DOST
Hardaqaldın, eyvəfalı, köhnə dostum?
Çoxgözlədim, bəsnə oldusənə, dostum?
Sözvermişdingələcəksən, hardaqaldın?
Nə baş verdi? İraqolsun, dardaqaldın?
İşin çoxmu? Başlanıbdı yenə avral?
Qurtarmadı bu vurhavur, bu qalmaqal?
Nəyə yozum, nəyə dostum, intizarın səbəbini,
Tapammadım bu səbəbin mətləbini.
Gözüm yolda, pəncərədən ayrılmışam,
Əsəblərim gərilibdi, qanım qara olub tamam.
«Jiquli»ni görən kimi pişvazına qaçardım,
Yola çıxıb qollarımı gülə-gülə açardım.
-Necə gəldin? Özün necə, yollar necə,
-Qaydasında… - dillənərdin sən sakitcə.
Artıq sorğu-suallara aramızda olmaz luzum.
Tüstüləyib siqareti, evə keçər əziz dostum.
Əyləşərdik biz üzbəüz, gah danışar, gah susardıq,
Ara verib dinməz-dinməz xəyallara dalardıq.
Səni görcək, duyuram mən ürəyini, ovqatını,
İzahatsız anlayıram istəyini, muradını.
Arxayınam sənin kimi arxam, həyanım olanda
Zaval yoxdur arxalıya bu cahanda.
Gəlməsən də, mənimləsən hər zaman,
Ürəyinin nəbzini də eşidirəm uzaqdan.
DÖRDLÜKLƏR
***
Göylərdən ulduzlar axışır yerə,
Yer salır yuxusuz bəndələrə.
Əzizim, deməmiş gecə sözünü,
Hələ sübh açmayıb göyün gözünü.
***
Təzədən qayıtmaq yoxdu şux yaza,
O dəcəl, dəlisov, çılğın muraza,
Qəfildən məhəbbət döydü qapımı,
Üz tutdum sevgili gələn payıza.
***
Əsəbilik doğuran tikanlı sözlər
Yaralar, incidər, amma bir təhər
Dözərəm vurduğun yaralarıma,
Dözüm təpər verər gələr karıma.
Sergey YESENİN
QAFQAZDA
Əcnəbi elləri əzəldən bəri
Özünə cəlb edib rus Parnasini.
Amma ki, Qafqazın dumanlı sehri
Daha çox dindirib şair sazını.
Puşkinin rübabı öz dövranında
Qoşmuşdu yanıqlı deyimlərini:
«Oxuma ey gözəl dilbər, yanımda
Gürcüstanın qəmli nəğmələrini».
Lermontov həsrəti toxdasın deyə,
Əzəmət haqqında qoşdu hekayə:
Karbiçin atına pul əvəzinə
Bacısını Verdi at yiyəsinə.
O getdi, acı dil, söz güdazına
Kəsildi cırdaxan dərya nəfəsi.
O şair – zabitin sataşmasına
Son qoydu namusgir dostun gülləsi.
Burda Qriboyedov uyumağında,
İran ellərinə qurbanımız tək.
Uca dağ qoynunda, yad torpağında
Tar, zurna ağlayır, ağı deyərək.
İndi mən də bura qədəm basmışam,
Bilmədən, nə niyyət, nə maraq üçün,
Qərib doğmamamı burda yas tutam,
Ya öz əcəlimi sınamaq üçün.
Nə fərqi! Ustadlar, ulular haqda
Düşünüb-daşınır mən başhovlu.
Cəfaya şəfadı bu dərə-dağ da,
Coşqun qaylarının bu qovhaqovu.
Onlar buralara pənah gətirdi,
Yaxınlar, yağılar əlindən iraq.
Onlar dağ sükutu, vüsət gəzirdi,
Uzaq üfüqlərə doğru qaçaraq.
Mən də eyş-işrətə əlvida dedim,
Acı qayğılardan yaxa qurtardım,
Bir şair, sənətkar kimi yetişdim
Böyük dastanlara nəhayət vardım.
Rus şeiri yamanca ürəyimcədir,
Mayakovski yazır, başqaları da.
O başkan rəngsazın sözü incədir,
Tıxacı vəsf edir «Mosselprom»da.
Klyuyev, zadoqa əhlindən gələn
Zahiddi, yazısı – nimdaş candonu.
Şeirini ucadan oxudum dünən,
Qəfəsdə bülbülün çərlədi canı.
Qalanları daha saymağa dəyməz,
Soyuq günəş altda bəslənmişlərdir.
