O ərəfədə yağış yağdı və ətrafda nə varsa -- təzə biçilmiş otların ətrindən tutmuş, addımladıqca çəkmələrimin altında fırçıldayan yapışqan kimi lehməyə qədər - yadıma qardaşlarımla kəklik ovuna getdiyimiz o günü saldı.
Atam yeganə bacımız Südabənin ad gününü təntənə ilə keçirmək, dəbdəbəli qonaqlıq etmək qərarına gələndən sonra, biz beş qardaşı, süfrədəki nemətlərin çeşidini artırmaq üçün quş quşlamağa göndərdi və biz də gəlib məhz bu yerdə düşərgə saldıq.
Atamın bu gözlənilməz, müəmmalı hərəkəti hamıdan çox məni sevindirirdi, çünki ənənələrə bağlı və bir qədər də simic kənd adamı olan atam uşaqlarının ad gününü keçirməyi, onları şadlandırmağı nəinki xoşlamırdı, heç bu barədə danışmaq da istəmirdi. Amma indi Susunun -biz öz istəkli bacımızı belə çağırırdıq - qarşıdan gələn ad günündə, yəqin ki, yaşının üstünə bir yaş da gələn yeniyetmə kimi məni də unutmayacaqdılar, axı, mən Susunun ekiztayı idim, eyni gündə dünyaya gəlmişdik; amma bu naz-nazı burda da məni qabaqlamışdı, on dəqiqə öncə doğulmuşdu.
"Tanrı dualarımızı eşitdi, gec də olsa, bizə qız payı da verdi; ailədə də ananın köməyi, arxası qızdı".
Bu, əllərini göyə açıb, bu sözləri dönə - dönə təkrarlayan nənəmin sözüdür.
Mən nə nənəmdən gileyli idim, nə də Tanrıdan; fikirləşirdim ki, nənəm də Tanrı kimi öz marağının peşindədir. Tanrını bəşəriyyətin gələcəyi - sabahı, nənəmi öz xırda dairəsi düşündürür.
O zamandan başlayaraq, bizim Böyük Qala kəndindən çox sular axdı; qardaşlarım yaşa doldular, evləndilər, köçüb getdilər, ata yurdunda Susu ilə ikimiz qaldıq və tez-tez öcəşməyə başladıq. Hərdən bir - birimizi boğaza yığıb cana gətirsək də, bir hədəfə vururduq, bir - birimizin halına yanıb, qayğısına qalırdıq. Düzdür, Susu öz dediyini yeritmək üçün məndən on dəqiqə qabaq doğulduğunu - məndən böyük olduğunu tez - tez yada salırdı, hətta mənə xatırladırdı ki, məndən on dəqiqə böyük olduğuna görə mənim bütün işlərimə qarışa bilər. Əlbəttə, mən də onun qapazaltısı olmaq istəmirdim, öz sözümü deyirdim. Hər halda, yola gedirdik. Amma bir dəfə mən onu darta - darta gətirdim ki, "Avtolavka"dan aldığımız ipək yaylığa bükdüyüm kirpi balasını ona göstərib qorxudum, məzələnim. Amma o, nəinki bu məsum canlıdan qorxmadı, əksinə, marçıltı ilə bu kirpi balasının üzündən öpdü və kolluğa ötürdü. O zaman Susunun on beş yaşı vardı, amma yaşından xeyli böyük görünürdü və yəqin, elə bu səbəbdən də evimizin başına dolanan cavanlar günbəgün çoxalırdı. Etiraf edim ki, mən hər şeyə göz qoyurdum, o cavanları da izləyirdim və öz - özümə deyirdim ki, mənim günbəgün gözəlləşən bacıma artıq - əskik söz deyənin, Susunun adını dilinə gətirənin ciyərini çıxardaram. Amma çalışırdım ki, Susu mənim onu bir qardaş kimi nəzarətdə saxladığımı, izlədiyimi sezməsin və çox da "qudurmasın". Fikirləşirdim, nə qədər ki, yetginlik yaşına çatmayıb, ərlik deyil, qoy ata evində şən yaşasın, sonra kim bilir, hansı bəxtigirə qismət olacaq və bəxtəvər də bizim istəkli Susumuzu həmişəlik əlimizdən alacaq.
Bir dəfə isə o mənim köynəyimi ütüləməkdən imtina eləyib üzümə qayıdanda, əl atdım atamın divardan asılmış qoşalüləsinə. O qaçanda mən də qışqıra-qışqıra onun arxasınca düşdüm. Lap kinolarda olduğu kimi, rus dilində qışqırdım: "Stoy, strelyat budu."
