Alyona divanda oturub televizora baxırdı. Böyründə uzanmış əri Roman vərəqlədiyi iş sənədlərini gözdən keçirə-keçirə arabir “mavi ekrana” da göz yetirməyi də unutmurdu. Bir dəqiqəsini də boş keçirməməyə çalışan bu adam əmin idi ki, texnikanın bu uğuru adamların vaxtını almaqdan başqa bir şeyə yaramır; üstəlik eybəcər nəhənglərin qaynaşdığı cizgi filmləri və bayağı reklam rolikləri uşaqların psixikasını pozaraq onları televiziya qurbanlarına çevirir.
Roman bu fikrini hələ axıra çatdırmamışdı ki, National Geographic channel ilə gepardların həyatından veriliş başladı. O, kağız-kuğuzu qırağa qoyub maraqla gözlərini televizora zillədi. Gepard onun üçün tilsim kimi bir şey idi. Bu heyvanın əzəmətli gözəlliyi onu heyran edirdi. Hətta kabinetindəki iş masasının üstündə hansısa jurnaldan kəsilmiş bir gepard ailəsinin şəklini çərçivəyə salıb saxlayırdı: sevimli gözlərini yumub anasının qoynunda mışıl-mışıl yatan körpəni ana gepard sanki ətraf dünyanın qəddarlığından qorumaq üçün bərk-bərk qucaqlamışdı. Bütün şəkilə sanki ana məhəbbəti hopmuşdu, ondan ilıq və zərif bir ruh qalxırdı; çox da ki, bu, olsa-olsa vəhşi heyvanlar aləmi idi.
Diktor ürəyiyananlıqla bildirirdi ki, yaşayış uğrunda mübarizədə iki gepard balasının anaları ölərək öz balalarını yetim qoyub. Xoşbəxtlikdən, onların yaşadığı yerin yaxınlığında elmi ekspedisiya düşüb və xeyirxah insanlar mavrları götürərək onların qayğısına qalıblar. Alimlərin boş vaxtlarında lentə aldıqları kadrları – bacı-qardaş gepardın məzəli oyunlarını tədris materialı kimi göstərirdilər. Özünü saxlaya bilməyən Roman keçirdiyi duyğuları arvadı ilə bölüşməyə tələsdi:
- Gör necə də qəşəngdirlər!
Alyona başı ilə razılığını bildirdi: onun özü də gözlərini bu mənzərədən ayıra bilmirdi...
Ancaq bir ovuc mutluluq barmaqlar arasından süzülüb bir daha qayıtmamaqla yoxa çıxıdığı kimi, hər bir yaxşı şey də nə vaxtsa qurtarır, özü də bir qayda olaraq gözlənilmədən. Nə edəsən, bu da alçaqlıq qanunudur. Mavrlardan biri təhlükədən xəbərsiz-ətərsiz arxayınca çayın qırağına enərək özünün Afrika təşnəsini söndürməyə başladı. Ancaq qəfildən suyun altından hücum edən timsah bir andaca körpəni qamarladı. Pişiklərin reaksiyasına çox idmançılar həsəd aparır. Gepardın sürətinə Rusiya istehsalı olan bir çox avtomobillər çata bilmir; nə yazıq ki, bu qabiliyyəti də gepard balasını qəfil ölümün caynağından qurtara bilmədi. Eybəcər, yekəpər suda-quruda yaşayan heç bir şey olmamış kimi sakitcə geriyə üzərək bununla da öz çirkin xislətinin astarını bütün dünyaya göstərmiş oldu: “Tanış olun, sizinlə birgə mən də bu dünyanın bir parçasıyam. Mən sizin qonşunuzam!”
Bərabərsiz və alçaq qarşılaşma o qədər qəfildən baş verdi ki, sakit təbiətli Roman da diksindi: guya onu ildırım vurdu. “Bax, buna heç nədən ölüm deyərlər!” İlk saniyələrdə o hələ öz gözlərinə inanmırdı. “Həəə, demək, güclülər qalib gəlir? Təbiətin qanunudur deyirsiniz? Yaxşı, yaxşı!” – Roman fikrən verilişin aparıcısının ağzını əyirdi, üz-gözünün hərəkəti isə sözsüz ki bu mənanı verirdi. – “Ancaq onu deməyi unutdunuz ki, ən eybəcərlər və hiyləgərlər qalib gəlir!” Doğrudan da, normal insan belə mənzərədən xoşlanarmı? Roman hiddətlə dolmuş halda arvadına tərəf döndü ki, dərdini bölüşsün; ancaq onun gözlərini yaşla dolmuş gördü.
