
-Bəs necə? Görmürsən ananı, maşallah olsun, bu yaşında yerimir ki, kəklik kimi səkir elə bil.
Oğlunun qəfil gəlişindən kefi durulan ata səsinin tonunu dəyişib məzə ilə ömür-gün yoldaşına söz atdı:
-Hə, özünə yaxşı baxır, amma mənə görüm-baxım eləmir ki, eləmir.
Padnosda çay-mürəbbə gətirən Həcər arvadı od götürdü:
-Bıy, nə danışır bu? Ay oğul, neçə gündü yerində ilan kimi qıvrılırdı ağrıdan. Gül-çiçəkdən dava-dərman elədim, təpitmə qoydum. İndi özünə gəlib, gör necə məni ələ salır ey!
Ata oğluna göz vurub gülümsündü:
-Ay ana, zarafat eləyir də, bilmirsən xasiyyətini?
-Niyə bilmirəm, fürsəti fövtə verən deyil, zarafata salıb məni sancmaqdan ləzzət alır.
Həcər arvad narazı halda plov qazanı asdığı yan otağa keçdi.
Araya çökən sükutu oğul pozdu:
-Həmişə işləyən adamın birdən-birə pensiyaya çıxmağı darıxdırıcı olur, deyirlər. Yəqin darıxırsan işsiz.
-Hə, əvvəllər yaman darıxırdım. Sonra özümə o qədər iş tapdım ki, – gülümsəyib əlini saqqalına çəkdi, – əslinə qalsa, iş məni tapdı.
Oğlunun baxışlarından oxuduğu suala aramla cavab verdi:
-Deyəsən, sənə təəccüblü gəlir. Atalar deyiblər, iş-güc adamı boş-bekar oturmaz. Mən də elə… Heç bunu fikirləşməmişdim, doğrusu. Bilirsən bu evə hər gün nə qədər uşaq gəlib-gedir? Hamısı da ali məktəblərə qəbul olunmaq istəyir. Mən də hazırlaşdırıram onları riyaziyyatdan-fizikadan test imtahanlarına. Başımı elə qatırlar ki, bir də görürəm qaş qaralır. Sağ olsunlar, həvəs göstərirlər, çalışırlar, öyrətdiklərimi mənimsəyirlər. Bu da mənə ləzzət eləyir. Kim deyir indi uşaqlar oxumur?! Yalan sözdür. Oxuyan elə oxuyur, gecə-gündüz çalışır. Ancaq müəllimdən də çox şey asılıdır. Gərək fənnini mükəmməl biləsən, yaxşı da tədris eləyəsən, uşağın damarını tutasan, həvəsləndirəsən onu. Onda müəllimdən əl çəkməz, pensiyada olanda da evinə gələr.
Hünərin yaraşıqlı çöhrəsinə xoş təbəssüm qondu:
-Mən də səndən dərs almışam. Çox şey öyrətmisən, necə deyərlər, nə tökmüsən yığışdırmışam. Həmişə deyərdin ki, ən mürəkkəb riyazi məsələnin də həlli yolları çoxdur.
-Əlbəttə! İntəhası çalışmaq lazımdır ki, ən qısa, kəsə, dürüst üsulunu tapa biləsən. Bununçun gərək öz üzərində çalışasan, elm aləmində yenilikləri əxz eləyəsən. Bəs bu elmi simpoziumlar, jurnallar, kitablar nə üçündür? Zəhmət çək oxu, öyrən və şagirdlərinə, tələbələrinə öyrət. Məgər dərsliklə kifayətlənmək olar? Hələ dərsliklər nə səviyyədədir? Mən bu barədə yazmışam köhnə tələbə dostlarıma. Hayıf ki, bəziləri elmi dərəcələrin, fəxri adların kölgəsində mürgüləyirlər. İlişib qalıblar keçən əsrin səviyyəsində.
-Bizim professor Məmişov kimi…
-Yaxşı tanıyıram onu, bir oxumuşuq, – köksünü ötürüb başını buladı, – sən bir işə bax, Məmiş də professor olarmış, ordan-burdan köçürə-köçürə, sürünə-sürünə, dondan-dona girə-girə. Daha nə qaldı, görmədik?
Susub fikrə getdi. Tələbəlik illəri yadına düşdü… Ömrünün ən qaynar, unudulmaz çağları arxada qalmışdı. O, universiteti fərqlənmə diplomu ilə bitirmişdi. Dostları ilə Dənizkənarı parka gəzməyə gedirdi. Arxadan səs eşitdi:
-Hikmət, tez gəl kafedraya.