Amma bu qovdu-qaçdı çox pis nəticələndi. Mən onu toyuq damının küncündə haqlayanda və qoşalülənin lüləsini sinəsinə dayayanda, onun birdən -birə qorxudan alacalanan, böyüyən gözləri məni heyrətə gətirdi. Gülə - gülə soruşdum:
-Nədi, qorxdun?
O, mənə cavab vermədən hinə təpiləndə, mən də onun arxasınca, əlimdə tüfəng, içəri adladım. Qırt yatmış toyuğun qulaqbatıran, qəfil qaqqıltısı, bəlkə də, məni hamıdan çox qorxutdu. Susunun dilindən çıxan kəlmə isə mənə qəfil şapalaq kimi dəydi:
-Axmaq! Demək, sən adam öldürməyi də bacararsan!
Atam bu söhbətdən xəbər tutanda son dərəcə qəzəbləndi; məni bel sapı ilə döyəndən sonra, nəinki o qoşalüləyə toxunmağı, hətta əlimə milçəköldürən almağı da yasaq elədi.
Susu isə bu hadisənin üstündən xeyli keçəndən sonra da məni danışdırmadı, suallarıma cavab vermədi; bir sözlə, küsü saxladı, təsadüfən qarşılaşanda, üz-üzə gələndə isə, qaş-qabağını sallayıb başqa bir səmtə yön aldı.
Bir dəfə isə onun bu inadkarlığını zarafatla sındırmaq qərarına gəldim:
-İstəyirsən, sənin əvəzinə köynəyimi özüm ütüləyim, - dedim. Amma o, özünü elə apardı ki, guya nə məni görür, nə də nə dediyimi eşidir.
Vəziyyəti belə görəndə mən fırıldaq işlətmək qərarına gəldim, qonşuluğumuzda yaşayan yaşdaşım oğlanı dilə tutub xahiş etdim ki, gedib Susuya desin ki, mən kanalda boğulub batmışam. Heç beş - on dəqiqə keçmədi ki, Susunun kanalın qırağı ilə qaçdığını gördüm. Dərhal pal - paltarımı soyunmadan özümü suya atanda və boğulan adam kimi əl - qol atıb, cabalayanda və bu vəziyyətdə suyun axını məni şülüzə doğru aparanda, birdən - birə ağlıma gəldi ki, axı, Susu məni belə görüb qorxa bilər… Amma daha geriyə yol yox idi.
-Qurbanın olum, ay Miri, hardasan, ay Miri? Sən niyə batdın, ay Miri?
Beləcə, Susunun haray - havarını qulağım çalanda həqiqətən də könlümdən batmaq keçdi. Batmaq və bir daha onun gözünə görünməmək; və bir daha onun ümidsiz, qəmli səsini eşitməmək. Amma onun fəryadına dözmədim:
- Burdayam, - dedim, - burda! Nə şivən salmısan?
Sudan sıçrayıb sahilə çıxdım və islanmış, zığ - zımırığa batmış paltarlarımı soyuna-soyuna ona sarı getdim.
-Bıy, bu ki, diridi! Özü də yeriyir.
Beləcə, şən səslə heyrətini bildirdi və sonra da astadan:
-Bəs mənə dedilər ki, sən batmısan.
-Kim dedi?
-Cabir.
-Bəyəm, bilmirsən ki, o, ipləmədir?
-İpləmə - zad deyil, bir az qorxaqdı.
-Yaxşı, sən deyən olsun, bərk saxla onun tərəfini, amma düzünü de görüm, o ipləmə məndən sənə nə dedi?
Susu gülümsədi:
- O mənə dedi ki, sən ona söyləmisən ki, kanalda boğulub batmağını mənə xəbər versin.
Elə bu söz də məni hövsələdən çıxartdı:
-İpləmə elə belə olur da, - dedim, - suda boğulmuş adam artıq boğulubsa, o necə deyə bilər ki, mənim batmağımı kiməsə xəbər ver?!
Mənim bu sualımın tamamında Susu bir daha gülümsədi və biz barışdıq və bir daha hər boş sözdən ötrü bir - birimizi cırnatmadıq, ev işlərini də öz aramızda lap ibtidai cəmiyyətdə olduğu kimi bölüşdük: kişilər qazanıb gətirirlər və sonra da gedirlər nərd oynamağa, qadınlar isə kişilərin gətirdiyini bişirib-düşürür, süfrəyə gətirir, qabları yuyur, taqətdən düşür və başlayırlar bu dünyaya gəldikləri günü lənətləməyə.