- Ağlayırsan, nədir? Sən allah, sakit ol. İstəyirsən başını divara döy; belə çıxır ki, murdarlıqdan qorunmaq olmur!
- Baxa bilmirəm… - arvadı güclə dilləndi. – Belə şeylərə baxa bilmirəm.
- Hə, əlbəttə, çox çirkin mənzərədir. Özü də yatar qarına, - arvadını necə sakitləşdirəcəyini düşünərək, Roman sözünə ara verdi. – Pişikkimilərdə heç olmasa nəcabət var, ovlarını tutan kimi boğurlar. Bu murdar isə öz təbiətinə sadiq qalıb hələ suda fırlanır da ki, qurbanını diri-diri parça-tikə eləsin. Bu boyda cəmdəyə belə kiçik yem parçası neyləyəcək? Ancaq yenə iştahını salır. Neyləməli, yazıq mavr onsuz da anasını itirib yetim qalmışdı, indi üstəlik həyatını da itirdi...
- Murdar, eybəcər, çirkin heyvan! Əlimdə olsaydı, bütün dünyanın zibil-tullantılarını bunların yaşadığı yerə tökərdim! Qoy özlərinə layiq olan mühitdə çoxalsınlar! – qəzəbini soyudandan sonra o, bir qədər sakit səslə dedi. – Sadəcə buna bənzər bir uşaqlıq xatirəsi yadıma düşdü, ona görə özümü saxlaya bilmədim, - onun səsi yenə əsməyə bşladı.
- Eləmi? - əri heyrətləndi. – Bunu mənə danışmamısan.
Alyona bir qədər susdu. Ayna kimi təmiz gözlərini elə bil, xatirələr dumanlandırdı və öz hekayətinə başladı...
“Yaxşı, qulaq as. O vaxt ya beşinci, ya da altıncı sinifdə oxuyurdum. Hər ilin aprel ayında həyətimizdə bir neçə cücəli toyuq olardı. Həmin il bir toyuğun cücələri rəngbərəng çıxmışdı – sarı, ağ, qara xallı, qəhvəyi. Ancaq biri hamısından seçilirdi – şəvə kimi qapqara və parlaq tüklü idi. Xırdaca lümək cücələr həyətdə qaçışanda onu uzaqdan ayırd etmək olurdu. Mən onunla oynamağı çox sevirdim. Günəşli günlərdə məktəbdən gələn kimi çantamı bir tərəfə atıb “şəvənin” yanına qaçırdım – elə bil, görüşə tələsirdim” – bura çatanda o, təbəssümünü gizlədə bilmədi. – “Çox istəyirdim onu əlimə götürüm, zərif lələklərini sığallayım, ancaq çox vaxt bu mənə qismət olmurdu, anaş toyuq çox sayıq idi. Elə anam da bu hərəkətimi o qədər xoşlamırdı.
- Buna baxın bir! Bu cücədə nə görmüsən? Gedib dərsini hazırlayaydın, yoxsa bütün günü həyətdəsən. Tamam başını itirmisən, - deyə o şikayətlənirdi.
- Yaxşı, anacan, bir az oynayıb sonra dərsimi eləyəcəm. O elə sevimliydi ki!
Anam narazılıqla başını bulasa da, əlindən bir şey gəlmirdi. Şəvə məni maqnit kimi özünə çəkirdi.
Bir dəfə axır ki, bəxtim gətirdi. Qara yumağa bənzəyən cücə lap yanımdan keçəndə onu tutub ən əziz bir varlıq kimi sinəmə sıxdım. O elə sevimli, elə ilıq idi ki! Ancaq gözləri qəmgin-qəmgin baxır və sanki deyirdi: “Nə olar, məni burax!”
Anam bunu görəndə yenə deyinməyə başladı:
- Siz bir buna baxın! Cücəni boğarsan! Tez burax onu. Bu saat anası gəlib üstünə atılar, onda gününü görərsən!