Qaçaraq qayıdıb mərmər pillələrlə yuxarı qalxdı… Ağsaçlı, üz-gözündən nur yağan professor birbaşa mətləbə keçdi:
-Aspiranturada cəmi bir yer var. Səni məsləhət bilmişik. Namizədliyini mən irəli sürmüşəm, ən yaxşı tələbəm kimi.
Hikmət çaşıb qaldı. Bilmədi nə desin, necə cavab versin tələbə yoldaşları ilə birlikdə «riyaziyyatın atası» sandığı, «elmlərin açarı» olan fənni tədris edən, qiymət verməkdə xəsis olsa da, ondan «əla»sını əsirgəməyən böyük alimə, müdrik insana. Professorun lövhəyə yazdığı ən çətin riyazi məsələləri tələbə yoldaşları arasında birinci o həll etmişdi, suallarına dürüst cavab vermişdi bu beş ildə. İndi isə cavabının qarşısında gözlərinin önündən çəkilməyən kənddəki qoca ata-anası, hələ kiçik, boya-başa çatmayan qardaş-bacıları durmuşdular. Heç kimə yox, özünə söz vermişdi ki, təhsilini bitirən kimi mütləq qayıdacaq, onu boya-başa çatdıran ailəsinə köməyini əsirgəməyəcək.
Professor müdrik insandı, vaxtilə kasıb, imkansız ailədə böyümüşdü. Tələbəsinin həyəcandan titrəyən qırıq-qırıq sözlərindən ona hər şey aydın oldu. Fikrə gedib köksünü ötürdü. Kövrək səslə:
-Hə, başa düşdüm səni, – dedi, – get, kənd məktəbində işlə, ailənə kömək elə, ancaq…
Hikmət professorun səsində adətən auditoriyanı bürüyən bir qətiyyət duydu:
-Ancaq ilişib qalma! Borcunu verdin, köməyini elədin, qayıt gəl. Həm dərs deyərsən, həm də müdafiəni eləyərsən. Mən zənnimdə heç vaxt yanılmamışam, gələcəkdə səni dəyərli riyaziyyatçı alim kimi görürəm.
«İlişib qalma!» Neçə illər qabaq yaşlı professorun dediyi sözləri hər dəfə xatırlayanda mat-məəttəl qalırdı. Vaxt elə bil uçurdu. Ata-ana dünyalarını dəyişmişdi. Qardaşlarını evləndirib, bacılarını köçürmüşdü. Hamısının da evi-eşiyi, boyları bərabərlərində övladları… O da ailə qurdu, ata oldu, yeddi oğul, bir qız atası. Məktəbdə həmkarları zarafatla deyirdilər ki, Hikmət müəllimin övladlarının sayı lap nağıllardakı kimidir. Pəhləvan qamətli yeddi oğul, mələk kimi bir qız… Sonra toy-toya calandı, qızını gəlin köçürdü, altı oğlunu evləndirdi. Onlar da zirək tərpənib özlərinə sar-sahman düzəltmişdilər, indi təsərrüfatla məşğul olub ailələrini dolandırırdılar. Qalmışdı sonbeşiyi Hünər.
Bayaqdan fikrə gedən ata oğlunu ilk dəfə görürmüş kimi diqqətlə süzdü. Ürəyi fərəhlə döyündü. Sonbeşiyi özünə çəkmişdi: «Hünər çox-çox irəli gedəcək, oğul atanı ötüb keçməsə inkişaf olmaz. Həyatın qanunu belədir… Mən bu yaşımda çalışıram dünənimdə qalmayım, ayaqlaşım bu günümlə. Elmi kitablardan, jurnallardan bəhrələnib test imtahanlarına hazırladığım uşaqlara riyazi məsələlərin həllinin təzə üsullarını öyrədirəm. Hünər oğlum isə elmi yenilikləri daha tez əxz eləyir. Nədən ki, internetlə birbaşa dünyanın məşhur kitabxanalarına «girir», ən yeni elmi kitabları, jurnalları bilgisayarda «vərəqləyir», ona gərək olan fəsilləri, bölmələri ingilis dilində sərbəst oxuyub tərcümə edə bilir, özü yeni üsullar, formulalar, düsturlar düşünür. Belə getsə, mən ömrüm boyu nail ola bilmədiklərimi oğlumun əməllərində görəcəyəm, inşallah»
Ümidlərini evinin sonbeşiyinə bağlayan atanın nikbin düşüncələrdən üzü işıqlandı. Əlini ehmalca saqqalına çəkib qürurla oğluna nəzər saldı:
-Xəbərin özündən tez gəlib evimizə. Eşitmişəm imtahanlarını əla vermisən. Çalış dövlət imtahanından da beşini alıb aspiranturada oxu.