Verdiyim vədlərə baxmayaraq, mən öz istəkli bacımı istədiyim cığıra sala bilmədim. O, bütün günahlarımdan keçsə də, hətta, yalandan kanalda batdığımı Cabirin vasitəsilə ona çatdırmağımı bağışlasa da, köynəyimi ütüləmədi ki, ütüləmədi. Bəlkə də, əlimdə odlu silah onu qovub toyuq damına salmağımı unuda bilmirdi? Əslində, Susunun o anda keçirdiyi qorxu hissi, üzünün ifadəsi gözlərimin önündən çəkilmirdi. Bununla belə, deyib - gülməyə, zarafatlaşmağa hər dəqiqə, hər an səbəb tapırdıq.
Amma çox keçmədi ki, bizim bu şad - şalayın həyatımız alt-üst oldu. Qarabağ hadisələrinin əks-sədası hamını lərzəyə saldı.
Bizim, belə demək mümkünsə, qardaş Ermənistanla sərhəddə yerləşən kəndimizdə fəlakətin yaxınlaşmasını çoxdan hiss eləyirdik. Bu hadisələr kəndlərimizi bir-birindən ayıran Ağrı çayının o tayında məskunlaşmış ermənilərin qəfil hücumları ilə başlanmışdı. Onlar bizim otlaqlara, örüşlərə sahib çıxmaq istəyirdilər. Əslində isə, bu otlaqlar bizim kəndin ərazisində yerləşirdi, amma hərdənbir onlar da bu ərazilərdə mal-qoyun otarmışdılar. Amma birdən-birə lap həyasızlığa başladılar, aşkarca elan elədilər ki, Nuh əyyamında da bu torpaqlar onların əcdadlarına məxsus olub və indi bu örüş yerlərində onların inəkləri, danaları otlamalıdır. Bizi bu cəfəngiyyata inandırmaq üçün üstündə iki qoşadırnaqlı heyvanın cütləşmə anı təsvir olunmuş bir cüt qaya parçasını da hardansa qazıb çıxarıb kənd sovetinin həyətinə gətirmişdilər. Bu qaya parçalarından birində, burnu başından yekə daha bir canlının əksi nəzərə çarpırdı. O, tütək çalırdı. Anlamaq olmurdu ki, ayaqlarındakı çarıqdı, yoxsa nə? Amma o ayaqqabılar bizim kəndin dükanında idman avadanlığı kimi satılan krasovkaları yada salırdı.
-Bu ki, avtobazarda işləyən karbüratorçu Aşotun şəklidir. - Bizim kolxoz sədrinin sürücüsü bu şəkilə baxa - baxa dedi: - Elə bil, Aşotla bir üz almadı, elə deyil? Elə bil, Aşotun burnundan düşüb.
-Bəs onda bu nədir? - Qara gödəkçəsinin kopşonu ilə sır-sifətini gizləmiş saqqallı gədə cibindən çıxartdığı yazıları qədim Misir əlyazmalarını xatırladan əzilmiş, saralmış parçanı bizə uzatdı. -Alın, baxın, burda hər şey yazılıb, bu ev dəftəri deyil ey, canlı muzey eksponatıdır. Burda hətta imza da var…
Sözün bu yerində ikibaşlı bir sual da mənim dilimdən qopdu:
-Aşotun imzasıdır?
Başı kopşonlu naməlum gədəni də elə, deyəsən, bu sual hövsələdən çıxartdı. O, sərt səslə:
-Yox! - dedi və sonra da üzünü ətrafdakılara tutdu, - görürsüz, bu türk nə danışır? Mən onun burnuna kilsənin təsdiq etdiyi faktı soxuram, o da bizə hansısa avtoslesar haqqında anekdot danışır.
Bizim məktəbdə tarix dərsi deyən Əsgər müəllim də mübahisəyə qarışdı:
-Hinger Samvel, sən oxumuş adamsan, bəyəm, sən bilmirsən ki, şəxsən Lenin yoldaş özü dini xalqın tiryəki adlandırıb?
Bu sözün tamamında, elə bil, bu naməlum erməninin yarasına duz basdılar:
-Kimdi, axı, Lenin? O, heç olmasa ömründə bir dəfə Eçmiadzində olub? Vallax, olmayıb. Buna onun vaxtı çatmayıb. O, inqilab eləyib, müraciətnamə yazıb. On yeddi il turist kimi Avropanı gəzib. Burdan batıb, ordan çıxıb. O, qorili gürcü balası ilə bizim Kamonun topladığı pulları sağa da xərcləyib, sola da. Hələ bundan sonra utanmadan Rusiyaya da qayıdıb ki, Nikolayı yıxsın, onun taxtına çıxsın və zavallı Rusiyanı iki yerə ayırsın: Ağlara və Qırmızılara. Hələ mən partladılan kilsələrdən, güllələnmiş din xadimlərindən, onun Atatürklə əlbir-dilbir olmasından danışmıram. Bəyəm, iki dəniz arasındakı torpaqları yağmalanmış, oğulları-qızları əsir aparılmış, göz yaşı axıda-axıda qalmış erməni xalqı o allahsızın yadına düşürdümü?
