ƏBLƏH
Bir dəli fürsətə təşnədi sinəm,
Başıma nə qədər çırpılıb anlar.
Dünyanın ən böyük əbləhi mənəm,
Mənnən sonra gəlir -
şahlar, xaqanlar.
Dünyanın ən böyük söz əbləhi mən,
Zamanın ən fağır - çulu cırığı.
Mənəm bu yolları -
tərsinə gedən,
Bir də ki dərvişlər, -
zərli-xaralı.
Mənim tərs dediyim yolun -
adı eşq,
Havalı gedirəm yorğun başımla,
Xaqanlar düz yolu -
geriyə dartır,
Dartır ilkinliyə - topla, qoşunla.
Onunku öldürmək -
mənimki həyat,
Mənası eynidir -
hər şeydə son var.
Mən söz bəsləyirəm, -
kəsilmiş sözdən -
Minarələr qurur şahlar, xaqanlar.
Mən söz əbləhiyəm -
arxamda əl yox,
Şahın arxasında -
nizami ordu
Mənim əbləhliyim -
dili uduzur,
Şahın əbləhliyi - ölkəni, yurdu.
GÖZÜMƏ KÜL ÜFURMƏ…
Gözümə kül üfurmə,
bu göz mənə tanışdı,
Altda ocaq qalayıb,
üstdə susub "danışdı".
Özgəni qıraq yıxar,
məni doğmam, tanışlar,
Mənə doğmanam demə,
mənə yaxınam - demə.
Su burdan hopur yerə,
gedib o yandan çıxır,
Varıb Təklə məkandan,
sızıb Turandan çıxır,
Zərdüştə baş endirib -
dindən, Qurandan çıxır -
Mən həyata yol açan -
təzə axınam - demə!
Yüz çabala, yüz çırpın -
bu bir bitməz axındı,
Başını tutduğun at -
mindiyindən yaxındı,
Nə yatıbsan kölgədə, -
genişliyə yağ indi,
Ya köndələn Əyri çay, -
ya da Qarxunam - demə!
Kimdi sözü qılınclı,
kimdi gözü qan qusur,
Hönkürürsən, yer yıxılır,
qışqırırsan, göy susur, -
Ya qannı çay
tərsə axır,
Ya damarda
qan susur,
Ya qol-qanadım budanır,
ya da yorğunam - demə.
Qılıncların qəbzəsilə
yazılan tarix bumu?!
Əgyarların fitvasıyla -
Tökülən qanlı sumu?!
Hardasa, uzaq adada,
külək sovurur qumu -
Sovrulan qum dənəsiyəm,
qopan covğunam - demə…
BİR AZ…
Bir az canım ağrıyır,
bir az tutqundu başım,
Bir az həvəs azalıb, -
bir az dözüm korşalıb.
Ərpimiş ömür-gündü -
ilan kimi sürünür,
Quşu uçan yuvalar
ağzı günə boş qalıb.
Yer ağzına su alıb,
göy yaxası düyməli,
Nə dünən var döşə taxam,
nə sabah var öyməli.
Ala göydən
ağca-ağca daş ələnə -
başımıza dəyməli - …
Bir az canım ağrıyır,
bir az tutqundu başım…
Qətrə-qətrə,
üysük-üysük axıb gedir göz yaşım…
Nə başıma tumar çəkən,
nə yasımı yığan var…
Ətrafım it sürüsüdür -
küçükləyib çoxalır…
bir az canım ağrıyır,
bir az tutqundu başım,
Döyüşməyə taqətim yox,
qalsın sona savaşım…
MƏN BİLƏN…
Mən bilən bu işlər
çox gedə bilməz,
Belə başa varmaz
bu qeylü-qallar.
Bu boyda haramı
Tanrı götürməz,
Bu boyda sınağa
dözməz halallar.
Bu boyda yalanı
Tanrı götürməz,
Elə sınağa da
dözməz, mən bilən,
Bu boyda haram ki,
başdan ələnir,
Buna haram demə,
qandı tökülən…
Bu yollar sonacan
çox gedə bilməz, -
Ya yolçu bezəcək,
ya yol duracaq.
Bu boyda sınaq ki,
çəkir halallar, -
Bu boyda sınaq ki,
baş sındıracaq!
Mən bilən bu işlər
çox gedə bilməz,
Belə başa varmaz
bu qeylü-qallar.
Polad sinəsini
qabağa verib -
Zamanı düzünə
çəkər halallar…
Hələ ki, bu yolun
başı, ortası,
Bilinmir əzəli,
ya axırıdır.
Hələ ki, bu işlər
belə dayanır,
Hələ ki, sinəmiz
boş buxarıdır…
MƏNİM SEVDİYİMƏ ÇOX OXŞAYIRSAN
Sanki bir almanı iki bölüblər,
bir yarısı odur,
bir yarısı sən.
O bir ilahəydi -
öz görkəmiylə,
Sən də ondan geri qalan deyilsən.
Necə də eynidi -
o boy, o qamət,
Xudam gözəlliyə
bir qələm çəkir.
Birinin həsrəti sinə göynədir,
Birinin əlindən gözüm nəm çəkir.
Gözü - can alırdı, -
gözümə təpdim,
Qaldı o gözlərdən ömür göynəyim.
Onu doğma bilib -
qəlbimə səpdim,
Buna kimim deyim,
kimim söyləyim?!
Doğmalar adamı içindən yeyir,
Çıxır axırına -
doğma dərd kimi,
Nə qəlb yadırğayır,
nə göz unudur -
Gözün yaşılını,
eşqin ilkini…
Sən mənə kimisə xatırladırsan,
"Doğma qənimimsən" -
deməli sən də…
Yoluma çıxıbsan,
bu da taledi.
Qürub günəşində,
qaş əyiləndə…