Hünər alnını ovuşdurdu:
-Əvvəl iş tapım gərək. Sonra müdafiə edərəm.
-İş tapmaq çox çətindir deyirlər. Sovetin vaxtındakı kimi indi təyinat yoxdur axı.
-Hə, iş tapmaq işləməkdən çox çətindir, – Hünərin dodağı qaçdı, – xüsusən adamsız adam üçün.
Ata sual dolu baxışlarını oğluna zillədi.
-Narahat olma, dədə, – oğul atasını arxayın saldı. – Mən müsabiqə yolu ilə işə düzələcəyəm.
Çiynindən ağır yük götürülmüş kimi Hikmət müəllim dərindən nəfəs aldı. Yan otaqda ocağın üstündə plov qazanını dəmə qoyan Həcər ana içəri girib süfrə saldı.
***
Başını qaldırıb qapıda müntəzir duran köməkçisinə baxdı:
-Xeyir ola!
-Xeyir deyəndə ki, nazirlikdən zəng eləmişdilər. Müsabiqədə üstün olanlardan birini bizə göndəriblər.
Rəis qaş-qabağını tökdü:
-Əcəb işə düşmüşük. Nə müsabiqəbazlıqdır, bilmirəm.
-Təzə dəb düşüb. İşə düzəlmək istəyənlərin müsabiqəsini keçirirlər. Bəyəndiklərini aşağıya – ıdarələrə, şöbələrə göndərirlər. Bizə də bunu məsləhət görüblər.
O, əlində tutduğu qovluğu idarə rəisinin qarşısına qoydu. Rəis qovluqdakı sənədləri diqqətlə nəzərdən keçirdi:
-Bu həmişə əlaçı olub ki, orta məktəbdə də, universitetdə də.
-Elədir. Qəbul vaxtı ən çox bal toplayıb, xüsusi təqaüd alıb. Üç dil bilir, bilgisayar kursunu bitirib, proqram hazırlayır.
Rəisin köməkçisinə acığı tutdu:
-Səndən yaxşı vəkil olardı. Onun-bunun vəkilliyini eləyib başını dolandırardın.
Rəisinin xasiyyətinə yetərincə bələd olan köməkçi səhvini başa düşüb büzüşdü:
-Bağışlayın, elə bildim…
-Nəyi bildin, ə? – rəis kükrədi, – sənə deməmişəm nəyi bilmək vacibdir hər şeydən əvvəl?! Əl boyda kağıza yaza bilməzdin bunun kim, kimin adamı olduğunu? Yoxsa heç öyrənməmisən?
Köməkçinin içinə saldığı səsi titrədi:
-Öyrənmişəm. Siz deyən adamı yoxdur. Adamsız adamdır lap. Atası müəllim olub, indi pensiyadadır. Çoxlu qardaşı var, hamısı da təsərrüfatla məşğuldur.
-Fermerdirlər?
-Xeyr, siz deyən o cür imkanları yoxdur.
-Hardan bildin imkanlarını? Pul kisələrini sənə göstəriblər? Dedim ki, heç kimin vəkilliyini eləmə. Əyə, bilmirsən ətin qiyməti yenə kəlləçarxa çıxıb. Allahın quru otunu, yoncasını şəhərə gətirib bilmirsən neçəyə satırlar bu kəndçilər? Sonra da deyirlər, pulumuz yoxdur, güclə dolanırıq. Yalan deyirlər, vergidən gizlədirlər gəlirlərini. Bildin?
Köməkçi müti halda başını tərpətdi:
-Hardadır o?
-Gözləmə otağında.
-Apar müavinin yanına. Komissiya yaradar, əməlli-başlı sorğu-suala tutar, get-gələ salar, ağzını boza verər. Onu bir də mənim qapıma yaxın buraxma, de ki, belə işlərə müavin baxır. Qoy bir-birilərini boğaza yığsınlar.