-Siz bu üzdənmi Şamvel can, "böyük Ermənistanı" heyvanlar üçün örüşə çevirmək qərarına gəlmisiniz? Ona görəmi biznən otlaq, örüş davası eləyirsiniz?
-Bu hələ ilk damladı, əziz Əsgər müəllim, - qara gödəkçəli, saqqallı erməni dedi, - aşıb - daşan dözümümüzün ilk damlasıdı! Əsas da ilk damladı! İlk damla düşdüsə, ardı gələcək.
Onu da etiraf edim ki, biz hələ heç zaman erməni qonşularımızla kəllə kəlləyə gəlməmişdik, əksinə, həmişə dil tapmışdıq, ailəlikcə ünsiyyət yaratmışdıq, əkində, biçində də bir - birimizə maşın, traktor vermişdik, hətta yeri gələndə yanacağımızı da yarı bölmüşdük.
İndi isə, sanki hər şey unudulmuşdu və elə bu üzdən də bizim ağsaqqalların qonşuları utandırmaq, düz yola çağırmaq, barışığa səsləmək, ətəklərinə yığdıqları daşı yerə tökdürmək üçün atdıqları addımlar, etdikləri cəhdlər onunla nəticələndi ki, gecələrin birində kəndimizə basqın etdilər və talana başladılar; onlarca ev, həyət - baca yandırıldı, bağ - bostan tapdandı, bütün əkin - biçin maşınları yararsız hala salındı.
Maskalı yaraqlılar evlərə soxuldular, heyrətə gəlmiş adamlara avtomatlardan atəş açdılar. Onlardan ötrü fərqi yoxdu -- qarşılarına çıxan kimdi? Kişi, ya qadın. Yeniyetmələrə qarşı daha amansız idilər, heç uşaqlara da rəhm etmirdilər. Öldürülənlərin arasında bizə tarix dərsi demiş Əsgər müəllim də var idi.
O dəhşətli qırğın gecəsi bir çoxları ilə müqayisədə bizimki gətirdi. Bizim evimiz kəndin kənarında yerləşirdi. O gecə mənim iki qardaşımı, onların qadınlarını - yeri gəlmişkən, qeyd edim o qadınlardan biri erməni qızı idi, -öldürsələr də, evimizə od vursalar da, hər halda, bizim ailədən salamat qalanlar da oldu.
Onlar kəndə qəfildən basqın etdikləri kimi qəfildən də aradan çıxdılar və ertəsi gün bizim yağmalanmış, sanki zəlzələdən dağılmış kəndimizə inşaat batalyonunun bir dəstə əsgərini, rayon milis şöbəsinin bir dəstə milisini göndərdilər, amma əliyalın, tapançasız, tüfəngsiz. Onların arasında atamın əziz-xələfi bir qohumu da var idi. Mən onun qoburunu boş görəndə:
- Ay Yəhya, - dedim, - bəs sənin pistoletin hanı? Yoxsa, balıncın altında qalıb?
-Sən qəzet - zad oxumursan? - O, hikkə ilə - dedi. - Moskvadan əmr gəlib ki, əhaliddə olan bütün ev tüfənglərini, o cümlədən milis əməkdaşlarının xidməti silahlarını yığsınlar. Bu sözü Qorbaçov özü deyib. Heç bilirsən, bu nə deməkdir?
-Ermənilərin də silahlarını yığacaqlar?
-Bu nə sualdı? Uşaqsan? - o, dedi. - Elə əsas məsələ onları tərksilah etməkdi.
Yəqin ki, belə düşünən yalnız o, deyildi, çox keçmədi ki, bizim dağlarda bölük - bölük ordular göründü, onlar səngər qazmağa başladılar, bu səngərlərdə köstəbək kimi gizləndilər, amma anlamaq olmurdu ki, onlar bizi müdafiə etməyə gəliblər, yoxsa tökülən qana görə qonşulara cavab vermək istəyəndə bizi qorxutmağa?
Hər halda, gəmidə oturub gəmiçiyə təpik ata bilməzsən. Ordunun rəğbətini qazanmaq üçün qərara aldıq ki, onlara ev xörəkləri aparaq, axı, gecə-gündüz yağışın, qarın altında olan bu cavanlara yazığımız da gəlirdi. Deyir qonşu qonşuya baxar, özünü oda yaxar. Biz əsgərlərə təndir çörəyi, ət, toyuq, yumurta, toyuq çığırtması daşıyanda, ermənilər onlara lobya, lavaş, cecə arağı, şərab, hətta hərdənbir paqonunda ulduz gəzdirənlərə beş ulduzlu erməni konyakı da gətirirdilər. Yəqin ki, bu elə o komandirlərin zövqünə hesablanmışdı. Axı onlar beş ulduzlu konyakı gillədəndən sonra, salaqalara və xroniki astmatiklərə yarayan supdan fərqli olaraq tomatlı kilkə də yeyə bilərdilər, tuşonka da.