Anam elə bil ovcunu iyləmişdi, sözü tamam olmamış kürt toyuq hay-küylə mənim üstümə atıldı. Kəskin səs çıxara-çıxara qorxunc halda üzümü dimdikləməyə çalışırdı. Düzünü desəm, buna qədər heç ağlıma da gəlməzdi ki, anaş toyuq öz balasını qorumaq üçün kimin desən, gözünü çıxara bilər. Mən qorxudan qışqırıb əllərimlə üzümü qorumağa çalışdım. Ancaq “lələkli təhlükəsizlik xidməti” haqq-ədaləti qorumağa çox qətiyyətli idi. Əlbəttə, anam məni darda qoymazdı – ikiayaqlı məxluqların münaqişəsinə qoşulub toyuğu qovaladı, özümə gəlmək üçün mənə su verdi:
- Qorxma, al iç! Toyuq sənə neyləyəcək? Uzaqbaşı əlini dimdikləyəcək. Nə olsun? Elə bil iynə batırıblar! – belə bir gərgin anda da yumor duyğusu anamı tərk etməmişdi.
Mən buz kimi bulaq suyu ilə dolu stəkanı birnəfəsə başıma çəkdim və elə oradaca yadımdan çıxdı ki, öz balasını qoruyan ana hər cür hərəkətə qadir ola bilər. Ancaq deyəsən, Demokritin sözüdür: “Axmaqları bədbəxt hadisələr ağıllandırır...” – Alyona kədərlə gülümsünüb sözünə davam etdi:
“Mən həmişə şəvə ilə oynamaq istəyirdim, anaş isə mənimlə daha inadla vuruşurdu: bir dəfə başıma atılıb az qala gözümü çıxaracaqdı, o biri dəfə mənim qaçarağımı götürüb arxadan bir-iki dəfə ayağımı dimdikləmişdi. Bir dəfə isə məni elə bərk qovdu ki, sanki əcdadı dinozavrların əlindən qaçırdım və pırıldayıb başıma atılmaq istədi.
Anam kürt toyuğu cücələri ilə çox vaxt seyrək taxtalı yeşiyin altında saxlayırdı. Cücələr ordan çıxa bilmirdilər, ancaq mən hərdənbir əlimi yeşiyin altına uzadıb şəvəni tumarlamaq fürsətini qaçırmırdım. Bu zaman anaş toyuq məni güdür və imkan tapan kimi əlimi dimdikləyirdi. Bəzən hətta əlim yaralansa da, bu mənim şəvəyə olan məhəbbətimi azaltmırdı.
Anam həmişə məni cücələrin “viqvamından” qovub uzaqlaşdırırdı: “İşin olmasın, qoy yatıb dincəlsinlər.!” Əlbəttə, o, haqlı idi; hər bir canlının isti və təhlükəsiz sığınacağa ehtiyacı var.
Anamın cücələri niyə yeşiyin altına saldığını o zaman mən bilmirdim və bir dəfə bunu ondan soruşanda dedi:
- Hər yetən onları incidə bilər, ona görə.
Bu sözdən sonra yan-yörəmə baxıb düşündüm ki, təbiətdə zəiflərin işi o qədər də asan deyil. Həyətdə döyüşkən xoruzlar qaçışırdı, bütün günü göydə sakit-sakit süzən çalağan isə gözlənilmədən şığıya bilərdi. Başqa yırtıcı quşlar da həndəvərdə az deyildi. Qonşu pişiklər isə pusquda marıtlamışdılar. Hamısının da bir devizi vardı: “Özgə çörəyi şirin olar.” Mən anladım ki, yeşik cücələr üçün bir növ təhlükəsiz komadır və bununla özümü sakitləşdirdim. Yadımdadır ki, hətta ürəyimdə Şəvə üçün layla da oxudum: “Yat, körpəm, quzğunla tülkü yatırsa, sən də rahat yat!”