Köməkçi kabinetdən çıxan kimi qırmızı telefon zəng çaldı. O, dəstəyi ustufca götürüb qulaq verdi. Dinlədikcə kudu kimi sarımtıl üzü rəngdən-rəngə düşdü. Sonra səsi titrədi:
-Başa düşdüm sizi. Bəli, bəli, hər şey aydındır. Narahat olmayın, necə tapşırmısınız, elə də olacaq.
Dəstəyi yavaşca yerinə qoyub, ağır yükdən azad olmuş kimi nəfəsini dərdi. Dəsmalını çıxarıb alnında puçurlanan tərini sildi. Köməkçisinin düyməsinə toxunan kimi o, qapıda göründü. Sonra rəisinin məlum işarəsilə yaxın gəlib əyləşdi və dərhal dəftərçəsini açıb qələmini hazır tutdu.
-Lazım deyil yazmaq. Diqqətnən qulaq as, yadında saxla.
-Baş üstə!
Rəis elə bil boğazına pərçim olan nəyisə güclə udub köksünü ötürdü:
-Demək belə, göstərişi var böyüyün, şəxsən özünün. Canla-başla yerinə yetirməliyik.
-Aydındır.
-Xanım təşrif buyuracaq bir azdan. Özün arxa qapıda gözlə onu, mənim yanıma elə gətir ki, heç kim görməsin.
Köməkçi bir göz qırpımında yox oldu. Rəis kabinetində var-gəl elədi. «Hə, belə-belə işlər. Gərək elə şərait yaradam ki, xanımın ruhu da inciməsin. Zarafat deyil, kişi mənə etibar eləyib. Bunun iki başı var: damarını tuta bilsəm, yüksəklərə qaldıracaq məni, yox, Allah eləməmiş, kişinin ürəyi istəyən kimi olmasa, cin vurar başına, od püskürər… əridər məni, yaman günə qalaram… Allah, amandı, özün saxla o gündən».
Köməkçi təngnəfəs içəri girdi.
Rəisin ona zillənən sual dolu baxışlarına cavab verdi:
-Siz deyən kimi elədim, – titrək ah çəkdi, – zalım qızı alışıb yanır, elə gözəldi ki, adamın gözü qamaşır.
Rəis zəhmlə ona baxdı:
-Şor gözünü zillədin ona?
Köməkçi dərhal özünü yığışdırıb yumağa döndü:
-Yox canım, gözucu baxdım ki, yol göstərim, yanınıza elə gətirim başqası görməsin.
Rəis ayağa durub özü qapını açdı:
-Xoş gəlmisiniz, buyurun keçin yuxarı başa.
Cavan, gözəl xanım onun göstərdiyi kresloda oturmadı. Baş tərəfdə böyük masadan bir qədər aralıda yumşaq divana yayxanıb süzgün baxışlarla rəisə çəpəki nəzər saldı: «Özü də köməkçisi kimi şorgözdü. Elə hamısı belədi bu kişilərin, bir bezin qırağıdı».
Rəis adəti üzrə keçib öz kreslosunda əyləşmədi. Elə ayaq üstə sözünü deyib hörmətli qonağını xatircəm eləmək istədi:
-Sizinlə əlaqədar bütün göstərişlərə yüksək səviyyədə əməl olunacaq. Lap ürəyiniz istəyən kimi...
Qıyqacı baxışlı xanım onun sözünü ağzında qoydu:
-Ürəyim istəyən kimi? Maraqlıdır, siz mənim ürəyimi nə tez, necə oxuya bildiniz?
Rəis gözləmədiyi qəribə sualdan çaşıb qaldı. Birdən-birə canını soyuq tər basdı. Qapı qabağında müntəzir dayanan köməkçisinin dodağı qaçdı. Tez başını aşağı saldı ki, rəis görməsin.
-Mən sözgəlişi dedim bunu, – rəis tələm-tələsik fikrini izah etməyə çalışdı, – yəni, bizə verilən tapşırığı yerinə yetirəcəyik, istədiyniz kimi sizə şərait yaradacağıq ki, rahat olasınız.
Xanım rəisə qəribə nəzərlə baxıb gözlərini süzdü:
-Mən yanında olanda Özü tapşırdı ki, elit şərait yaradılsın burada, istədiyim vaxt rahat gəlib-gedim. Özü belə istəyir ki, mənimçün xoş olsun.
Xanım «Özü» sözünü xüsusi vurğu, əda ilə deyib, sakit, yumşaq səslə əlavə etdi:
-Universitetdə oxuyanda da belə olub, istəyəndə getmişəm dərsə, istəməyəndə yox. Qiymətlərim necə yazılıb, qırmızı diplom nə təhər başa gəlib Özü bilir. Çox həssas, duyumlu insandır. – Xanım susub rəisi zənnlə süzdü.