Bəli, erməni konyakı dərhal öz təsirini göstərirdi: bir də görürdün ki, bizi qorumağa gələn sülhməramlı qüvvələr həmin o Samveli adına "BTR" deyilən döyüş maşınının üstünə mindirib kəndi dolandırırlar və bununla da dolayısı yolla bizə anladırdılar ki, mühafizə olunan zonada kimin qoyun, hinduşka otarmağa daha çox haqqı var və növbətçilik zamanı mühafizə zolağına nəzarət etməyə mane olan nədir?
Amma bizim iki cavanımız Əskəranda ermənilər tərəfindən qətlə yetiriləndən, təşkilatçısı bəlli olmayan Sumqayıt hadisələri başlayandan, Ermənistandan ayaqyalın, başıaçıq, qarlı dağları aşa-aşa qaçqın axınları yeni vüsət alandan, Sovet ordusu Bakıda qırğın törədəndən sonra, mən qərara gəldim ki, Azərbaycan torpaqlarının Qarabağ ermənilərinə verilməsini tələb eləyənlərin ağzını yummaq üçün silahlanıb kənddən çıxmalıyam.
Amma bu silahı hardan alasan? Hələ məni bir aydan sonra əsgərliyə çağıracaqdılar və mən də qardaşlarım qətlə yetiriləndən sonra, anam kimi birdən-birə yüz yaş qocalmış atamla məsləhətləşdim və o da başını tərpətməklə mənə uğurlar arzuladı və söz verdi ki, cavanlıq illərindən tanıdığı hərbi komissara zəng eləyib saqqal da tərpədər.
Amma Qazağa-rayon mərkəzinə yola düşməmişdən qabaq mən səngərlərə baş çəkdim və üç-dörd putluq bir toğlunun başından keçib əvəzində özümə bir "kalaşnik" silahı aldım. Hələ onun qundağında bir cüt naxış da var idi. "Bu nə işarədir?" - mavi gözlü serjantdan soruşdum. "Belə də, - o gözlərini naxışlardan ayırmadan müəmmalı cavab verdi, - bu avtomatı bir azərinin əlindən səngərə girmək istəyəndə almışam, amma elə bu zaman "armyaşka" istəyirdi ki, burdan pulemyot qaçırtsın, onun da dərsini verdim.
-Yazığın gəlmədi?
-Bəyəm, bu dünyada mənim halıma yanan var?
Atamın dostu mənim qərarımı alqışladı və vidalaşanda da mənə əsgər gödəkçəsi, bir dənə də səssiz tapança bağışladı və məsləhət gördü ki, özümü Ağdama yetirim, orda meydana gələn könüllü dəstələrindən birinə qoşulum.
- Çiynində polkovnik paqonu gəzdirən kolxoz briqadirlərindən, köhnə dəlləklərdən uzaq dolan, - dedi, - nizami ordu hissələrində qulluq etmiş cavanlara qoşul. Onlar igid oğlanlardı, taktiki gedişlərdə zəif olsalar da, igid oğlanlardı. Əgər onların arasında olmasan elə bir-iki döyüşdəcə sənin axırına çıxacaqlar.
Hər halda, mənim baxtım onda gətirdi ki, keçmiş, xüsusi təyinatlı kapitan Quliyevin başçılıq etdiyi dəstəyə düşdüm. O, ilk baxışdan xoşuma gəldi, tökməbədəndi, ciddi idi, qıyıq, qonur gözləri vardı və demək olar, heç nə gözlərindən yayınmırdı. Beləsindən nə qaça bilərsən, nə də gizlənə.
Bir dəfə o sıraya düzülmüş döyüşçülərə üz tutaraq:
-Tələsən təndirə düşər.
-Əgər sizlərdən biriniz döyüşə tələssə, məsləhət görərdim ki, ümumiyyətlə döyüş bölgəsini tərk eləsin, hardan gəlib, itilib ora da getsin, - dedi, -siz əvvəlcə soyuq başla hücuma keçməyi, vuruşmağı öyrənməlisiniz ki, döyüş meydanında vurnuxmayasınız, biletsiz sərnişin kimi sonuncu qatarın arxasınca baxa-baxa qalmayasınız. Bunun üçün də nə lazımdı? Silahını saz saxlamaq, komandirə inanmaq, "Vətən, Vətən" deyə çığırıb bağırmamaq. Vətən istəyi qanda olmalıdır.
