KIMDIR, NƏDIR HƏYATI SEVDIRƏN MƏNƏ?
Kimdir, nədir həyatı sevdirən mənə?
Hər səhər
Pəncərəmi döyən
günəşmi?
Yuxusundan oyanan
çocuğun səsimi?
Yoxsa,
Qış yuxusundan sonra
Yaşıla bürünən
ağaclar,
otlar,
kollarmı?
Kimdir, nədir həyatı sevdirən mənə?
Ən ağır günlərimdə
Qurtuluş əlini uzadan
bir dostmu?
Yoxsa,
Dünyada bir iz qoymaq
həvəsimi?
Kimdir, nədir həyatı sevdirən mənə?
Günlərdir gözlədiyim
məktubu gətirən
poçtalyonmu?
Yoxsa,
Məni yalqızlıqdan qurtaran
telefon zəngimi?
Kimdir, nədir həyatı sevdirən mənə?
Tanımadığım bir insanın
təbəssümümü?
Yoxsa,
İllərdir qəlbimdə yaşatdığım
sevgimi?
Kimdir, nədir həyatı sevdirən mənə?..
AYRILIQ HEYKƏLI
Perronda baş-başa qalmış ikisi -
O və ixtiyar vağzal saatı.
Paslanmış əqrəblər
atdıqca özlərini irəli
Daha da uzanır
nankor məsafələr.
Qovuşur feilin keçmiş zaman şəkilçisinə
Birgə yaşanmış günlər,
Görüşlər,
Gülüşlər,
Dərdlər,
sərlər...
Uzaqlaşan qatarın tıqqıltısı,
İxtiyar vağzal saatının paslı əqrəbləri,
Feilin keçmiş zaman şəkilçisi,
Yaradır
Kimsəsiz perronda
Yeni bir
Ayrılıq heykəli.
SERENADA
Bir yaz axşamı çıxdın qarşıma
Mavi gözlərinlə baxdın gizlicə
İçimdə baş qaldırdı o an
Qarşısı alınmaz bir tufan
Məyərsə sevgiymiş bu tufanın adı
Yox etdirən insana solunu sağı
Şaşqınlık içində yanaşdım sənə
Qırmızı bir gül verdim içimdə açan
Necə də tez keçdi sənli illər
Bir birindən parlaq sevimli günlər
Həzin bir tanqo musiqisitək
Parlaq xatirələrdir bizi yaşadan
Hər çağın öz gözəlliyi varmış
Heyva payızda saralırmış
İllər keçdikcə sevgimiz də budaqlanırmış
Əlinin hərarəti əlimdə olduğu zaman.
ÇƏTIN IŞ
Dilləndirmə məni, qardaşım,
Danışsam,
Dodağın uçuqlar.
Düşündüyün kimi deyil yaşamaq -
Səhər - yemək,
Günorta - yemək,
Axşam - yemək,
Günün bir günündə də
Uzanıb ölmək.
Başqa şeydir həyat, qardaşım!
Əngəlləri aşmaq sənətidir o,
qürurunu,
mənliyini qorumaq sənəti.
Çox çətindir, bilirəm,
bu sənət!
Çətindir -
Alnı açıq yaşamaq,
Sinə gərmək yalana,
alçaqlığa,
Çətindir qorumaq
gerçəyi, həqiqəti,
ədaləti, sevgini.
Bilirəm,
Çətindir qorumaq
Səni ana südüylə bəsləyən,
Varlığınla sevdiyin
məmləkətini!
SUÇMU SEVMƏK VƏTƏNİ?
Suçmu sevmək vətəni?
Yəni,
Uğurlarına sevinmək,
Paylaşmaq acısını, dərdini?
Suçmu,
Durdurmaq,
Ölkəni soğantək soyanları,
Çörək, iş yerinə -
Toplumu "nağıllarla",
laylaylarla uyudub,
Geri qoyanları?
Suçmu,
Təmizləmək yağılardan,
inləyən vətən torpağını?
Suçmu,
Əlbirliyilə aşaraq əngəlləri,
Aparmaq gözələ,
yalansız dünyaya məmləkəti?
Qürurlu, azad,
alnı açıq görmək,
Yurdun hər bir fərdini?
Deyin!
Suçmu sevmək vətəni ?!
ETÜD
Boz dağın ətəyi,
Yağışdan sonra dirçəlmiş
yamyaşıl ot.
Dərənin sağ tərəfində -
sapsarı günəbaxan tarlası.
Arxın kənarında
salxım söyüdün kölgəsi.
Kəndin gözəli
xallı Tükəzban,
Bir də
Bağrına basdığı
oğlan.
GÜNƏŞIN ƏLI ALNIMDA
Günəşin əli alnımda,
Mavi dəniz qollarım arasında,
Dost insanlar sağımda, solumda,
Fikrim-zikrim isə
Çox-çox uzaqlarda.
Günəşin əli alnımda,
Həyat sevinci dodaqlarımda,
Qara tutun dadı ağzımda,
Fikrim-zikrim isə
Çox-çox uzaqlarda.
Günəşin əli alnımda
Həzin musiqi səsi qulaqlarımda,
Yaşanmış günlərin hesabı masamda,
Fikrim-zikrim isə
O gözəlin yanında.
GƏNCƏ
Çinarların
Kəhriz sularıtək axır
Gözəl küçələrindən sakitcə.
İlk dəfə səndə gülümsədim dünyaya,
Doğma şəhərim Gəncə.
Mərdlik, vüqar və şeir,
Dönüb sönməz od olar,
Nəsildən nəslə, ürəkdən ürəyə keçincə.
Kökümün köküsən sən -
Sevgi, dostluq şəhəri Gəncə.
SAHIBLI KÖPƏKLƏR
Müxtəlif heyvanlar gördüm
bu dünyada.
Rastlaşdım ayıyla
Pələngə əl çaldım
Sirk meydanında.
Toyuq hininin yanında gördüm,
Tülkü qardaşı.
Nə gizlədim -
Bir gecə odladım siqaretimi
Yanan gözlərindən canavarın.
Acıdım onların hamısına -
Kimisinin taleyinə,
Kimisinin qüruruna
Kimisinin ac qarnına...
Ancaq,
Ən çox acıdım
Heyvanların ən yalqızı
Sahibli köpəklərə.
FƏRMAN
Bu gecə
Bir fərman imzaladım:
"Ey, soyuq qəlbli gözəl,
Bu gündən sonra sən
Sevib sevilməyə
Məhkumsan!"
ZƏNGLI SAATIN NAĞILI
Şirin yuxumda
Yeni bir dünya qururam,
gözəldən gözəl.
Sərhəd yox olmuş -
birləşmiş cənubla şimal.
Hər tərəfdə
Xoşbəxt dost üzlər.
Meydanlar uşaqlarla dolu -
üzü gülər.
Yalan dönüb doğru olmuş.
Rüşvət nədir -
unudulmuş.
Aclıq,
işsizlik,
pulsuzluq,
Sözlükdən silinmiş.
Gerçək olmuş
Utopik bərabərliyi minilliyin.
O olmuş, bu olmuş
deyərkən,
Xoruzum -
zəngli saatım -
banladı,
Yuxudan oyandırıb məni,
Olmayandan
olana qaytardı.
ETIRAF
Bax, nə demiş şair:
"Ya sən gəl,
Ya da
Ölüm gəlsin
yerinə".
Sən məndən ayrılmadın ki,
Ölüm gəlsin
Yerinə.