Yazı-pozunu da bilən yox bir kəs,
Cızmaqaraları güya əsərdir.
Bağışla, ey Qafqaz, bütün bunları
Söhbətə caladım mən sözgəlişi,
Mənim şeirimi sən öyrət barı
Zoğal şirəsitək axsın gərdişi.
Moskvaya qayıdıb yenidən, gözəl
Bir dastan yazdıqca unudum tamam
Hədər sıxıntını, olmayım bədnam,
Kefbaz məclislərdən üzülüb əvvəl.
Kaş ki, son günümdə, əcəl anımda
Qopsun dodağımdan, kövrəltsin məni;
«Oxuma, ey gözəl dilbər, yanımda
Gürcüstanın qəmli nəğmələrini».
ƏSKİ RUSİYA
Biz hələ hər şeyi dərk eləmirik,
Lenin zəfərinin yetirmələri.
Təzə mahnılara fərq eləmirik,
Çıxır ata-baba zümzümələri.
Dostlar! Məmləkətdə çaxnaşma, nifaq,
Qaynaşan nəşəylə qarışır ələm.
Mən də şalvarımı çırmalayaraq,
Komsomol ardınca qaçmaq istərəm.
Danmıram keçmişə yas tutanları.
Qocalar gənclərlə ayaqlaşarmı?
Çöldə biçilməmiş qalan çovdarı
Çürümək gözləyir, çürük yaşarmı?
Özüm də nə cavan nə də qocayam,
Zəmanə gözündə pərsəngəm, nəyəm.
Gitara çalğısı üçün xəstəyəm,
Meyxanə kefində xumarlanıram.
Çal, çılğın gitara!
Çal aram-aram!
Bir nəğmə de görək, qaraçı qızı,
Ovut gün görməyən məni, qadası,
Zəhərli günləri unutdur tamam.
Sovetə gileyim, iradım var da,
Gizlədə bilmərəm umu-küsümü.
Bu vurhavurda, çaxnaşmalarda
Gənc ikən görmədim bir ağ günümü.
Gördüyüm davadı,
Döyüşdü tamam,
Nəğmə əvəzinə
Toplar nərəsi.
Odur ki, sərgərdan dərviş olmuşam,
Başıma qəhətmiş bu yer kürəsi.
Hər halda şükranam.
Tufanlar içrə
Təkrarsız təcrübə, ibrət qazandım,
Sözümü süsləyən zər ilmələrə
Baxdıqca özümə qənimət sandım.
Yeniçi deyiləm!
Niyə gizlədim.
Keçmişdə ilişib qaldı ayağım.
Polad alayları çox da izlədim,
Ardınca yeridim yıxıla-dura.
Başqa adamlar var.
Məndən də betər,
Ələkdə ilişən kəpək misallı,
Onlara məchuldu indiyə qədər
Gərdişi dövranın qəliz minvalı.
Onları görmüşəm. Fikir vermişəm,
Baxışır mal kimi, gözləri sönük,
Qanları kiflənib qopsa da aləm,
Çöl kimi üzləri donuqdu, donuq.
Daş atsan o gölə üfunət basar,
Başına götürər bütün aləmi.
Onlar öz-özünə çürüyər naçar,
Xəzan yarpaqları çürüyən kimi.
Amma başqa çəmli,
fərqlilər də var.
Başını qaşıya-qaşıya onlar
Sabaha üz tutub ümid bəsləyir,
Yeni yaşayışı səylə izləyir.
Mən qulaq asıram bu götür-qoya,
Kəndlilər nə deyib, nə danışırlar:
«Sovetlə yaşamaq pis deyil, ayə,
Bir çit bol olaydı… Bir də ki mismar…»
Görürsüz bu kəndli saqqallıları,
Kartofla taxıldı karı, güzarı.
Bəs niyə gecələr söyürəm yenə,
Yanıram onların qara gününə?
Döyüşdə ömrünü keçirənlərə
Qibtə eləyirəm, varam onlara,
Böyük amal üçün can verənlərə
Gəncliyi puç olan mən bəxtiqara!
Necə də zillətdi, necə rəzalət!
Yaman dar gədikdə axşamlamışam.
Qoyduğum-verdiyim nədi nəhayət?..
Sözümü, təbimi xırdalamışam.
Çal, çal, ey gitara,
Çal aram-aram!
Sən də bir mahnı de, qaraçı qızı,
Ovut gün görməyən məni, qadası,
Zəhərli günləri unutdur tamam!
Bilirəm, dərdimi toxtadmaz araq,
Həyatdan qaçmaqla sovuşmaz ələm.