O, sözünə ara verib bir qədər döyüşçüləri süzəndən sonra yenidən səsini qaldırdı:
-Bu sözümü də sırğa eləyib qulağınızdan asın; döyüşdə qələbə rəqibin hər addımını izləyə bilənin, düşməni birinci görənindi, - dedi, - riskin, cəsarətin öz yeri var, əsas məsələ odur ki, gərək ehtiyatlı, hiyləgər olasan, məşhur təmsildəki tülkü kimi pendiri qarğanın ağzından almağı bacarasan…
Məşqlərdə isə o bizə nələr öyrətmirdi? Əlbəyaxa döyüşdən tutmuş dzü-donun, karatenin incəliklərinə qədər.
Amma, Əfqanıstanda döyüşmüş, necə deyərlər, "əfqan dərsi" almış bu komandirdən çox şeylər əxz etməyimə baxmayaraq, elə ilk döyüşdə ermənilər az qalmışdı məni öldürsünlər. Sən demə, silahdaşlarımdan birinin bazardan alıb mənə verdiyi patronların içi puç imiş. Nə yaxşı ki, kolların arasından çıxan iki erməni yaraqlısını dərhal gözüm aldı. Gizləndiyim qayanın arxasından atəş açıram, amma görürəm ki, onlar yenə mənə sarı gəlirlər, elə bil mən atəşi öz avtomatımdan yox, uşaq tapançasından açıram.
- Uzan! - Komandirimin bu əmrini qulağım çalanda dərhal hələ yaşılı qurumamış torpağı elə qucaqladım ki, burnuma təzə çiçəkləmiş bir kəkotu koluna dəydi.
Sonra dalbadal iki dəfə atəş açıldı və məndən beş - altı addım qabaqda, yaraqlılar ikisi də yerdə qaldı.
Sonra komandir avtomatımı əlimdən alıb daraqdakı patronlardan birini çıxarıb silkələyəndən sonra:
-Sən lap sarsaqlamısan, - dedi, - adam da döyüşə puç patronla gedər? Sən bu patronları darağa dolduranda qulağına tutub silkələyə bilməzdin?
Çox keçmədi ki, o patronları bizə sırıyan alverçi əlimizə keçdi. Sən demə o Xanlar imiş, qabaqlar yanğınsöndürən işləyirmiş. Heç nə olmayıbmış kimi o komandirə yaxınlaşıb özünü hərbi qaydada təqdim edəndə mən də yaxınlıqda idim. Komandir laboratoriya kolbasında dəmlənmiş çay içirdi, qarşısında da ermənilərin şikəst hala saldıqları qadınların şəkilləri və bir də bir siqaret qutusu vardı. Üstündə bir təyyarə şəkli olan bir siqaret qutusu - "TU-134".
Komandir ona ədəb - ərkanla çay təklif eləyəndə o nəinki etiraz etmədi, hətta cibindən çıxartdığı "Malboro" qutusunu da şəstlə ortalığa qoydu.
-Demək, "Malboro" çəkirsən, - komandir astadan dilləndi və gözlərini onun gözlərinə zillədi, - patronun necə, varmı?
O, dərhal cavab verdi:
-Lazım olsa, təşkil edərik!
Komandir yazı stolunun yeşiyindəki patronlardan bir ovuc çıxarıb ona uzatdı.
-Bizə ancaq bu patronlardan lazımdı, - dedi, - bundan var?
O key - key gözlərini döyməyə başladı:
-Patron patrondu da, - dedi, - nə fərqi.
Komandir israr elədi:
-Yox, bizə məhz bu patrondan lazımdı, - dedi, - bu patrondan, hücuma hazırlaşırıq.
Sonra kapitan Quliyev kəşfiyyat batalyonunun komandirini də yanına çağırdı və onun yanındaca şkafdan götürdüyü "AK-47" - nin darağına həmin patronları doldurub keçmiş yanğınsöndürənin əlinə verdi, - bu gecə növbə çəkməyə sən gedəcəksən, - dedi, - anladın?
O, rəng verib, rəng alsa da astadan dilləndi.
-Heç nə anlamadım.
Komandir:
-Sağ qayıtsan, hər şeyi anlayacaqsan, - dedi.
Və yalnız bu sözdən sonra keçmiş yanğınsöndürən komandirin qarşısında diz çöküb yalvarmağa başladı:
-Dədəmin goru haqqı, - ortalıqdakı qəndi nişan verdi, - bu qənd kimi gözüm ağarsın, yalan deyirəmsə…
Amma kapitan Quliyev onu sözünü bitirməyə qoymadı. Üzünü kəşfiyyat batalyonunun komandirinə tutub:
-Aparın onu, araşdırın, danışdırın, - dedi, -görün bu niyə düşmənə işləyir? Nəyə satılıb?