-Elədir, çox qayğıkeş insandır, – rəis udqundu, – bizdən də əsirgəmir hər cür yardımını. Keçən həftə gəlib sıravi işçilərnən elə səmimi söhbət elədi ki!.. Sonra arxa qapıya açılan otaqlara baxdı. Tapşırdı ki, necə lazımdı hazırlayaq sizinçün. İstirahət, qonaq qəbul etmək üçün hər cür şərait yaratmışıq.
-Yaxşı eləmisiz, şair dostlarımla görüşürəm. Lirik şeirlərimi çox bəyənirlər, qəzet-jurnallarda çap elətdirirlər. Şəxsən Özü mənim lirikamın vurğunudur. Kitabımı çap elətdirib. Deyir şeirlərini oxuyanda ürəyinin çırpıntısını eşidirəm sənin. Kitabım kabinetində, stolunun üstündə, gözünün qabağında olur həmişə.
Rəis qapının qabağında əmrə müntəzir dayanan köməkçisinə üz tutdu:
-Xanımın kitabını al gətir, oxuyaq.
*
***
Ezamiyyətdən qayıdan kimi rəis köməkçisini yanına çağırdı. Bu, onun şakəri idi: harada olur-olsun işə gələn kimi köməkçisini sorğu-suala tuturdu, onu ən yaxını, görən gözü, eşidən qulağı sayırdı.
İdarədə bilirdilər köməkçi hansı yuvanın quşudur. Onun yanında ya artıq-əskik danışmır, ya da dillərini «qıfıllayıb» susurdular. Di gəl ki, ən yaxın dost, sirdaş bildiklərinə pıçıldadıqları belə rəisə çatdırılırdı. Lap məəttəl qalırdılar. Axı, bu necə ola bilər?
«Çox sadə, buna nə var ki,» – köməkçi içində onları məsxərəyə qoyur və idarənin az qala hər addımında rəhbərliyə «sədaqətlilər şəbəkəsi»nin xidmətindən məharətlə yararlanırdı. «Bəs necə? Nə dost, nə sirdaşbazlıqdır, bilmirəm. Sənin lap evində arvadına dediyini öyrənməsəm, rəisə çatdırmasam, gözümə yuxu getməz. Nə təhər eləyirəm bunu? Ay-hay, elə bilirsən rəisin köməkçisi, kölgəsi olmaq asandır? Gərək adamın qanında, canında, lap iliyində ola belə nəsnələr». O, içində belə düşünür, sirrini heç kəsə demir, idarədə hamını mat-məəttəl qoyan «məharətindən» ləzzət alırdı.
İndi həmişəki kimi qapının yanında əmrə müntəzir durmamışdı. Rəisin istəyilə sağ tərəfində oturub sorğu-suallarını müfəssəl cavablandırır, ezamiyyət müddətində idarədə baş verənləri, bəzi məxfi məqamları çözələyib onu məlumatlandırırdı.
-Heç xanımdan danışmırsan?
Rəisin qəfil atmacasındakı qınaqqarışıq irad onu çaşdırdı.
-Yoxsa xəbərin-zadın yoxdur heç?..
Sual dolu baxışlar altında üşüyən kimi oldu. Ancaq təcrübəli «xəfiyyə» fəhmi ilə tez özünü ələ alıb irişdi:
-Niyə yoxdur, heç elə şey olar? Özünüz bilirsiniz ki, bu idarənin hər qarışında gözüm var mənim.
-Bəs onda?..
-Heç bilmirəm necə deyim, – ani olaraq susub fikirli halda gözlərini döydü. Sanki tərəddüd edir, deməyə münasib söz axtarırdı, – elə hadisələr olub ki, çaşıb qalmışam, deməyə dilim gəlmir.
-Niyə, sən ki dildən pərgarsan?!
-Düz deyirsiz… Xanım həyətin arxa qapısından gəlib-gedirdi bir boylu-buxunlu cavan oğlanla, mən də göz qoyurdum gizlicə, hər ehtimala qarşı. Öyrənmişdim ki, oğlan həm sürücüsüdür, həm cangüdəni, həm də…,– fikirli halda alnını ovuşdurdu, – həm də… Vallah heç bilmirəm necə deyim. Gözləməkdən gözlərim qaralırdı. Bütün günü içəridə olurdular… Axır dözmədim, səbrim tükəndi, qapını astaca döyüb açdım.