Odur, şalvarımı çırmalayaraq
Komsomol dalınca qaçmaq istərəm.
PUŞKİNƏ
Rusun varlığını misralarında
Yaşadan təbinə heyrət edirəm.
Qarşında durmuşam Tver bulvarında,
Səninlə xəyalən söhbət edirəm.
Sənət aləmində əfsanələşdin
Bir duman sayağı, bir ilğım kimi.
Sən də, Aleksandr, şuluqpərəstdin,
Mən indi dələduz olduğum kimi.
Amma dəcəl, dilxoş qalmaqalların
Heç də surətinə kölgə salmadı.
Tunclaşmış şövkətin, şanın, vüqarın
O uca başından əskik olmadı.
Sənətin mənimçün imandı, dindi.
Deyirəm özümə həsədlə yenə!
Nə xoşbəxt olardım, ölərdim indi,
Belə bir qismət düşsəydi mənə.
Fəqət, təqiblərdə keçir güzarım,
Mən hələ çox nəğmə deyəsiyəm ki,
Mənim də bu çölçü bayatılarım
Tunclaşa biləydi səninki təki.
ANAMA MƏKTUB
Şükür ki, sağmısan, ağbirçək anam,
Mən də salamatam. Salamlar sənə!
Qoy kasıb komanın üstə hər axşam
İlahi şəfəqlər ələnsin yenə!
Deyirlər yamanca darıxmısan sən,
Doqqazdan çıxırsan elə günbəgün,
Əynində o nimdaş, yaprıxmış kürkün,
Gözünü yollara dikib çəkmirsən.
Bəd güman haqlayır yalqız qalanda,
Qaranlıq çökəndə hər axşamçağı, -
Guya bir meyxana qalmaqalında
Bağrıma saplayır kimsə bıçağı.
Qəm yemə, əzizim! Üzmə özünü,
Bir qarabasmadır gördüyün, inan.
Bunca deyiləm ki, içgi düşkünü,
Sənlə görüşmədən köçəm dünyadan?
Mən həmin balanam, istiqanlıyam,
Bircə istəyim var, bircə diləyim, -
Divanə ömrümə-günə son qoyam,
O yastı daxmadı mənim gərəyim.
Yaz çağı, baxçamız çiçək açanda
Gələcəm, anacan, doğma ocağa.
Amma əvvəlkitək alatoranda
Obaşdan oyatma sən məni daha.
Oyatma sovuşmuş xəyallarımı,
Coşdurma nisgilli qəlbimi, dəymə.
Çox erkən itkilər düşdü bəxtimə,
Üzdü təpərimi, iqtidarımı.
Dua qılmağı da öyrətmə mənə,
Keçmişə qayıtdı yoxdu təzədən.
Yeganə həyatım, sevincim yenə,
Gözümün yeganə işığı sənsən.
Odur ki, nigaran qalma, ay annam,
Bu qədər darıxıb üzmə özünü,
O nimdaş kürkünü geyib hər axşam,
Uzanan yollara dikmə gözünü.
Konstantin SİMONA
GÖZLƏ MƏNİ
Tərcüməçidən. Ünlü rus şairi K.Simonovun bu məşhur şeirini uzun zaman dilimizdə səsləndirməyə çalışmışam, dönə-dönə ən münasib variantları götür-qoy etmişəm, bir çevirməm də işıq üzü görüb. İndiki tərcüməm klassik şeirin azərbaycanca yeni versiyasıdır.
Gözlə məni, gələcəyəm,
Gözlə məni, yar.
Ələsə də qəlbimə qəm
Həzin yağışlar,
Gözlə çovğun çağlayanda,
Gözlə bürküdə,
Unutqanlar unutsa da,
Gözlə yenə də,
Yoxluğuma inansa da,
Gözlə yenə də,
Anamla balam,
İntizardan usansa da
Dost-tanış tamam,
Yığışıb rəhmət oxusa
Nesə həyanım,
Badə alıb batma yasa,
Tələsmə, canım.
Gözlə, gözümün işığı,
Xeyir diləmə
Bəri başdan unutmağı
Rəva bilənə.
Açıq verib min əcələ,
Ölüm-itimə,
Gələcəyəm, desin cümlə
Şükür bəxtimə.
Gözləməyən bilməz yəqin,
Necə də bilə,
Od-alova sipər çəkdin
Gözləməyinlə.
Biləcəyik biz ikimiz,
Daha heç bir kəs,
Başqaları sənin kimi
Gözləyə bilməz.
Çevirəni: Səyavuş MƏMMƏDZADƏ