Keçmiş yanğınsöndürən yenə dil tökməyə başlayanda, and-aman eləyəndə, özünü təmizə çıxarmağa çalışanda, komandir ortalıqdakı "Malboro" qutusunu da götürüb ona uzatdı, -al bunu da, - dedi, - ermənilərlə çəkərsən.
O, yenə zarıdı:
-Yoldaş komandir, axı…
Kapitan Quliyev onun sözünü dərhal kəsdi.
-Sənin komandirin bazarkomdu, - dedi, - mən yox, rədd ol…
* * *
Bir ay sonra bizim batalyona yenicə gəlmiş zabitlərdən biri mən yanına çağırıb soruşdu:
-Ermənicə bilirsən?
-Bilirəm.
-Kəşfiyyata gedəcəksən, - dedi və məni başdan-ayağa süzüb gülümsədi, -amma unutma ki, bazar patron yox, meyvə almaq üçündü. Anladın?
-Əlbəttə, anladım.
-"Əlbəttə yox, "Elədir ki, var!"
* * *
O, ayaq saxladı ki, nəfəsini dərsin. Rütbə məsələsi ilə bağlı komandirin ona verdiyi vəddən bir neçə ay ötmüşdü. Tərkibində onların kəşfiyyat rotası da olan briqada bu müddətdə bir neçə uğurlu əməliyyat aparmışdı və onun ordu həyatı da yavaş-yavaş qaydasına düşürdü. Amma birdən evdən xəbər gəldi. Sən demə, vəd veriblər ki, onların kəndinə rayon mərkəzindən "İkarus" tipli avtobuslar göndərsinlər və camaatı köçürsünlər ki, ordu kəndi tərk eləyəndən sonra əhaliyə qarşı qonşuların növbəti basqını baş tutmasın.
* * *
Mən vəziyyəti komandirə danışıb üç günlüyə icazə istəyəndə, o bir qədər fikrə getsə də, axırda:
-Ancaq bir ayağın orda olmalıdı, bir ayağın da burda. Yəni, üzünü orda islatsan da, burda qırxdırmalısan, özü də ehtiyatlı davranmalısan, orda onların patrulları dolanır.
Birdən-birə yadıma düşdü ki, mən kəndə çatanda Südabənin ad günü olacaq. Ona görə də sürücünün avtobusu əylədiyi qəsəbə dükanlarından bir neçə hədiyyə aldım. Südabəni bir ildən artıq idi ki, görmürdüm.
Kəndə yaxınlaşanda məktəbimizin gözətçisi Əli dayıdan öyrəndim ki, "İkarus" avtobusları kəndə gəliblərsə də, boş qayıdıblar, çünki "İkarus"lardan iki saat qabaq kəndə doluşan erməni yaraqlıları camaatı silah gücünə kənddən çıxarıblar və qabaqlarına qatıb harasa aparıblar.
Əli dayıdan soruşdum:
-Bizimkiləri görmədin ki?
O, gözlərini yerə dikib bir xeyli fikirləşəndən sonra cavab verdi:
-Atan da, anan da bir ay bundan qabaq Gəncəyə getdilər, evinizdə yalnız bacın qalmışdı, onu da ermənilər kəndin qız-gəlini ilə bir yerdə apardılar; Allah bilir, hara apardılar.
Mən bu xəbərə inanmaq istəmədim və elə buna görə də yeyin addımlarla özümü həyətimizə yetirdim. Altı üstünə çevrilmiş evimizdə yalnız pişiyimizi tapdım, o da məni tanıyıb incik halda gözləri ilə nə isə soruşdu.
-Bəs, onları hansı səmtə apardılar?
Həyəcanlanmış, qorxu, sarsıntı keçirmiş, bəlkə, öz adını da unutmuş qoca mənim bu sualımı səsi titrəyə-titrəyə cavablandırdı:
-Qız-gəlini çayın o tayına, meşəliyə keçirtdiklərini gördüm, sonrasını...
Mən onu sözünü bitirməyə qoymadım:
-Bəs, indicə söylədin ki, Allah bilir hara apardılar.
-Onda Allahdan xəbər al, - Qoca incik halda dilləndi, - bəyəm, demirlər ki, Allah hər şeyi görür?