-Nə gördün?
-Heç deyiləsi deyil… Oğlan üstümə çəmkirdi ki, bəs «korsan, görmürsən massaj eləyirəm». Üzr istəyib tələm-tələsik çıxdım ki, şərləməsinlər… Ertəsi gün xanım başqa maşında, ayrı, daha cavan, əvvəlkindən də yaraşıqlı bir oğlanla gəldi. Fikirləşdim, yəqin cangüdənini dəyişib… Amma sonra öyrəndim ki, yox, bu cangüdən deyil, böyüyün oğludur.
Rəisin gözləri böyüdü:
-Kimin?
-Böyüyün.
-Elə şey olmaz! – deyə qeyzlə köməkçisinin üstünə çəmkirən rəisin ətli, sallaq sifəti əsəb gərginliyindən səyridi. Sonra susub fikrə getdi: «Sən bir işə bax, gör nə hoqqa çıxarırlar, – içində deyinib köksünü ötürdü, – Heç belə də biabırçılıq olar? – əsəblərini tarıma çəkən suala ürəyində cavab verdi, – Niyə olmur ki?! Cavan qızla eşqbazlıq həvəsinə düşən yaşlı adamın axırı belə olar».
Başını qaldırıb köməkçisinə baxdı:
-Yaxşı ki, vaxtında xəbər tutub mənə dedin. Ancaq bu sirri heç kim bilməməlidir!
-Arxayın olun.
-Böyüyün qısqanc arvadı bilsə, aləmi qatar bir-birinə. Özü də başımıza it oyunu açar, idarəni elə şumlatdırar ki, heç yerində alaq da bitməz. İkimizi də gübrə kimi torpağa qarışdırar.
Köməkçisinin matı-qutu qurudu, uzun, arıq boğazının hülqumu titrədi.
-Odur ki ehtiyatlı olmalıyıq. Həyətin arxa qapısından həmin yerə hündür hasar çəkilməlidir ki, gözdən-könüldən iraq olsun. Axı, rəsmiyyətdə o, bizim işçi deyil. Yuxarının inspektorudur, guya idarəmizi kurasiya edir. Böyüyün əmri belədir. Yəni biz ona yox, o bizə nəzarət etməlidir. Nə işlə məşğul olmasının sənə, mənə dəxli yoxdur. Aydın oldu?
-Bəli! – rəisin fikrini başa düşüb rəngi durulan köməkçi inamla cavab verdi.
-Bax belə. Bu sürüşkən məsələni birdəfəlik qapayıb nöqtəsini qoyaq. Keçək öz işimizə. De görüm o adamsız adamın məsələsi, komissiyanın rəyi necə oldu?
-Adamsız adam başımıza bəla olub. Bütün sorğu-suallara cavab verib, Alim də razı qalıb, müsbət rəy yazıb…
-Nəə?! Axı, mən sənə söz demişdim, göstəriş vermişdim. Nə alimbazlıqdır?
Köməkçi suçlu halda başını aşağı salıb mızıldadı:
-Komissiyaya çatdırmışam fikrinizi, bircə Alim saya salmır. Deyir ki, belə mütəxəssis ələ düşməz, işə götürmək lazımdır onu.
Rəis yumruğunu masaya necə vurdusa, köməkçi səksənib yerindən dik atıldı:
-Axı, o kimdir ki, işə adam götürə. Alim deyə-deyə qudurtmusuz, tıxlı tikə olub keçib boğazıma.
İdarənin nəzdindəki elm-istehsalat birliyinin rəisinə işçilər öz aralarında «Alim» deyirdilər. Bu da təsadüfi deyildi. O, həqiqətən alim idi, yüksək elmi dərəcəsi vardı, uzun illər elmi-tədqiqat institutunda baş elmi işçi olmuşdu, universitetdə dərs demişdi. Sovetlər dağılanda, keçid dövründə özəl kiçik müəssisə – elm-istehsalat birliyi yaratmışdı. İnflyasiyanın tüğyan etdiyi vaxtlarda dolanışıqları qəpik-quruşa dirənən həmkarları ilə laboratoriyada düzəldib sınaqdan keçirdiyi müxtəlif məişət cihazlarının özəl müəssisədə kütləvi istehsalını təşkil etmişdi.