Cücələrin yumurtadan çıxmasından heç bir ay keçməmişdi. Mən məktəbdən qayıdıb ağır çantamdan azad olandan sonra adətim üzrə bağçaya qaçdım. Qızmar bir gün idi, günəş dağlayırdı. Anaş toyuğun sıx otluğa həyəcan və qorxu ilə baxdığını görəndə mən öz sevimli cücəmi axtarmağa başladım. Ancaq gözüm onu təzəcə almışdı ki, birdən otların arasından sıçrayan kürən zolaqlı pişik Şəvəni qamarlayıb, yüklü reaktiv bombaçı təyyarə kimi bir anda aradan çıxdı. Mən quruyub qalmışdım, tərpənə bilmirdim. Sağ ayağım keyiyib zindana dönmüşdü. Nəfəs belə çəkə bilmirdim: elə bil, havada oksigen tükənmişdi. Şəvənin anası məndən şüurlu imiş, cəld pişiyin dalınca qaçdı, ancaq artıq gec idi...
Görəsən dünyada ana məhəbbətindən də qiymətli bir şey varmı? Bəlkə bu sevgidən məhrum olanlardır sonradan cinayətkar olan bəzi insanlar? Axı nahaq yerə demirlər ki, “cənnət anaların ayaqları altındadır...”
Mən nə baş verdiyini anışdıranda dünyada hər şeyi unutdum. Hönkürtümü saxlaya bilmirdim. Buz kimi soyumuş əllərim sözümə baxmır, əsim-əsim əsirdi. Ürəyimdə içimdən gələn təkcə bir təbii arzu vardı: bu əclaf pişiyi tutub amansızlıqla döymək! Kaş ixtiraçı olub yeni bir uçan aparat düzəldəydim və bu iyrənc pişiyin dalınca uçaydım. Heyhat, mənim Şəvəmin izi-tozu da qalmamışdı...
Gözəllikdən aldığım zövq bitmiş, itkinin ağrısı başlanmış, tale öz zərbəsini vurmuşdu...”
Söz bura çatanda Alyona susub nəfəsini dərdi. Onun gözündən ixtiyarsız yaş axırdı. Guya yaz buludundan yağış tökülürdü.
- Düzdür, bu, heyvanlar aləmidir. Bizim yüksək tutduğumuz gözəllik qanunları orada işləmir. Ancaq niyə gözəlliyi çox vaxt ləyaqətsizlər məhv edirlər?
- Dilxor olma, neyləmək olar? Çox vaxt gözəl və nəcib insanlar da qurbana çevrilirlər. Nə yazıq ki, ömür bizə borc verilir, onsuz da onu qaytarmaq lazımdır. İstədin, istəmədin. Bəlkə gələcəkdə ömrü kreditlə verəcəklər, ancaq bunun faizini də apteklərin vasitəsilə Hippokratın “Ziyan vurma” andını unutmuş həkimlər əldə edəcəklər. Əzizim, ilk baxışda gerçəklik çox qəddar görünür. Hər kəs həqiqətə susasa da, çoxları gerçəkliklə baş-başa gəlmək istəmir.
- Qəddarlıqdan qaçmaq istəyirik, ancaq özümüz də çox vaxt amansız oluruq...
Roman arvadına bəşəriyyətə nifrət nəzəriyyəsini daha da inkişaf etdirməyə imkan vermədi.
- Gözəlim, bioloji mahiyyətcə insan – yırtıcıdır. Ancaq hətta yırtıcı heyvanlar da yalnız ac olanda üzərimizə atılırlar. Bəs biz... Bu yaxınlarda televizorla bir quşçuluq fabrikində cücələrin necə xəstələnməsini göstərirdilər. Hələ canı ağzından çıxmamış yüzlərlə körpəni zibil yeşiklərinə tökürdülər ki, sonra yandırsınlar. Görünür, onların məhvi üçün daha humanist bir üsul tapılmamışdı. Aydındır ki, hər kəsə öz canı əzizdir. Ancaq bundan nə çıxsın? Deyəsən, bizim ölkəmizin uşaq hüquqları müvəkkili Pavel Astaxovun sözüdür: “Bu gün mən iyirmi yeddi milyon uşağı qoruyarkən görürəm ki, onların arasında xoşbəxtlər çox azdır.” Şəvə, gepard, insanlar... Axı həyat hamıya əzizdir. Bilirsən, nə düşünürəm?
- Həmişə doğub-törəmişik, böyümüşük, döyüşmüşük, hətta bəzən qocalmağa da imkan tapmışıq, ancaq eyni zamanda həmişə də ölmüşük...
- Yenə filosofluq edirsən? Yox, o mənada demirəm. Bu dünyada son sözü həmişə qadın və zəriflik deyəcək...