Mən qaça-qaça çayın qırağındakı təpəyə çıxıb ətrafa göz gəzdirəndən sonra meşəlikdə bir xeyli qız-gəlin, oğul-uşaq gördüm və başa düşdüm ki, qoca haqlı imiş, ermənilərin camaatı apardığı səmti də düz müəyyənləşdiribmiş. Meşə talasında bir hissəsi yerdə oturmuş, bir hissəsi də ora - bura vurnuxan adamları görəndə öz-özümə dedim ki, yəqin onlara elə bu meşə talasında düşərgə salmağa icazə veriblər.
Belimdəki çantanı açıb yerə qoyandan sonra içindəki durbini çıxartdım və meşə talasındakı düşərgəyə baxdım, əlbəttə, hər şeydən öncə bacımı görmək istəyirdim, amma onlarla tanış simalar, tanış üzlər görsəm də bacım gözümə dəymədi. Sonra durbini gözümdən ayırmadan saqqallı erməni yaraqlılarını saydım: otuz nəfər idilər. Təpədən dırnağa qədər silahlanmışdılar. Əl pulemyotları, hətta qranatomyotları da var idi. "Yox, - öz - özümə dedim, - mən təkbaşına bu qədər çaqqalla bacara bilmərəm". Hərəkətlərindən belə görünürdü ki, onlar bu əhalini ölüm xofu altında saxlamaq, yurdundan -yuvasından qaçmağa məcbur etmək üçün planlı şəkildə azərbaycanlıların yaşadığı insan məskənlərinə göndərilmiş quldur dəstələrdən biridir. Bu insan ovuna bənzəyirdi: dərindən düşünülmüş və amansız bir insan ovuna. Və birdən-birə qulağıma Südabənin səsi gəldi, sanki o, hardasa uzaqlardan məni səslədi. Mən təpənin lap yuxarısına qalxıb ordan ətrafa nəzər salanda bacımı yox, mənə sarı gələn iki erməni yaraqlısını gördüm. Təbii ki, onlar mənim bu təpədə olduğumdan xəbərsiz idilər, yoxsa özlərini belə arxayın, saymazyana aparmazdılar.
Darağında cəmi bir patronu olan silahımı bir tərəfə qoydum və birbaşa onların qarşısına çıxıb ermənicə soruşdum ki, çayın qırağında xallı çoşka görməyiblər ki? Onlardan biri nə isə cavab vermək istəyəndə bıçağı sinəsinə sapladım, ikincini də əl - qol atmağa qoymadım, tapançamın atəşiylə yerə uzatdım.
Yadıma bizim starşinamızın erməni yaraqlılarını beləcə cəhənnəmə vasil eləyəndə işlətdiyi söz düşdü: "Başqasının ana-bacısına kəm baxanın anasını-bacısını belə ağladarlar!". Və elə bu anda yenə qulağıma Südabənin səsi gəldi. Mən yarğanın qırağı ilə səs gələn səmtə sarı süründüm və gördüm ki, erməni quldurları bir dəstə cavan qızı dəstədən ayırıb meşənin dərinliyinə aparmağa çalışırlar, söyə-söyə qırmanclayırlar. Və birdən o qızların arasında bacım Südabəni gördüm. Yaylığı da başında idi və mənə elə gəldi ki, o da məni görür və elə bu səbəbdən mənə sarı baxır. Sanki hansı bir duyğusa ona təlqin eləmişdi ki, mən də burdayam və o, əlini uzatsa, mənə çatar.
Qüssədənmi, heyrətdənmi, mən özümdən asılı olmayaraq qurd kimi uladım və mənə elə gəldi ki, bu səsin, bu ulartının bir anda minlərlə surəti meydana gəldi.
-Yo…x… Y…o…x!
Daha mən qorxu hissini itirmişdim və (necə olur - olsun) istəyirdim onun mənə sarı uzanmış əlindən tutum…
Saniyənin, bəlkə də, mində birində onun əlindən necə tutmaq üçün qərar qəbul elədim.
Onu da bilirdim ki, silahımın darağında cəmi bir dənə patron var.
Mən qara əbalı, o saqqallı ermənilərdən hansınınsa Susuya yaxınlaşmasını, onun kollu-koslu keçidlərdən keçə - keçə üzülmüş bəyaz donuna əl atacağı anı gözləmədən, Susunu sinəsindən nişan aldım və barmağımı tətiyə yaxınlaşdıranda, yalnız barmağım yox, bütün varlığım titrədi. Tətiyi ehmalca çəkmək istəyirdim, son dərəcə ehmalca… Sanki bununla Susunun ömrünü bir neçə anlığa uzatmaq istəyirdim. Adətən, barmaq tətikdə titrəyəndə güllə hədəfə dəymir, amma mənim sonuncu gülləm hədəfdən yayınmadı.
Ruscadan çevirən:
Məmməd ORUC
Azərbaycan 2011-8