Bürokratik əngəllər, maneələr müəyyən çətinliklər yaratsa da, Alim elm-istehsalat birliyinin sükanını əldən verməmişdi, işindən möhkəm yapışmışdı.
Yuxarıda iddiası yerə-göyə sığmayan böyüyün, aşağıda «buyruq qulu» olan idarə rəisinin inzibati basqıları onun iradəsini qıra bilməmişdi. Alim öz həmkarları, azsaylı mütəxəssislərlə birlikdə elmlə istehsalatın yetirməsi olan müəssisəni məharətlə idarə edirdi. O, kiminsə xatirinə, xahiş-minnətinə görə diplomlu savadsızların burada boş yer tutmasına imkan vermirdi. İdarə rəisinin əmrini bir kənara qoyub, göndərilən kadrı tamam-kamal yoxlayır, sınaqdan keçirirdi. Onun üçün «adamsız adam» anlayışı yox idi.
İdarə rəisi isə tamamilə bunun əksini düşünürdü. «Adamın ya adamı olmalıdır, ya da pulu», – ərk elədiyi yaxınlarına belə deyirdi, – bir də mən ancaq öz yerlilərimə xırda-para işləri güzəşt eləyirəm. İdarəmdə süpürgəçi də öz yerlim olmalıdır».
-Hə, nə gözünü döyürsən, düz demirəm? – başını aşağı salıb fikrə gedən köməkçisinə tərs nəzər saldı.
-Əlbəttə, siz rəis kimi həmişə haqlısınız. Ancaq…
-Nə ancaq?! İndi sən də «əmma» qoyursan mənə?
-Allah eləməsin, mən kiməm ki, intəhası sizin «adamsız adam» dediyinizin adamları peyda olub.
Rəis əcaib bir şeyə baxırmış kimi heyrətindən böyümüş gözlərini ona zillədi. Köməkçi isə bayaqdan əlində tutduğu qovluğu açıb onun qarşısına qoydu.
-Bu nədir belə?
-Bəs nə deyirəm, Alimin mütəxəssisləri müsbət rəy yazıblar, üstəlik təqdimat da göndəriblər. Əgər siz razılıq verib imzalasanız…
Köməkçinin sözü ağzında qaldı, rəis qovluğu götürüb onun üstünə tolazladı:
-Əyə, sən nə təhər adamsan, bilmirsən xasiyyətimi, belə şeyə razı olaram heç?! Bu qovluğu da ləğv elə getsin, heç izi-tozu qalmasın!
-Bu mümkün deyil, – köməkçi özünü toplayıb xırıldadı, sonra rəisin qəzəbli baxışlarından yayınsın deyə başını aşağı salıb mızıldandı, – qovluqda yazılanları bilgisayara köçürüblər, oradan da internetə…
-Cəhənnəm olsunlar… Mən sözümdən dönən deyiləm. Hamısını qovduracağam, elə sənin özünü də. Onun-bunun sözünə uyan, vəkilliyini eləyən aciz, qorxaq köməkçi lazım deyil mənə!
Hirsindən özünə yer tapa bilməyən rəis birdən köməkçisinin sıçrayıb quyruğu üstə qıvrılan ilan kimi iti baxışlarını ona zillədiyini gördü:
-Məni də adamsız sayırsan? Yaddaşına nə oldu? – Qəzəbdən kükrəyən bu səs onun qulağının dibində bomba kimi partladı. – Yoxsa vəzifə çaşdırıb, ayağının altını görmürsən? Neynək, sənə vəzifə verdirənə bilirəm nə deyərəm. Evdə qısqanclıqdan alışıb-yanan arvadına idarədəki xanımlarla eşqbazlığını göstərərəm, əşyayi-dəlillərimlə, lap internetdə…
Elə bil rəisin başına qəfildən buz kimi soyuq su tökdülər. Titrədib büzüşdü. Bu, köməkçinin ilansayağı işaran gözlərindən yayınmadı və o, hücumunu davam etdirdi:
-Nə tez yadından çıxdı bir yerdə işlədiyimiz vaxtlar. İkimiz də sıravi işçi idik. Onda gözəl-göyçək qız olan indiki arvadın böyüyün katibəsi, yaxını idi. Söz gəzirdi ki, guya uzaq qohumudur. Əsil həqiqəti mən bilirdim, gözümdən, qulağımdan heç şey yayınmırdı, qoyurdum böyüyün ovucuna. O da sağ olsun, səni katibəsinin əri, həm də idarə rəisi elədi. Məni də köməkçi qoydu ki, göz-qulağı olum onun bu tərəflərdə. Bəs necə? Öz yerlisiyəm də, kökümə-köməcimə yaxşı bələddir. Bilir ki, rəhmətlik babam kəndxudanın qapısında muzdur olub, atam da dağılmış sovetin zamanında kolxoz idarəsində kuryer, həm də sədrin sirr dağarcığı idi. Böyüklərim belə olub, mən də onların tökdüklərini indi zamanəyə uyğun xırıd eləyirəm.
