ÖLƏN MİN DƏFƏ DİRİLİB
Mövlana Cəlaləddin Rumiyə
Gözündən itdim dünyanın,
Gözdən o yana
MƏN varam.
Ən birinci, ən sonuncu
İzdən o yana
MƏN varam.
Baxma qübbəsi qurulub,
Ölən min dəfə dirilib.
Üz gizlənməkçün verilib,
Üzdən o yana
MƏN varam.
Ruhumun binəsı yoxdu,
Duracaq xanəsi yoxdu,
Sözdən oyanası yoxdu,
Sözdən o yana
MƏN varam.
PAYIZDA GETMİŞDİN
Yandırdı şövqün canımı,
ey dərdə dərman, qandasan?
İmadəddin Nəsimi
Canımdan aralı deyildin axı,
Niyə uzaq düşdün, indi
hardasan?
Əl dəysə çağlayar,
dil dəysə sızlar,
Ürəyim bir sarı simdi,
hardasan?
Həsrətin qırmızı yəhərdə gəldi,
Qoparır sinəmdən ah harda gəldi.
Payızda getmişdin,
bahar da gəldi,
Yerinə durnalar döndü,
hardasan?
Başının üstündə ülkər mən idim,
Məhəbbət adlanan ölkən mən idim,
Həmdəmin,
əzizin,
kölgən mən idim,
Bəs indi yanında kimdi,
hardasan?
Dünənə ayna tut,
bax orda mənə,
Gör nələr elədin axırda mənə,
Gözündən dünyalar baxardı mənə,
Gözümdə dünyalar söndü,
hardasan?
TƏRK EDİB GEDƏRDİM
Əlim çəkilsə də cavanlığımdan,
Yenə mən qocanı tər sinə çəkir.
Bizdən təbiətdə nişanə gəzsən,
Kömür mənə bənzər, qar sənə çəkir.
Açıq nişangahdı, qorunmaz sinəm,
Qor verər, özgədən qor ummaz sinəm.
Məni kül elədi ovunmaz sinəm,
Çəkmir o ahı ki, hər sinə çəkir.
Yazı gül - çiçəyə, qışı qara ver,
Haqsansa, haqq deyib başı dara ver,
Tör - töküntü dərdi naşılara ver,
Çəkilməz dərdləri nər sinə çəkir.
İçi qan çanağı, özü nağılsa,
Tüküm də tərpənməz dünya dağılsa.
Tərk edib gedərdim ağlıma qalsa,
Di gəl ki, ürəyim tərsinə çəkir.
SİZ TOR QURUN...
Gözlərimin nuru kimi azalır
Üzü qiblə,
sözü gerçək adamlar.
Hər görəndə bulandırır könlümü
Qaraniyyət,
qara milçək adamlar.
Söz danışdım,
qurnaz - qurnaz baxdılar,
Mən alışdım,
söyləndilər: baxtı var,
Sonda məni inamımdan yıxdılar,
Bu görəcək,
bu sürüncək adamlar.
Yalmanmağa ətək tapır, əl gəzir,
İşi düşdü,
şirin - şəkər dil gəzir,
Yaxşıların bağçasında gül gəzir,
Yamanlığa
hazır dibçək adamlar.
Çiynim dönsə,
əlinizdə daş oyaq,
Hərkəsənin öz yükü var, daşıyaq.
Siz tor qurun,
mən yol çəkim, yaşayaq,
Ay yarımçıq,
ay hörümçək adamlar.
BİR QARIŞQA BƏRKƏ DÜŞSƏ
Dolu döysə bir çəməni,
Mənim çiçəyim ordadı.
Külüng çalım, daşı yarım,
Mənim çörəyim ordadı.
Qaradı bəxtimin üzü,
Pozulmaz alnımdan yazı.
Tökülsün göylərin gözü,
Mənim fələyim ordadı.
İgid öndən tərkə düşsə,
Bir qarışqa bərkə düşsə,
Haqqa harda kölgə düşsə,
Mənim ürəyim ordadı.
CAN ŞİRİNDİ
Deyirdim cavan öləcəm,
Əlliyə çatdım, ölmədim.
Bir ömürdə neçə kərə
Günaha batdım...
ölmədim.
Gördüm həyatın üzünü,
Atdım odlara özümü,
Çəkdim halaldan gözümü,
Haramı tutdum...
ölmədim.
Tanıyınca bu dünyanı,
Soyudu qəlbimin qanı
Salmadım yada doğmanı,
Dostu unutdum...
ölmədim.
Cəlladın da var qorxusu,
Qaçır gözündən yuxusu.
Əllərimdə qan qoxusu,
Yıxılıb yatdım...
ölmədim.
Dümsüklədi tez ayılam...
Çıxartdı evdən bayıra
Can şirindi, Əzrayıla
Hamını satdım...
ölmədim.
YAŞIM ƏLLİNİ ÖTDÜ
Dustaqsan,
yolun olmaz,
Budaqsan,
gülün olmaz,
Ocaqsan,
dözəmmirəm,
Bir belə zülüm olmaz,
Yanma,
ürək,
Löyün - löyün əsirsən,
Nə ərköyün əsirsən?!
Sən çıraq keçirməyə
Belə yeyin əsirsən?!
Danma,
külək,
Günlər qumdu, vaxt sumu,
Yuyub aparır qumu.
Yaşım əllini ötdü
Yazdığın yazı bumu?
Dinmə,
fələk,
dinmə.
DÜNYAYA NİFRƏTİM YOXDU
Yoruldum daha, İlahi,
Hərki - hərkidən, gedirəm.
Günüm,
ayım,
ilim bir - bir
Düşür hörgüdən, gedirəm.
Dizimdə
taqətim yoxdu,
Gözümdə
hiddətim yoxdu,
Dünyaya nifrətim yoxdu
Sənə sevgidən... gedirəm.
Qaldım bəxtin tərs üzüylə,
Görüşmədim gündüzüylə,
Aparır bir az özüylə
Məni hər gedən, gedirəm.
Nə balam var,
nə də balım,
Nə yaşılım,
nə də alım,
Bu fanidə niyə qalım?
Keçir körpüdən, gedirəm...