«Zatı qırıq koppəyoğlu, gör neynən fəxr eləyir, – fikrindən keçirtdi və tez də özünü ələ aldı, – Yox, gönü suya verə bilmərəm, bunun buynuzu içindədir, gərək artistlik eləyəm».
Ayağa qalxıb ona yaxınlaşdı:
-Ay səni, Ağaquliyev, əyə, neçə ilin dostuyuq, heç zarafat-zad qanıb eləmirsən?
Arıq, uzundıraz köməkçi qısaboy, sallaqqarın rəisə yuxarıdan aşağı istehzalı nəzər saldı:
-Elə sözü zarafata salıb deyərlər də. Necə demisən, elə də cavabını almısan. Mən hər üzünə hazıram: yaxşıya yaxşı, yamana yaman.
Rəis ərkyana onun qolundan tutub sıxdı:
-İstəməzdim özgələr duyuq düşsünlər, bizim yaxınlığımızı, xoş münasibətimizi bilsinlər. Ona görə də iclasda, kənar adamların yanında səsimi qaldırıram, danlayıram səni. Belə şeyləri eyninə alma.
-Başa düşürəm səni. Elə mən özüm də hiylə işlədirəm. Başqalarının qılığına girib söz qopartmaqçın arxanca deyinirəm, lap söyürəm, guya aramız pozulub, zəhləm gedir rəisdən, məni heç nəyin üstündə danlayıb-dansayır, ağzına gələni deyir, təhqir edir. Doyunca yedirib-içirəndən sonra qılıqladığım hərif başlayır ürəyinin sözünü deməyə, iş bir yana, lap evinin, arvadının söhbətini tökür ortaya. Nədən ki, özümü elə göstərirəm inanır mənə. Beləcə idarənin cikini də bilirəm, bikini də. Sonra da qoyuram sənin ovcuna ki, ayıq-sayıq olasan, vaxtı-vədəsi gələndə tədbirini görəsən. Hərif də bilməsin ki, zərbə ona haradan dəydi, necə oldu düz yolda dolaşıb yıxıldı.
O, köksünü ötürüb özlüyündə dərin ağıl sahibi saymadığı rəisi qınayıcı nəzərlə süzərək ərklə dedi:
-Ancaq bəzən belə olmur. Cənab rəis ona dürlü-dürlü məlumatlar ötürənə «sağ ol» əvəzinə «çor» deyir…
-Lənət şeytana, necə oldusa, hirslənib özümdən çıxdım.
-Şeytan çaşdıranda səni mən də başqa cür danışdım. Yaxşı ki, öz aramızda qaldı. Kənar adam olsaydı, heç ağzımı açmazdım.
«Buynuzu içində olan» köməkçisinə rəis də «boğazdan yuxarı» cavab verdi:
-Xasiyyətinə bələdəm, ürəyin gül kimi təmizdir, nə var dilindədir. Öz aramızda çox söz-söhbət ola bilər, ancaq özgəsi bilməməlidir.
-Arxayın ola bilərsən mənə. Bir daş altda, bir daş üstdə, vəssalam, qurtardı getdi. O ki qaldı onlara, Alimgili deyirəm, səbrli ol, ehtiyatla hərəkət elə. İlanı Seyid Əhməd əliynən tut, yəni Yuxarının köməyiynən işini gör. Böyüyə arxalan.
-O barədə arxayınam. Elə bil ki, dağa söykənmişəm, başımı qaldıranda zirvəsində qar görürəm.
Həyətdən səs gəldi. Dönüb pəncərədən bayıra baxdılar. Elm-istehsalat birliyinin üçmərtəbəli binası qarşısında iki nəfər söhbət edirdi. Ağ saçlı Alim keçmiş tələbəsi Hünər Hikmət oğluna nə isə deyir, o da diqqətlə qulaq asırdı. Birdən hər ikisi qəhqəhə çəkib güldü. Köməkçi gözaltı rəisə baxanda onun ətli, sallaq sifətini qaralmış gördü…